525.Az

Mən aqronomam


 

Mən aqronomam<b style="color:red"></b>

Mənə şeir yazmağı Qərib öyrətdi

Görəsən qeyri-ixtisas sahibinin deyək ki, aqronomun və ya hər hansı aqrar sahə adamının şeir yazmağı nə qədər təəccüblüdü, bunun üçün adamı qınamaq nə qədər doğru olardı. Bu qınaq mənim aqronom həyatımın ən acı həqiqətlərindən biri idi.            

...Hər səhər yataqdan qalxıb auditoriyalara qaçmaq, yeməkxana və yataqxana arasında günlərlə məlum məsafəni keçmək, hərdən-bir teatrın ön cərgəsində müxtəlif tamaşalara baxmaq, ən yaxşı halda salonlardan Rövşən Behcətin fars boğazından çıxan melodiya və təsnifləri dinləmək - bu idi mənim tələbə həyat tərzim. Bu gözlədiyim bir vaxt idi, əlahəzrət Söz üstümə yağmur kimi gəldi. Qəzetdə oxuduğum elan Gəncədə filan evdə (Alimlər evində)   "İlham" ədəbi birliyinin fəaliyyətə başladığından xəbər verirdi. Bu ədəbi birliyin ilk üzvü də mən olacaq(dım)mışam...

Biz - yanımda bir orta məktəb şagirdi,  iki nəfər zala daxil olduq. Həsənağa Turabova oxşar keçəl kişi bizi şeir oxumağa dəvət etdi. Təbii ki, ad, soyad, doğum tarixi  və harda oxumağımızla maraqlandı. Mən Gəncədə Kənd Təsərrüfatı İnstitutunun 2-ci kurs tələbəsi idim və aqronom olacaqdım. Şeirlərimi oxudum, dinlədi. Yazılarım qafiyələrdən ibarət alababat şeirlər idi.

İndi alababat şeirləri dinləməyə heç kəsin səbri qalmamışdı. Amma bir vaxtlar Filoloji fakültənin dil öyrənən tələbələri ilə yanaşı məni də öz hövsələsinin içində saxlayıb dinləməyi bacaran o şirin təbəssümlü keçəl kişi  aqronom olacaq birinə - mənə  "get işinlə məşğul ol" demədi. Ustupluca şeirin nə olduğunu mənə anlatmağa çalışdığının fərqindəydim. Nə üçün mənə səbrlə yanaşdığını çox düşünürdüm, axı mənim nəyimə ümid edirdi, ailəsinin çox kiçik qazancı ilə ali təhsil alan tələbə olduğumu da bilməmiş deyildi.

Ədəb-ərkanımmı, dürüstlüyümmü... Amma yadımdadır ki, mənim "tərbiyəli  şeirlər"  yazmağımı ifadə edən fikirlərinin bir neçə yerdə səsləndirdiyinin şahidi olmuşdum. Əslində bu tərbiyə, bir kənd uşağının ailə tərbiyəsi, kənd əxlaqı və o torpaq adamının mərifəti idi...  

Sözarası deyim ki, gur saçlarım vardı və daraq vurmaq, daramaq eynimə də gəlmirdi. Ozan küçəsinin təbii suyunu saçıma çəkib əlimlə düzəldib dik-dik gəzirdim və belə şeylər haqqında düşünmürdüm. Sonralar saçlarım mənim bu etinasızlığımı, onlara qulluq etmədiyimi görüb məndən "töküldülər" və bir də heç vaxt mənimlə "barışmadılar".
 
Mən indi saçları olmayan daz bir kişiyə oxşayıram və  qışda  yarpaqları tökülmüş çılpaq bar ağacı kimiyəm.

 ...Əllərim oxşamaz ağ əllərinə,
Saçımın bəyazı rəngimə düşməz.
Ömrümə, günümə yüz sığal vurum,
Məni sevə bilməzsən yavrum.

Gözümün içinə bir qadın ağlar
Axşamım oxşamaz axşamlarına
Səhərim ümidsiz,
Allahım yorğun
Məni sevə bilməzsən yavrum.

Ədəbi birlik  rəhbərinin hərdən özünə təsəlli kimi " yaxşı şagird olduğum üçün müəllimlərim başımı o qədər sığalladılar ki, saçlarım töküldü" deyirdi və bu, mənim özümə də verəcəyim  son təsəlli oldu .    

Sonralar şeirin nə olduğunu bilib bir qədər geri çəkildim. Və hər zaman şeirlərimin arxasında durdum.

