525.Az

"Təklif edilən üç ölkə arasından Azərbaycanı seçdim"


 

ƏFQANISTANIN AZƏRBAYCANDAKI SƏFİRİ MOHAMMAD TAQİ XALİL: "SƏMƏD VURĞUNU ÇOX SEVİRƏM"

"Təklif edilən üç ölkə arasından Azərbaycanı seçdim"<b style="color:red"></b>

Müsahibimiz Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalil iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərin mövcud durumu və gələcək perspektivləri barədə ətraflı danışıb.  

- Cənab səfir, siz müxtəlif ölkələrdə diplomatik fəaliyyət göstərsəniz də, səfir kimi ilk təyinatınız Azərbaycana olub. Necə qarşıladınız bu təyinatı?

- Bu suala görə sizə təşəkkür edirəm. Bakıda yeddi aydır ki, fəaliyyət göstərirəm. 2002-ci ildə Taliban rejimi dağıldıqdan sonra Əfqanıstan Xarici İşlər Nazirliyində çalışmağa başlamışam. Sonra müxtəlif ölkələrdə, İsveçrə, ABŞ və Niderlandda diplomat kimi işləmişəm. Kabildə yaşadığım illərdə siyasətlə məşğul olmağa başladım və o zaman ölkənin vitse-prezidenti olan atama kömək edirdim. Amerikada işlərimi bitirib Əfqanıstana geri döndükdə mənə üç ölkədə səfir işləmək təklif etdilər - Koreya, Niderland və Azərbaycan. Xarici işlər nazirinə söylədim ki, mən Bakını seçirəm. Ona görə ki, hər şeydən öncə Azərbaycan mənim ölkəmə yaxın, region ölkəsidir. Həm də mədəniyyətlərimizin yaxın olduğu bir ölkədə çalışmaq istəyirdim. Bundan əvvəl çalışdığım ölkələr mənim üçün o qədər də maraqlı deyildi. Başqa bir vacib səbəb o idi ki, mən Azərbaycan haqqında geniş məlumata malik idim. Çünki 20 il əvvəl, yəni 1995-ci ildə təhsil layihəsi çərçivəsində əfqan tələbələri qrupunun tərkibində Bakıya gəlmişdim. O vaxt 9 ay Azərbaycanda yaşadım, rus dilini və ixtisasımla bağlı bəzi mövzuları öyrəndim. Hətta üç ay İnşaat və Mühəndislər Universitetində təhsil almışam. Təəssüf ki, burada qala bilmədim, təhsilimi başa vurmadım. O zaman Azərbaycanda Ermənistanın hərbi təcavüzü ilə bağlı vəziyyət ağır idi, Bakıda böyük problemlər yaşanırdı. O zaman universitetin yataqxanalarında çoxlu qaçqın görürdük. Yəni mən səfir təyinatından öncə bu ölkə haqqında məlumatlı idim. Tək mən deyil, Bakıda təhsil alan bütün əfqanlar Azərbaycan xalqından razıdırlar. Ona görə ki, o zaman ölkənin bu qədər problemlərinin olmasına baxmayaraq, insanlar çox mehriban və qonaqpərvər idilər. Sizin tarixinizdə o qədər böyük şəxsiyyətlər, alimlər, şairlər, yazıçılar var ki. Səməd Vurğunu çox sevirəm. Bilirəm ki, onun şeirləri, poemaları Azərbaycanda çox məşhurdur. 20 il bundan əvvəl Azərbaycanın ümummilli lideri Heydər Əliyev müharibədə atəşkəsə nail olandan sonra ölkəniz inkişaf yoluna çıxdı. O, dünyada tanınan liderdir. Bilirəm ki, məhz onun əsasını qoyduğu siyasi kursun nəticəsində bu gün Azərbaycan inkişaf edir və çiçəklənir.

- Azərbaycanla-Əfqanıstan arasında münasibətlərin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

- Ölkələrimiz arasında mövcud münasibətlər çox müsbətdir. Azərbaycanda Əfqanıstan səfirliyi 2012-ci ildə açılıb. Ölkəmizi Azərbaycanda səfir kimi təmsil etmək mənim həyatımda ən vacib bir dövrdür. Özümü sizin xalqınıza çox yaxın hesab edirəm. Düşünürəm ki, biz münasibətlərimizi inkişaf etdirmək üçün doğru yoldayıq. Ümid edirəm ki, mənim səfirlik dövrümdə biz bu əlaqələri daha da genişləndirəcəyik. Yaxın vaxtlarda Əfqanıstandan nümayəndə heyətləri Azərbaycanda səfərdə olub. İqtisadi inkişaf naziri Şahin Mustafayev fevral ayında Əfqanıstana səfər etdi, Əfqanıstan prezidenti Əşrəf Qəni, eləcə də bir sıra nazirlərlə görüşü oldu. Bu çox faydalı səfər idi. Ümidvaram ki, Azərbaycan tərəfdən belə səfərlər davam edəcək. Hazırda biz daha çox iqtisadi əlaqələri sürətləndirmək istəyirik. Lakin bizim əlaqələrimizdə vacib aspektlərdən biri də mədəniyyətdir və onu da genişləndirməyə çalışırıq. Ona görə ki, bu sahədə xalqlarımız arasında mühüm fərqlər yoxdur. Biz tarixən eyni kökləri olan xalqlarıq. Bu yaxınlarda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdüm. Ölkənizlə mədəniyyət və təhsil əlaqələrini inkişaf etdirməyə çalışırıq.

