525.Az

Ucalığın 140 ili və ya Böyük Sözdən sonra...


 

Ucalığın 140 ili və ya Böyük Sözdən sonra... <b style="color:red"></b>

İndi fikri qorxusuz-ürküsüz sözə, cümləyə çevirməyə, yazdığını çap eləməyə nə var ki... Tənqid də et, tərif də. Lap istəsən qəzet, jurnal çıxar. Qarşını kəsib kimsə "dur", "olmaz",  deməyəcək, hissini, duyğunu senzura qayçılamayacaq. Ən əsası, qadağalar məngənəsində sıxılmayacaqsan.

Bütün bu sadaladıqlarım bu gün Azərbaycan mətbuatının inkişafına dəstək verən, onu irəliyə aparan şərtlərdən biridir. Azərbaycan dövləti özü maraqlıdır ki, maarifləndirmə işi heç bir əngəl tanımasın, insanlar məlumatlansın, daha doğrusu, qəzetçilik bir ictimai yaşam tərzinə çevrilsin. Axı, danılmaz faktdır ki, oxu vərdişlərinin formalaşmasında qəzetlərin rolu əvəzsizdir. Maraqlı olan həm də odur ki, siyasi baxışlarına, əqidəsinə fərq qoyulmadan əli qələm tutan, sözün məsuliyyətini hiss edən, yazmağı özünə peşə seçən peşəkarlara məhz dövlət tərəfindən fəaliyyət meydanı verilir. Yəni demokratiyanı Amerikada, Avropada axtarmaq üçün uzun yol qət etmək, kimlərinsə moizələrinə qulaq asmaq lazım deyil, elə yaxınlaşdığın və ürəyin istəyən qəzetin satıldığı qəzet köşkündə də tapa bilərsən. Əgər görməyi bacarırsansa?!...

Söz dilin ləl-cəvahiridir və o heç vaxt səmərəsiz olmur. Ürəyin istəyən vaxt, ehtiyacın olanda onu xırıd eləyə bilirsən. Söz həm də dilin sütunudur. Bünövrəsi möhkəm olanda uçmur, dağılmır. Birdə bilirsiniz ən böyük xoşbəxtlik nədir? Sözü zamanında demək...

Bax, bu sarıdan biz hamımız-bütün əli qələm tutanlar xoşbəxtik. Amma...

...Onlar xoşbəxt olmaq istəyirdilər. Elə bilirdilər ki, qaranlığa qərq olan, cahillərin içində özünün və övladının gələcəyini görməyən, kül içində köz axtaran soydaşlarını ağ günə çıxarda biləcəklər. 

           

"Səs salma yatanlar qoy hələ yatsın,

Yatmışları istəmirəm kimsə oyatsın"

 

- bunu Mirzə Ələkbər Sabir söz xətrinə, elə-belə deməmişdi. Millətin böyük bir bəlaya - savadsızlığa, cahilliyə düçar olduğunu görəndə ürək yanğısı ilə yazmışdı. Çünki anlamazlıq dərdinin çarəsizliyini, bu dərdə mübtəla olanların gələcəkdə tapdaq altında qalmağını, keçmişindən, tarixindən, kimliyindən uzaq düşəcəyini, bir sözlə, manqurta dönəcəyini görə bilirdi bütün Azərbaycana "Mən də müsəlmanam, a şirvanlılar", - harayı ilə müraciət edən böyük ədibimiz...

140 il bundan öncəyə səyahət etmək, o dövrün, zamanın tələbini, baş verən prosesləri incələmək indi bizə sevinc hissi bəxş etməsə də, sadəcə "tarixdir" - deyib üstündən keçməyin özü də keçmişə sayğısızlıq olardı. "Əkinçi"dən söhbət açmaq istəyirəm. O "Əkinçi"ki, dəni, toxumu Söz idi...

Əkindən-biçindən bəhs edəcəyinə inanılaraq çapına icazə verilmişdi. Həsən bəy və davamçıları çiyinlərini böyük bir məsuliyyətin altına vermişdilər. Millətin tarixində bir ilkə imza atmaq xoşbəxtliyi onların adına yazılsa da, nə vaxtsa onları izləyəcək qara kölgələrin, təqiblərin qarşısına sinələrini irəli vermək üçün hazır olmalıydılar. 1875-ci ildə iyul ayının 22-də "Əkinçi"nin ilk sayı işıq üzü gördü. Və cəmisi 56 nömrəsinin nəşrindən sonra 1877-ci ildə qəzet bağlandı...

"Əkinçi" dən səpmədi, yer şumlamadı, xırmanda göyə buğda sovurmadı. O, millətin zehninə maarif toxumları əkdi, xeyiri-şəri, pisi-yaxşını ələdi ələyində. Günəş gözlü səhərlərin qanadında işığa doğru yol gedənlərə uğur dilədi. 

Bizim müstəqilliyə gedən yollarımız da Sözdən başladı. İnsanlar söz-söz toplanıb, cərgəbəcərgə zülmün, zalımın üzərinə getdilər. Öncə Sözümüzə azadlıq istədik, sonra hisslərimizə. Əlimiz qandaldan, dilimiz zöhürdən xilas olandan sonar sözümüzə sahib çıxmağın vaxtının yetişdiyini görə bildik. Söz ayıltdı bizi qəflət yuxusundan.

Parçalanmaq adlı yarğanın bir addımlığında qalan bir ölkəni xilas etmək üçün ağsaqqal sözünə, öndər fikrinə olan ehtiyac bizi ona doğru sözün yel qanadlı atında apardı. "Heydər baba, xalqı bu bəladan qurtar" dedik. Sözümüz yerə düşmədi. O, sözünə əməl edib gəldi və... Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını yüksək səviyyədə qiymətləndirən ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanunun qəbulu "dördüncü hakimiyyətə" ən böyük töhfə oldu. 2000-ci ilin mart ayında "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı" təsdiq olundu, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. Azərbaycan jurnalistlərinin qurultayında, 2003-cü ilin mart ayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı.

Bu gün onun Söz adlı bayrağını uğurla gələcəyə daşıyan möhtərəm Prezidentimiz cənab İlham Əliyev də "Əkinçi"nin varislərini diqqətdən kənarda qoymur. Peşəsini canı-qanı qədər sevən, haqqı-nahaqqa verməyən peşəkarların, əsl söz-sənət adamlarının rifahını yüksəltmək üçün tarixi sənədlərə imza atır. Möhtərəm Prezidentimizin 3 aprel 2009-cu il tarixli sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində zirvə nöqtələrdən biri oldu.

Və əsl həqiqəti görməyi bacaran, vicdanının səsinə qulaq asaraq onlar üçün yaradılan maneəsiz mühiti görməzlikdən gəlməyən mətbuat nümayəndələrinin mütləq əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsinə yekdilliklə səs verdi...

Bu gün Azərbaycan dövləti və Azərbaycan Prezidenti "Əkinçi"nin ölməz ideyalarını davam etdirmək üçün müstəqil ölkənin azad jurnalistlərini, Sözə könül verənləri, Söz adlı haqqın mücadiləsinə qalxanları himayə edirsə, qoruyursa, hüquqlarımıza, haqlarımıza hörmətlə yanaşırsa, bu, vətənə, millətə xidmətin ən böyük nümunəsidir.

Hafiz TƏMİROV
Polis kapitanı, DİN Mətbuat Xidmətinin əməkdaşı 

 





22.07.2015    çap et  çap et