525.Az

Əmək və sosial müdafiə sisteminin məlumat açıqlığı təmin olunur


 

Əmək və sosial müdafiə sisteminin məlumat açıqlığı təmin olunur<b style="color:red"></b>

Müsahibimiz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevdir.

 

-Elman müəllim, nazirliyin ictimaiyyətlə əlaqələrinin təşkili hansı əsas iş prinsipləri üzərində qurulub? Bu sahədə son illərin təcrübəsini necə dəyərləndirərdiniz?

- Bildiyiniz kimi, ölkəmizdə bütün sahələrdə davamlı xarakter alan ümumi inkişaf və idarəetmə mexanizmlərinin müasirləşdirilməsi prosesləri əmək və sosial müdafiə sistemini də əhatə edir. Xüsusən Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikanın uzunmüddətli və sürətli tərəqqisini təmin edən mükəmməl islahatlar kursunda əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılmasının mühüm prioritetlərdən biri olması ƏƏSMN-nin son illərdə mütərəqqi iş üsullarına, innovativ yanaşmalara söykənən fəaliyyət mexanizmlərinə doğru ciddi dönüşə nail olmasına imkan yaradıb.

Belə ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda ƏƏSMN tərəfindən əmək müqavilələrinin elektron qeydiyyatı sistemi yaradılıb və bu sistem əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilini, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasını şərtləndirib. Tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin yaradılması artıq müvafiq qurumlar arasında əlilliyə dair sənədlərin elektron mübadiləsini təmin edib ki, bu da əlillik təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimallaşmasına, həmin iş sahəsində şəffaflığın təminatına yönəlib. Həmçinin ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri artıq başa çatdırılıb. Bu sistem də aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardım sistemi üzrə sürətli, rahat və şəffaf xidmətlərə çıxışını təmin edəcək.

Eləcə də əlilliyin qiymətləndirilməsi meyarlarının, sosial xidmətlər sisteminin və digər iş sahələrində fəaliyyətin təkmilləşdirilməsi yönündə islahatlar aparılır. Qeyd olunanlarla yanaşı, son illərdə dövlət başçısının müvafiq fərman və sərəncamları ilə sosial cəhətdən həssas əhali qruplarına, əlilliyi olan şəxslərə, müharibə əlilləri və onlara bərabər tutulanlara,  müharibə vetaranlarına və digərlərinə dövlət qayğısı əhəmiyyətli şəkildə artırılıb. Xüsusən də müharibə əlilləri və onlara bərabər tutulanların dövlət hesabına minik avtomobilləri ilə təminatı xeyli sürətləndirilib, müharibə əlilləri və şəhid ailələri üçün mənzil tikintisi sahəsində mühüm addımlar atılır.

Təbii ki, əmək və sosial müdafiə sistemində aparılan uğurlu islahatlar, nazirliyin həyatındakı müsbət proseslər, mühüm keyfiyyət dəyişiklikləri bizim şöbəmizin fəaliyyətinin də bu işgüzar ruhda qurulmasını və ictimaiyyətlə əlaqələrin ilk növbədə açıq cəmiyyət prinsiplərinə uyğun səviyyədə təşkilini şərtləndirir. Yəni bu gün ƏƏSMN-nin cəmiyyət qarşısında mütəmadi hesabatlılığının, cəmiyyətə məlumat açıqlığının təmin olunması bizim əsas iş prinsipimizdir. Son illərdə nazirliyin bütün fəaliyyət sahələrində olduğu kimi, bu sahədə də kifayət qədər məqsədyönlü və uğurlu işlər görülüb.
 
Qeyd edim ki, sosial təminat sahələri ilə əlaqədar əvvəllərdə cəmiyyət üçün sanki qapalı qalmış məlumatlar, məsələn, ünvanlı dövlət sosial yardımı ilə təmin olunanların, mənzil və minik avtomobilləri üçün növbəyə dayananların, yaxud artıq onları almış insanların siyahıları və s. son illərdə cəmiyyət üçün açıqlanıb. Yəni istənilən şəxs bu siyahılarla nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) tanış ola bilir. Həmçinin sosial təminat növlərindən istifadə etmək üçün tələb olunan sənədlərin siyahıları saytda yerləşdirilib. Yeni qanunvericilik layihələri, bütün müsabiqə və müsahibələr, tenderlər barədə məlumatlar və s. saytda təqdim olunur. Bunlarla yanaşı, həyata keçirilən bütün islahat tədbirləri, görülən işlər, onların nəticələri barədə mütəmadi olaraq cəmiyyətin məlumatlandırılması, habelə bunlarla bağlı ictimai rəy və təşəbbüslərin, eləcə də cəmiyyət üzvlərinin fərdi münasibətlərinin  öyrənilməsi və nəzərə alınması təmin edilir. Demək olar ki, nazirliyin bütün fəaliyyət sahələri ilə bağlı dövrü məlumatlar verilir, mətbuat konfransları və brifinqlər təşkil edilir və s. Yəni bu gün əminliklə qeyd etmək olar ki, ƏƏSMN tərəfindən hər bir fəaliyyət sahəsi üzrə cəmiyyətə məlumat açıqlığı yüksək səviyyədə təmin olunub.

