525.Az

"Münaqişə istiqamətində aktivləşmə hiss olunur"


 

"RUSİYADAN SAVAYI ELƏ BİR ÖLKƏ YOXDUR Kİ, BAŞQA DÖVLƏTƏ SİLAH ALMAQ ÜÇÜN KREDİT AYIRSIN"

"Münaqişə istiqamətində aktivləşmə hiss olunur"<b style="color:red"></b>

"Dağlıq Qarabağ münaqişəsi istiqamətində aktivləşmə hiss olunur. Hərçənd, bu prosesdə bizim xeyrimizə hansısa irəliləyişin olacağını hələki düşünmürəm".

Bu sözləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Rusiya xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi növbəti Moskva görüşünü şərh edərkən deyib. O hesab edir ki, bu görüşün tam mahiyyəti açıqlanmadığına görə bu istiqamətdə konkret fikir bildirmək, insanlarda ümid yaratmaq bəlkə də doğru olmaz: "Çünki müzakirələrdə nədən danışıldığı bilinmir. Əgər belə bir situasiya olsaydı, biz bunu hiss edərdik. Buna baxmayaraq, ümid edək ki, bu istiqamətdə gələcəkdə hansısa irəliləyişlər əldə olunar. Ancaq indiki məqamda bu real görünmür. Çünki nə Azərbaycana, nə də Ermənistana yönəlik siyasətdə də heç bir dəyişiklik yoxdur. Buna görə də konkret fikir bildirmək çətindir".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin növbəti Moskva görüşünü iki istiqamətdə qiymətləndirmək olar: "Birincisi bu o deməkdir ki, yaxın müddətdə Rusiya ilə Azərbaycan rəsmiləri arasında görüşlər keçiriləcək. Bundan başqa məlumat var ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərir. Burada da aparıcı ölkə Rusiyadır. Müzakirə olunan ikinci bir məsələ isə yəqin ki, Dağlıq Qarabağ münaqişəsi olub. Çox təəssüflər olsun ki, bu məsələdə Rusiya tərəfinin mövqeyində ciddi dəyişiklik olduğunu görmədik. Baxmayaraq ki, Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtının yetişdiyini bildirib. Çünki bu ifadə ilk dəfə səslənmir. Hətta Dmitri Medvedyev Rusiyaya prezidentlik edən zaman da dəfələrlə bu ifadəni işlədib. Amma aradan xeyli müddət keçsə də bunun heç bir nəticəsi olmayıb. Əgər ciddi bir bəyanat səsləndirilərsə, hesab etmək olar ki, münasibətdə dəyişiklik var. Məsələn, amerikalı həmsədr Ceyms Uorlik son zamanlar bir fikri təkrarlayır ki, Dağlıq Qarabağ ətrafındakı yeddi rayon boşaldılmalıdır. Əgər Lavrov belə bir ifadə işlətsəydi, o zaman deyərdim ki, bəli, Rusiyanın Azərbaycana, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinə yanaşmasında müsbət elementlər görsənir. Ancaq belə bir açıqlamalar hələki yoxdur. Digər tərəfdən bu gün Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlı girovdan biri - Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Sergey Lavrova bu barədə dəfələrlə müraciət olunsa da məqbul cavab alınmayıb. Bugünə qədər də Moskva bu hadisə ilə bağlı konkret mövqeyini ortaya qoymayıb. Üçüncü məsələ isə rusiyalı milyarder German Sterliqovun Dağlıq Qarabağa köçməsidir. Moskva bu hadisəyə nə hüquqi, nə də siyasi qiymət verib. Bütün bunları bir araya toplayanda görmək mümkündür ki, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada Rusiya ortaya yeni istiqamət qoymayıb". Rusiya tərəfindən Azərbaycana qarşı müəyyən qədər təzyiq hiss olunduğunu deyən politoloq hesab edir ki, buna səbəb dövlətimizin son zamanlar güclənməsi, hərbi imkanlarını, büdcəsini artırmasıdır: "Moskva görür ki, Azərbaycanın imkanları genişlənir və güc yoluyla olsa da, Dağlıq Qarabağ münaişəsini həll etməyə həvəslidir. Ona görə də, ola bilsin ki, Moskva Rəsmi Bakıya anlatmağa çalışır ki, belə bir hadisə baş verərsə, bu Azərbaycana problemlər yarada bilər. Təsadüfi deyil ki, bu yaxınlarda Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollar kredit verib. Ayrı bir ölkə yoxdur ki, başqa dövlətə silah almaq üçün kredit ayırsın. Bu nəyə görədir? Ona görədir ki, Ermənistan yeni silahlar alaraq müqavimət gücünü artırsın. O silahlar harada yerləşdiriləcək? Azərbaycanla sərhəddə və Dağlıq Qarabağda yerləşdiriləcək. Azərbaycana isə silah-sursatı Rusiya pulla satır. Yəni, bölgədə sülhə maraqlı olan ölkə tərəflərə silah ötürməməlidir. Əks halda, bu o deməkdir ki, həmin dövlətin fərqli maraqları var. Bu baxımdan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə baxışında müsbət dəyişiklik sezmirəm".

Ceyhun ABASOV

 





23.07.2015    çap et  çap et