525.Az

Qurtuluş Süleymanlının şeirləri


 

Qurtuluş Süleymanlının <b style="color:red">şeirləri</b>

Qızım

Qəlbimin nurusan, başımın tacı,
Ana təbiətin özüsən qızım.
İki qardaşına doğmaca bacı,
Atanın, ananın gözüsən qızım.

Yerdə günəşimsən, göydə Allahım,
Varım, dövlətimsən, nurlu sabahım.
Ruhum, bədənimsən, həm qibləgahım,
Qəlbimin ən şirin sözüsən qızım.

Qızlar dünyamızın bəzək tacıdır,
Qızlar kainatın ehtiyacıdır.
Qızım qardaşlara kiçik bacıdır,
Nəslimin, kökümün izisən qızım.

Nənəm Mələksumə, anam Firatsan,
Qəlbimdən boylanan bir kainatsan.
Odlu Günəşimsən, ölməz həyatsan,
Dünyanın ən gözəl qızısan qızım.

Ata

Ucalıq Zirvəmdir, qolum-qanadım,
Şeirimdir, nəğməmdir, ulu bayatım.
Gözümün nurudur ömrüm həyatım.
Göylərdən yollanan xilqətdi ata!

Ata ürəyində övlad yerləşər,
Göydə mələklərlə gedib birləşər,
Nurlu atalarla fəxr edir bəşər,
Çörəkdi, torpaqdı, nemətdi ata!

Atayla dərdini yarı bölərsən,
Ata ol, atanı onda bilərsən,
Atayla dünyaya baxıb gülərsən,
Bahardı, Günəşdi, cənnətdi ata!

Gəlməsin dünyanın dərd-bəlasına,
Verər varlığını öz balasına,
Bənzər vətənimin Tunc qalasına,
Namusdu, şərəfdi, qeyrətdi ata!

Atasız boy atmaz körpə uşaq da,
Atasız evlərə gəlməz qonaq da.
Ata bir qartaldı, yaşar budaqda,
Övlada şan -şöhrət, hörmətdi ata!

Atatək dərd-səri heç qanan olmaz,
Odlanıb, alışıb, tez yanan olmaz,
Atadan birinci qəhrəman olmaz,
Zəfərdi, hünərdi, cürətdi ata!

Ana bir ülkərdir, ata asiman,
Bil, ata qədrini sən də hər zaman,
Ata övladlara tikər xaniman,
Qızıldan qiymətli qiymətdi ata!

Ailə qeyrətilə yanan ürəkdi,
Ar-namus qoruyan odlu tüfəngdi,
Papağı altında yatan pələngdi,
Oyatsan alovdu, dəhşətdi ata!

Qurtuluş, gözündən şəkli asılsın,
Ürəkdə qoy ata qəbri qazılsın.
Atalar eşqinə dastan yazılsın,
Vətəndi, torpaqdı, millətdi ata.

Qurtuluş SÜLEYMANLI

 





07.08.2015    çap et  çap et