525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Qarabağ ərazisində yerləşən Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq bölgədədir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. 1924-cü ildə təsis edilmiş rayonun ərazisi 1883 kvadrat kilometr, əhalisi 65430 nəfər olub.

1992-ci il mayın 18-də erməni qəsbkarları tərəfindən işğal olunandan sonra rayon əhalisi məcburi köçkün kimi respublikamızın 64 şəhər və rayonunda məskunlaşıb. İşğal zamanı yüzlərlə günahsız insan şəhid olub, yaralanıb, 1200-dən artıq körpə yetim qalıb, rayonun bir çox tarixi-dini abidəsi məhv edilib.

Rayon ərazisindəki Ağoğlan çayı sahilində IX əsrdə inşa edilmiş və uzun müddət fəaliyyət göstərmiş Ağoğlan monastır kompleksi yerləşir. Möhkəm bazalt daşdan tikilmiş bu möhtəşəm monastır məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur. Monastır binasının daxili həcmi üç hissədən ibarətdir. Daşlardan hörülmüş açıq dam örtüyünü saxlayan hündür daş sütunlar silindrik formalı tağbəndlərlə tamamlanır. Məbədin daxili sahəsini işıqlandırmaq üçün divarlarda ensiz və uzunsov pəncərələr vardır.

Laçın rayonunun Malıbəy kəndində aşkarlanmış üç at heykəlli qəbir daşında (XVI-XVII əsrlər) və Almazzisxevndə yerləşən (XIV əsr) at heykəlli abidənin bud tərəfində həkk olunan üç üfüqi və bir şaquli xətt çox maraqlıdır. Qarabağ abidələrindəki epiqrafik məlumatlardan və təsviri incəsənət motivlərindən Cənubi Qafqazda Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış qədim türk tayfalarının məskunlaşmasını müəyyən etmək olar. Laçın rayonunun Malıbəy, Güləbird, Cicimli kəndlərində at heykəlli qəbir daşlarında günəş simvolunun və əlində quş tutmuş insanın təsvirləri vardır. Məlumdur ki, Humay quşu qədim türk xalqlarının tanrısı olub və bunun abidələrin üzərində təsviri, güman ki, abidələri dağılmaqdan qorumaq məqsədi daşıyırdı. Laçın rayonunun Cicimli kəndində 1790-1791-ci ildə çaylaq daşından düzbucaqlı planda tikilmiş məscid binası da olub.

Laçının Ağoğlan məbədinə gedən yolun sağında XVI əsrin at heykəlli və sənduqə formalı qəbir daşları vardır. Həmçinin, Laçın rayonunda Məlik Əjdər türbəsi, Mirik kəndində XV əsrə aid Alban məbədi, Minkənddə XV əsrə aid məbəd, Qarıqışlaq kəndində XI əsrə aid Dəmirovlu piri, Ərikli kəndində XVI əsrə aid Qarasaqqal türbəsi var.

Təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biri Şuşa müdafiə məqsədilə tikilmiş qala-şəhər olub. Buna görə də təsadüfi deyil ki, bu gün el arasında qədim məkan “Şuşa qalası” kimi də tanınır. 1750-ci ildə Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir indiki Şuşa şəhərinin yerləşdiyi yerdə - düşmən əlinin çatmayacağı dağ başında böyük qala divarları - istehkam tikdirmək qərarına gəlir. Əvvəllər Qarabağ xanının adına uyğun olaraq “Pənahabad” adlandırılan Şuşanın strateji baxımdan əlverişli yerdə yerləşməsi onu düşmən üçün sərt etmiş, şəhərin inkişafına və milli-mədəni abidələrin tikilməsinə zəmin yaradıb. Qırxqız, Kirs, Murov, Bağqıran, Sarıbaba dağları ilə əhatələnən Şuşa dəniz səviyyəsindən 1400-1800 metr hündürlükdə yerləşir. Şuşa havasının təmizliyi və müalicəvi əhəmiyyəti baxımından Azərbaycanın şəfalı kurort-istirahət mərkəzlərindən hesab olunur.

