525.Az

Abdurrahman Mustafa: "Suriya türkmənləri türk dünyasının bir parçasıdır"


 

Abdurrahman Mustafa: "Suriya türkmənləri türk dünyasının bir parçasıdır"<b style="color:red"></b>

Müsahibimiz Suriya Türkmən Məclisinin sədri Abdurrahman Mustafa bu ölkədə yaşayan türkmənlərin vəziyyəti, ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb. 

- Abdurrahman bəy, hazırda Suriyada yaşayan türkmənlərin vəziyyəti necədir? Suriyada nə qədər türkmən yaşayır və onlar əsasən hansı bölgələrdə məskunlaşıblar?

- Suriyada  2011-ci ildən bu yana davam edən vətəndaş müharibəsinin ən böyük qurbanları məhz türkmənlərdir. Son dövrlərdə isə döyüşün böyük miqyasda Suriyada türkmənlərin yaşadığı çox strateji olan bölgələrdə şiddətləndiyini, türkmənlərin hədəf alındığı bir vəziyyətdə olduğumuzu söyləyə bilərik. Biz PYD/ YPG (PYD 2003-cü ildə Suriyada yaradılmış siyasi partiya, YPG isə həmin partiyaya məxsus silahlı birləşmədir) və Əsəd rejimi gücləri tərəfindən yaradılan atəş xəttindəyik.  Savaş başlayandan bəri 35 min şəhid vermişik. Yüz minlərlə türkmən yaşadığı torpaqları tərk etmək məcburiyyətində qalıb. Bu gün bizə ən böyük təhdid türkmən bölgələrində demoqrafik quruluşun dəyişdirilməsinə çalışılmasıdır.

ORSAM-ın (Ortadoğu Strateji Araşdırmalar Mərkəzi) araşdırmalarına görə, Suriyada  3.5 milyon türkmən yaşayır. Bu sayı başda Türkiyə olmaqla beynəlxalq araşdırma mərkəzləri də təsdiqləyir. Suriya türkmənləri əsasən Hələb, Lazkiyə (Bayır-Bucaq), Hama, Humus, Rakka, İdlib və Colan şəhərlərində yaşayırlar. Hətta məskunlaşma ilə bağlı konkret rəqəmlər də göstərə bilərik. Türkmənlər min ildən artıqdır ki, bu şəhərlərdə yaşayırlar. Şəhərlər üzrə saya gəlincə məsələn, paytaxt Dəməşqdə 460 min, Hələbdə 975 min, Hamada 350 min, Humusda 835 min, Lazkiyedə (Bayır-Bucaqda) 385 min, Tartusda 50 min, Rakkada 120 min, İdlibdə 25 min, Derada 75 min, Kuneytrada 50 min, adlarını çəkmədiyim digər bölgələrdə isə 175 min türkmən yaşayır.

- Suriyadakı türkmən bölgələri boşaldılıbmı, yoxsa hələ orda insanlar yaşayırlar?

- Hələb türkmən bölgəsi  il yarımdır İŞİD-in nəzarəti altındadır.  Bayır-Bucak türkmən bölgəsinin  Bayır kəndlərində mülki vətəndaşlar çıxıblar. Bucaq bölgəsi kəndləri isə rejimin nəzarəti altındadır.  Rakka türkmən bölgəsi (Beynəlxalq koalisiyasının hava dəstəyi ilə ) İŞİD-in nəzarətindən PYD/YPG nəzarətinə keçdi. Rakkada kəndlərimiz türkmənlər təchir edilməklə PYD/YPG tərəfindən boşaldılır. Hama-Humus türkmən bölgəsində yaşayan türkmənlər isə etnik təmizləməyə məruz qalıb, kəndləri, torpaqları əllərindən alınıb, bu bölgə tamamilə boşaldılıb. Dəməşq-Qolan türkmən bölgəsi iki ildir tamamilə rejim qüvvələrinin mühasirəsindədir. Bu gün bir nəticə olaraq Suriya türkmənləri öz torpaqlarında varlıqlarını və kimliklərini qoruya bilməz vəziyyətə gəliblər. Kəndləri boşaldılıb, torpaqları əllərindən alınıb. Ancaq hər şeyə rəğmən türkmənlər kəndlərində, torpaqlarında qalmaq üçün sonuna qədər müqavimət göstərməkdədirlər.

