525.Az

Kannda “Azərbaycan musiqi gecəsi”


 

Kannda “Azərbaycan musiqi gecəsi” <b style="color:red"></b>

Kannda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Azərbaycan musiqi gecəsi” təşkil edildi.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən musiqi gecəsinin qonaqları Fransanın tanınmış ictimai-siyasi xadimləri, Kann şəhərinin rəhbərliyi və digər nüfuzlu şəxslər oldular.

Tədbirin iştirakçıları əvvəlcə “Bakı-2015” Birinci Avropa Oyunları ilə bağlı fotosərgi ilə tanış oldular. Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın fotomüxbirlərinin çəkdikləri şəkillərin də yer aldığı sərgidə Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ilə yanaşı, Oyunlar zamanı müxtəlif idman yarışlarından ən maraqlı məqamlar ziyarətçilərin diqqətinə çatdırıldı. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrləri də təqdim edildi.

Kannın Festivallar Sarayında keçirilən “Azərbaycan musiqi gecəsi”nin aparıcısı ölkəmiz, onun qədim və zəngin mədəniyyəti, incəsənəti və musiqisi barədə ətraflı məlumat verdi. Kann şəhər merinin müavini, Kann Festivallar Sarayının prezidenti xanım Ann Reks bugünkü tədbirin əhəmiyyətini vurğuladı. “Azərbaycanı qəbul etmək Kann şəhəri üçün böyük şərəfdir”, - deyən şəhər merinin müavini Azərbaycan mədəniyyətinin və incəsənətinin artıq üçüncü dəfədir ki, Kannda çox yüksək səviyyədə təqdim olunduğunu qeyd etdi. Ann Reks bildirdi ki, ölkəmiz Kannda çox yüksək səviyyəli mədəni tədbirlər təşkil edir. Bu da Kann şəhərinin sakinləri və buraya gələn qonaqlar tərəfindən yüksək maraqla qarşılanır.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ölkəmizə səfərini xatırlatdı, Azərbaycanın mühüm geostrateji məkanda yerləşməklə çox tolerant ölkə olduğunu dedi. Jan-Fransua Mansel Dağlıq Qarabağ münaqişəsi barədə də danışdı, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyini söylədi. Heydər Əliyev Fondunun Fransada silsilə tədbirlər təşkil etdiyini vurğulayan Azərbaycanın Dostları Assosiasiyasının prezidenti bu il Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası Əməkdaşlıq Forumunun birinci iclasının keçiriləcəyini bildirdi.

Sonra konsert proqramı başladı.

Konsertdə tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun caz qrupu, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olundu.

Heydər Əliyev Fondu Azərbaycanın qədim və zəngin mədəniyyətinin dünyada təbliği baxımından mühüm layihələr reallaşdırır. Bu məqsədlə müxtəlif ölkələrdə tədbirlər keçirilir, bu cür gecələr və konsert proqramları təşkil edilir. Fransa və onun regionlarında da mədəniyyətimizin və incəsənətimizin təbliği ilə bağlı mühüm işlər görən Heydər Əliyev Fondu yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhərində artıq üç ildir ki, Azərbaycan Mədəniyyəti Günlərini təşkil edir. Bu tədbirlər Fondun Azərbaycanın özünəməxsus mədəni dəyərlərinin dünyada təbliği üçün gördüyü işlərin bir hissəsidir.

“Azərbaycan musiqi gecəsi” bir-birindən maraqlı çıxışlarla müşayiət olundu və Festivallar Sarayına toplaşan hər bir insanın qəlbinə yol tapdı. Təqdim edilən ifalar alqışlarla qarşılandı.

Təşkil olunan gecə bir daha sübut etdi ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı Kannda bu il həyata keçirdiyi tədbirlər çox uğurla gerçəkləşir.

 

 





17.07.2015    çap et  çap et