525.Az

"Babamı "xalq düşməni" kimi güllələdilər"


 

"Babamı "xalq düşməni" kimi güllələdilər" <b style="color:red"></b>

Adil müəllim haqqında bizimlə söhbətləşməyə oğlu, tanınmış telejurnalist, alim Etibar Babayev məmnuniyyətlə razılıq verdi. ATV kanalının Bədii Şurasına sədr təyin olunan Etibar müəllimin müsahibəyə necə çətinliklə vaxt ayırdığını anlayırdım. İş otağında telefon zənglərinin ardı-arası kəsilmirdi.

- Hər kəsin bir insanlıq borcu var. “İnsanlıq” dediyimiz keyfiyyəti kimdəsə görəndə, adamın ürəyi açılır. Deyirik, dünya dağılır, mənəviyyat ölür. Kriminal xronikanın mətbuatda geniş yayılmasının etik normalara zidd olması bir yana, bu, həm də psixoloji amillərə də təsirsiz ötüşmür. Amma sizin bir şairi yad etmək, onun ömür yoluna işıq salmaqla bugünkü oxucuda müəyyən təəssürat yaratmaq məqsədilə etdiyiniz zənginiz  məndə bir minnətdarlıq hissi yaratdı. Həm atamın yad olunacağına, həm də mənəviyyat barədə söhbət edəcəyimizə görə şad oldum.

Şair, tərcüməçi, dramaturq Babayev Adil Qafar oğlu 1925-ci il, yanvarın 27-də Naxçıvanda anadan olub. 1938-ci ildə orta məktəbin yeddinci sinfini bitirərərək, təhsilini Tiflisdə, M.F.Axundov adına Azərbaycan orta məktəbində davam etdirib. "Şərq qapısı" qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri kimi çalışıb. 1943-cü ildə Tiflisdə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olub, eyni zamanda "Sovet Gürcüstanı" qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik edib. Ədəbi yaradıcılığa 1939-cu ildən başlayan Adil Babayevin ilk şeirləri Tiflisdə çıxan "Gənc nəsil" məcmuəsində və "Sovet Gürcüstanı" qəzetində dərc olunub.1945-ci ildə Bakıya köçəndən sonra  "Kommunist" qəzetində ədəbi işçi, tərcüməçi, "İnqilab və mədəniyyət" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləyib. 1956-1958-ci illərdə Adil Babayev ədəbiyyatşünaslıq, dramaturgiya və kino sənəti problemlərinə dair çoxlu məqalələr yazaraq milli teatrın inkişafına kömək edib. Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə müdiri, “Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində işləyib. 1971-ci ilin avqust ayından ömrünün son gününədək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi olub. Dünya ədəbiyyatından tərcümə etdiyi pyeslər tamaşaya qoyulub. Uzun sürən ağır xəstəlikdən sonra 1977-ci il, avqustun 19-da Bakıda dünyasını dəyişib.

- Çoxları övladına atasının adını verir. Elə mən də oğlumun adını Adil qoymuşam. Amma bu sevinc atama nəsib olmamışdı, mənə atasının adını qoya bilməmişdi. Çünki atasını repressiya illərində “xalq düşməni” kimi güllələmişdilər. Mən anadan olanda atam hələ də “xalq düşməni”nin oğlu hesab edilirdi. Babam güllələnəndə atam altıaylıq körpə idi, üzünü görməmiş, ata nəvazişini duymamışdı. Buna baxmayaraq, ömrü boyu atasının adından imtina etməmişdi. Bu da onun bir oğul kimi, insan kimi necə şərəfli xarakterə sahib olmasının göstəricisi idi.  Mənə ünvanlanan ilk şeirindən bəzi misraları yada salmaq istərdim:

Oğlum, görməmişəm hələ üzünü,
Bilmirəm qarasan, yoxsa ki, ağsan,
Ancaq qəlbimdəki saf duyğuları,
Bilirəm, yenidən canladacaqsan.

- O zamanlar çox çətin dövr idi. Kim “yuxarılar”ın qəzəbinə tuş gəlirdisə, səsvermə hüququ əlindən alınırdı, bu da həmin adam üçün son dərəcə təhqiramiz hesab olunurdu. Valideynlər tutulanda, övladları dövlətin himayəsinə götürülüb uşaq evlərinə göndərilirdi, hətta adları, soyadları  belə, dəyişdirilirdi ki, hansı ailəyə mənsub olduqları bilinməsin. Bunları ona görə deyirəm ki, o çətin dövrdə “xalq düşməni” damğası vurulmuş birinin övladı, ailə üzvü olanların aqibəti barədə gənc oxucularda təsəvvür  yaransın.1956-cı ildə babama bəraət verdilər. Nənəm həmin gündən sonra otuz il də  yaşadı. Amma həyat yoldaşına görə kəsilən təqaüdü  ölənə qədər almadı. Deyirdi ki, mən ərimin qanpulunu alıb xərcləyə bilmərəm. Gənc yaşında dul qalıb, övladını çətinliklə, ağzı yaşmaqlı, başı örpəkli böyüdən ağbirçək xanım bunu özünə rəva bilmədi.

