525.Az

Zeynəb Xanlarova kameranı verdi ki çəkim...


 

Zeynəb Xanlarova kameranı verdi ki çəkim...<b style="color:red"></b> ...Uşaq ruhlarının gözlərini bağlayıb,
 
Mən gətirmişəm tikanlı məftillərin üstündə atılıb-düşərək oynamağa,
 
Uşaqdılar,
 
Yəqin qorxublar özlərindən,
 
ən çirkin oyuncaqlarından vaz keçmədikləri kimi
 
əl çəkmirdilər güllə deşmiş yaxalarından:
 
“gəlin gedək oynamağa, 
 
Sizə yaxanızda donub qalan qandan qırmızı donlar geyinmiş gəlinciklər almışam, gətirəcəm,
 
Yuxumdakı eni-uzunu bilinməyən 
 
Təndir çörəyini gətirməyə kömək edən tapılsa...”
 
Seyidağa Mövsümlü 1954-cü ildəndir. Ucar rayonunda doğulub. Bakı Dəmir Yol Texnikumunu bitirib. Bir müddət sonra Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində teleoperator assistenti kimi işləməyə başlayıb. 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutunda daha bir ixtisasa yiyələnərək televiziya işinin sirlərini öyrənib.
 
1988-ci ildən başlayan erməni təcavüzünün ən ağır, dəhşətli məqamlarını videolentə köçürərək törədilmiş cinayətləri tarixin yaddaşına həkk edib. Dəfələrlə Şuşa, Laçın, Zəngilan, Naxçıvan, Xocalı və digər bölgələrimizdə olub.
 
Kamerasının obyektivini 20 Yanvar faciəsinin qanlı səhnələrinə tuşlayan Seyidağa müəllim elə Xocalı faciəsini çəkəndə də həyatını təhlükə altına atmışdı. Qarabağda qanlı döyüşlər başlayanda könüllü olaraq cəbhəyə yollanmışdı.
 
26 fevral  1992-ci ildə Xocalı soyqırımını ilk hərbi operator kimi lentin yaddaşına köçürən Seyidağa Mövsümlü ilə Milli İstiqlal Muzeyində görüşəcəkdik.
 
Onların da bu cinayətdə əli var
 
- Söhbət ondan gedir ki, 20 Yanvar və Xocalı faciələri baş verəndə Dövlət Televiziyasının rəhbərliyi kameraları gizlətmişdi. Mən hələ də bilmirəm ki, vətənin faciəsinə niyə bu qədər biganə idilər? Axı, o anları çəkib tarixə salmaq lazım idi. Mənə elə gəlirdi ki, əgər kameraları gizlədirlərsə, deməli, onların da bu cinayətdə əli var. O zamanlar 20 Yanvar hadisəsini çəkmək üçün kameranı xalq artisti Zeynəb Xanlarovadan aldım. O faciəni çəkənlərin hamısı kameraları kimlərdənsə götürmüşdü. Xocalı faciəsi baş verəndə isə artıq Şuşada, Malıbəyli, Kərkicahanda, Cəmillidə vuruşmuşdum. Şuşa işğal olunanda Kərkicahanda sağ ayağımdan ağır yaralandım. Bir həftə Şuşa hospitalında yatandan sonra, 1991-ci ilin dekabr ayının 25-26-da məni bir dəstə yaralı ilə birlikdə Ağdama aparmaq üçün helikopter göndərdilər. Bu vaxt zəng elədilər ki, Malıbəyli kəndi mühasirədədir, yaralıları təxliyə etmək lazımdı. Helikopter Malıbəyliyə enən kimi yerli camaat bizə sarı qaçdı. Avtomatı onların üstünə çəkdim ki, geri çəkilsinlər. Elan elədik ki, yalnız yaralıları götürəcəyik. Bütün helikopter qan içində idi. Ağdama gələndə dəstə komandirimiz Ələkbər bizi qarşıladı, amma əsgərlərin vəziyyəti ağır olduğundan, Bakıya uçmağa qərar verdik. O ərəfədə Ağdamda da döyüşlər getdiyindən, yaralıların sağalması üçün şərait yox idi. Pilot biləndə ki, Bakıya uçmaq lazımdı, əvvəl etiraz elədi, - “naviqasiya sistemim yoxdu”, - dedi. Dedim, maşın yolunun üstü ilə uçsaq, gedib düz Bakıya çıxacağıq. Binə limanına çatanda pilota dedim, zəng eləsin ki, iyirmi-otuz təcili yardım maşını göndərsinlər. Çünki döyüşçülər gözümüzün qabağında can verirdilər, vətən uğrunda ölümə atılmışdılar. Onları təcili xəstəxanalara çatdırmaq lazım idi. Düşəndə gördük ki, təcili yardım maşınlarının sayı-hesabı bilinmir. Binə və yaxın kəndlərin sakinləri yaralıların gəldiyini eşidib hava limanına hücum çəkmişdilər. Adam əlindən tərpənə bilmirdik.
 