Ürəksiz, işıqsız  şeir yazmadım. O ədəbi birlik, " İlham"ın  rəhbəri, o keçəl kişi ilk dəfə məni çap etdi. Və mən "bütün yataqxanada hamıdan sonra söndürərdim işığı, qalardım bir mən, bir də ... ümid işığı":

Hər şeir yazanda titrədim, bədənimdə zəlzələ kimi tərpənmələr olmayınca bir misra belə yazılmadı:

Allahdan aşağı sevgilər yetim,
Sevdalı ömürlər kəpənək kimi
Allahdan aşağı
Sevgili ölümlər hər gün təzədi...

Canımdan çıxırdılar bu misralar, fikirlər. Və dedim ki, "qovmayın quşları pəncərələrdən":

...Bu yerdən istəyi, göydən istəyi,
Döyür pəncərəni hərdən istəyi,
Bir zəmi həsrəti, bir dən istəyi,
Qovmayın quşları pəncərələrdən.
 
...Bəlkə torağaydı, bəlkə çalıdı,
Bəlkə də Şuşalı, ya Xocalıdı,
Qovmayın quşları pəncərələrdən.
 
Şerlər yazdım və şerdən heç nə ummadım. Hətta

...Mənə Məcnun adı verilməyəcək
ölümümdən sonra
Sənə də şəhərin fəxri vətəndaşı.
 
Müəllif kimi çox vaxt gizləndim, təvazökarlıq etdim, amma heç zaman yazılarım üçün, şeirlərim üçün utanmadım, ona görə ki, arxasında mən varıydım. Bu özümüydüm, öz varlığımıydı hər sözün, kəlmənin, misranın və bütöv şeirin arxasında.  Mən taledən çəkdiklərimi ifadə edirdim. Ki, "nə yaxşı atama oxşamışam mən":

...Nənəmin gözündə giley görürdüm,
Oxşaya bilərsən sirdə-sifətdə.
Təki sən oxşama qurbanın olum
Atana oxşama bu xasiyyətdə.
 
-Oxşaya bilərsən sirdə-sifətdə
Oxşaya bilərsən, bu vacib deyil,
Dolana bilərsən qəpik-quruşla
Bu qəpik-quruş da məvacib deyil.
 Bu düzdü, atamın sərvəti yoxdu,
Pulu da olmayıb zərli qutuda.
Elə də sən deyən sənəti yoxdu,
Yarımçıq tərgidib institutu da ...

Şeirlərimin  arxasında gizlənmədim. Hərdən dost məclislərində ucadan şeir oxudum.

Gecələr nar sıxsaq dişlərimizə
Limon şirəsini içə bilsək də.
Bizim olmayacaq süd işıqları,
bizim olmayacaq pərvanələri
unuda bilməsək də
ayrılaq...
 
Unuda bilməsək də ...
İşığa qalan gecələri,
Gün üzü hamilə ay işığını
Və ipək saçların qarışığını...
 
Ayrılaq,
bir sarı vərəqdə telefon sayı...

Və söz verdim ki, bir gün gələcək:
O gün dəfn edəcəm dərdi, sərimi
Kölgəsi gözümün altına düşən şer dəftərimi.



Heç kimə yavıncı olmayacağam-
Özüm aparacam cənazəmi də. -  dedim.

Bu mənim 1999-cu ildə qeydiyyatsız - qrifsiz çap olunan kitabımdan şeir nümunələri  idi, bu mənim ilk manifestim idi ( bu kitabı qeydiyyata almayan və yayımına icazə verməyən şəxslərə - Çingiz Əlioğluna və Mirkazım Kazımova Allah insaf versin.  ...Və o zamankı təsəlliyə görə Əmir Pəhləvana bir daha təşəkkür edirəm). 

Bunları mən yazmışdım. Həyat mənə çox şey öyrətdi, təbii müəllimlərim də, amma mənə şeir yazmağı Qərib öyrətdi, Allahımın üzündən iraq, "İlham" Ədəbi Birliyinin ilk və son, şəriksiz rəhbəri Qərib Mehdi.

Mənə müəllimlərim dil öyrətdilər,
İsim öyrətdilər feil öyrətdilər
Şeirdən uzaq dur, gəl... öyrətdilər
Mənə şeir yazmağı Qərib öyrətdi...

İndi də düşünürəm ki, hər hansı vəzifədə, aqronom, şərabçı, hətta sovxoz  direktoru olub şeir yazmaq qəbahət  deyildi, tarixin hansı dönəmində olsa da. Kim nə deyir, desin. Və mən yazmaqda haqlıydım.

Xosrov NATİL

 





22.07.2015    çap et  çap et