525.Az

Diaspor mediası: reallıqlar və perspektivlər


 

Diaspor mediası: <b style="color:red">reallıqlar və perspektivlər  </b>

Müasir dövrdə mətbuat yalnız informasiya vermək, məlumatlandırmaq funksiyasını yerinə yetirmir. Xüsusən geniş oxucu audotiyasına və beynəlxalq təsir gücünə malik media orqanları dövlət və cəmiyyətlər arasındakı əlaqələrə, ikitərəfli münasibətlər sisteminə istiqamət verir, gizli və ya açıq şəkildə müəyyən maraqlara söykənən konkret ideoloji xətt ortaya qoyur.

Əksər diplomatların fikrincə, mətbuat təqib etdiyi çap siyasəti ilə ölkələri bir-birinə daha da yaxınlaşdıra və ya beynəlxalq münasibətlər sistemində ixtilafların artması, yaxud azalmasına təsir göstərə bilər. Bu baxımdan, fəaliyyətini ideoloji təsir metodları və təbliğatçılıq işi üzərində quran dünya diaspor siyasətinin yararlandığı ən böyük güc və siyasi vasitə də məhz mediadır. Odur ki, diaspor quruculuğunda liderliyi ələ keçirən, güclü diasporaya və təbliğat maşınına malik ölkələr də öz dövlətçilik prinsiplərinin və ideoloji dəyərlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha çox mediadan yararlanır, yeni-yeni mətbu orqanların nəşrinə nail olmağa çalışır, lobbiçilik siyasətindən maksimum yararlanmaqla əcnəbi ölkələrin aparıcı KİV-lərinin gücündən, təsir imkanlarından istifadə edirlər.

Təcrübə göstərir ki, son zamanlar daha geniş yayılan və müxtəlif maraqlara xidmət etdiyindən fəaliyyətini əsasən ikili standartlar üzərində quran beynəlxalq medianın əsas hədəfi məhz müstəqil siyasəti, siyasi münasibətlər sistemində öz maraqlarını açıq şəkildə müdafiə edən, baş verənlərə milli mənafelər prizmasından yanaşan ölkələrdir. Bunun başlıca səbəblərini isə Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə bir daha qeyd etdi: "Bunun müxtəlif səbəbləri var. Siz də bunları yaxşı bilirsiniz. Həm Azərbaycanın müstəqil siyasəti, Azərbaycanın uğurları, həm də Qərbdə islamofobiya meyllərinin gücləndirilməsi. Ümumiyyətlə, hər bir ölkənin yerinin müəyyən edilməsi siyasəti var. Elə bil ki, kimsə burada bu ölkələrin reytinqini, yaxud da, tutduğu yerləri müəyyən etməyə çalışır".

Araşdırmalar göstərir ki, hazırda beynəlxalq media sektorunda təşkil olunan ideoloji iş üç istiqamətdə aparılır:

- yerli mətbuat;

- diaspor mətbuatı;

- lobbiçilik işinin yüksək səviyyədə təşkili ilə yerli media orqanlarına təsir metodlarının tətbiqi.

Bu baxımdan, aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olan və dünyanın müxtəlif ölkələrində təxminən yüzə yaxın mətbu orqan nəşr etdirən yəhudi diasporasını xüsusi qeyd etmək lazımdır. Onlardan daha geniş yayılanı "Beynəlxalq Yəhudi Qəzeti", "Yəhudi qəzeti", "Alef", "Tikva-Or sameax", "Yəhudi sözü", "Lexaim", "Jurnal 22", "Yəhudi dünyası", "Spektr", "Mişpoha", "Rusiyalı yəhudilər", "Barux Aşem", "XADAŞOT", "Atalar və uşaqlar", "Madreqot" və s. qəzet və jurnallardır. Ən azı 500-1000, ən yaxşı halda isə 40-50 min tirajla dərc edilən həmin dərgilərin hər birinin ayrıca internet saytı var ki, bu da onların daha geniş yayım coğrafiyasına malik olmasına və oxucu auditoriyasının artmasına şərait yaradır. Hətta internet səhifəsi olmasa belə, yəhudi mətbuatı dünyanın demək olar ki, bütün ölkələrində yayılır və lobbiçilik fəaliyyətinin yaratdığı imkanlardan istifadə etməklə dünyanın nüfuzlu nəşirləri ilə müntəzəm əlaqə saxlayır.

Fəaliyyətinin ilk günündən Azərbaycan və Türkiyəyə qarşı ideoloji mübarizə sistemini işə salan erməni diasporu da bu istiqamətdə media siyasətindən yetərincə yararlanır. Bədnam qonşularımızın ABŞ-da "Masis" və "Asparez oratert", Türkiyədə "Nor Marmara", "Aqos", Yunanıstanda "Armeniya", Rusiyada "Yerkramas", İranda "Alik", həmçinin İsveçrədə "Menk", Çex Respublikasında "Orer" və s. kimi dərgiləri var. Onların əsas məqsədi erməni millətini maarifləndirmək və ya bir araya gətirməkdən daha çox gizli və ya açıq şəkildə "erməni milli davası"nı təbliğ etməkdir. Bu gün Azərbaycana qarşı yazılan məqalələrin, aparılan qərəzli kampaniyaların arxasında da məhz həmin dərgilər və ya bu mətbu orqanları himayə edən erməni diaspor və lobbi qüvvələrinin durduğu heç kimə sirr deyil.

