525.Az

Xətainin babasının qəbrindən reportaj


 

Xətainin babasının qəbrindən reportaj<b style="color:red"></b>

Hərdən tarixi faktlar haqqında o qədər fərqli yanaşmalar ortaya atılır, bir-birini təkzib edən fikirlər bildirilir ki, az qalır həqiqəti üzə çıxarmaq üçün özün sehirli bir xalça tapıb, üstündə keçmişə uçasan.

Çox da uzağa getmək istəmirəm. Məsələn, son üç ildə Şah İsmayıl və Sultan Süleymanın münasibətləri ilə bağlı gedən mübahisələr hələ də səngimək bilmir. Elə Şah İsmayılın babası Şeyx Cüneydin cənazəsinin harada basdırılması məsələsi də mübahisə predmetidir. Bəzi mənbələrdə Şirvana hücumu zamanı həlak olmuş bu tarixi şəxsiyyətin cənazəsinin Qusarın Həzrə kəndində dəfn olunması bildirilsə də, sonralar onun başqa yerə köçürüldüyü deyilir. Amma, təbii ki, həmvətənlərimiz və xarici turistlər Şeyxin qəbrini ziyarət etmək üçün Həzrəyə üz tuturlar.

***

Bir qrup tarixçi ilə Qusara yollanırıq. Havanın isti olması yol yorğunluğumuzu bir qədər də  artırsa da, türbəyə çatar-çatmaz hər şey unuduldu. Paytaxtın bürküsündən xeyli uzaqlaşmağımıza baxmayaraq, Qusarın sərin havası ciyərlərimizə dolmadı, amma əvəzində türbənin ətrafındakı qəribə, qeyri-adi xoş ab-hava könlümüzü-gözümüzü oxşadı. Öz adımdan deyim ki, ziyarətgah kimi getdiyim yerlərin heç də hamısında belə xoş ovqatda olmuram. İçəri daxil olduq. Məzarın üstünün xalça ilə örtülü olmasına təəssüfləndim; burada uyuyan şəxs haqqında məlumat, güman ki,  elə başdaşının üzərində olacaqdı. Bugünlərdə övliya sayılan adamlardan birinin məqbərəsini ziyarət edərkən, onun ulu babasından tutmuş kötükcələrinə qədər - hər birinin şəkillərinin ziyarətgahın divarlarından asıldığını xatırladım. Amma biz burada, tarixi şəxsiyyətlərimizdən biri olan Şeyx Cüneydin nəinki özünə, heç tarix yazmış nəvələrinə - Şah İsmayıl Xətaiyə, Şah Abbasa aid bircə nişanəyə belə rast gəlmədik. Ayaq basdığımız torpaqdan tutmuş, aldığımız havaya qədər - hər şey sanki nəsə deyirdi bizə. Hətta iri budaqlarından biri qurumuş, niyyət edilərək hər yerindən bir parça əsgi, ip, sap asılmış  qoca çinar da, həyətdəki köhnə məzarlıqdakı başdaşıları da danışırdı. Bircə rütubətdən nəm çəkmiş tavan və divarlar adamın üstünə gəlirdi. Qapıdan çıxıb dar, yarıqaranlıq pillələrlə ikinci mərtəbədəki hücrəyə qalxdıq.

***

1447-1460-cı illərdə yaşamış Şeyx Cüneyd Səfəvilər təriqətinin başçısı İbrahim vəfat edəndən sonra atasının yerinə keçir. Xatırladım ki, Cüneydin oğlu Şeyx Heydər Şah İsmayıl Xətainin atası idi.

XV əsrin əvvəllərində Azərbaycan ərazisində, Kür çayının cənubunda Qaraqoyunlu, şimalında isə Şirvanşahlar dövlətləri mövcud idi. Səfəvilərin idarə etdikləri müstəqil Ərdəbil şeyxliyi isə əvvəllər ruhani hakimiyyətə nəzarət etsə də, sonradan siyasi iddialar etməyə başlayır. Bu vaxta qədər Ərdəbil şeyxləri siyasətlə maraqlanmaz, yalnız dini işlərlə məşğul olardılar. Lakin Cüneydin məqsədi dövlət qurmaq idi. Beləliklə də, o, ətrafında toplanan müridləri silahlandıraraq müharibəyə hazırlaşır. Şeyx Cüneyd, XV əsrin ikinci yarısında Qaraqoyunlu dövlətinin tənəzzül etməsindən istifadə edərək, çərkəzlərlə müharibə etmək bəhanəsi ilə, öz qoşununu Şirvana yeritmək qərarına gəlir.

