525.Az

İyul “Ulduz”u


 

İyul “Ulduz”u<b style="color:red"></b>

Bugünlərdə “Ulduz” jurnalının iyul sayı işıq üzü görüb.
 

Dərgi həmişə olduğu kimi ötən say haqqında ekspert rəyi ilə başlayır. Professor Buludxan Xəlilov “Ədəbiyyata gedən yol “Ulduz”dan başlayır” adlı məqaləsində iyun buraxılışını ətraflı təhlil edir.

Filologiya elmləri doktoru qeyd edir ki, yazmaq da, çap olunmaq da ötəri, keçici hisslərin və duyğuların nəticəsi deyil. Bu, hər adama nəsib olmayan bir Allah vergisidir. “... Ədəbiyyatımızın nüfuz sahibləri “Ulduz”un şinelindən çıxıb desək, yanılmarıq” deyə ekspert vurğulayır.

B.Xəlilov hesab edir ki, “ədəbiyyatımızın səmasının təmiz olması naminə hər bir ədəbiyyat adamı özünü “Ulduz”a borclu hesab etməli, onun hər sayının ədəbi gəncliyə uğur gətirməsi üçün əlindən gələni əsirgəməməlidir”.

Dərgidə şair Fərid Hüseynin “özüylə söhbəti və səfər şeirləri” də yer alıb.

Nəsr bölməsində gənc yazar Təranə Vahidin “Təzə şitillər”, “Durna adam”, “Ümid satan” hekayələri dərc olunub.

Jurnalda mərhum şair-rəssam Adil Mirseyidin “Çap olunmamış şeirlər” adı altında bir neçə şeiri də yer alıb:

Can bədəndə ikən hələ umud var,

Ölümün üzünə güləcəyəm mən.

Gələn getməlidir, göydə bulud var,

Yağışlı bir gündə öləcəyəm mən.

Dərginin bu sayında Məti Osmanoğlu Boris Tomaşevskinin “Gənc yazarlar üçün nəzəriyyə dərsi”ni oxuculara təqdim edir. “Dərs”də fabula və süjetin xırdalıqları, bədii mətndə oynadığı rol barədə kifayət qədər dəyərli məlumatlar verilir.

“Qürbət yazıları” rubrikasında Günay Səma Şirvanın “Həyatımın sahibinə” essesi, eləcə də bir neçə şeiri yer alır.

“Tərcümə saatı”nda rus şairi Sergey Zolotovun “Barışmazlıq” kitabından bir neçə şeir Səyavuş Məmmədzadənin tərcüməsində təqdim olunur.

Eyni rubrikada Vüsal Nurunun təqdimatında Kərim Gültəkinin “Yadplanetlilərin qiyamı” hekayəsini də oxumaq olar.

“Debüt”də Aynur Seyidlinin şeirləri, Şəhanə Müşfiqin “Qatardakı qız” hekayəsi, Türkan Turanın “Hekayəmsən hekayəm”, “Gözlənilən ip”, “Çarəsizlik...”, “Saçlarım...”, “Ümidsizlik...”, “Ümid...”, “Doğan günəş və sevgi...” yazıları dərc olunub.

“Şeir vaxtı”nda Rəfail Tağızadənin, Sərvər Kamranlının, Nazim Əhmədlinin, Zamiq Mehdisoyun, İntiqam Yaşarın şeirləri yer alıb.

“Nəsr”də Zeynəb Əliqızının “Ana-bala oyunu”, İlhamənin “Qara lent” hekayələri dərc edilib.

“Anım” rubrikasında tənqidçi Vaqif Yusifli “Onu tanıdığım qədər” yazısıyla mərhum şair Eldar Baxışı yad edib, onun həyat və yaradıcılıq yoluna işıq tutub.

Bundan əlavə, dərgidə həmin rubrika altında şairin bir neçə şeirinə yer verilib.

“Tribuna”da filologiya elmləri doktoru Alxan Bayramoğlunun “Qara dənizin türk sevdalı çırpıntıları” məqaləsində tanınmış Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığındakı milli-mənəvi ruh yüksəkliyi, təəssüb hissi, istiqlal təşnəsi və vətənpərvərlik duyğusunun vüsətindən söz açır, onun “Çırpınırdı Qara dəniz” şeirini təhlil edir.

“Təbriz eli” bölməsində şairə Fərqanə Mehdiyeva cənublu şair Məhəmməd Rza Cəfəri Çalğınla söhbətləşib.

Sona Xəyalın “Ustadım Sabir demişkən...” adlı yazısında şair Əhməd Anatolludan söz açılır.

 “Ulduz” jurnalı ilə “ayb.az” saytının birgə layihəsi olan “Ədəbiyyat üzrə Nobel mükafatı laureatları” rubrikasını İlham Abbasov bu dəfə “Uilyam Yeyts. Mükafatı başqaları ilə bölməyə hazır olan laureat” yazısı ilə təqdim edir. Rubrikada həmçinin Yeytsin “Nobel” mükafatının təqdimat mərasimindəki çıxışı - İrland teatrının təşəkkülü”  və aforizmlərindən seçmələr yer alıb.

Son olaraq “Dərgidə kitab”da şairə Nuranə Nurun “Yol ver sənə yollanmağa...” başlığı altında şeirləri dərc edilib.

Cavid QƏDİR

 





08.08.2015    çap et  çap et