- Yeri gəlmişkən, mədəni əlaqələrimizin gələcək perspektivlərini necə görürsünüz?

- Yaxın günlərdə Əfqanıstan və Azərbaycan sənətçilərinin iştirakı ilə Bakıda incəsənət və mədəniyyət festivalı keçirməyi düşünürük. Nazir Əbülfəs Qarayevlə də bu barədə danışdıq. Mədəniyyət sahəsində olan yaxınlıqdan, tarixi bağlardan yararlanmalıyıq. Bu tədbirlər vasitəsilə xalqlarımız bir-birinin mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış ola bilərlər. Başqa bir ideya isə bundan ibarətdir ki, əfqan rəssam və şairlərini Azərbaycana dəvət etmək və onları azərbaycanlı dostlarımızla görüşdürmək istəyirik. Bakıda keçirilən ilk Avropa Oyunlarından sonra Azərbaycan dünyada daha çox tanınır. Mən özüm müxtəlif xarici kanallarda bu Oyunların reklamlarının yayımlandığını görürdüm. Bunun özü həm də Azərbaycanın turizm imkanlarının artırılması deməkdir. Yəqin ki, bundan sonra, əfqanlar daxil olmaqla, müxtəlif ölkələrdən insanlar Azərbaycana gəlməyə maraq göstərəcəklər. Bizim musiqilərimiz də bənzərdir.

- İki ölkə arasında investisiya qoyuluşuna dair  vəziyyət necədir və bu, hansı sahələri əhatə edir?

- Onu deyə bilərəm ki, Əfqanıstana səfəri zamanı Şahin Mustafayev bildirib ki, Azərbaycan tərəfi Kabilə investisiya qoyacaq. Yəni hazırda investisiyalar əsasən Əfqanıstanın şimal hissəsinə, neft-qaz sahəsinə qoyulur. Bizə Azərbaycan tərəfinin Əfqanıstanda zavod və fabriklər inşa etməkdə maraqlı olması barədə məlumat verilib. Nazir həmçinin Azərbaycanın Əfqanıstanda sement zavodunun tikintisində maraqlı olduğunu deyib. Bu, uzun və ağır yol keçmiş Əfqanıstanın iqtisadi inkişafı üçün vacibdir.  Əfqanıstanın sərmayə qoyuluşları üçün yaxşı imkanları mövcuddur. Çox vaxt investorları təhlükəsizlik məsələləri narahat edir. Qeyd etmək istəyirəm ki, mənim hökumətim xarici investorlar qarşısında onların hər cür təhlükəsizlik tədbirləri ilə təmin edilməsinə dair öhdəlik götürür. Biz, həmçinin Əfqanıstana investisiya qoymaq istəyən xarici investorların riskini anlayırıq. Lakin necə deyərlər, risk nə qədər çox olsa, xeyir də bir o qədər çox olar. Azərbaycanlı investorlar narahat olmaya bilərlər. Eyni zamanda, mən tikinti sektorunu,   süd məhsulları sahəsini, meyvə və quru meyvə bazarını qeyd edə bilərəm. Azərbaycanlı investorlar bu bazarı təhlil edə bilərlər.

- Əfqanıstan qədim tarixə malik ölkə olsa da, bəlli duruma görə yəqin ki, turizmi o qədər də inkişaf etdirə bilmirsiniz? Ölkənizin bu sahədə imkanları necədir?

- Əfqanıstan turizmində təhlükəsizlik problemi mövcuddur və bu bizim imkanlarımızı əngəlləyir. Belə olan halda əfqanlar başqa ölkələrə səyahət edirlər. Hər gün Kabil-Dubay reysi ilə xeyli uçuşlar olur. Oradan da əfqanlar başqa ölkələrə səyahət edir. Kabildən İstanbula, Dehliyə də uçuşlar var. Azərbaycana çoxlu əfqan turistləri səyahət edir. Əlbəttə, ölkə hökuməti terrorizmə qarşı mübarizə aparır. Biz əlimizdən gələni edirik ki, turistlərin təhlükəsizliyi təmin olunsun. Bizdə daha çox mədəni turizm inkişaf edib. Əvvəllər ölkəyə xeyli turist səyahət edib. Məsələn, bizim Bamyan şəhəri UNESCO-nun irs siyahısına daxildir. Bu, vaxtilə Böyük İpək Yolu üzərində böyük şəhər olub. Əvvəllər orada iki nəhəng Budda heykəli vardı, lakin Taliban rejimi tərəfindən 2001-ci ildə dağıdılıb. Hətta Taliban Kabili işğal etdiyi vaxtda da həmin şəhərdə turist olub. Bamyanı görmək üçün ən yaxşı vaxt isə aprel və sentyabr aylarıdır. Məzari-Şərif, Cəlilabad, Herat kimi qədim, maraqlı, gözəl şəhərlərimiz var ki, xarici turistlərin diqqətini cəlb edir. Qeyd etdiyim kimi, təhlükəsizlik məsələlərinə görə, ola bilsin ki, turistlər bəzi şəhərlərimizə səfər etməkdən ehtiyat edirlər.

PƏRVANƏ

 





06.08.2015    çap et  çap et