525.Az

Sovetin qılıncının kəsdiyi zaman türk mahnısı oxuyan şairimiz


 

Sovetin qılıncının kəsdiyi zaman türk mahnısı oxuyan şairimiz<b style="color:red"></b>

Əslində İslam Səfərlini yaşadığı evdə, toxunduğu əşyalarla tanış olaraq xatırlamaq arzusunda idim. Amma oğlu İlham Səfərlinin telefonda, “evində demək olar ki, ona aid olan heç nə qalmayıb”- deməsinə məyus oldum. Necə yəni, sözlərinə qoşulan mahnıları dillərdə gəzən şairin evində ona aid bir şey qalmayıbmı?

Suala qayıdacağıq. Hələlik isə, İslam Səfərli haqqında bildiklərimizi yada salaq:

- “Nəğməkar şair, dramaturq, əməkdar incəsənət xadimi İslam Səfərli 1923-cü il fevralın 12-də Naxçıvan Muxtar respublikasının inidiki Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açıb. Naxçıvandakı bir saylı orta məktəbi bitirdikdən sonra, könüllü olaraq Böyük Vətən müharibəsinə gedib. İndi həmin məktəb şairin adını daşıyır. Xəzərdə üzən gəmilərdən biri “Şair İslam Səfərli” adlanır. Bakının mərkəzi küçələrindən birinə də onun adı verilib. Şairin paytaxtdakı Həsən Seyidbəyli küçəsi, 30 ünvanındakı yaşadığı binaya xatirə lövhəsi vurulub. Onun cəmi on doqquz kitabı çıxıb. Əlli bir il ömür sürüb. 1974-cü il noyabrın 6-da əbədiyyətə qovuşub”.

Beləliklə, İlham müəllim şairin əşyaları ilə bağlı məsələyə aydınlıq gətirir:

- Atamın ölümündən sonra Mərkəzi Dövlət Arxivininəməkdaşları bizə gəldilər və onun bütün əlyazmalarını arxivə verməyimizi xahiş etdilər. Söylədilər ki, bizim arxivdə bu  əlyazmalar daha səliqəli, xüsusi temperaturda saxlanılacaq və gələcək nəsillər üçün qorunacaq. Biz də tərəddüd etmədən atamın  bütün əlyazmalarını və arxivini dövlətə verdik.

“Bəs, özünüzdə nə saxlamışınız?” sualına da cavab aldım. Dedi,şairin eynəyi, müharibədə göstərdiyi şücaətlarə görə verilən medalların vəsiqələri, bir də qızına yazdığışeirlərin əlyazmalarını özlərində saxlayıblar.

İlham müəllim müsahibələrinin hansıdasa demişdi ki, onun üçün hələ də atası haqqında danışmaq çox çətindi. Elə indi də belə oldu. Dedi ki, baxmayaraq ki, atası 40 ildən artıqdır ki, dünyasını dəyişib, hələ də,onun haqqında danışmaqda çətinlik çəkir:

- O mənimlə hər zaman fəxr edərdi, qürurlanardı. Hətta mən Leninqradda (indiki Sankt Peterburq) rəssamlıq institutuna daxil olduğum zaman bir şeir də yazmışdı. Əfsuslar olsun ki, İnstitutu bitirib Bakıya qayıdandan üç ay sonra atam rəhmətə getdi. Son sözləri bu oldu: "Qalxızın (çarpayıdan) məni Xəzərə baxım". Baxdı ... və gözlərini əbədi yumdu.

İlham müəllim atasına göstərilən qayğıdan, ona verilən dəyərdən məmnundur:

- Bildiyiniz kimiSovetlər dövründə hər il noyabrın 7-də Böyük Oktyabr Sosialist inqilabı günü təntənəli sürətdə keçirilirdi. Bütün dövlət qəzetlərində yalnız bayram haqqında yazılar və şəkillər getməli idi. Heç bir nekroloq verməzdilər. Lakin 8 noyabr tarixli Respublika qəzetlərinə baxsanız, görərsiniz ki, mərhum prezident Heydər Əliyev birinci səhifədə parad qəbul edir, 4-cü səhifədə isə İslam Səfərlinin ailəsinə başsağlığı verir. Bu, o dövr üçün görünməyən hadisə idi. Ulu öndərin göstərişi ilə İslam Səfərliyə 50 illik yubileyi münasibəti ilə əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. 2013-cü ildə isə Cənab Prezident İlham Əliyev İslam Səfərlinin 90 illik yubileyinin təntənəli surətdə keçirilməsi ilə bağlı Sərəncam imzaladı. Mən atama göstərilən qayğıdan olduqca razıyam.

İlham müəllim deyir, atasının ətrafı geniş idi. Dost-tanışı çox idi. Amma ən yaxın dostları Əlfi Qasımov, Məhsud Əlioğlu, Adil Babayev, Mirmehdi Seyidzadə, Aslan Aslanov, Əliağa Kürçaylı, Qabil, Süleyman Rüstəm, Məmməd Rahim, Mehdi Hüseyn və ...

