525.Az

Qarabağ qaziləri problemlərini müzakirə etdi


 

Qarabağ qaziləri problemlərini müzakirə etdi<b style="color:red"></b>

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində I konfransını keçirib.

“Qarabağ qaziləri” birliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan Qarabağ qaziləri birliyinin sədri Etimad Əsədov bu və digər layihələrə dəstək verdiyi üçün, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə minnətdarlığını bildirib.

Qazilərin problemlərindən danışan səd bir çox məqamlara toxunub:

“Bu layihənin əsas məqsədi Qarabağ əlillərinin, şəhid ailələrinin maarifləndirilmə yolu ilə problemlərinin həllinə yardım etməkdir. Biz onsuz də uzun illərdir bu qəbildən olan insanların probleminin həlli istiqamətində çalışırıq. Bu layihə gördüyümüz işlərin səmərəsini daha da artıracaqdır.
 
Sözsüz ki, dövlət tərəfindən, xüsusi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qarabağ əlillərinə, şəhid ailələrinə diqqət və qayğı göstərilir, onların problemlərinin həllinə çalışırlar. Biz də bu işdə dövlətə, müvafiq dövlət strukturlarına kömək etməyə çalışırıq. Bizim bir sıra problemlərimiz var ki, onları dəqiqləşdirib konkret qurumlar qarşısında qaldırırıq. Bizi ən çox narahat edən problem bəzi məmurların özbaşınalığı, biganəliyidir.
 
Necə olur ki, Prezident İlham Əliyev Qarabağ qazilərinə, şəhid ailələrinə, müharibə veteranlarına diqqət və qayğı göstərir, hamını onlara qarşı ədalətli olmağa çağırır, amma bəzi məmurlar buna məhəl qoymurlar.

Bu qəbildən olan insanlara aid qanunlara, Prezident sərəncamlarına və fərmanlara hörmətsizlik edirlər. Bir müddət əvvəl Azərbaycanda I Avropa Oyunları keçirildi.

Yeri gəlmişkən, bu oyunların yüksək səviyyədə keçdiyinə görə, bütün təşkilatçılara təşəkkürümü bildirəm. O oyunlarda da cənab Prezident Qarabağ qazilərinə diqqəti ilə yadda qaldı. Oyunların məşəlini son olaraq daşıyan və əsas məşəli yandıran da Qarabağ qazisi, ikiqat olimpiya çempionu İlham Zəkiyev oldu. Arabaçı TV-nin yaradıcısı və rəhbəri, oyunlarda könüllü kimi əlil arabasında çalışan 1-ci qrup Qarabağ qazisi İlham Məhərrəmovla şəkil çəkdirdi. Bu da Prezidentin həm dünyaya, həm də məmurlara, o cümlədən cəmiyyətə bir mesajıdır!

Layihənin rəhbəri “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov da həm problemlərdən, həm də görülən işlərdən danışıb.

O bildirib ki, Qarabağ əlillərinin, veteranlarının və şəhid ailələrinin öz hüquqlarını daha yaxşı bilməsinə böyük ehtiyac var. Bu məqsədlə Qarabağ əlillərinə və şəhid ailələrinə qanunla onlara şamil edilmiş güzəşt və imtiyazlarla bağlı Bakı şəhərində 3 konfrans keçiriləcək. O, layihə çərçivəsində hazırlanmış “Bunlar sizin hüquqlarınızdır!” adlı bukletin çap edildiyini də qeyd etdi. Buklet iştirakçılara paylandı.

Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu çıxış edərək məlumat verib ki, Qaziler.az saytında layihə barədə banner qoyulub. Bu sayt layihəyə informasiya dəstəyi də verir.
 
Eyni zamanda, saytda Qarabağ qazilərinə, şəhid ailələrinə və müharibə veteranlarına lazım olan bütün məlumatlar Qanunvericilik bazası şəkilində yerləşdirilib.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı “Fred Asif” Fondunun prezidenti Ədalət Məhərrəmov, tanınmış jurnalist, müharibə iştirakçısı Əlisəfa Mehdiyev və digər Qarabağ qaziləri çıxış edərək onları narahat edən problemlərdən danışıb və bunları həlli üçün konkret təkliflər səsləndiriblər. Bütün problemlər və təkliflər sonda müzakirə edilərək həlli istiqamətində addımlar atılması razılaşdırılıb.

 





27.07.2015    çap et  çap et