- Siz Suriyada əsl müharibənin indi başladığını söyləmisiniz. Nəyi nəzərdə tutursunuz? Axı Suriyada artıq neçə ildir ki, müharibə gedir...

- Biz Suriya türkmənləri olaraq, 2011-ci ildə Suriya xalqı ilə birlikdə diktator rejiminə qarşı mübarizəyə başladıq. Azadlıq və demokratiya uğrunda bu mübarizə dinc nümayişlərlə başladı, lakin rejim çox qanlı bir şəkildə bu dinc prosesi qana buladı.

Nəticə etibarilə Suriya bir döyüşə sürükləndi. Suriya türkmənləri olaraq bütün Suriya xalqı ilə birlikdə hələ də barış, sülh, qürur və azadlıq üçün mübarizə edirik. Ötən 4 il içində İŞİD kimi suriyalı olmayan terror təşkilatları döyüşə qatıldı. PYD / YPG kimi Suriyanın ərazi bütövlüyünü təhdid edən separatçı terror təşkilatları ön plana çıxmağa başladı. Hazırda Suriyada döyüş içində döyüş yaşanmaqdadır. Suriyanın ərazi bütövlüyü təhlükədədir. İnsanlar kəndlərindən zorla çıxarılırlar.

Suriya üçün yazılan bəzi ssenarilər var və bu ssenarilər İŞİD, PYD / YPG kimi terror təşkilatlarına vəkalət verilərək icra edilir. Burada çox böyük bir "enerji və hakimiyyət" mübarizəsi var. Lakin biz türkmənlər olaraq, bütün Suriya xalqı ilə birlikdə azadlıq mübarizəsi aparmağa çalışırıq. "Əsl savaş indi başlayır" deyəndə nəzərdə tutduğum bu idi. Bu iki terror təşkilatı İŞİD, PYD / YPG və rejim qüvvələri Suriyanın bölünməsini nəzərdə tutan bir ssenariyə xidmət edirlər. Bizim, yəni Suriya xalqının mübarizəsi ilə bu terror təşkilatlarının apardıqları döyüş fərqlidir. Biz adına "şərəf və azadlıq mübarizəsi" dediyimiz mübarizəmizi sonuna qədər davam edəcəyik.

- Bu günlərdə Suriya türkmənləri  əsgəri qüvvələr yaratmaq barədə qərar verdi. Bununla bağlı hansı addımlar atılır?

- Bizim Suriya türkmənləri olaraq öz bölgələrimizdə qurduğumuz birliklər var. 2011-ci ildən bəri "Türkmən Tuqayları" dediyimiz birliklərimiz var. Onlar türkmən bölgələrində mücadilə aparırlar. Hər tuqay öz bölgəsində fəaliyyət göstərir.

Bizim bu yeni əsgəri qüvvətlər formalaşdırmaqda məqsədimiz mövcud birliklərimizi koordinasiyalı şəkildə bir araya gətirmək və yeni yaranan şərtlərə görə əsgəri potensialla gücləndirməkdir. Yəni əslində olan hərbi gücümüzü yenidən təşkil edərək mübarizəni regional mübarizədən bütün vətənə yaymaqdır. Çünki köhnədən torpaqlarımız təhdid altında idi, indi isə torpaqlarımızın yanında kimliyimiz və varlığımız da təhlükədədir.

- Türkiyənin türkmənlərə dəstəyini yetərli hesab edirsiniz? Ayrıca hansı türk dövlətlərindən dəstək gözləyirsiniz?

- Bizim tək dəstəkçimiz ana Vətən bildiyimiz Türkiyədir. Türkiyə əlindən gəldiyi qədər Suriya türkmənlərini dəstəkləməkdədir. Hər zaman deyirik ki, Allah Türkiyədən  razı olsun. Türkiyə həm siyasi, həm də insani mənada Suriya türkmənlərinin hər zaman yanında olub. Biz əslində bütün türk dünyası ilə əlaqə qurmaq istərdik. Bu yöndə səylərimiz də oldu,  ancaq beynəlxalq vəziyyət önümüzə maneələr çıxardı. Biz Suriya türkmənləri olaraq türk dünyasının bir parçasıyıq. Bu həqiqəti kimsə dəyişdirə bilməz.

