525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Sahəsi 1050 kvadrat kilometr, əhalisinin sayı 59100 nəfərdir. Tərkibinə bir şəhər, 91 kənd daxildir.

Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri - dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır. Cəbrayıl rayonunda müxtəlif türbələr - Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri var.

Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərib. Kərpic körpü isə XII əsrdə tikilib.Bundan başqa rayonun Xələfli kəndində bizim eradan əvvələ aid Mazannənə, Mərmərnənə məqbərələri, rayonun müxtəlif yerlərində çoxsaylı məscid və türbələr, ocaq və ziyarətgahlar  mövcuddur. 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv edilib.

Zəngilan rayonu ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.

1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Zəngilan rayonu 1930-cu ildə yaradılıb. Rayonun sahəsi 707 kvadrat kilometr, əhalisi 35351 nəfərdir. Ərazisinə bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunub. İşğal nəticəsində rayon ərazisindəki onlarla milli və dini-tarixi abidə məhv olub.

Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə vardır. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (759 h. - 1358 il) məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları mövcuddur. Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə aid etmək olar. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır.

Məmmədbəyli kəndindəki türbə səkkizbucaqlı şəklində tikilib və yuxarısı piramidalı günbəzlə tamamlanır. Divarları xaricdən və daxildən yonulmuş daşla çox səliqəli formada üzlənib. Türbənin sərdabə hissəsi içəridən kvadrat planda tikilib. Türbənin giriş qapısının üstündə nəsx xətti ilə yazılmış ərəbcə kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə vaxt tikildiyi qeyd edilib. Kitabədəki mətnə görə, bu, Yəhya ibn Məhəmməd əl-Həcc Seyid Əlinin türbəsidir.

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var. Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq, burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb. Məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan (və ya Şəriban, Şabran) abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkərə çayı yuyub aparmışdır. Şəhər qalığının ərazisi 9 hektara yaxındır, təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərbdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunub. Aparılan tədqiqat zamanı şəhər ətrafında iki qəbiristanlığın olduğu müəyyən edilib. Onlardan biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdən ibarətdir. Bu qəbiristanlıq təqribən 1 km şimalda yüksək dağın döşündə salınıb. Onlar ağ daşla inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvari hissədə həndəsi formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində olub, üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanlıqda dəfnetmə İslam şəriətinə uyğun aparılıb.

Şərifanda aparılan qazıntılar zamanı xeyli miqdarda maddi-mədəniyyət qalıqları aşkar edilib. Arxeoloji materiallara əsasən, şəhər tipli yaşayış məskəni olan Şərifan XIV əsrdə salınıb və XVII əsrə kimi burada intensiv yaşayış olub. Rayon ərazisində müxtəlif tarixi, dini memarlıq abidələri- səkkizguşəli türbə, Alban kilsəsi, sərdabələr, pirlər, küp qəbirlər, qala və körpülər, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi və digər abidələr var.

(Ardı var)

S.ABDULLAYEVA

 





28.07.2015    çap et  çap et