525.Az

Müasir insanın yeni bəlası


 

Müasir insanın yeni bəlası<b style="color:red"></b>

Bu gün Milli parkda qol-qola gəzən yaşlı nəslin cütlüklərini görəndə istər-istəməz “Mən də o günləri görəcəyəmmi” fikri indiki nəsildə hakim kəsilir. Əksəriyyət buna inanmır, çünki, o yaşa qədər yaşayacağına ümidli deyil. Nədir insanları sarsıdan psixoloji məqamlar?

Modern.az saytının suallarını tanınmış psixoloq Elnur Rüstəmov cavablandırıb.

İnsanlar yaşlanmadan ölür... 

Psixoloq qeyd edir ki, indiki yaşantımızı keçmişlə müqayisə edərkən böyük fərqlər ortaya çıxır: “Əvvəl fikirləşirdik ki, insan ancaq yaşlanıb ölə bilər. Yadıma gəlir ki, kiçik yaşlarımda kənddə olanda cavan kimsə rəhmətə gedəndə bizə qəribə gəlirdi. Düşünürdük ki, cavan adam necə rəhmətə gedə bilər, axı insan yaşlanıb sonra ölməlidir... Günlərlə o hadisənin təsirindən çıxa bilmirdik. Bu gün isə insanın gənc yaşında rəhmətə getməsi bizi təəccübləndirmir. Daha buna alışmışıq və baş verənlərə normal baxırıq. Yəni artıq anlayırıq ki, yalnız qocalar deyil, gənclər və uşaqlar da ölür. Sadaladığımız səbəblər içərisində bədbəxt hadisələr ən başda gələnlərdəndir. Hər gün alışdığımız hadisələr də bizdə “Mən 70-80 yaşına kimi yaşamaram”, “Yəni mən 70 yaşına sağlam şəkildə gedib çıxa bilərəmmi?” və s. kimi fikirlərin formalaşmasına səbəb olur.

Nəzərə almaq lazımdır ki, günümüzün insanı həm fiziki, həm də psixoloji olaraq sarsıntı içərisindədir. Ən böyük problem də stress, gərginlik üzərində dayanıb. Yaranan xəstəliklər fonunda isə insanlar neqativ enerjiyə köklənib, gələcəyə ümidsiz baxır. Mən hesab edirəm ki, insan həyata pozitiv baxmağı öyrənməli, hər günü sonuncu gün kimi yaşamalıdır. Bunlar çox vacib amillərdir. Əlbəttə indi bizim həyata yanaşma tərzimiz on il əvvəlki yanaşma tərzi deyil”.

İnsanlar həyatı maddiyyata bağlayıb...

E.Rüstəmov deyir ki, hazırda insanın orta yaş həddinin azalması danılmaz faktdır: “Və ona təsir göstərən bir çox amillər var. Avtomobillərin, müxtəlif xəstəliklərin, müharibələrin sayının həddindən artıq artması, texnika və texnologiyanın inkişafı, ekologiyada baş verən dəyişikliklər, yediyimiz qidalar  və s.  bu məsələyə təsir edən amillərdəndir.

İnsan özünün fərdi-psixoloji sağlamlığının qeydinə qalmalıdır. Bu gün insanın həyatdan zövq alması, xoşbəxt olması üçün daha çox şeylər var. Təəssüf ki, insanlar passivdir və passiv həyat tərzi keçirir.  Bu gün şəhərin istənilən nöqtəsində istirahət parkları var. Birindən soruşanda ki, niyə evdə oturubsan, düşüb hava almırsan, gəzişmirsən? Az qalır desin ki, “pul verin düşüm”. İnsanlar hər şeyi maddiyyata bağlayıblar. Nəzərə almırlar ki, bu, onların istirahəti, dincəlməyi üçündür.

Hamı deyir ki, “Kaş yüz min manatım olaydı, gedəydim Havay adalarına dincələrdim”. Bu gün nə varsa onunla kifayətlənmək lazımdır. Bu gün uşağınla parkda gəzməyin üçün maddiyyatmı lazımdır? Yaxud ailədə həyat yoldaşınla münasibətinin yaxşı olması, ona “can” demək üçün maddiyyatmı lazımdır? Əlbəttə maddiyyat olmalıdır, lazımdır, insan minimum tələblərini qurmağı, formalaşdırmağı bacarmalıdır. Bu məqamları nəzərdə tutmaq lazımdır. İnsan  minimal şəraitdə belə həyatdan zövq almağı bacarmalıdır. 15 il həbs cəzası alan məhbus belə dörd divar arxasında həyatda qalmaq üçün nəsə tapır, həyata bağlanır. Bəs azadlıqda ola-ola həyatdan niyə küsək?”

Yaxşı yaşayışa haqq qazanmaq lazımdır...

Mütəxəssis deyir ki, bu gün aktual olan problemlər hər zaman olub:

“Məşhur misalda deyildiyi kimi, “Harda insan varsa, orda problem var”. Bu dövrdəki problemlər ondan ibarətdir ki, insanlar həddindən artıq komforta düşkündür. Fikir verin, evdə internet kəsilsə, televizorun pultu, kondisioner işləməsə sözün əsl mənasında qırğın düşər. Biz hər şeyi komforta hesablamışıq. Və insanın komfortunu pozacaq istənilən şey qıcıq oyadır, onu aqressiv edir.

İnsan yanaşmasında balans yaratmalıdır. Bu gün biz komfortun qurbanı olmuşuq. İnsanlar daha çox şey istəyir. Bunun üçün səbr, mücadilə etmək, ən əsası yaxşı yaşamağa haqq etməkl lazıdmır. Sən heç bir şeylə məşğul deyilsən, amma yaxşı yaşamaq istəyirsən, hər şeyin ən yaxşısını istəyirsən... Belə bir şey varmı?!”

 





23.07.2015    çap et  çap et