- Hazırda KİV-ə gündəlik olaraq məlumatların verilməsini təmin edən qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

- Biz nazirlik tərəfindən görülən bütün işlər, həyata keçirilən islahatlar, vətəndaş müraciətlərinin yerində və obyektiv araşdırılması məqsədilə bölgələrdə keçirilmiş vətəndaş qəbulları və s. barədə KİV-ə mütəmadi məlumatlar verilir. Məsələn, təkcə cari ilin birinci yarımilində 230 press-reliz və məlumatlar hazırlanaraq mətbuatda yayılıb. İctimaiyyəti maraqlandıran digər məsələlərlə bağlı məlumatların KİV vasitəsilə ictimaiyyətə çatdırılması da təmin edilir.

Ümumiyyətlə, ƏƏSMN rəhbərliyinin, şəxsən nazir Səlim Müslümovun nazirliyin ictimaiyyətlə əlaqələrinin, xüsusən KİV-lə əməkdaşlığının yüksək səviyyədə təşkilinə, mediaya məlumat açıqlığının müntəzəm olaraq təmin olunmasına xüsusi diqqətini və prinsipial münasibətinin bizim fəaliyyətimiz üçün mühüm əsas və stimul olduğunu burada xüsusi  vurğulamaq istərdim.

- Nazirliyin rəsmi internet saytı ən çox yenilənən saytlardan biridir. Bu sahədə işlər necə qurulub?

- Nazirliyin rəsmi internet portalına daimi nəzarət həyata keçirilir və onun gündəlik yenilənməsi təmin olunur. Həmçinin bütün məlumatlar orada yerləşdirilir. Bu ilin 6 ayında portaldakı “Xəbərlər” bölümündə 120, “Press-relizlər” bölümündə isə 110 məlumat təqdim edilib. Həm də bu məlumatlar ingilis dilinə tərcümə edilərək də saytda yerləşdirilir. Saytda əmək və sosial müdafiə sisteminin bütün sahələri ilə bağlı dolğun məlumatların yerləşdirilməsi, onların mütəmadi yenilənməsi təbii ki, saytımıza cəmiyyətdə diqqət və marağın xeyli artmasına səbəb olub.

- Hazırda hansı sosial şəbəkələrlə iş aparırsınız?

-Bu gün sosial şəbəkələrlə iş təkcə cəmiyyətin məlumatlandırılması baxımından yox, eyni zamanda ictimai rəyin öyrənilməsi üçün əhəmiyyətlidir. Hazırda  nazirliyin rəsmi facebook səhifəsi  fəaliyyət göstərir və daim yenilənir. Nazirliyin KİV-də yayımlanan məlumatları onun rəsmi facebook səhifəsində də təqdim olunur.  Bu facebook səhifəsində həmçinin vətəndaşların müraciətlərinin cavablandırılması da həyata keçirilir. Məsələn, cari ilin ötən dövrü ərzində həmin səhifədə ümumilikdə 1150-dən çox müraciət cavablandırılıb. Bu gün nazirliyin rəsmi facebook səhifəsini bəyənənlərin sayı 30 minə yaxındır. Nazirliyin twitter hesabı da daim yenilənir. Qeyd edim ki, eyni zamanda elektron KİV-də yayımlanan xəbərlərinin  videolarının yazılması, saytda və sosial şəbəkələrdə yerləşdirilməsi də  təmin olunur. Ümumilikdə nazirliyin Youtube kanalında son 6 ay ərzində 60-a yaxın video yerləşdirilib.

-Yəqin ki, jurnalist sorğuları da tez-tez olur. Bu sorğular nazirliyin daha çox hansı iş sahələrini əhatə edir?

