525.Az

"Jurnalistikada həvəs amili mütləqdir"


 

ƏFLATUN AMAŞOV: "BAKALAVR PİLLƏSİNƏ QƏBUL ZAMANI JURNALİSTİKAYA MARAĞI OLANLARIN NƏZƏRƏ ALINMASI MÜSTƏSNA ƏHƏMİYYƏT DAŞIYIR"

"Jurnalistikada həvəs amili mütləqdir"<b style="color:red"></b>

"Ali məktəblərdə jurnalistika ixtisası üçün ayrılmış 198 yerə qarşılıq 57 rəqəmi az görünə bilər. Ancaq göstərici heç də pessimizmə əsas vermir". Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov 2015/2016-cı tədris ili üçün ali məktəblərin qəbul proqramı çərçivəsində Jurnalistika fakültəsi üzrə keçirilən qabiliyyət imtahanının nəticələri barədə məlumat verərkən qeyd edib. Şura sədri bildirib ki, əvvəllər də jurnalistika ixtisası üçün ümumilikdə 200-ə yaxin yer ayrılırdı: "Həmin yerləri tutan, yəni jurnalistika ixtisaslı bakalavrların heç də hamısı ali məktəbi bitirdikdən sonra peşəsi üzrə fəaliyyət göstərmirdi. Hazırkı status-kvo jurnalistikaya marağı olanların bu sahəyə gəlişi baxımından önəmlidir. Əsas olan kəmiyyət deyil, keyfiyyətdir. Həmçinin, uzun müddət idi ki, Jurnalistika fakultəsinə qəbulda qabiliyyət imtahanı mexanizmi tətbiq edilmirdi. Məlum olduğu kimi, 2013-cü il noyabrın 25-də Prezident İlham Əliyevin kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə bu məsələ qaldırıldı və dövlət başçısı təşəbbüsü dəstəkləyərək müvafiq tapşırıqlar verdi. Nəticədə 2014-cü ildən başlayaraq jurnalistikaya qəbul prosesində qabiliyyət imtahanı tətbiq edildi. Yəni, bu mexanizm özlüyündə cəmiyyət üçün yenilikdir və mövcud istiqamətdə müvafiq maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Eyni zamanda, jurnalistikada həvəs amili mütləqdir. Ümumən bütün dövrlərdə bu peşə cəmiyyətdə populyar olub. Bu sahədə çatışmazlıqların hələ də qalmasına baxmayaraq, düşünmürəm ki, jurnalistikanın nüfuzu tam şəkildə aşağıdır. Abituriyentlərin 341-nin ixtisas seçimində jurnalistikanı göstərməsi bunu deməyə əsas verir. Bir qədər də incəliyə getsək, 163 nəfərin qabiliyyət imtahanında iştirakı da xüsusi vurğulanmalıdır. Belədə, məncə, həmin 163 nəfərə münasibət məsələsi ön plana çıxır. Əlbəttə, qəbul planındakı kəsiri nəzərə alaraq onların heç də hamısının qabiliyyət testindən keçməsinə şərait yaratmaq doğru olmazdı. Bununla belə həmin abituriyentlərə yanaşmada onların jurnalistikaya marağının mövcudluğu əsas götürülməlidir. Yaxşı olardı ki, mövcud xüsusda qabiliyyət imtahanındakı qiymətləndirmənin nisbətən yüngülləşdirilməsi məsələsi nəzərdən keçirilsin".

Ə.Amaşov xatırladıb ki, ali məktəblərin jurnalistika ixtisası üzrə magistr pilləsinə qəbulda da yeniliklər edilib: "Əgər əvvəllər yalnız humanitar sahəni bitirənlər Jurnalistika fakultəsində magistr təhsili ala bilirdilərsə, 2014-cü ildən başlayaraq digər sahələrin də bakalavrlarına belə imkan yaradılıb. Bu mexanizmin tətbiqi eyni zamanda jurnalistikanın ixtisaslaşmasına da ciddi dəstək əhəmiyyəti daşıyır. Hər halda, məsələn, iqtisadiyyat sahəsini bitirmiş bakalavr yazı yazmaq qabiliyyətinə malikdirsə, o zaman onun təqdim etdiyi material daha peşəkar alınar və cəmiyyət üçün faydalı olar. Hesab edirəm ki, əsas hədəf jurnalistikaya həvəsi olanların bu sahəyə axınını təmin etməkdən ibarətdirsə, o zaman həm qeyd etdiyim mexanizm, həm də bakalavr pilləsinə qəbul zamanı jurnalistikaya marağı olanların nəzərə alınması müstəsna əhəmiyyət daşıyır. Buna görə də ümumən jurnalistika təhsili sahəsindəki seçilmiş hazırkı yolu daha optimal və prinsipial qiymətləndirirəm".

Ceyhun ABASOV

 





05.08.2015    çap et  çap et