525.Az

Ümümdünya Kimya Olimpiadası davam edir - Fotolar


 

Ümümdünya Kimya Olimpiadası davam edir - <b style="color:red">Fotolar</b>

Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Ümümdünya Kimya Olimpiadası davam edir.
 
Bu bilik yarışmasında 5 qitədən, 75 ölkədən 300 gənc kimyaçı, bundan əlavə 250 dən artıq  kimya alimləri, münsiflər heyəti, kimya mütəxəssisləri, pedaqoqlar, müşahidəçilər, qrup rəhbərləri iştirak edir.

Artıq olimpiada çərçivəsində nəzəri və praktik kimya üzrə imtahanlar baş tutub.

İyulun 23-də Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının kampusunda məktəblilər üçün ilk sınaq - praktiki imtahan keçirilib. 5 saat davam edən  imtahanlar Olimpiadanın qaydaları və ciddi təhlükəsizlik şərtləri altında baş tutub.

Olimpiadanın işinə ciddi nəzarət var

Kimya Olimpiadasının prezidenti, MDU Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın rəhbərliyi altında Universitetin alim-pedaqoq heyəti bu möhtəşəm və əhəmiyyətli tədbirin gündəlik işinə ciddi nəzarət edir. 

MDU-nun laboratoriyalarında keçirilən praktiki müsabiqə zamanı 300 şagird qoyulmuş tapşırıqları icra etməyə cəhd göstəriblər. 75 ölkənin komanda üzvləri BKO təşkilat komitəsi tərəfindən hazırlanmış orijinal və qeyri-standart yanaşma tələb edən məsələlər üzərində işləyiblər. Tapşırıqlar elə formada hazırlanıb ki, onların icrası iştirakçılara zəngin laborator cihazlardan istifadə etmək, öz bacarıqlarını praktikada tam nümayiş etdirmək imkanını yaradıb.

Qeyd etmək yerinə düşərdi ki, 47-ci BKO üçün praktiki tapşırıq hazırlayan müəlliflər çox rahat işləyiblər. Çünki MDU-nun Bakı filialı eksperimental baza və laboratoriya kommunikasiyasına kifayət qədər sərmayə yatırıb. Bu da imtahan tapşırıqlarını hazırlayan mütəxəssislərin heç bir məhdudiyyət olmadan hər cür mövzulara toxunmasına imkan verib.

Bakı filialının ən modern avadanlıqlarla təchiz olunmuş laboratoriyaları

Hazırda filialda 16 kimya laboratoriyası fəaliyyət göstərir. Praktika otaqları müasir avadanlıqla təchiz olunub. Aparıcı şirkətlər tərəfindən təqdim olunan  cihazlar tələbələrin eksperimental kimya ilə ciddi şəkildə məşğul olması, mühazirə zamanı qavranılan materialların praktikada sınanmasına şərait yaradır. Kimya laboratoriyalarında müasir refraktometlər, ultrasəs vannalar, quruducu şkaflar, nasoslar,dikstilyatorlar, tenziometrlər, konduktometr və digər zəruri kimyəvi avandanlıq və qablar, digər cihazlar var.

Azərbaycanın ən nüfuzlu tədris ocaqlarından olan Moskva Dövlət Universitetinin filialında tələbələr üçün yaradılmış şərait 47-ci Beynəlxalq Kimya Olimpiadasının qonaqları – elmi müşahidəçilər, mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilib. Dünyanın hər nöqtəsindən Bakıya təşrif buyurmuş elm adamları modern üslubda tikilmiş universitet kampusları, təhlükəsizlik şərtlərinə tam tələb verən müasir laboratoriyalar və dərs otaqları ilə tanış olublar. Qonaqlar bu tip laboratoriyalarda gələcəyin alimlərinin istənilən səviyyəli elmi araşdırmaları, çətin təcrübələri həyata keçirə biləcəyini xüsusi vurğulayıblar.

Olimpiada çərçivəsində ikinci imtahan isə iyulun 25-də keçirilib. Gənc kimyaçılar fərdi şəkildə sualları cavablandırıblar. 

Dünya şagirdləri Bakı kondinsionerləri haqda sualı cavablandırıblar

Maraqlısı odur ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası üçün hazırlanan suallar arasında Bakı ilə əlaqədar olanı da var. Bu haqda 47-ci BKO-nun  Elmi Komitəsinin sədr müavini, MDU-nun professoru Vadim Vladimiroviç Yeryomin məlumat verib.

