525.Az

Tahir Talıblının şeirləri


 

Tahir Talıblının <b style="color:red">şeirləri</b>

Bütöv bir ömürdən mənə qalan təkəmseyrək yazdığım təkəmseyrək, iki cüt bir tək misralardı. Elə ömrümə yazılanlar da o misralarla baş-başa qaldığım o kiçicik anlardı. Hədər gedən vaxta hayıf.  Ömrümün çoxunu kəmfürsətlərnən, bədxahlarnan qeyli-qalda, döyüşdə-vuruşda keçirdim. Lap gənclikdəki qənaətimdi:

“Neçə ki dünyada namərd yaşayır,
Olmaz yerə qoymaq Koroğluluğu”.

Amma onnardan tək birini də dəyişdirə, yolunnan döndərə bildimmi? Yox! Bu baxımdan ömrü yelə vermiş kimiyəm, heçə uçurmuşam.

Xatıratın bal kimidi,
Gözümnən alıb yuxumu.
Dərd də köhnə val kimidi,
Hey dönür-dönür...oxunur...

Uzun ömürdən nə qaldı,
Fürsət də bir bəxtdi keçdi.
Başımda bir hava vardı,
Hava da nə vaxtdı keçdi.

Ürəyim yorulub, - deyə,
Atdım bütün qayğıları.
Əyilib kim götürəcək
Yerdən yetim qayğıları?

Dünya gözümün içiymiş -
İçində ağı, qarası.
Bilmədim solu haraymış,
Bilmədim sağı harası...

…Xatıratın bal kimidi,
Gözümnən alıb yuxumu.
Dərd də köhnə val kimidi,
Hey dönür-dönür, oxunur...
   
may, 2015
lll
Nə var ki, ölməkdən asan
Nə də yaşamaqdan usan
Uca dağ başınnan aşan
Günüm yol elədi məni.

Elə beləsə də qulam
Lələ bələsə də qulam
Ağa eləsə də qulam,
Başdan qul elədi məni.

Nə fərqi lap güllələyin,
Ya başıma gül ələyin.
Hamınıza əl eləyən-
Tanrım, əl elədi məni.

sentyabr, 2014

SU

(Su Allahın yerdəki əksidi )
     
Şol cennetin irmakları
Akar Allah deyü-deyü
   
Yunus Emre

Tanrı üzünnən axırsan,
Tanrı üzündə durulan su.
Hamıya özünnən baxırsan,
Nə sirrlərdən qurulan su.

Varsan hər halımda, anımda,
Qırmızı rəngsən qanımda.
Qövr eylədikcə canımda,
Yağımdaca qovrulan su.

Haqdan enib haqq olan sən,
Haqq adına doğrulan sən,
Xəmirrərnən, yoğrulan sən,
Ana südüynən sorulan su.

Axdıqca haqqın səmtinə,
Yerin təkinə, sırtına.
Elə ki, çıxdın sərtinə,
Kirimişcə burulan su.

Gül  fışqırdı hardan axdın,
Çox sədlər, bərələr yıxdın,
Gəlib yerdəmi darıxdın,
Dəryalarda yorulan su?

iyul, 2014

lll

Ələstə bəli deyən
Qurana baş endirər.
 
Aşıq Ələsgər

Haqqdan badələr içilib,
Seçilən başdan seçilib,
Əllər göylərə açılıb,
Nəfs aparıb şaha gedir.

Başladıq yetməyən işi,
Bir ömrə bitməyən işi,
Harama getməyən kişi
Həvəslənib daha gedir.

Atan var atana çıxır,
Adam var nadana çıxır,
Yüz yol var, şeytana çıxır,
Bircə yol Allaha gedir.
 
sentyabr, 2014

lll

Bitili qara daşıydım,
Çox yurddan-yurda daşındım,
Qəriblik çəkdim, aşındım,
Yenə də üzü daş qaldım.

Bu dünya sərxoş dünyadı,
İşi tamam yaş dünyadı,
Gördüm ki, çaşbaş dünyadı,
Mən özüm də çaşbaş qaldım.

Yeyir kimi, yemir kimi,
Nə gözləyir demir kimi,
Bir ot basmış qəbir kimi,
Söküldüm, içi boş qaldım.

noyabr, 2014

lll

Vaxt-vədə ötüşən kimi, 
İçimə çən düşən kimi,
Özümnən gen düşən kimi,
İt kimi, qurd kimi qəribsəyirəm.

Ölüsüz qəbirlər çökük,
Daş evləri uçuq-sökük,
Qaşı batıq, qəddi bükük,
Yurd kimi qəribsəyirəm.

Atlar çapışır yüyənsiz,
Barrar-bacalar iyəsiz,
Bir kimsəsiz, bir yiyəsiz,
Dərd kimi qəribsəyirəm.

aprel, 2015

Tahir TALIBLI

 





10.08.2015    çap et  çap et