525.Az

Koreya kinosu Sumqayıtda nümayiş olunub


 

Koreya kinosu Sumqayıtda nümayiş olunub<b style="color:red"></b>

Azərbaycanda Koreya kinosu festivalı çərçivəsində növbəti tədbir iyulun 20-də Sumqayıtda Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında yerləşən "Yaşıl teatr"da keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Lalə Hacıyeva, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in və SEBA Assosiasiyasının şöbə müdiri İradə Nəcəfova çıxış edərək, festivalın respublikamızın mədəni həyatında əhəmiyyətli hadisəyə çevrildiyini və ölkələrimiz arasında münasibətlərin dərinləşməsində növbəti bir addım olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Koreya kinosu festivalı Azərbaycan və Koreya əməkdaşlığını, ən əsası isə qarşılıqlı mədəniyyətləri əks etdirir. Kino günlərinin məqsədi Koreya mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

Sonda SEBA Assosiasiyasının sədr müavini İrina Zeynalova Sumqayıtda keçirilən festivalı açıq elan edib.

Tamaşaçılara 2011-ci ildə rejissor Gwon Chil-in tərəfindən lentə alınan "Canlı efirdə məhəbbət" ("Love on-air") adlı film təqdim olunub.

Qeyd edək ki, festival SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Mədəniyyət Fondunun təşkilatçılığı və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilir. İyulun 6-dan avqustun 15-dək ölkənin beş regionunda Koreyada 2008-2013-cü illərdə istehsal olunmuş 10 filmi nümayiş olunacaq. Assosiasiyanın dəstəyi ilə Azərbaycan dilinə dublyaj edilmiş filmlər Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş və Qəbələ tamaşaçılarına təqdim ediləcək.

 

 





22.07.2015    çap et  çap et