- Mən atamın həm də yaxın dostu idim. Mənimlə tez-tez söhbətləşirdi. O illərin ağrı-acısından, məhrumiyyətlərindən, yaman gündə sevincini, kədərini kimlərlə bölüşdüyündən, necə oxuduğundan danışırdı. Deyirdi ki, repressiya təqiblərindən yaxa qurtarmaq üçün anası onu Tiflisə apararaq böyük qardaşının, yəni atamın dayısının himayəsinə sığınır. Atam orada orta məktəbi bitirməsindən, ilk şeirlərinin Gürcüstanda dövri mətbuatda çap olunmasından, sonralar Bakıya göndərdiyi şeirlərin xeyirxah insanların köməyi ilə “Ədəbiyyat” və “Kommunist” qəzetlərində dərc edilməsindən minnətdarlıq hissi ilə söz açırdı. 1945-ci ildə  “Çinar”  şeiri “Kommunist” qəzetində çap olunur. O zaman qəzetə  mərhum xalq yazıçımız Əli Vəliyev rəhbərlik edirdi.  Bu, elə-belə məsələ deyildi, şəxsiyyətə pərəstiş dövründə “xalq düşməni”nin oğlunun şeiri partiyann mətbu orqanında  çap olunmuşdu. Səməd Vurğun həmin ərəfədə səhhətində problem olduğundan, xəstəxanada yatırmış. Elə oradaca qəzetdə bu şeiri oxuyub Əli Vəliyevə zəng edib, müəllifin kim olduğu ilə maraqlanır.

 Əli Vəliyev onun Gürcüstanda yaşayan iyirmi yaşlı bir gənc olduğunu söyləyəndə, Səməd Vurğun təəccüblənir. O, hesab edirmiş ki, şeiri artıq müəyyən həyat təcrübəsi olan, yaşlı bir insan yazıb. Şeir ömrünü vətəndən uzaqlarda keçirməyə məcbur olan bir qocanın doğma elinə qayıdandan sonra  gənclərlə söhbətindən bəhs edir:

Daddımsa dünyanın hər nemətini
Dilbər guşələrdə ötdüsə ömrüm,
Dünyanın ən böyük səadətini
Bu boylu çinarın altında gördüm.

Şeirdə vətənpərvərlik duyğularının yüksək poetik ifadəsi Səməd Vurğunun diqqətini çəkmişdi. Vurğun Əli Vəliyevə deyir ki, istəyirəm bu şeirə cavab yazım, qəzetdə çap olunsun. Əli müəllim bu fikri dəstəklədiyini  bildirir. Beləliklə, Səməd Vurğunun “Mənim arzum” adlı şeiri əvvəlcə “Kommunist” qəzetində, iki gün sonra isə rus dilinə  tərcümə edilərək, “Bakinskiy raboçiy” qəzetində çap olunur. Qəzetdə yuxarıdakı dörd misra epiqraf kimi verilir və Vurğunun Adil Babayevə ithaf olunan şeiri belə başlayır:

Şair! Nə incədir rübabın sənin!
Uçurdu qəlbimi çaldığın bu saz,
Vətən torpağında bitən gülşənin
Yarpağı saralıb, çiçəyi solmaz.

1956-cı ildə babama  tam bəraət verdilər. Amma 1945-ci ildə Səməd Vurğunun bu şeiri, mənim zənnimcə, zamanı on il qabaqlayan poetik bəraət idi. 1946-cı ildə Bəxtiyar Vahabzadə ilə atamı  eyni gündə Yazıçılar İttifaqına üzv qəbul elədilər. Əli Vəliyev onu “Kommunist” qəzetinə işə götürmüşdü. Atam həmişə Əli Vəliyevin, Səməd Vurğunun  xeyirxahlığından, onun həyatındakı rolundan dərin minnətdarlıq hissi ilə danışardı. Bizim ailədə  böyük ürək sahibi olan görkəmli ziyalılarımıza hər zaman xüsusi hörmət var.

