"Təhsil Nazirliyi ali məktəblərin ödənişli fakültələrində təhsil alan tələbələrinə də təqaüd verməyi müzakirə edir. Əsas kriteriya kimi imtahan qiymətlərinin nəticələri götürüləcək, bu isə tələbələr arasında rəqabət atmosferini gücləndirəcək".
Bu sözləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib. O qeyd edib ki, təhsil naziri Mikayıl Cabbarovun bu ideyasını bəyənir və yeniliyi çox mütərəqqi bir addım hesab edir: "Ali məktəbdə dərs deyən bir insan kimi bu metodun təhsilin səviyyəsini artıracağını düşünürəm. Təqaüdün imtahan nəticəsinə görə deyil, bir dəfə qəbulun nəticəsinə görə verilməsi tələbələrdə təhsilə marağı artırmağa xidmət etmirdi. Yeni təklif isə tamam ayrı bir atmosfer yaradacaq".
Bundan əlavə A.Mirzəzadə gələcəkdə əla təhsilə görə ödənişli təhsil formasında təhsil alan tələbələrin təhsil haqqından azad edilməsi məsələsini də müzakirə edilməsini təklif edir. Həmçinin o bankların təhsil kreditləri mexanizmini də işləməsini vacib hesab edir.
Qeyd edək ki, təhsil naziri M.Cabbarov ali məktəblərin ödənişsiz fakültələrində təhsil alanlarla yanaşı, təhsil haqqı ödəyən tələbələrin də təqaüd almalı olduğunu bildirib. O ANS TV-yə müsahibəsində əlavə edib ki, tələbənin akademik göstəricilərindən asılı olaraq ona "tələbə təqaüdü" ödənilməlidir: "Burada məqsəd tələbələr arasında rəqabət mühiti yaratmaq və onların akademik nailiyyətlərinin artırılmasına xidmət edir".
Ceyhun ABASOV
çap et