525.Az

"Ruhlar şəhəri"ndə dolaşan fikirlər


 

"Ruhlar şəhəri"ndə  dolaşan fikirlər<b style="color:red"></b>

Bu ildə niyyətimiz çin olmadı. Ağdama yenə  gedə bilmədik.  "İncəvara" getmək üçün dəridən-qabıqdan çıxırıq az qala. Alınmır.  Siyasəti hərbiyə, hərbini də siyasətə qatırıq. Yenə alınmır.

Yəqin doğma torpaqlara qayıtmağımız nə vaxtsa gerçəkləşər. Ola bilər, qələbə  gününü görək. Qələbə sevincinə şərik olaq.  Ola da bilər, ruhumuz bizdən qabaq getsin. Dünyanın işini bilmək olmaz. Bəlkə də tez də gedərik. Nə bilmək olar...

Şəhərimizdə ruhlar dolaşmaqdadır  bu gün. O ruhlar ki, vaxtıylə bizi  əkib, doğub, böyüdüb və tərbiyəmizlə məşğul olublar. O ruhlar ki, bəzən bizi əzizləsələr də, tənbeh etməyi də unutmayıblar. Sərt hərəkətləri ilə bizi yaxşı ki, ipə-sapa salıblar. 

Şəhərimizdə ruhlar dolaşmaqdadır... 

Bu gün o şəhərin sakinləri bir yerdədirlər. Yəqin ki,  daha bir-birini "ajılamır", birinin sözü o birinin boğazından keçir. Mənəm-mənəmlik etmirlər.  Təkəbbürləri  qeybə çəkilib.  Bir-birilərini yola verməyi öyrəniblər. Yəqin onlarda inanırlar. İnanırlar ki, vərəsələri nə vaxtsa onların  könlünü alacaq, elə üz qoyduqları torpaqdaca onlara “Yasin” oxudacaq, qəbirüstünü təmizləyəcək, özləri üçün yer salacaqlar...

lll

"Ruhlar şəhərinin sakinləri" filmində   "dolaşan" fikirlər məni   çox - çox uzaqlara aparır.  Özümü sanki bir anlıq Ağdamda hiss edirəm...

Yeni avtovağzalda düşüb  taksi axtarıram.  "Əlli nömrəliyə " tərəf gəlib nəhayət  taksi saxladıram.  Qiyməti razılaşıram.  "Ətyeməzli "körpüsündən keçib, uşaq "bolnitsası"nın yanından üzü "passaja" tərəf gedirəm. Şənbə günü olduğundan sıxlıq var. "Gətircilər" mallarını elə bazara girməmiş satırlar.  "Bir nömrəlinin " yanından keçib qastronomun yanında düşürəm.  Üzbəüz "Tağının kitab mağazası"na dəyib  maarifə getməyi düşünürəm...

Amma filmdə qəbiristanlıq görüntüsü məni   "Qastronumun" qarşısından "Qaraağacıya"  aparır.  Girişdə möhtəşəm "Xan çinar"   həmişə diqqətimi çəkirdi. Sol tərəfdəki heykəllər öz monumentallığı ilə seçilirdi. Bütün ağdamlılar yaxşı bilirdilər ki, o heykəl sahiblərinin şəhərin inkişafında böyük rolu  olmuşdu. Amma indi o heykəldən əsər-əlamət qalmasa da,  o şəxslərin   ruhları oralardadır. Və daim ermənilərə əzab verir. Elə qəbiristanlıq əhlinin ruhları ermənilərə əzab verdiklərindəndir ki, şəhərə məskunlaşa bilmirlər...

Beləliklə, qulağıma  yenidən  Azad Şükürovun  səsi gəlir. Onun  kövrək notlara söykənən səsində sanki bir çağırış, hayqırtı  səslərini eşirdirəm. Hamını səbrli olmağa, vaxtiylə əlimizdə olanlarımızı unutmamağa səsləyir. Kadr arxasında səslənən Şahmalı Kürdoğlunun, Səxavət Məmmədovun ecazkar səsləri hamının diqqətini özünə cəlb edir.

Kadrlarda daha çox "Qarahacı" qəbiristanlığı, "İmarət", Uğurlubəyin qəbirləri görünür və təkrarlanır.

Filmdə azda olsa  şəhərin canlı günlərinə də  yer verilib.

Yaşlı insanların və gənclərin torpaq sevgisi, vətən sevgisi obrazlarla yaxşı verilib.   

Müəlliflərin ideyası başadüşüləndir və yaddaqalandır...

 lll

 Sənədli filmlər sırasında inanıram ki,  millət vəkili Bəxtiyar Sadıqovun  ssenarisi  əsasında hazırlanan  "Ruhlar şəhərinin sakinləri" sənədli filminin öz  yeri olacaqdır.

Hər birimiz bu gün yaxın tarixin iştirakçısı və şahidləriyik.  Bu gün o tarixin yazıya, sənədli filmə yazılaraq yaddaşlara köçürülməsinə ehtiyac vardır.

"Ruhlar şəhərinin sakinləri" sənədli filmi də məhz bu boşluğu doldurmaq  üçün gəncləri indidən qayıdışa hazırlamaq məqsədiylə çəkilib  və uğurlu alınıb...

Layihə müəlliflərinə  Qarabağlı , Ağdamlı günlər arzusuyla.

 





22.07.2015    çap et  çap et