Repressiya qurbanı olmuş babasının hansı adla həbs edildiyini bilmək istəyim mövzudan azca kənara çıxmağımıza səbəb oldu. Öyrəndim ki, Adil müəllimin atası Qafar Babayev 1925-ci ildə Naxçıvanın Xalq Komissarlarından biri imiş. Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaranmış orduda xidmət edən gənc zabit, Sovet hakimiyyətinin ilk illərində Naxçıvanda Xalq Kommisarı vəzifəsinə təyin edilmişdi:

- Bildiyimiz kimi, həmin dövrdə siyasi durum olduqca gərgin və dəyişkən idi. Bir tərəfdən yeni dövlət yaranmışdı, digər tərəfdənsə qıtlıq, aclıq baş alıb gedirdi. Ayrı-ayrı bölgələrdə hakimiyyətə qarşı narazılıq artırdı. Xalq Komissarları  Sovetinin sədri Rıkov Azərbaycana gələndə Naxçıvan dəmir yolu vağzalında  qatardan düşmədən, öz vaqonundaca  Azərbaycanın tərkibində yeni Muxtariyyət alan Naxçıvanın rəhbərləri ilə görüşür. Onların mövcud çətinliklərdən, sərhədyanı bölgədəki ciddi problemlərdən  danışması xoşuna gəlmir. Nəticədə, komissarların doqquzu da bir gecədə həbs edilərək  Bakıya göndərilir.  Bir neçə gün sonra,  məhkəmə qurulmadan,  “üçlüyün” qərarı ilə onlar Nargin adasında güllələnirlər.

Beləliklə, repressiya daha bir ailənin ocağını söndürür və bunun xofu uzun illər ailəni təqib edir. Məktəb illərində Adili pioner sıralarına qəbul etmirlər, o, uşaq yaşlarından müəllimlərinin, sinif yoldaşlarının ayrı-seçkiliyi ilə qarşılaşır. Etibar müəllim deyir ki, atasının çəkdiyi bütün iztirablar şeirlərində özünü göstərirdi:

Bu nahaq deyildir, çünki bir zaman
Mən də sənin kimi tifil olanda
Yanan gur çırağı söndürdü bir əl,
Mehriban atamın xanimanında.

Etibar müəllim deyir, atası həyatının çox hissəsini gündəliklərinə yazıb. Gündəliklərin bir neçəsini oxumaq üçün ofisində saxlasa da, hələ çap olunması haqqında düşünmür. Deyir, yəqin ki, onları da Adil müəllimin digər əlyazmaları kimi, Nizami adına Ədəbiyyat Muzeyinə təhvil verəcək:

- Atamın ən böyük sərvəti əhatəsində yaxşı insanların, gözəl dostlarının olması idi. İsmayıl Şıxlı, Seyfəddin Dağlı, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə,  Məsud Vəliyev, Ənvər Əlibəyli, Hüseyn Abbaszadə, Qabil İmamverdiyev, Əliağa Kürçaylı, Böyükağa Qasımzadə, Qasım Qasımzadə  dünyadan köçsələr də, onların övladları ilə bizim indi də  dostluğumuz davam edir. İndi belə dostluqlara çox nadir hallarda rast gəlmək olur. Dedi-qoduya, qalmaqala yer verilmirdi. Əvvəllər tez-tez yığışıb yeni  əsərlərini müzakirə  edirdilər. Bir-birilərinə qarşı çox diqqətli, nəzakətli  idilər. Şüvəlanda yazıçıların istirahət evi vardı. Yay aylarında hamı ora yığışardı. Mən o illəri indi də xoş xatirə kimi xatırlayıram. Balaca mənzilimizdə atamın yazı makinasının  tık-tık səsi bacımla mənim   qulağımızda şirin lay-lay kimi səslənirdi. Səhər makinanın səsinə oyanırdıq, axşam yatanda onun səsi ilə yuxuya dalırdıq. Atam olduqca zəhmətkeş idi.

Etibar müəllim atasının çap olunmamış bir neçə roman və povest müəllifi olduğunu da bildirdi. Həmin əsərlər haqqında tanınmış ədəbiyyatşünasların çox yaxşı rəy  yazdıqlarına baxmayaraq, nədənsə Adil müəllim,  bir neçə hekayə istisna olmaqla, nəsr əsərlərini çap etdirməyib. Görünür, bu, Adil müəllimin özünə qarşı tələbkar olmasından irəli gəlirdi. 

Onsuz min əzaba, min dərdə dözdük.
Min yerdə pisliyə çəkildi adım
Namərdlər yanında şad görünsəm də,
Mərdlərin yanında yanıb ağladım.

Sən indi uşaqsan, yaşa dolanda
Bilərsən, böyükdür qəlbimdəki qəm
Məni qınamasın dostlar, tanışlar
Ata olsam da, ata istərəm.

"Aydın yol"

 





30.07.2015    çap et  çap et