Seyidağa müəllimin səs tonu birdən dəyişdi. Bayaqdan bəri o qədər soyuqqanlılıqla danışırdı ki, həyəcanlanacağı ağlıma da gəlmirdi. Döyüşçülər belə kövrəlirmiş yəqin, səsinin ən titrək yerini gizlətmək üçün, tez-tez udqunaraq...
 
Xocalının getməsi onların vecinə deyildi
 
- Helikopter dayanan kimi adamlar bizə sarı qaçdılar. Yaralıları düşürtdükcə camaat yaralıları, öz balası kimi duz tək yalayırdı. Azərbaycanlıların lazım olanda necə yumruq kimi birləşdiyini onda gördüm. Hava limanından Bakıya əlliyə yaxın təcili yardım maşını gedirdi. Sağ ayağım amputasiya olmaq üzrə idi. Bizi Travmatologiya İnstitutuna gətirdilər. Həkimlərin, tibb bacılarının bizimlə necə mehriban, istiqanlı davrandıqlarını heç vaxt unutmaram. Axın-axın insanlar xəstəxanaya gəlirdi. Fevral ayının 12-də Müdafiə Nazirliyində ilk hərbi reportyor kimi əmrim verildi. Xocalının istər Əsgəran, istərsə də Şuşa tərəfindən yolları bağlı idi. Oradakı rabitəçi qızların çoxunu tanıyırdım. İradə var idi, Gülbahar var idi.
 
- Onlardan sağ qalanları var? Bəlkə, bir gün onlarla da görüşdüm...
 
- Gülbahar sağdı. Onları axtaran yoxdu, qızım. Hamını şou maraqlandırır. Xocalının getməsi o vaxtkı rəhbərliyin vecinə də deyildi. Onlar yeyib-içir, Xocalı, Laçın, Şuşa, Ağdam isə can verirdi. Bir ara istəyirdim, “Ruhum dağlar aşarsa” adlı sənədli film çəkim. Mən o torpaqların dağlarını, düzlərini qarış-qarış gəzmişəm. Tez-tez yuxuma da girirlər. Mənə elə gəlir ki, orada dolaşan ruhlar bir gün Bakıya gələcək, əlimizdən tutub bizi itirdiyimiz torpaqlara aparacaqlar. O vaxt Azərbaycan Dövlət Televiziyası xəbər vermişdi ki, Xocalıda iki nəfər ölüb. Amma Xocalıda yüzlərlə insan qətlə yetirilmişdi. Hamımız bilirik ki, mətbuatda çıxan ilk xəbər, digər mətbu orqanların istinad yeri olur. Sonra hansı xəbəri yazırsan yaz, faydası yoxdu. Azərbaycan Televiziyasında ölümə gedən reportyora videokamera vermədilər. Mənə dedilər ki, kamera yoxdur. Sonra yadıma düşdü ki, keçmiş millət vəkili Etibar Məmmədovda kamera var. Muzeydə gördüyünüz həmin kameradır. Ona müraciət edən kimi, sağ olsun, kameranı mənə verdi. Mən ona minnətdaram ki, onun kamerasının hesabına o faciəni tarixə sala bildim. Kameranı alan kimi, gəldim Müdafiə Nazirliyinə. Şair Ramiz Duyğun nazirliyin mətbuat xidmətinin rəisi idi. Bizə M-1 tipli helikopter ayırdı. Beləliklə, biz Ağdama yola düşdük. Məni orada yaxşı tanıyırdılar. Əvvəllər Ağdamda çox olmuşam. Ağdamlılar deyirdilər ki, Seyidağa yaxşı günlərimizdə yanımızda olub, ağır günlərimizdə də bizi tək qoymayıb. Kişilər olub ki, Turşsuda kabab çəkib yeyiblər, müharibə olan kimi qaçıb gizləniblər. Çox şairlər, yazıçılar, dramaturqlar gözə dəymədi. Onların səngərdə üzünü nə mən görmədim, nə də başqa əsgər və zabitlər. Ağdamda dostum, Xalq Cəbhəsinin sədri Allahverdi Bağırovun yanına gəldim. Gördüm əsəbindən ağlayır, dedi: “Seyidağa, böyük qırğın olub!” Mən bu hadisəni mütləq çəkməli idim. Vaxt gələcək, buna siyasi qiymət də veriləcək. Bu çəkilişlər dünyanın hər yerində göstəriləcək. Onun maşınına minib, Ağdamın Qarağacı qəbiristanlığına gəldik. Oradan o yana Əsgəran idi. Ermənilərin oradakı hərbi dəstəsinə Vitalik Bağdasaryan başçılıq edirdi. İndi Müdafiə Nazirliyində general-mayordu. Orta təhsili də yoxdu. Qarabağda törətdiyi vəhşiliyə görə Ermənistan rəhbərliyi onu yüksək qiymətləndirdi. Allahverdi Vitalikdən soruşanda ki, bu vəhşiliyi siz eləmisiniz? Vitalik hadisədə əli olmadığına and içdi. Dedi ki, bunu 366-cı rus alayı edib. Amma bizim xüsusi təyinatlılar arxadan gəlib yaralıları öldürüb. Allahverdi məni təqdim edərək dedi ki, Seyidağa hadisə yerini çəkməyə getməlidir və oradan salamat qayıtmalıdır. Vitalik Allahverdidən qorxurdu. Ona söz verdi ki, mənə bir şey olmayacaq. “Villis” maşını ilə hadisə yerinə yollandıq...
 
