525.Az

Cənublu yazarlar millət vəkili Elmira Axundovanın müdafiəsinə qalxdılar


 

Cənublu yazarlar millət vəkili Elmira Axundovanın müdafiəsinə qalxdılar <b style="color:red"></b>

Əslən Masallı rayonundan olan bir qrup yazar millət vəkili Elmira Axundova ilə bağlı Kütləvi İnformasiya Vasitələrinə, Azərbaycan Mətbuat Şurasının sədri  Əflatun Amaşova bəyanat ünvanlayıblar.

Bəyanatda deyilir:

“Bu günlərdə ölkəmizdə keçirilən Birinci Avropa Oyunları ərəfəsində qabarıq şəkildə göründi ki, dünyada hələ də uğurlarımızdan “narahat olanlar”, nailiyyətlərimizi gözü götürməyənlər var. Onlar bizim zəfərlərimizdən çəkinir, inkişafımızdan qorxurlar və ən tutarlı faktların - sübutların şahidliyinə məhəl qoymadan, adi etik normaları gözləmədən, hətta qatı böhtandan - iftiradan belə metod kimi istifadə etməyə çalışırlar. Budur, dövlətimizin qüdrəti qarşısında növbəti dəfə məğlubiyyətin acısını yaşadılar.

Prezident İlham Əliyevin müdrik siyasəti, Azərbaycanın birinci xanımı, Avropa Oyunları üzrə təşkilat komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın bacarığı sayəsində xalqımız bu sınaqdan da üzüağ çıxdı və vətənimiz Avropa Oyunlarının ilk məkanı tək tarixə düşdü.

Önümüzə yenə onlarca - yüzlərcə görüləsi, bizi beynəlxalq aləmdə tanıtdırası işlərimiz var. Yenə dost sevinci ilə yanaşı, düşmən hiyləsi ilə də rastlaşa bilərik. Dövlətimizin şərəfini sayıqlıqla qorumalıyıq və bura ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sədaqət göstərən, Prezident İlham Əliyevin fəaliyyətinə dəstək olan vicdanlı insanların  heysiyyəti,  şəxsiyyəti də daxildir.

Millət vəkili Elmira Axundova məhz həmin sıradandır. Biz özünü sahibkar adlandıran Fərman Məmmədovu tanımırıq. Onun  hansı dəstəyə - mafiyaya xidmət etməsinin, kimlərinsə “qulluğunda dayanmasının” fərqində də deyilik. Lakin şər atdığı, ləkələmək istədiyi, ictimaiyyət arasında böyük nüfuzuna xələl vurmağa çalışdığı ziyalının əqidəsinin saflığına dərindən bələdik. Həm də təkcə biz yox, Azərbaycanda və Azərbaycandan kənarda minlərlə - milyonlarla insan onun ölkəmiz - xalqımız üçün dəyərini gözəl bilir. Fərmanlar - fərmankimilər bundan bixəbərdirlərsə, bir daha xatırladaq.

Elmira Axundova, filologiya elmləri namizədi, jurnalist, publisist və yazıçı kimi olduqca məhsuldar yaradıcılıq fəaliyyətinə malikdir. Yüzlərlə məqalə, oçerk, ədəbi portret, o cümlədən, “Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildliyinin, məşhur rus tarixçisi görkəmli siyasi bioqraf  Roy Medvedevin təbirincə desək, bu janrda yazılan ən yaxşı kitabın müəllifidir. Respublikamızın imicini yüksəltmək, beynəlxalq arenada antiAzərbaycan təbliğatını dəf etmək istiqamətində təqdirəlayiq işlər görmüş, “Literaturnaya qazeta” və “Azadlıq” radiosunda uzun illər boyu Azərbaycan həqiqətlərini sistemli sürətdə işıqlandırmışdır. İstedadı, zəhmətsevərliyi hesabına tərcümeyi-halında çoxsaylı mükafatlar sıralanmış, dövlətimiz tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Yorulmazlığını, mübarizliyini, təmənnasız xidmətlərini nəzərə alaraq 1997- ci ildə Azərbaycan Yazıçılarının X qurultayında Ulu öndərimiz Heydər Əliyev onu “çox dəyərli bir insan” kimi  səciyyələndirmişdir. Ulu öndərimizin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin səramcamı ilə Elmira Axundova ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu” ilə təltif edilmiş, “əməkdar jurnalist” fəxri  adına, həmçinin ədəbiyyat sahəsi üzrə respublikada ilk Dövlət Mükafatına layiq görülmüşdür.

Elmira Axundovanın deputatlıq fəaliyyəti də seçicilərinə vaxtaşırı qayğısı ilə, irəli sürdüyü qanun layihələri ilə, MDB və Avropa ölkələrində keçirilən konfranslarda, forumlarda fədakar çıxışları ilə zəngindir.

“İpək parça nəm götürməz” - deyiblər. İnanırıq ki, kimlərinsə dəyirmanına su tökən Fərman Məmmədovun böhtan dolu iddiası da qara yel kimi ötüb keçəcək və ağı qaradan seçə bilən cəmiyyətimiz Elmira Axundovanın müdafiəsinə qalxacaq...

Hörmətli KİV rəhbərləri və Əflatun müəllim, biz Elmira Axundova və onun ailəsi barədə şantaj - böhtan dolu yazılardan hiddətləndiyimizi bildirir və sizləri bunlara son qoymağa çağırırıq”.

Hörmətlə, bir qrup Masallı yazarları adından:

Arif Fərzəli, şair-publisist, AYB üzvü

Zakir Abbas, yazıçı-publisist, əməkdar jurnalist

Xanəli Tolış, şair, AYB üzvü

Nurməmməd Ağa, şair, AYB- üzvü

Sülhiyyə Tağızadə, şair-publisist

Tahir Heydərli, şair

Ağalar İdrisoğlu, yazıçı, rejissor, Əməkdar İncəsənət Xadimi, Teatr Xadimləri İttifaqının üzvü, “Qızıl Dərviş” mükafatı laureatı

Aliq Nəbioğlu, yazıçı-publisist, AYB üzvü

Rahilə Həsənova, yazıçı-publisist

Qulu Vəcioğlu, şair.

Modern.az

 





25.07.2015    çap et  çap et