Azərbaycan diaspor mediasının mənzərəsi

Fəaliyyətinin ilk günündən diaspor siyasətini dövlət siyasəti səviyyəsinə qaldıran, düşünülmüş və strateji fəaliyyət proqramı ilə təbliğatçılıq imkanlarını daha da artıran Azərbaycan diasporu artıq müdafiə mövqeyindən hücum taktikasına keçib. Ölkəmizə qarşı aparılan çirkin ideoloji iş və müxtəlif səpkili məkrli kampaniyaların cavabı yalnız yerli deyil, diaspor mətbu orqanları, radio və televiziyalar vasitəsilə yetərincə verilir. Hazırda dünyanın demək olar əksər ölkəsində diaspor mətbu orqanlarımıza, radio, televiziya və internet saytlarımıza rast gəlmək mümkündür.

Diaspor mətbuatı:

- "Azerbaijan İnternational magazine" (1993-cü ildə Rusiyada nəşr etdirilir);

- "Azerbaydjanskiy konqress" (2001-ci ildən Rusiyada nəşr etdirilir);

- "Birlik" (2002-ci ildən Rusiyada nəşr olunur);

- "Azərbaycan dünyası" (2004-cü ildən Türkiyədə nəşr etdirilir);

- "Azerbaycan-Benilüks News" (2006-cı ildən Niderlandda nəşr etdirilir);

- "Azerbaidjan Review" (2007-ci ildən ABŞ-da nəşr etdirilir);

- "AzCan" (2008-ci ildən Kanadada nəşr etdirilir) və s.

Fərəhli haldır ki, Azərbaycan diasporunun ideoloji təbliğat silahı yalnız mətbu orqanlar deyil - bu siyahıya radio və televiziyalar da daxildir.

Diaspor radiosu:

- "Azərbaycan radiosu" (2002-ci ildən Almaniyada yayımlanır);

- "Azərbaycan radiosu" (Danimarka);

- "Azərbaycanın səsi" (2004-cü ildən Fransada yayımlanır);

- "Azərbaycanın səsi" (2004-cü ildən İsveçrədə yayımlanır);

- "Azərbaycanın səsi" (2006-cı ildən Norveçdə yayımlanır);

- "Ziya" (2006-cı ildən Gürcüstanda yayımlanır);

- "Azərbaycanın səsi" radioverlişi (2008-ci ildən Kanadada yayımlanır);

- "Region Press" (2008-ci ildən Gürcüstanda yayımlanır) və s.

Diaspor televiziyası:

- "Günaz TV" (Amerika Birləşmiş Ştatları);

- "Azcan TV" (Kanada).

Qeyd olunanlarla yanaşı, nəzərə alsaq ki, Azərbaycanda fəaliyyət göstərən televiziyaların demək olar hamısı dünya miqyasında geniş yayın coğrafiyasına malikdir, o zaman onların da hər birinin təbliğat işində önəmli rol oynadığı, ideoloji fəaliyyəti ilə seçilməsi və diasporçuluq siyasətinin inkişafına önəmli töhfə verdiyi faktdır.

İnternet resurslarımız da öz zənginliyi ilə seçilir. Hazırda xaricdə fəaliyyət göstərən bütün cəmiyyət və ictimai birliklərimizin ayrıca saytları, başqa sözlə, internetə çıxışı var.

İnternet saytlar:

- www.usazeris.org (ABŞ Azərbaycanlıları Səbəkəsi);

- www.alacs.biz (Azərbaycan Mədəniyyət Mərkəzi);

- www.azeris.org (Amerika-Azərbaycan Şurası);

- www.amor.az (AMOR Rusiya-Azərbaycan Gənclər Təşkilatı);

- www.teas.eu (Avropa-Azərbaycan Cəmiyyəti);

- www.azeri.dk (Azərbaycan Radiosu, Danimarka);

- www.azerbaijanz.com (Azərbacyan-Yeni Zelandiya Dostluq Cəmiyyəti);

- www.azer.lv ("Azərzi" Latviya Azərbaycanlıları Cəmiyyəti);

- www.dufoa.nl ("Azərbaycanın Holland dostları" təşkilatı);

- www.azerbaijanhouse.org ("Azərbaycan Evi" Mədəniyyət və Dostluq Mərkəzi);

- www.diaspora.cz ("Azəri-Çex" Cəmiyyəti");

- www.baku-media.ru ("Baku" jurnalı);

