525.Az

Mətbuat və jurnalistikamızın Rəşidi


 

Mətbuat və jurnalistikamızın Rəşidi<b style="color:red"></b>

Bu gəlimli-gedimli dünyada hər kəsin öz yeri, hər nəsnənin öz dəyər olduğunu görən və olduğu kimi göstərən Azərbaycan jurnalistikası tarixində elə kimsələr var ki, onları zaman-zaman xatırlamaq, yenidən oxumaq vacibdir.

Həsən bəy Zərdabidən günümüzədək belələri az olmayıb. Onlar Azərbaycan cəmiyyətinin inkişaf qayğıları ilə yaşadığına görə gələcəyə yönələn yolumuzun yolgöstəricisi olub, xalqımızın milli-mənəvi dəyərlərinin qoruyucuları kimi tarixin yaddaşında qalıblar. Heç şübhəsiz ki, bu günlərdə “İki sahil” qəzeti səhifələrində məqalələrini oxuduğum Rəşid Faxralı da həmin əbədiyyət yolçuları kimi tarixin yaddaşında öz dəsti-xətti ilə seçiləcək, milli irsimizə varis olduğuna görə həmişə rəğbətlə anılacaq. Bu fikri Rəşidin “İki sahil”dəki məqalələr toplusu olan “Söz üzərlikdir” adlı kitabı əsaslı şəkildə təsdiqləyir, onun vətəndaş mövqeyi, yaradıcı şəxsiyyət kimliyi, dünyabaxışı  haqqında müfəssəl məlumat verir. Belə olduğuna görədir ki, Rəşid oxucusu ilə dərdləşməyi bacarır, deyir ki: “Dərdləşmək  ifadəsinin bir çaları da söhbətləşməkdi, ağrılı mövzuları çözməkdi, bu və ya digər mövzuda mükalimələşməkdi, dərdi bölüşməkdi. Xalqa, millətə ad olan məqamlar kimi...”

Jurnalistikanın dəyərini-kommunikativliyi, yəni kütləvi ünsiyyət qurmağı dərdləşmək kimi qiymətləndirən Rəşid Faxralının məqalələrində vətən, xalq, millət, dövlətə  bağlı mülahizələr diqqət mərkəzindədir. O hər şeydən önsə ictimai faydalı həqiqətləri axtarır, həmvətənlərinə hər zaman gərəkli olan nəsnələrin izahına çalışır, bildirir ki, “Şəhidlik xalqın yaşam, var olma düsturudu...”

... “Gülüstan” müqaviləsi ilə ikiyə bölünmüş xalqımızın azadlıq mübarizəsi yerə-göyə sığışmırdı. İmperiyanın nə gücü, nə silahı-yarağı, nə cəza üsulları xalqımızın iradəsini sarsıtmağa qadir deyildi, “yatmış vulkan” (M.Araz) oyanmışdı. Xalq zülm, əsarət, milli gözügötürməzlik, ... buxovunu sındırmaq, dağıtmaq üçün ayağa qalxmışdı. İmperiya bu hərəkatı özünə dar ağacı bilirdi. Belə olmasaydı, bu həddə quduzlaşmazdı; son nəfəs ərəfəsində canlılar bir qədər dirçəlir, son nəfəsin ömrünü uzatmaq üçün hər şeyə əl atır...

1990-cı ilin 19 yanvar gecəsi qaranlığın o üzündən bir işıq sızırdı. O işıq xalqın vətən sevgisiydi, milli hissiyyat nuruydu. Küçələrə axışanlar bu işığın, bu nurun zərrəsiydi..

Rəşid Faxralının yazılarındakı inandırıcılıq, etibarlılıq, təsiredicilik onun xalq dilində açıq-aydın danışması ilə bağlıdır. Rəşidin publisistikasında fəlsəfi təhlil, sosial dəyərlər, milli mənəvi ehtiyaclar diqqət mərkəzindədir. Bütün bunlar sözün ilahi gücü, fikrin səlisliyi, ifadənin aydınlığı, sərrastlığı ilə maraq doğurur, jurnalistə rəğbət yaradır. Rəşidin sözü ona görə etibarlı, ona görə maraqlıdır ki, burada milli tarix həqiqətləri və tale ağrı-acıları var. Rəşid Faxralı doğru deyir ki, “1920-ci ildən 1991-ci ilə kimi sözümü sıxılcımlar çəksə də (Sibir xofu, məhkumluq) sınmadı; məmləkətimiz kimi “Əkinçi”nin, “Molla Nəsrəddin”in nurundan qopan sözümüz də azadlığa çıxdı. Yeni jurnalistika yeni-yeni nəfəslə, yeni sözlə gəldi. Mətbu söz daşıyıcılarından biri də “İki sahil” qəzeti oldu.

Sözün qüdrətinə kim inanmır ki. “İki sahil”də bu qüdrətə tapındı...

Söz daşıyıcılarının (mətbu orqan) hamısı eyni deyil. Sözə yük olan da var, sözün yükünü çəkən də. Söz daşıyıcılarından sözü qul edən də var, sözə qul olan da. Sözün qəhrini çəkən də var, sözün qəhri olan da. Sözə can yandıran da var, sözün canını yandıran da. Sözün kölgəsinə sığınan da var, sözü kölgəsinə dustaq edən də. Sözü yaşadan da var, sözə daş atan da. Sözdən ömür alan da var, sözün ömrünü alan da. Sözü ruhuna tən bilən də var, sözün ruhunu tən bölən də”.

Rəşid Faxralının klassik Azərbaycan jurnalistikasının yolgöstərənlərinə ardıcıl istinad etməsi onun sözünün ictimai dəyərini artırır, fəlsəfi mühakimə gücünü və hədəfini müəyyənləşdirir. Müasir dövrün texniki yenilikləri, İKT-nin imkanları artdıqca jurnalistikanın da tipi dəyişir, daha çox xəbərçilik prinsiplərinə əməl edilir. Lakin şükürlər olsun ki, analitik jurnalistikanın kütləvi kommunikasiyada yeri görünür, müasir informasiyalı cəmiyyət quruculuğunda rolu və faydalılığı öz əhəmiyyətini itirmir. Rəşid Faxralının publisistikasındakı bütöv və abad vətən, güclü dövlət, milli mənəvi dəyərlər, azad söz və sair haqqında işıqlı düşüncələr əsas verir deyək ki, müasir mətbuat və jurnalistikamızın ictimai faydalı əməllər uğrunda mübarizə aparan, daha xoş günlər arzusu ilə yaşayan Rəşid oğulları irs-varislik əlaqələrini bundan sonra da yaşada biləcəklər.

 

 





19.07.2015    çap et  çap et