525.Az

“Dərman vasitələrinin keyfiyyətinə nəzarət davam etdiriləcək”


 

“Dərman vasitələrinin keyfiyyətinə nəzarət davam etdiriləcək”<b style="color:red"></b> “Qiymətlərin dərman vasitələrinin üzərində bir qayda olaraq mətbəə üsulu ilə çap olunması nəzərdə tutulur. Bununla yanaşı, qiymətlərin mətbəə üsulu ilə çap olunması mümkün olmadığı hallarda, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, qiymətlər dərman vasitələrinin üzərində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müəyyən edilən üsullarla göstəriləcək. Həmin üsullara dair sənəd artıq hazırlanıb və yaxın günlərdə təsdiqlənərək dərc olunacaq”.
 
APA-nın xəbərinə görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsinə deyib.
 
Nazir bildirib ki, dərman vasitələrinin tənzimlənmiş qiymətləri haqqında ictimaiyyətə müxtəlif vasitələrlə - İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinin, Tarif (qiymət) Şurasının internet səhifələrində, Kütləvi İnformasiya Vasitələrində məlumat veriləcək: “Qiymətlər barədə məlumat hamı üçün açıq olacaq. Onun sözlərinə görə, istehlakçılar alınan dərman vasitəsinin qiymətinin dövlət tərəfindən tənzimlənmiş qiymətlə eyni olub-olmadığını asanlıqla yoxlaya biləcək ki, bu dərman vasitələrinin qiyməti üzərində ictimai nəzarəti reallaşdıracaq:
 
“Eyni zamanda, dərman vasitələrinin qiymətlərinə nəzarət aidiyyəti dövlət orqanları tərəfindən monitorinq və yoxlamalar vasitəsi ilə təmin ediləcək. Dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi və ya onların tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması hallarına yol vermiş əczaçılıq subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək. Bu sahədə qiymət intizamının pozulmasına, dövlət tənzimləməsinin və nəzarətinin həyata keçirilməsi prosesində tələb olunan məlumatların subyektlər tərəfindən tam, düzgün və vaxtında verilməməsinə görə ciddi məsuliyyət tədbirləri və böyük məbləğdə maliyyə sanksiyalarını nəzərdə tutan qanun layihəsi hazırlanaraq hökumətə təqdim edilib”.
 
Ş. Mustafayev qeyd edib ki, dərman vasitələrinin qiymətinin tənzimlənməsi ilə yanaşı, keyfiyyətinə nəzarət də davam etdiriləcək: “Məlum olduğu kimi, dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər əvvəlcə dərman vasitəsinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət edirlər. Adıçəkilən nazirlik tərəfindən dərman vasitəsinin ekspertiza və sınağı keçirilir və bundan sonra dərman vasitəsi dövlət qeydiyyatına alınır, dövlət reyestrinə daxil edilir və qeydiyyat vəsiqəsi verilir. Həmin dərman vasitəsi ölkəmizə idxal olunduqda da Səhiyyə Nazirliyi tərəfindən təkrarən hər partiya üzrə nümunə götürülür və keyfiyyəti yoxlanılır”.
 





31.07.2015    çap et  çap et