Onu da qeyd edim ki, son dövrdə, xüsusilə qardaş Azərbaycan mediasından və xalqından gələn maraq və dəstəyin artdığını görmək bizləri çox məmnun edir. Bizlər böyük bir tarixin eyni taleli fərqli coğrafiyalarında yaşayan varisləriyik. Böyük bir millətin, türk millətinin nümayəndələriyik. Bir-birimizə dəstək olmaq qardaşlığımız üçün gərək olduğunu düşünürük. Ən qısa zamanda bütün türk dünyasının bizə qucaq açacağı günləri görəcəyimizə əminik.

-Suriya türkmən liderləri bu gün Türkiyədə çalışırlar. Suriyada fəaliyyət göstərmək mümkün deyilmi?

- Bu suala cavab tapa bilmək üçün Suriyanın daxili vəziyyətinə baxmaq lazımdır. Hansı ki, Suriya kimi yarım əsrdir diktatorluqla idarə olunan bir ölkədən və bu diktator rejimdən ən böyük təzyiq görmüş türkmənlərdən bəhs edirik. Bir nümunə göstərim: tarixdə "1996-cı il olayları" kimi xatırlanan çox vacib bir hadisə baş verib. 1996-cı ildə Türkiyədə təhsil almış 1000-ə yaxın türkmən ziyalı "casusluqda" günahlandırıldı və bir gecədə yığıb həbsxanaya atdılar və 8 il sonra - 2005-ci ildə Suriya-Türkiyə əlaqələri normallaşdırıldıqdan sonra sərbəst buraxıldılar. Yəni Suriyada türkmənlərin siyasətlə məşğul olması və ya dərnək qurması bu dərəcədə təhlükəliydi. İnsanlarımız, belə bir niyyətləri olmasa da, "mümkün şübhəli" sifətilə illərcə əzab-əziyyətə məruz qaldılar.

İndiki şərtlər altında isə Suriyada siyasətlə məşğul olmağımız mümkün deyil. Biz türkmənlər olaraq sadəcə bir düşmənlə savaşmırıq - çarpaz atəş altındayıq. Yəni düşmənimiz bizdən çoxdur. Özü də təkcə türkmənlər deyil, bütün Suriya müxalifəti xaricdə təşkilatlanmaq məcburiyyətində qalıb. Bu, qəti şəkildə sərbəst seçim yox, tam məcburiyyətdən yaranan vəziyyətdir.

 - Bu gün Suriya türkmənlərinə ən böyük təhlükə hansı tərəfdəndir- - İŞİD, PYD, Əsəd rejiminə bağlı qüvvələr, ya müxalifət?

- Daha əvvəl də dediyim kimi bizim üçün PYD/YPG, İŞİD bir-birlərindən fərqli deyil. İkisi də teror təşkilatıdır. İŞİD torpaqlarımızı, PYD / YPG kimliyimizi və varlığımızı hədəfə alıb. Rejim isə yalnız indi deyil hər zaman türkmənləri təzyiq altında tutub. Rejimin yarım əsrlik iqtidarında türkmənləri hər zaman assimilyasiya etməyə çalışılıb. Türkcə danışmaq, uşaqlarımıza türk adları  qoymaq qadağandır.

Kəndlərimizin də adları dəyişdirilib, kimliyimiz, türklüyümüz hər zaman üçün yoxa sayıldı. Savaşda da rejim ən böyük şiddəti yenə də türkmənlərə tətbiq edib və bu davam etməkdədir. Başqa cür desək Suriyadakı döyüşdə türkmənlərin düşməni birdən çoxdur. Türkmənlər üçün İŞİD, PYD / YPG və rejim arasında fərq yoxdur. Üçünün də terrorist fəaliyyətləri var.

Müxalifətlə isə problemimiz yoxdur, əksinə eyni cinahda iştirak edirik. Biz bu yola Suriya xalqı, müxalif qruplar ilə birlikdə çıxdıq. Onsuz da hazırda Suriya türkmənlərinin tək və qanuni nümayəndəsi olan Suriya Türkmən Məclisi Suriya İnqilabçı Güclər və Milli Koalisiyasının (SMDK) damı altındadır. Ayrıca müvəqqəti Suriya hökumətində baş nazirin köməkçisi və Səhiyyə Nazirliyi vəzifələrini türkmən nümayəndələri öz üzərinə götürüblər.

PƏRVANƏ

 

 





04.08.2015    çap et  çap et