525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Qarabağın igid oğullarından biri Sultan bəy Sultanov 1871-ci ildə Laçın rayonunun Hacısamlı nahiyəsinin Qasımuşağı kəndində dünyaya gəlib. Paşa bəyin oğlu olan Sultan bəy öncə qəza məktəbində, sonra Gəncə şəhərində gimnaziyada oxuyub. Orta təhsilini tamamlayıb, Sankt-Peterburq şəhərinə yollanıb. O dövrün ən ünlü hərbi məktəbinə, Sankt-Peterburq Hərbi Akademiyasına daxil olub. Atası Əlipaşa bəy Xanmurad bəy oğlunun xahişi ilə Akademiyanı yarımçıq buraxıb geri, doğma vətənə dönüb.
 
1918-ci ildən başlayan erməni-müsəlman müharibəsində Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki müsəlman kəndlərinin mühafizə olunmasında mütəsna xidmətləri olub. Zabux dərəsində mühasirəyə alının Andranikin dəstəsinin əsas hissəsi məhv edilib, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilib və onlardan 600 nəfər əsir alınıb, İrana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı ilə məhv edilib, Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənib. 1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini qurandan sonra ermənilərin hiylələri ilə qırmızı Ruslar Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Azərbaycan İnqilab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab almadığına görə Sultan bəy İran şahına üz tutur. İran Şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. Sultan bəy Türkiyə dövlətinə müraciət etdikdə türk dövləti 1923-cü ildə hər iki qardaşı - Sultan bəy ilə Xosrov bəyi rəsmi keçidlə qarşılayıb Qars vilayətinin Köçqoy kəndində mülk və malikanə verərək təhlükəsiz həyat şəraiti ilə təmin edir. Sultan bəy 1955-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat edib və orada dəfn olunub.

Qarabağın tanınmış simalarından biri - Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873 -cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlib. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olub.  İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə edib. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməyib, bu nikah onun əsilzadə nəslinə yaraşdırılmayıb. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olub. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürüb. Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və burada dərs deyib. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilib, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə alıb. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunub.

Azərbaycan Cümhuriyyətinin banilərindən biri Cavad bəy Məlik-Yeqanov 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olub. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində alıb, sonra texniki məktəbi bitirib. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi.1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilib. 1914-cü ildə yenidən Bakıya qayıdıb, neft mədənlərində işləyib. 1917-ci ildə "Müsavat" partiyasının üzvü olmuş və partiyanın birinci qurultayında fəal iştirak edib. Məlik-Yeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olub. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü olmuş kimi Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atıb. Cavad bəy Məlik-Yeqanov 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilib, denikinçilərə qarşı mübarizə aparıb. Məlik-Yeqanov Türk Fəhlə Konfransının təşkilatçılarından olub. Mərkəzi Həmkarlar İttifaqının sədri vəzifəsində çalışıb. 1920-ci il mayın 11-də həbs edilib, ittiham aktı sübuta yetirilmədiyindən iyulun 19-da azad olunub, sonra yenidən həbs edilərək, 1921-ci il yanvarın 21-də azadlığa buraxılıb. Aprel işğalından sonra o, ümumiyyətlə, 6 dəfə həbs edilib. Gizli "Müsavat" partiyasının üzvü ittihamı ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə sürgün edilib.

Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov Qarabağın yetirdiyi ən görkəmli şəxsiyyətlərdəndir. Kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub.

Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs deyib, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirib.

Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlayıb. Dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirib, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib.

Hacıbəyovun 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazıb. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirib.

Hacıbəyov həm də böyük musiqişünas alim idi. O, müasir Azərbaycan elmi musiqişünaslığının əsasını qoyub, musiqiyə dair çoxlu məqalələr yazıb, tədqiqatlar aparıb.

Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, Çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilib.

Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi dövründə böyük təntənə ilə keçirilib. UNESCO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd edilib. 2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir bəy Hacıbəyovun anadan olmasının 125 illik yubileyi təntənə ilə qeyd edilib. Bu il isə 130 illiyi qeyd olunur.

(Ardı var)

S.ABDULLAYEVA

 





07.08.2015    çap et  çap et