525.Az
Son əlac ölməyə qalsa...
İNTİHAR ÇIXIŞ YOLU DEYİL, ÇARƏSİZ ADAMIN ÜSYANIDI...
Ətrafında baş verənlərə münasibət bildirmək nə qədər çətin olsa da, bir az da düşünmək, hər şeyi dərindən götür-qoy eləmək lazım gəlir. Bəlkə də tələsirəm, hələ tezdi. Həyatdı, bilmək olmaz. Əslində, yenə də tərəddüd edirəm. Bir halda ki, başlamışam, bəs mənim məktubumu kim oxuyacaq?
Mənim məktubum... Cəmiyyətimizdə elə bir psixoloji durum var ki, insanı lap uçurumun dibinə sürükləyir. Mən isə bu uçurumdan kənarda qalmağa çalışıram. Amma yaşıl işıq da yanmır, axı. Qarşımızdakı qalın, enli divarlar başımızı qaldırıb önümüzü görməyə qoymur, boynumuzdakı zəncir, qolumuzdakı qandallar yerimizdən tərpənməyə imkan vermir ki, vermir. Nə yaxşı ki, həyatdan ikiəlli yapışmaq lazım olduğunu, elə həyat özü öyrədib mənə. Əlbəttə, həyatda heç nə əbədi deyil. Nəyisə tutub ömrümüz boyu yanımızda saxlaya bilmərik. Amma ürəklərdə saxlayacaq qədər dəyərlərimiz mütləq var. Mənəvi gərginliyin ürəyinin lap dərinliyində gizlənmiş dəyərləri məhv etməsinə imkan vermək olmaz. Bəziləri isə “Könlü qırıq olanın, yeri məzar olmalıdı” prinsipini öz həyat aksionu kimi qəbul edir və həyatına xitam verməyi üstün tutur. Sonra da deyirlər, intihar – üsyandı. Amma mənə görə üsyan məğlubiyyətə yox, qələbəyə hesablanmalıdı. Məğlubiyyətə hesablanmış üsyan qorxaqların işidi!
Günü-gündən çoxalan özünəqəsd halları bu gün gəncliyin ən böyük bəlalarından biridi. Özünəqəsd halları insanların ilk on ölüm səbəbindən birinə çevrilib. Bir balaca ümidsizliyə qapılan insan az qala çıxış yolunu intiharda görür. Bilmirəm, bəlkə də tarix boyu da bu cür hallar sıx-sıx yaşanıb. Amma bugünkü açıq informasiya mühiti tez-tez baş verən belə faciələrin ictimaiyyətə ötürülməsi, bir anın içində cəmiyyətə çatdırılması baxımından əsas qaynağa çevrilib.
Psixoloq Dəyanət Rzayev intihar hallarını iqtisadi vəziyyətlə əlaqələndirməyi düzgün saymır: “Tədqiqatlar onu göstərir ki, istər müharibə vaxtı, istərsə də iqtisadi böhran zamanı intihar hallarına demək olar ki, rast gəlinmir. Əksinə, insanlar həyata daha çox bağlanırlar. Dünyada intihar hadisələrinin statiskasında ön sıralar Şimal ölkələrinə məxsusdu Almaniya, Hollandiya, Finlandiya və s. Amma bu ölkələr iqtisadi baxımdan əziyyət çəkmirlər”.
Bu gün Azərbaycanda intihar hallarının qarşısının alınması, ailədə olan problem və konfliktlərin həll olunması üçün dövlət və hökumət qurumları tərəfindən ciddi tədbirlərin görülmədiyini deyən həmsöhbətimizə görə, sosial xidmət sahələrinin fəaliyyətinin aşağı olması, sosial psixiatriya deyilən anlayışın, ümumiyyətlə, yoxluğu, məhkəmə sistemindəki çatışmazlıqlar, sosial ədalətsizlik, təbəqələşmə önəmli faktorlardı: “Ən böyük səbəblər bunlar olsa da, başqa səbəblər də var. Dünyada daha çox kişilər intihara cəhd edirlər. Əksər şərq ölkələrində isə, əksinə, qadınlar daha çox sosial ədalətsizliyin qurbanı olaraq canlarına qıymağı özlərinə çarə bilirlər. Bu da kütləvi savadsızlıqdan doğan sosial ədalətsizlikdi. Azərbaycanda qadınların, uşaqların intihara daha çox əl atmaları ilk növbədə ailədə olan problemlərdən qaynaqlanır. Amma heç bir qurum bu problemlərin həlli istiqamətində ciddi nəsə eləmək fikrində deyil. Məsələn, əslində, sahə müvəkkili ərazi üzrə yaşayış sahəsində hansı evdə hansı problemlərin yaşanmasından xəbərdar olmalıdı. Bizdə isə sahə müvəkkillərini daha çox öz ərazilərində yerləşən ictimai-iaşə, ticarət obyektləri maraqlandırır”.
