525.Az

İnformasiya təhlükəsizliyi məsələləri müzakirə olunub


 

MÜŞFİQ ƏLƏSGƏRLİ: “HƏR KƏS ÖZ ÜZƏRİNƏ DÜŞƏN MƏSULİYYƏTİ DƏRK ETMƏLİDİR”

İnformasiya təhlükəsizliyi məsələləri müzakirə olunub<b style="color:red"></b>

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığıyla “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyimizin mühüm elementi kimi” mövzusunda seminar keçirilib.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin  keçirilməsində məqsəd internet üzərindən xəbər yayan informasiya istehsalçılarında və ümumilikdə internet istifadəçilərində yayılan informasiyalara görə yaranan hüquqi və vətəndaşlıq məsuliyyəti barədə maarifləndirmə işi aparmaqdır: “Hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. Bu mənada, internet üzərindən informasiya yayan vətəndaşlarda və qurumlarda yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib problemləri sırasındadır. Yəqin ki, 2014-cü ilin avqust ayında təmas xəttində yaranan insidentlər barədə hər kəsin məlumatı var. Hətta biz həmin hadisələri kiçik müharibə də adlandırırıq. Əfsuslar olsun ki, bəzi media qurumları hadisələrin mahiyyətinə, yaradacağı fəsadlara varmadan qeyri-peşəkarlıq göstərərək dövlət sirri sayılan və eləcə də müvafiq dövlət orqanı - Müdafiə Nazirliyi ilə razılaşdırma və dəqiqləşdirmə aparmadan əldə etdiyi məlumatları tirajlamaqla məşğul olublar. Bəzən bu reytinq xətrinə, bəzən də təxribat yaratmaq məqsədiylə aparılan kampaniya olub. Nəticədə Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev yaranmış vəziyyəti aydınlaşdırmaq, informasiya sahəsində mövcud boşluqları aradan qaldırmaq məqsədiylə ölkənin aparıcı mətbuat orqanlarının rəhbərləriylə müşavirə keçirib. Həmin tədbir zamanı keçən ilin avqust ayında baş vermiş hadisələr geniş təhlil olunub”.

M.Ələsgərli qeyd edib ki, daha sonra ictimai təşkilatların, xüsusilə Mətbuat Şurasının keçirdiyi müşavirələr zamanı son dövrlər baş vermiş hadisələrin təsnifatlandırılması prosesi aparılıb: “Nəticədə üç qrup üzrə səbəblər müəyyənləşdirilib. Birinci təsnifat üzrə məsələ belə idi ki, Azərbaycanı gözü götürməyən, onun qazandığı uğurlara qısqanclıqla yanaşan qüvvələr xüsusi internet portalları yaradaraq təxribatçı informasiyalar yaymaqla məşğul olublar. Araşdırmalar zamanı məlum olub ki, həmin saytlar Azərbaycanda fəaliyyət göstərsələr də, heç biri ölkədə qeydiyyatdan keçməyib. Diqqət yetirsək, avqust hadisələri barədə ən çox dezinformasiyalar yayan “media vasitələri” bu gün yoxa çıxıblar.  Bu bir daha sübut edib ki, onlar düşmən cəbhəyə xidmət ediblər. İkinci qrup isə qeyri-peşəkarlıqdan irəli gələn xətalardır ki, əksər media qurumlarında bu müşahidə olunub. Buna səbəb kimi bayağı vətənpərvərlik hisslərini qeyd etmək olar. Məsələn, bizim bəzi jurnalist həmkarlarımız fikirləşiblər ki, yanlış, lakin nikbin informasiya verməklə guya xalqda ruh yüksəkliyi yaradırlar. Bu baxımdan, xatırlatmaq lazımdır ki, keçən il guya Azərbaycan ordusunun işğal altında olan hansısa kəndləri geri qaytardığı barədə dezinformasiyalar yayılıb. Onlar bilməyərəkdən informasiya müharibəsi şəraitində düşmənə əlavə üstünlük yaratmış olublar. Çünki təmas xəttində təxribatlar Ermənistan tərəfindən törədilib və bu cür dezinformasiyalar yaymaqla düşmən günahları Azərbaycanın üzərinə atmaq üçün imkanlar əldə edib. Eyni zamanda, qeyri-peşəkar media işçiləri və eləcə də sıravi vətəndaşlar bilməyərəkdən xüsusiylə təmas xətti yaxınlığında yerləşən hərbi hissələrimizin dislokasiyaları barədə məlumat tirajlamaqla məşğul olublar. Bu da düşmən tərəfinə ordumuzun yerləşdiyi yerləri müəyyənləşdirmək üçün əlavə imkanlar yaradıb. Üçüncü təsnifat qrupunda yer alan peşəkar medianın isə həmin zaman yanlışlığa yol verməsinin səbəbləri araşdırılarkən məlum olub ki, həmin zaman informasiya verməli olan dövlət qurumları operativ fəaliyyət göstərə bilməyiblər. Təbii ki, bunu bütün dövlət orqanlarına aid etmək olmaz. Lakin vaxtında KİV hadisələrlə bağlı cavabdeh orqanlardan informasiya əldə edə bilmədiyinə görə bu cür yanlışlıqlar ortaya çıxıb. Ona görə də media nümayəndələrindən tutmuş sıravi vətəndaşlara qədər hər kəs bu cür situasiyalar zamanı necə hərəkət etməli, hansı addımı atmalı olduğunu əvvəlcədən dəqiq bilməlidir”.

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Nizamioğlu qeyd edib ki, informasiya kommunikasiya texnonologiyalarının sürətlə inkişaf etdiyi dövrdə media orqanlarının sayının xeyli artması bu gün informasiya bolluğu yaradır və oxucuya geniş seçim imkanı təqdim edir: “Lakin  informasiya bolluğunda jurnalistlərin peşəkarlıq səviyyəsi əsas məsələ kimi ortaya çıxır. Xüsusilə avqust hadisələri zamanı biz bu problemlərin əyani şəkildə şahidi olduq. Bunun nəticəsidir ki, həmin zaman təmas xəttindən dezinformasiyalar yayılmağa başladı. Hətta çox hörmət bəslədiyimiz bəzi informasiya agentlikləri də həmin yanlış məlumatların güdazına gedərək tirajladıqları səhv məlumatlarla vətəndaşların beynində çaşqınlıq yaratdılar. Həmin nüfuzlu media orqanlarının rəhbərlərinin özləri də etiraf ediblər ki, bu sahədə ciddi boşluqlar var. Ona görə də xüsusiylə gənc jurnalistlərin peşə bacarıqlarının səviyyəsini artırmaq bu gün mətbuatımızda ən vacib məsələlərdən birinə çevrilib. Bu daim diqqət mərkəzində saxlanılmalı olan məsələdir”.

Daha sonra tədbir diskussiya şəklində davam edib, iştirakçılar informasiya hazırlığı zamanı qarşıya çıxan dilemmalar mövzusunda maraqlı fikirlərini bölüşüblər.

Ceyhun ABASOV

 





25.07.2015    çap et  çap et