Professor V.V.Yeryomin bildirib ki, olimpiada iştirakçılarının hər birinə 8 məsələ təqdim olunub: “Tapşırıqlar hamı üçün eynidir və hər bir iştirakçının doğma dilinə tərcümə edilib. Buna görə də onlar məsələnin qavranılmasında çətinlk çəkməyiblər. Bununla yanaşı, tapşırıqlar həm də hər kəsə ingilis dilində təqdim olunur. Sualların səviyyəsini ağaca bənzətmək olar – onlar sadədən başlayaraq mürəkkəbə doğru gedir. Lakin Bakıya gələn olimpiada iştirakçlarının da yüksək hazırlıq səviyyəsi var. Onların hər biri öz ölkəsində ciddi sınaqlardan keçib. Bakıdakı olimpiada iştirakçıları yerli kimya müsabiqələrinin qalibləridir”.

Tapşırıqların xarakterinə gəlincə, nəzəri biliklərə aid olan suallar həm də çox maraqlı şəkildə tərtib olunub. Onlar kimyanın bütün bölmələrinə aiddir. Məsələn, tapşırıqlardan biri müxtəlif tip kondinsionerlər barəsindədir. Məlum olduğu kimi, SSRİ məkanında belə kondinsionerlər Bakıdakı zavodda hazırlanıb və onlar arasında hələ də işləyəni var. Olimpiada təşkilatçıları Bakıda belə kondinsioneri tapıblar və onun haqqında məsələni də sualların arasına salıblar. Bundan əlavə, tapşırıqlar sırasında neftin parçalanması, təzə çörəyin ətrini təşkil edən maddələr və  s. bu kimi maraqlı mövzular salınıb.

Tanınmış alimlər Bakı filialının zəngin maddi-texniki bazasından razı qalıblar

V.V.Yeryomin MDU-nun Bakı filialında olimpiada üçün yaradılmış yüksək şəraiti xüsusi vurğulayıb. Onun sözlərinə görə, Olimpiada ilə bağlı təşkilati işlər mükəmməl səviyyədə görülüb: “Biz bu haqda yalnız fəxrlə danışa bilərik. Olimpiadanın, imtahanın gedişi zamanı heç bir problemlə üzləşməmişik. Bundan əlavə, hər kəs universitetin zəngin maddi-texniki bazası, praktika otaqları və laboratoriya kommunikasiyasını çox bəyənib.  Əminliklə, MDU-nun Bakı filialını dünyanın aparıcı ali təhsil müəssisələri ilə müqayisə etmək olar”.

Qeyd edək ki, imtahana ayrılan 5 saatlıq müddət başa çatdıqdan sonra sınaq işlərinin nəticələri qiymətləndirilmək üçün BKO-nun münsiflər heyəti üzvlərinə göndərilir. Qaydalara əsasən, nəzəri imtahana 60 bal, laboratoriya işlərinə 40 bal verilir. Hər iştirakçı ölkənin iki nümayəndəsindən formalaşdırılmış Beynəlxalq Münsiflər Heyəti cavabları müzakirə edir və qiymətləndirir.

Cavabların qiymətləndirilməsi prosesi tam şəffaf şəkildə qurulub. Belə ki, cavablara konkret meyarlar üzrə standart ballar verilir. Münsiflərlə yanaşı, qrup rəhbərlərinin özləri də nəticələri dəyərləndirir və yekunda verilən ballar müqayisə olunur. 

BKO proqramına əsasən, imtahanların nəticələri iyulun 26-na hazır olacaq. Növbəti gün isə arbitraj mərhələsində münsiflərin qiyməti ilə mentorların dəyərləndirilməsi müqayisə olunacaq. Nəticələr iyulun 28-də olimpiadanın bağlanış mərasimində elan olunacaq.

Nəticələrdən asılı olaraq, təxminən 30 nəfər qızıl, 60 nəfər gümüş, 90 şagird isə bürünc medal qazanacaq. Yüksək bal toplayan daha 10 nəfər də fəxri fərmanla təltif olunacaq.

47-ci Beynəlxalq Kimya Olimpiadasının təşkili və gedişi haqqında daha ətraflı məlumat almaq üçün ingilis və Azərbaycan dillərində fəaliyyət göstərən http://icho2015.msu.az/ veb-səhifəsinə müraciət etmək olar.

Saytda həmçinin, yarış müddətində dərc olunan gündəlik “Katalayzer” jurnalının materialları ilə də tanış olmaq mümkündür.  

Fərəh Sabirqızı

 





25.07.2015    çap et  çap et