- www.bak-org.eu (Benilüks Azərbaycanlıları Konqresi);

- www.azer.dk (Danimarka Azərbaycanlıları Federasiyası);

- www.d-a-k.org (Dünya Azərbaycanlıları Konqresi);

- www.azeri.ee (Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi);

- www.armaison.fr (Fransadakı "Azərbaycan Evi");

- www.gunaz.tv ("Günaz TV" televiziyası), - mənbə: www.diaspora.gov.az

Göründüyü kimi, Azərbaycan diasporunun təbliğatçılıq işinin düşünülmüş və sistemli şəkildə qurulması, ideoloji işin dövlətçilik prinsiplərini, azərbaycançılıq dəyərlərini rəhbər tutan strateji proqram əsasında aparılması üçün yetərincə gücü və imkanları var. Bura ölkə mediasının potensial təsir gücü və zəngin ənənəyə söykənən geniş yaradıcılıq imkanlarını da əlavə etsək mövcud media institutunun hansı dəyərlərə və zəngin fəaliyyət mexanizminə malik olduğunu təsəvvür etmək elə də çətin deyil.

Lakin ideoloji işdə digər və olduqca vacib daha bir amildən də maksimum yararlanmaq lazımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təbliğatçılıq işinin effektli və peşəkar şəkildə qurulmasında, Azərbaycanın ədalətli mövqeyinin ortaya qoyulmasında önəm verdiyi əsas prinsiplərdən biri də xarici media məkanından yararlanmaqdır. Ölkə başçısının sözlərinə görə, bu yöndə fəaliyyət iki istiqamətdə aparılmalıdır: "Münaqişə ilə bağlı həqiqətlər və Azərbaycan reallıqları ilə bağlı həqiqətlər. Biz bunları çatdırmalıyıq. Biz istəyirik ki, bizi daha yaxşı tanısınlar. Avropa Oyunları zamanı bizə bəziləri irad tuturdu ki, Azərbaycan bu Oyunları özünü tanıtmaq üçün keçirir. Burada heç bir qəbahət yoxdur. Hər bir ölkə istəyir ki, özünü geniş tanıtsın. İnkişaf etmiş ölkələr bunu istəmirmi? Əlbəttə istəyir. İstəməsəydilər, buna bənzər oyunları keçirməzdilər. Bu, bizim təbii istəyimizdir. Biz istəyirik ki, bizi tanısınlar, görsünlər necə inkişaf edirik. Görsünlər ki, cəmi 24 il ərzində biz nələr əldə etmişik, nələr yaratmışıq. Kənardan heç bir yardım almadan, heç bir himayədar olmadan bunları özümüz yaratmışıq. Hələ Qarabağ münaqişəsi ola-ola. Ona görə, biz çalışacağıq bundan sonra da Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilsin. Azərbaycan təqdimatları keçirilsin ki, xaricdə bizi daha da yaxından tanısınlar, daha da çox hörmət etsinlər, bizimlə daha da çox hesablaşsınlar. Belə olan halda, bizim maraqlarımız daha böyük dərəcədə təmin ediləcək".

Beləliklə, müasir dövrdə yaşanan gərgin ictimai-siyasi münasibətlər və həyata keçirilən ideoloji təsir metodları fonunda təbliğatçılıq işinin düzgün və effektli qurulması çox önəmlidir. Prezident İlham Əliyevin bu istiqamətdə istər ölkə, istərsə də diaspor mediasının qarısına qoyduğu əsas prinsipləri isə bu cür qruplaşdırmaq olar:

- Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam təmin etməlidir;

- Milli mətbuat dövlətimizin strateji maraqlarını, təhlükəsizliyini müdafiə etməli və milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır;

- Xarici dillərdə internet saytlarının sayı artırılmalıdır;

- Azərbaycanın ən reytinqli internet saytlarının mütləq başqa dillərdə variantları olmalıdır;

- Bizə qarşı olan hücumların arxasında nələrin, kimlərin dayandığını dünya ictimaiyyətinə çatdırmalıyıq;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri, Azərbaycanın mövqeyini və ümumiyyətlə, hazırkı real vəziyyəti daha geniş işıqlandırmalıyıq;

- Xarici media nümayəndələrini Azərbaycana dəvət etmək, Azərbaycan jurnalistlərinin xaricə səfərlərini təşkil etmək vacibdir.

Qeyd olunan prinsiplərlə yanaşı, hər bir mətbu orqanın üzərinə düşən əsas missiya cəmiyyətimizin vahid maraqlar, milli ideyalar ətrafında sıx birləşməsi istiqamətində əməli fəaliyyət göstərmək, əsası milli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideyasının təbliğinə nail olmaqdır. Milli dəyərlərə söykənən medianın təbliğatçılıq işində uğur qazanacağı isə heç bir şübhə doğurmur.

Rövşən Raqifoğlu
fəlsəfə doktoru

 





30.07.2015    çap et  çap et