- Bu, bizim gündəlik işimizin mühüm tərkib hissəsidir. Nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı bütün jurnalist sorğularını daim obyektiv və operativ şəkildə cavablandırırıq. İndiyədək heç bir sorğunu cavabsız qoymamışıq. Adətən sorğular telefon vasitəsilə edilir. Məlumat üçün bildirim ki, bu ilin ilk 6 ayında KİV və vətəndaşlar tərəfindən şöbəmizə ünvanlanan 2500-dən artıq sorğu cavablandırılıb. Onlar demək olar ki, nazirliyin bütün fəaliyyət sahələrini əhatə edir.

-Bir qədər öncə milli mətbuatımızın 140 illik yubileyi əlaqədar Azərbaycan Prezidenti tərəfindən “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunanlardan biri də siz oldunuz. Bu münasibətlə sizi təbrik edirəm.

-  Çox sağ olun, Təşəkkür edirəm. İlk növbədə bildirim ki, 140 il bundan əvvəl “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının dövlət dəstəyi şəraitində inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz cəmiyyətin həyatında KİV-in rolunu yüksək dəyərləndirərək, milli mətbuatın inkişafını daim diqqətdə saxlayıb. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyamızda söz, azad məlumat toplamaq, öz baxışlarının azad ifadə edilməsi və s. kimi azadlıqlar əksini tapıb. Həmçinin Ulu öndərimizin 1998-ci il 16 avqust tarixli Fərmanı ilə ölkəmizdə KİV üzərində senzuranın aradan qaldırılması təmin olunub ki, bu da Azərbaycanda ümumən demokratik islahatlar prosesində mühüm addımlardan biri olub. 1999-cu ildə “KİV haqqında” Azərbaycan Respublikasının Qanunu, digər hüquqi-normativ aktlar  qəbul edilib, 2003-cü ildə Azərbaycan Mətbuat Şurası yaradılıb. Bu tədbirlərlə bərabər, Ulu öndərimiz KİV redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsini, habelə milli mətbuatın 125 illik yubileyinin keçirilməsini  təmin edib. Son 12 ildə Azərbaycanın sürətli və hərtərəfli tərəqqisini uğurla təmin edən Prezident cənab İlham Əliyev eyni zamanda ölkə KİV-lərinə xüsusi diqqət və qayğı göstərir. 2008-ci ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ölkə mətbuatının hərtərəfli inkişafında böyük önəm kəsb edir.
 
Bununla yanaşı, Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb ki, Fond KİV-ə dövlət dəstəyinin göstərilməsi yönündə fəal işlər aparır. Bütün bunlar, həmçinin milli mətbuatımızın 130 və 135 illik yubileylərinin keçirilməsi barədə Sərəncamların, cari ilin iyun ayında milli mətbuatımızın 140 illik yubileyinin qeyd olunması barədə Sərəncamın imzalanması, eləcə də milli mətbuatın maddi-texniki bazasının və  jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların təltif olunması, xüsusən jurnalistlər üçün dövlət vəsaiti hesabına çoxmənzilli yaşayış binasının tikilərək istifadəyə verilməsi və daha bir binanın inşasına başlanması bunun bariz ifadəsidir. Milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində möhtərəm dövlət başçımızın kütləvi informasiya vasitələri əməkdaşlarının təltif edilməsi və onlara fəxri adların, habelə KİV nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi, mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər barədə növbəti Sərəncamlar imzalaması isə Azərbaycan jurnalistlərinə Prezident qayğısının növbəti əməli təsdiqi oldu. Təbii ki, ölkə jurnalistlərinin əməyinə verilən bu yüksək dəyər, onlara göstərilən bu böyük etimad hər bir KİV nümayəndəsini bundan sonra da milli mətbuatımızın və ümumən ölkəmizin, dövlətimizin inkişafında səylərini artırmağa ruhlandırır.

Mən də möhtərəm dövlət başçımız tərəfindən “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunmağımı özüm üçün böyük şərəf, yüksək etimad kimi dəyərləndirirəm. Təbii ki, göstərilən bu böyük diqqət və qayğı, əməyimə verilən bu böyük dəyər qarşıdakı dövrdə daha uğurla, daha səmərəli şəkildə fəaliyyət göstərmək üçün çox güclü bir stimuldur. Daim çalışacağam ki, bu yüksək etimadı milli mətbuatımızın, ümumən ölkəmizin, dövlətçiliyimizin inkişafı üçün yeni-yeni töhfələr verməklə doğruldum.

Samirə QULİYEVA

 





25.07.2015    çap et  çap et