Ərazisi 289 kvadrat kilometrdir. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. Şuşada XVIII-XIX əsrlərə aid Hacı Yusifli, Çöl Qala, Xoca Mərcanlı, Quyuqluq, Səyidli, Mərdinli Aşağı Gövhər Ağa, Culfalar, Yuxarı Gövhər Ağa,  Mamay, Köçərli, Malıbəyli, Qaybalı, Şirlan məscidləri vardı. Şəhərdə Qala divarı, Qala divarı üzərində tikilmiş 17 bürc, qədim üslubda salınmış 17 məhəllə, Molla Pənah Vaqifin poeziya evi,Xan qızı Xurşudbanu Natəvanın sarayı, Mir Möhsün Nəvvabın mülkü, Üzeyir Hacıbəyovun ev-muzeyi, Bülbülün ev-muzeyi, Xalça muzeyi, tarix-diyarşünaslıq muzeyi, Qarabağ dövlət tarixi muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, Turşsu qalereyası , 4 karvansara, Şahlıq körpüsü, Rəsm qalereyası, Gəncə qapısı, Şor bulaq, Nəcəfqulu ağanın mülkü, Azərbaycanda ilk realnı məktəbin binası, Xan qızı Natəvanın bulaq kompleksi, Ağa-Əbdürrəhim ağanın evi, Zarıslıda Korun karvansarası, Təzə məhəllədə körpü, İbrahim xanın mülkü Sadıqcanın qəsri, Uluq bəyin evi,Ağaböyük xanımın bürcü, Malıbəylidə “Qızlar məktəbi”, Xan qızı Natəvanın tikdirdiyi “Qaradam”, Ağabəyim ağanın qəsri, Qasım bəy Zakirin yaşadığı ev, Qasım bəy Zakirin qəbirüstü abidəsi, küllü miqdarda gümüş və mis qablar, Bəhmən Mirzə Qacarın saray kompleksi, Bəhmən Mirzə Qacarın hərəmxanası, Bəhmən Mirzə Qacarın tikdirdiyi “Bab” hamamı, Qacarların məqbərə kompleksi, Məmməd Həsən ağanın imarəti, Qarabağ xanlığının divan kompleksi, Hacı Şükürün imarəti, Qədimovların mülkü, İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi, Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi, Qarabağ qazisinin mülkü, Daş kitabələr, Ovdan bulağı, Xurşudbanu Natəvanın tikdirdiyi həbsxana binası, Bayat qalası, Şahbulaq qalası,”Pənahabad” Şuşa qalası, ikimərtəbəli karvansara, “Dəlik-daş.. pilləkən kompleksi , Səməd bəy Mehmandarovun Şuşadakı mülkü kimi tarixi mədəni abidələr mövcud idi. Şuşa həm də ziyarətgahlarla zəngin bölgədir. Burada Həzrət Əli kahası (Nəzir kahası), Həzrət Abbas şəfa ocağı, Saqqaxana və Pirgah pirləri,  Seyid Mirfəsih türbəsi, Ağadədəli məhəlləsində Mir Mehdi ağanın ocağı, Heydər türbəsi və sair xalqın inandığı, etiqad elədiyi məkanlardan idi. Şəhər 8 may 1992-ci ildə işğal edilib və vəhşicəsinə dağıdılıb.

Qubadlı rayonu 1933-cü ildə yaradılıb. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayon ilə birləşdirilib, 1964-cü ildə yenidən müstəqil rayon olub. Bərgüşad çayının hər iki sahilində yerləşən şəhərin əhalisi 5604 nəfərdir. İşğaldan əvvəl 30500 nəfərlik rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşıb. Rayon ərazisi Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir. Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən artıqdır.

Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir.  Rayon 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfdən işğal edilib. Nəticədə, minlərlə rayon sakini evlərindən didərgin düşüb, onlarla tarixi-dini abidəmiz məhv olunub.

(Ardı var)

S.ABDULLAYEVA

 





25.07.2015    çap et  çap et