Arzuolunmaz həyat şəraitinin, uğursuz sevginin, qırılan arzuların, ağır xəstəliklərin insanı tərkidünyalığa, depressiyaya, həyatdan qopmağa sövq etməsi psixoloji durumun ən ağır vəziyyətidi. Bu gün dünyada ən çox intihara əl atanlar 15-24 yaşlı yeniyetmə və gənclərdi. Hər 20 saniyədə bir adam özünü öldürür, hər 2 saniyədə bir insan intihara uğursuz cəhd edir. İntihar qurbanlarının sayı müharibə və qətl qurbanlarının birgə sayından daha çoxdu. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, təkcə 2000-ci ildə dünyada təxminən 1 milyon insan intihar nəticəsində həyatını itirib ki, bir bu qədər də insan hər il intihara cəhd etməkdədi. Hazırki vəziyyətdə isə bu rəqəmlər daha da böyüyüb. İntihara cəhd edənlərin sayı saniyəbəsaniyə artır. Özü də intihar edənlərin əksəriyyəti heç də əqli pozuntudan əziyyət çəkənlər deyil, əksinə, normal psixologiyaya sahib insanlardı. Onlardan 75 faizi intihar edəcəklərini əvvəlcədən bildiriblər. Bu göstəricilərin daha da artıq olduğu qeyri-statistik məlumatlara söykənməkdədi.
Psixoloq Dəyanət Rzayev:
– "Kimsə özünə qəsd edirsə, ailədə deyirlər ki, hə, bir az ruhi-xəstə idi. Amma sizə deyim ki, intihar edən insanların 90 faiz psixi sağlam insanlar olub. 10 faizi ola bilər ki, ruhi-xəstə olsun. Qohumlar qınaq obyektinə çevrilməmək üçün belə yalanlar uydururlar. İnsan heç nədən intihar etmir. Və yaxud da kimsə çarəsiz vəziyyətə düşürsə, o saat gedirlər fala baxdırmağa. Həmin insanı əslində bir psixiatrın yanına aparmaq lazımdı. Bu primitiv düşüncə Azərbaycanda hələ də qalmaqdadı. Ölkədə təbəqələşmə gedir. Elə insanlar var ki, bu gün milyonların içində üzür, elə də gənclər var ki, acından ölürlər. İnsandı, evi yoxdu, kirayədə qalır, imkansızdı, amma uşağı üçün kreditə 1000 manatlıq telefon alır. Hamı bu günün varlı insanları ilə uyğunlaşmağa can atır. Amma baxın, Avropada insanlar necə də sadə həyat tərzi sürürlər.
İnsan baxdığı aqresiv filmlərə çox baxanda, internetdən mənfi mənada yaralananda psixi sarsıntı keçirir. Televiziyada, internetdə, “youtube”da izlədiyi kəskin sujetli filmlərdən gənclərdə intahara təşəbbüsə meyl yarana bilər. Uşaqları bu cür filmlərdən və verilişlərdən bacardıqca uzaq tutmaq lazımdı. Bu gün ANS telekanalında verilişlərin yaş qrupları üzrə sistemləşdirilməsi çox önəmli və digər kanallara örnək tutulası haldı. Bununla uşaqları bir çox zərərli, uşaq psixologiyasına mənfi təsir göstərən proqramlardan vaxtında uzaqlaşdırmaq olar. Eyni zamanda, valideynlər də uşaqları nəzarətdə saxlayaraq, ekran önündən uzaqlaşdırmalı, cinayət hadisələrindən bəhs edən verilişlərə yaxın buraxmamalıdı. Məsələn, Səddam Hüseynin asıldığı videogörüntülər bütün Azərbaycanda yayıldı. Təsəvvür edin, uşaqların buna baxması nə deməkdi".