- Hamısının adlarını çəksəm, qəzetinizdə yer qalmaz. Yadımdadır, tez-tez bizim evimizdə məclis qurardılar. Yeyib-içəndən sonra oturub şeirlərdeyərdilər, danışıb gülərdilər.Rəhmətlik Məsud Əlioğlu isə pianonu dilləndirərək türk şarkılarını çox gözəl oxuyardı və məclisə yığışanlar bundan həzz alardı.O zaman bu, qəti qadağan idi, buna pantürkizm deyərdilər.

Müsahibim danışır ki, atasının şeirlərinin alt qatında elə mənalar yatır ki, biz əksər halda onların fərqinə varmadan oxuyub keçirik:

- Atam Qarabağ haqqında yazdığı şeirdə gözəl Qarabağı tərənnüm edir və son dörd misrada nədənsə düşmənlərdən söz açır. Mən ondan soruşanda ki, "Ay ata düşmənlər gəlsələr, Moskvanı, uzağı Bakını tutarlar. Qarabağ kimə lazımdır ki?" O isə mənə dedi, "Siz cavanlar hələ çox şeyi bilmirsiniz, mənim hər misramda məna var. Böyüyərsən - bilərsən". Bu o vaxtlar idi ki, hər yerdə xalqlar dostluğu haqqında şeirlər yazılırdı.

Keçib uzun yolları,
Gəldim Ağdama sarı.
Dedim el nəğməkarı
Sevimli qar-qara bax,
Qarabağ, ay Qarabağ. 

İstər can fəda edə,
Sənə dost da, elli də.
Payız vaxtı Şellidə
Əzgilli bağlara bax.
Qarabağ, ay Qarabağ. 

Ömrünün gənc yaşında,
Tirmə şalı başında,
Ərimgəldi qaşında
Yar gözləyən yara bax.
Qarabağ, ay Qarabağ. 

Göylərinə qəflətən
Hücum çəkərsə düşmən,
Deyərəm - qartalam mən,
Caynağımda Sara bax.
Qarabağ, ay Qarabağ.

Axı İslam müəllim Böyük Vətən Müharibəsində könüllü olmuşdu. Həzin nəğmələri bəzəyən misraların müəllifini döyüşdə əlində silah təsəvvür etmək bir az çətindi. Görəsən övladlarına müharibədən, ölümdən, nə deyirdi?

- Atam Naxçıvanda 1 saylı məktəbi bitirib, 17 yaşında könüllü olaraq, Böyük Vətən Müharibəsinə gedib. 416-cı Taqanroq diviziyasında bir kəşfiyyatçı kimi şərəfli döyüş yolu keçmişdi. Onun başçılıq etdiyi kəşfiyyat qrupu düşmən səngərindən on üç əsir tutaraq komandanlığa təhvil vermişdi. Hətta, bir dəfə almanların ərazisinə keçib bir alman zabitini əsir götürərkən, düşmən onun sağ ayağına biçaqla xəsarət yetirmişdi. Amma buna baxmayaraq, o özü ilə həmin düşməni gətirə bilmişdi. Ömrünün son illərində zədə aldığı ayağı onu çox incidirdi. Göstərdiyi şücayətlərə görə, çoxlu orden və medallara tətif edilmişdi. Müharibə mövzusu onun yaradıcılığında mühüm yer tutmuşdur. Atamın "3-cü hərb istəmirik" şeiri buna misal ola bilər.

İlham müəllim deyir, milli ruhda tərbiyə olunduğuna görə özünü atasına borclu sayır:

- Harda adı çəkilsə adamların "Allah rəhmət eləsin, çox gözəl nəğməkar şair idi, heyif ki, tez getdi" sözləri mənə təsəllidi. O, doğrudan da gözəl lirik şair idi.

İlham müəllim deyir, Cahangir Cahangirovun atasının “Ana” şeirinəbəstələdiyi mahnıya daha çox kövrəlir.

- Bu mahnı üç aya yazılb. Bu üç şəxsiyyətin əməyinin bəhrəsidir. Hər gün gecələr ya Rəşid Behbudov, ya da Cahangir müəllim atama zəng vurur hər sözün, hər vurğunun, hər misranın üzərində saatlarla çalışırdılar. İndi yəqin ki, belə mahnı yazan yoxdur, çox heyf...

Fəxri Xiyabanda uyuyan şairin məzarının üstündə həkk olunmuş bu şeir, onun son misralarındandı:

Babamızın
kölgəli
çətri bu torpaqdadır,
Qəbri bu torpaqdadır.
Nənəmizin
gül kimi
Ətri bu torpaqdadır.
Qəbri bu torpaqdadır.
El qədrini bilənin,
Qədri bu torpaqdadır,
Qəbri bu torpaqdadır.
Mən də qızıl şahinəm,
Aranlıyam, dağlıyam!
Ulu əcdadım kimi
Torpağıma bağlıyam.
O, olum beşiyimdir,
O, ölüm beşiyimdir!..

"Aydın yol"

 





06.08.2015    çap et  çap et