525.Az

Heçliyə aparan yollar və ya Şeytan şossedə


 

Heçliyə aparan yollar və ya Şeytan şossedə<b style="color:red"></b>

Avtoqəzalar – hər bir düşünən beynin sadə izahı kimi səhlənkarlıq, sürət həddini aşmaq, sükan arxasında içkili, mürgülü əyləşmək nəticəsində baş verir. Bəs düşünən beyinlərə sığmayacaq faktlar, daha doğrusu, anomal səbəblər ortaya çıxarsa?!... Əlbəttə hər insanın qəbul edə bilmədiyi, inanmadığı məqamlar var. İnanmamaqda da davam edə bilərlər. Lakin fakt faktlığında qalır.

Səbəbi bilinməyən və ya normal izaha sığmadığından sirli qalan avtoqəzaların, eləcə də yol nəqliyyat hadisələrinin baş vermə faktları dəfələrlə qeydə alınıb. Təbii ki, elmi izahı olmayan, sıravi səbəblərə bənzəməyən hadisələr çoxları tərəfindən qəbul olunmur. Ya təsadüf hesab edilir, ya müəyyən səbəblərdən hadisəyə "don biçilir”. Lakin hara yozulursa yozulsun artıq anomal səbəblərin qəbul olunma vaxtı çatıb. Bəzi faktları əvvəlcə diqqətinizə çatdırım.

1930-cu il, ABŞ. Saksoniyada yerləşən şossedə düz 40 maşının motoru birdən-birə söndü. Avtomobil sahibləri nə qədər cəhd etsələr də maşınları işə sala bilmədilər. Narahatlıq yerini qorxuya vermişdi, çünki bu yol, özünün qanlı avtoqəzaları ilə şöhrət tapmışdı. Lakin xoşbəxtlikdən,bu 40 maşın taleli insanların əmlakı çıxmışdı. 40 maşının hamısının motoru qəfil söndüyü kimi qəfil də işə düşdü

Nyu-Meksika ştatında bir şose var ki, yerli sakinlər onu "Heçliyə aparan yol”adlandırırlar. 2000-ci ildən etbarən bu yolda saysız-hesabsız qəza baş verib. Bu qəzalarda ölmüş və ya itkin düşmüş 17 nəfər haqqında bu günə qədər də xəbər-ətər alınmayıb. Bu insanların çoxu sürücülərdir, bəziləri isə ailəqarışıq yoxa çıxıblar, maşınları isə yol kənarında atılmış vəziyyətdə tapılıb. Yol polisləri bu ərazidə nə xidmət göstərmək, nə də baş verənlər haqqında danışmaq istəmirlər.  

Belə yollardan biri də Boliviyadadır. "Şeytan yolu”adlandırılan avtomobil yolunda insanlarla yanaşı heyvanlar da yoxa çıxır. Hindular bu yol haqqında belə deyirlər: "Kim bu yolla getsə, öz ölümü ilə rastlaşacaq”. Bu yol hələ konkistadorlar Cənubi Amerikaya ayaq basanda avropalıları qorxuya salmışdı. İş o yerə çatıb ki, qəzaya uğrayan avtomobilləri də yığışdırmırlar. İnsanlarda xof yaranıb ki, bu ərazidə qəzaya düşən maşına kimin əli dəysə onu da eyni aqibət gözləyir. Hazırda şosse avtomobil qəbiristanlığına çevrilib.

Sözün həqiqi mənasında "Şeytan yolu” isə Arkanzas ştatındadır. Bu yola 666 nömrəli yol da deyirlər. Nə sərt döngəsi, kələkötürlüyü olan, dümdüz, geniş yolda tez-tez ölümlü yol qəzaları baş verir. Sürücülərin dediyinə görə, ara-sıra bu yolda arxasında kəllə sümüyü şəkli olan qara limuzin keçir. Sürətlə ötüb keçən köhnə modelli bu limuzini yol polisi dəfələrlə saxlamaq istəsə də, gözdən qaçırıb. Üstəlik, limuzin heç bir yerdə qeydiyyatda deyil. Ştatda söz gəzir ki, limuzini idarə edən Şeytanın özüdür!

Bremen şəhərində yerləşən şosenin 239-cu km-liyi də dəhşət saçan yollardandır. Amma bir fərqliliyi var: burda baş verən yol qəzalarından təsadüfən sağ çıxan sürücülər müxtəlif vaxtlarda eyni hissiyatı bölüşüblər. Onların dediyinə görə, "239-cu km” yazılan işarəyə çatan kimi sanki sükanı kimsə əllərindən alıb dəlicəsinə hərləməyə başlayır və bunun qarşısını almağa heç bir sürücünün gücü çatmır...
2009-cu il Moskva, Kutuzov prospekti. Öncə 4 nəfərin ölümü ilə nəticələnmiş hadisə günün günorta çağı sakinlərin gözü qarşısında baş verdi. Hadisə araşdırılarkən ənənəvi qəza səbəbləri (nahamar yol, içki, yuxu və s.) tapılmadı və iş ehtiyatsızlıq adı altında bağlandı. Daha sonra eyni ərazidə həmin "ehtiyatsızlıq” üzündən daha 16 qəza hadisəsi qeydə alınıb ki, bu qəzalarda 25 adam həyatını itirib. Artıq ərazi "ölüm vadisi” kimi təkcə sakinlər tərəfindən deyil, elə görəvlilər tərəfindən də hallanmağa başlayırdı. Amma heç kəsin ağlına gəlmirdi ki, səbəb sözün birbaşa mənasında ayaqları altında yatır. Yalnız səbəbləri üzdə deyil, detallarda araşdıranların sayəsində çox maraqlı, eyni zamanda tez-tez rastlanan fakt ortaya çıxdı. Həmin yolun bir neçə metr altında köhnə qəbiristanlıq yerləşir. Sovetlər dönəmində yol salınması üçün qəbiristanlıq köçürülərkən bir çox sahibsiz qəbirlər daşınmadan üstü asfaltlanmışdı. 

Və nəhayət, 2015-ci il, Azərbaycan. İçərisində şəxsən mənim də olduğum, jurnalistləri daşıyan turistik avtobus Qobustan yolunda xarab oldu. Narazılıq yarandı ki, içi hər cür müasir texnologiyalarla təmin olunmuş nəqliyyat vasitəsi niyə düz  və yeni təmir olunmuş yolda xarab olsun?.. Amma problem qısa müddətdə həllini tapdığı üçün əhval-ruhiyyəsi kök olan mətbuat nümayəndələrinin diqqətini çəkmədi. Lakin... bir gün sonra avtobus elə həmin yoldaca geri qayıdarkən yenidən xarab oldu. Təşvişə düşən jurnalistlərin arasında daha yaddaşlısı tezliklə xatırlatdı: bu yol öz "şöhrət”i ilə heç də Şeytanın səyahətə çıxdığı digər yollardan fərqlənmir. Həmin yolda təkcə bu yaxınlarda iki yol qəzası hadisəsi qeydə alınıb ki, nəticəsi də qanlı olub.  

Adalet.az

 





10.08.2015    çap et  çap et