"İntihar üsyanın bir növüdü. İnsan öz ölüm vaxtını nəzarət altına almaq üçün daxildən gələn üsyana məğlub olur. Bəzən də insanları buna müxtəlif hadisələr vadar edir. Məsələn, təcavüzə məruz qalmış qadın öz mənliklərini qorumaq üçün özlərini öldürür. Çünki o, cəmiyyətdə qınaq obyektinə çevriləcək, təcavüzə məruz qalmış bədbəxt insan kimi tanınıcaq. Bu zaman hüquq qaydalarından daşınmağa heç dəyməz. Hüquq belə zorakılığa məruz qalan qadınlara “göz yumur”, -deyən psixoloq D.Rzayevə görə, bunun üçün xüsusi təhlükəsizlik haqda qanuna, sosial ədalət mühitinin formalaşdırılmasına ciddi ehtiyac var:
“Bu yaxınlarda televiziyada nümayiş olunan bir verilişdə küçədə körpə uşaqlı bir qadının tapılması barədə süjet yayımlanmışdı. Psixi pozuntu keçirən qadın polislərin köməyilə nəzarətə götürülmüşdü. Məlum oldu ki, qadın yaxınları tərəfindən dəlixanaya atılıb, qadın dünyaya gətirdiyi körpəsi ilə oradan qaçıb. Baxımsız qalmış körpənin vəziyyəti narahatlıq doğururdu. Polis idarəsinə gətirilən qadının çantasında 40 manat pul olub. Gedib özüm o qadınla görüşdüm. Qadın dedi ki, pul yoxa çıxıb. Zəng elədilər polis bölməsinə, telefonda polis nə desə yaxşıdı: fikirləşdik ki, yanında belə sanballı xanımlar var, day nəyinə lazımdı o pul?
Hərdən küçədə dilənçilərlə söhbət edirəm, nəyə görə diləndiklərini soruşuram. Deyirlər ki, iş yoxdu. Soruşuram ki, polisə pul verirsən? Deyirlər ki, əlbəttə, veririk. Amma bunları heç kimə sübut eləmək olmur. Hamı görür, hamı eşidir, hamı susur”.
İnsanları intihara sövq eləyən amillərdən biri də dini sektalar, missioner təşkilat və qrupların fəaliyyəti ilə bağlıdı. Bəzən yarı yolda qalan gənc etdiyi səhvi anlayır, lakin düşdüyü vəziyyətdən geriyə yol tapa, hər şeyi yenidən başlaya bilmir və çıxış yolunu özünəqəsddə görür.
Psixoloq Dəyanət Rzayev:
– Bu gün elə dini sektalar var ki, orada intihar təbliğ olunur: guya insan bu ideyanı qəbul edirsə, həmin zaman azadlığa qovuşur. Hindistanda əvvəllər evin kişisi ölürdüsə, inanclarına görə, qadını da onunla birlikdə yandırılırdı. Bu da intiharın bir növüdü. Bununla yanaşı, başqasının əliylə cana qəsd halları da var. Yəni, hansısa xəstəlikdən əziyyət çəkən insanın həkimlərin vurduğu ölümcül iynə ilə həyatına son verməsi də intiharın bir növüdü. Elə ölkələr var ki, orada qanunla insana bu haqq tanınır.Tənha, sağalmaz xəstəlikdən əziyyət çəkən insanlar, içki düşkünləri ümumi risk qrupuna aid olunurlar.
Əbədi heç nə yoxdu. İnsan da əbədi deyil. Əgər bu gün bir insan özünü öldürmək istəyirsə, bir şeyi bilsin ki, nə vaxtsa hamı dünyasını tərk edəcək. Hər bir insan həyatda çətinliklə üzləşir. Zaman problemlərin həllinin ən əsas açarıdı. Ona görə də qorxmamaq lazımdı. Dar ayaqda insan psixiatra müraciət edə bilər. Bir çox həll yolları var.
Sosial ədalətsizlik cəmiyyətdə təbəqələşmə yaradır, amma unutmaq lazım deyil ki, hər kəs fərd kimi dünyanın mərkəzində dayanır və toplumu formalaşdırmaq imkanına sahibdi. Bəzən bir kəlmə söz də insanın nəyisə dəyişdirməsinə, əsarət zəncirini qırmasına, həyatın axarını başqa səmtə döndərməsinə stimul ola bilər. Sadəcə, mərkəzdən başlamaq lazımdı. Mərkəz isə tam ayağımızı qoyduğumuz yerdədi. İntihar ədalətsizliyə qarşı çıxan insan üçün ən böyük ədalətsizlikdi!
Qayıdaq məktubuma. Mən o adamlardanam ki, məktubumu özüm yazıram, ünvanına özüm çatdırıram, öz əllərimlə sahibinə təqdim edirəm – məqsədə çatmaq mənimçün vacibdi. Bu məktub nəyisə dəyişdirməyə qadirdisə, bunu məndən yaxşı heç kəs edə bilməz. Amma məktubu yazmaq, göndərmək hələ işin yarısıdı. Əsas odu ki, məktub kimin əlinə düşəcək. Məncə, bu, üsyandı. Ümumiyyətlə, bu dövrdə məktub yazan insana çətin rast gələsən. Heç mən də məktub yazan adam deyiləm. Söhbət heç məktubdan da getmirdi. Anlayana... deyirəm. Və bir də deyirəm: məqsəd mənim üçün alidi, intihar isə sadəcə, qorxaqlıq, çarəsizlik və üsyansızlıqdı.
Ceyhun ABASOV
20.12.2012
çap et