   Şirvanşah I Xəlilullah Qaraqoyunlu hökmdarı Cahanşahla, Şeyx Cüneydə qarşı ittifaqa girir. 1460-cı ildə Samur çayı sahilində baş vermiş döyüşdə Şeyx Cüneydin ordusu məğlub edilir, özü isə öldürülür və yaxınlıqdakı Həzrə kəndində dəfn edilir.

Diqqət çəkən məqamlardan biri də Cüneydin ölümü ilə bağlı müxtəlif versiyaların səslənməsidir. Məsələn, bəzi mənbələrdə Şeyx Cüneydin əsir alınaraq Şirvanşahın əmri ilə edam olunduğu deyilir. Başqa mənbələrə görə isə, o, döyüş meydanında oxla vurularaq öldürülüb.

Digər bir mənbədə isə deyilir ki, Cüneydin müridləri onun meyitini Samurun sağ sahilinə keçirərək, Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn ediblər.

Səslənən mülahizələrdən biri də, Şeyxin öz vəsiyyətinə əsasən məqbərə tikilən yerdə dəfn edilməsidir. Guya, Samux çayının sahilindəki Qıpçaq adlanan yerdə Şirvanşahla döyüşdə yaralanan Şeyx Cüneyd öləcəyini bilərək, vəsiyyət edir ki, onu bir dəvəyə mindirsinlər və dəvə harada dayansa, qəbrini də orada qazsınlar. Şeyxin mindiyi dəvə indiki türbənin yerləşdiyi ərazidə üç dəfə dövrə vuraraq dayanır. Beləliklə, Cüneyd həmin yerdə dəfn olunur.

***

Bəs dövlət yaratmaq arzusunda olan Şeyx Cüneyd bunun üçün hansı addımlarlı atır? Şiə təriqətinə qulluq edən Qaraqoyunlu hökmdarı Cahanşah Şeyx Cüneydin əmisi Şeyx Cəfərə müraciət edərək Cüneydin Azərbaycandan çıxmasına kömək edir. Beləliklə, Şeyx Cüneyd, Anadoluya gələrək oradakı türkmanlar arasında apardığı təbliğatdan sonra, özünə xeyli mürid qazanır və Qaraman Bəyliyinə keçir. Qaraman bəyi onun tutulması barədə əmr verir. Məmlük dövlətinə sığınan Şeyx Cüneyd şiə təbliğatı apardığından, Məmlük sultanının üzərinə qoşun göndərir, lakin döyüşdə məğlub olaraq Anadoluya qaçır.

Cüneyd öz dövlətini yaratmaq məqsədilə Şirvanı zəbt etmək fikrinə düşür. O, səfərləri boyu müxtəlif ölkələrdən başına yığışmış on min tərəfdarı ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın edir. Şirvandakı şiə tərəfdarları da ona qoşulurlar. Bu, Çərkəzlərlə dini müharibəyə başlamağa bəhanə olur. Şeyx Cüneydin niyyətini duyan Xəlilullah Qaraqoyunlu Cahanşahın yardımı ilə böyük qoşunla onun qabağına çıxır. 1460-cı ildə Samur çayının sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında baş verən vuruşmada Cüneyd öldürülür.

***

Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Kərəm Məmmədov yolboyu Şeyx Cüneyd haqqında bildiklərini bizimlə paylaşdı:

- Azərbaycan dövlətçiliyi baxımından gənclərin bura tez-tez gəlməsi yaxşı olardı. Tarixi şəxsiyyətlərimizi tanımalıyıq. Bəzən deyirlər ki, Cüneydin cənazəsini aparıblar. Elə deyil. Onun məzarı elə bizim ziyarət etdiyimiz yerdədir.

Kərəm müəllim deyir ki, Səfəvilər haqqında yazılan hədyanlara, Şah İsmayıla və Şah Abbasa qarşı aparılan əks-təbliğat kampaniyalarına görə təəssüf edir və Şeyx Cüneydin dövlət yaratmaq istədiyi ərəfədə Azərbaycandakı siyasi vəziyyətə aydınlıq gətirir:

-          1410-cu ildə Qaraqoyunlu dövləti yarandı. Bu zaman Azərbaycanda əsas rəqib Teymurilər dövləti idi. Əmir Teymurun ölümündən sonra Azərbaycan dövlətlərinin içərisində də bir təlatüm başlayır. Rəsmi olaraq Azərbaycanın cənub hissəsi o zaman Cəlairilər dövlətinə tabe idi. Kürdən şimaldakı torpaqlarda Şirvanşahlar və Şəki dövlətləri, qərbdə - bugünkü Doğu Anadolu tərəfdə isə Qaraqoyunlu və Ağqoyunlu bəylikləri  mövcud idi.  Belə bir feodal pərakəndəlik zamanı qazanan Qaraqoyunlu Qara Yusif olur. Əvvəlcə dalbadal 1406-1408-ci illərdəki döyüşlərdə qələbə çalaraq Teymuriləri ölkədən çıxarır. 1410-cu ildə Cəlairilərin hakimiyyətinə son qoyur. Təbii ki, Qaraqoyunluların apardığı birləşdirmə siyasəti öz müstəqilliyini qoruyub-saxlamaq istəyən Şirvanın şahının xoşuna gəlmirdi. Buna görə də, Şirvanşah İbrahim Şəki hakimi Seyid Əhməd və Kartli-Kaxet çarlıqları ilə birləşərək, Qara Yusifə qarşı çıxırlar. 1412-ci ilin oktyabr ayında Kür çayı sahilindəki döyüşdə Qara Yusifin qüvvələri müttəfiqləri darmadağın edir və əsir götürür. Seyid Əhməd və gürcü hökmdarı Konstantin gürcü silahdaşları ilə birgə edam edilir. Şirvanşah İbrahim isə1500 İraq tüməni bac verəndən sonra azad edilir.

***

XV-XVI əsrlərə aid olan məzarlığın qədim başdaşılarındakı yazıların üzərində barmaqlarını gəzdirdikcə, adama elə gəlir ki, əsrdən-əsrə keçən tarixin məzarlıqda “yaşayan” parçaları sanki açıq səmanın altında yağışla yuyulub axacaq, gün istisindən buxarlanıb yoxa çıxacaq. Qədim başdaşılarının üzərindəki bu yazıları qorumaq üçün hələ də nəsə etmək gec deyil. Tarixçilər gah bir, gah digər başdaşının ətrafında fikir mübadiləsi aparırdılar.  Deyilənə görə, hündür başdaşılı qəbirlər hansısa vəzifə sahiblərinə, mötəbər din adamlarına məxsusdur. Bunu daşların üzərinə həkk olunan rəsmlər deyirdi. Məsələ burasındadır ki, üzərində dəvə və döyüş sursatları əks olunan başdaşıları döyüşçüyə, əsa, əba, təsbeh və digər aksesuarlar həkk edilən başdaşıları isə sayılıb-seçilən din xadimlərinə məxsusdur. Balaca daşların altında körpələrin uyuduğu qənaətinə gəlmişdim. Sən demə, onlar, döyüşdə şəhid olmuş əsgərlərin məzarlarıymış.

***

Üstü böyük bir gümbəzlə örtülmüş türbənin qərb qapısı üzərində ərəb dilində həkk olunmuş yeddi sətirdən ibarət kitabə var. Kitabədə onu oxuyan hər kəsdən məqbərədə uyuyan şəxsə Allahdan rəhmət diləməsi istənilirr, peyğəmbərlərə belə qalmayan dünyanın faniliyindən söz açılır, məzəmmət və inciklikdən uzaq durmaq, xeyirxah əməl sahibi olmaq tövsiyə olunur: 

"Ey bu kitabəyə baxan, Kitabənin və onun sahibinin bağışlanmasını Allahdan xahiş elə ".

 





31.07.2015    çap et  çap et