Erməni avtomatı boynuma tuşlayıb deyirdi ki...
 
Şellidən Əsgərana keçəndə yüzlərlə meyit gördüm, qızım. Ağlamaq vaxtı deyildi, arxamda düşmən dayanmışdı. Biri avtomatın lüləsini boynumun arxasına tuşlayıb deyirdi ki, sizin hamınızı qıracağıq. Siz türksünüz, ölməlisiniz. Mənə Allahdan səbir diləmək qalırdı ki, hirsimi büruzə verməyim, tapşırığı sona qədər yerinə yetirə bilim. Qarşıma bir uşaq meyiti çıxdı. Üzünün dərisini kəsmişdilər. Soyuqdan donub qalmışdı. Hava da bərk soyuq idi. Bilmirdim cavan qız-gəlini,  ağbirçək qadınları, ahıl kişiləri çəkim, yoxsa son ana qədər vuruşmuş əsgərləri. Kameranı söndürmürdüm. Axı, hər dəfə yanıb sönəndə akkumulyator zəifləyirdi. İşlək vəziyyətdə  qoymuşdum ki, nə qədər gücü var çəksin. Ora bizim arxamızca başqa maşında Ağdamın mərd oğulları da getmişdi. Onlar arxadan meyitləri yığırdılar. Azərbaycanın Milli qəhrəmanı Əlif Hacıyevin də meyitini oradan tapdıq. O, Xocalı hava limanının komendantı idi. Sağ qalan qadınların üz-gözü kol-kosa ilişib cızılmışdı. Ağdam hospitalında çoxunun ayaqları kəsildi. Onların bəziləri Şüvəlandakı, Pirşağıdakı sanatoriyalarda məskunlaşıb.
 
 
Azyaşlı uşaqların başını erməni qəbrinin üstündə kəsdilər
 
Muzeyin əməkdaşları xocalıların Bakı ətrafında yerləşən düşərgələrini bir-bir gəzdiyimi, hamısı ilə tək-tək görüşüb söhbətləşdiyimi bilirdilər. Seyidağa müəllim danışdıqca, onlardan eşitdiyim hadisələr kino lenti kimi gözümün önündə yenidən canlanırdı.
 
- Allahverdi Bağırovun Vitaliklə razılaşmasına əsasən, sağ qalan qadınların bir hissəsi azad olunmuşdu. İndi Naftalan sanatoriyasında çalışan Məmməd həkim o vaxt Xocalı xəstəxanasında işləyirdi.  O danışırdı ki, faciə günü gizlənibmiş. Ermənilər qadınları, qızları mühasirəyə almışdılar. Onların saçlarından tutub sürüyür, avtomatın qundağı ilə başlarına vururdular. Üz-gözləri qan içində idi. Məmməd həkim dözə bilməyib gizləndiyi yerdən çıxıb. Əsir qadınlara qoşulub ki, onlara tibbi yardım göstərə bilsin. Ermənilər bir ananın iki azyaşlı oğlunun başını həlak olmuş döyüşçülərinin qəbri üstündə kəsmişdilər. Sonra Məmmədə deyiblər ki, çıx, səni öldürməyə aparırıq. Bu vaxt Qızıl Xaç Cəmiyyətinin nümayəndələri gəlib və onları alıb geri qaytarıb. Məmməd həkimin kişi kimi etdiyi bu qəhrəmanlığın əvəzini Allah ödədi, onu xilas elədi. Sonradan ümummilli liderimiz Heydər Əliyev onu “Şöhrət ordeni” ilə təltif etdi.
 
Seyidağa müəllim danışdıqlarından qat-qat çox şey görmüşdü, eşitmişdi, bilirdi. Vaxt da az idi və bu faciə bir müsahibəyə sığacaq deyildi. Mənsə onun hər sözünə, hətta xocalılıların dilindən eşitdiyim hadisələrə belə, sanki ilk dəfə dinləyirmişəm kimi, kirimişcə qulaq vermişdim.
 
- Qızım, mən orda stresdən şəkər xəstəliyi tapdım. Qorxaq adam deyiləm, məni tanıyanlar tanıyır. Amma kömək edə bilməmək hissi çox ağırdı.  Ağdama kömək etməyə bellə, kürəklə  də olsa, heç olmasa, beş milyon adam gəlməliydi, amma heç kim gəlmədi.
 
 
Bütün Ağdam ayaq üstə idi
 
Bu yerdə müdaxilə etməkdən özümü saxlaya bilmədim. Yadıma düşdü ki, Xocalı sakinlərindən bəziləri hadisənin baş verməsində həm də Ağdam döyüşçülərini qınayırdı. Deyəsən, döyüşçülər Xocalı sakinlərini inandırmışdılar ki, onlara kömək göndəriləcək. Buna görə də əhali Xocalını tərk etməmişdi. Bu ittihamın nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirməli idim.
 
- Mən ancaq gözümlə gördüyümü fakt sayıram, - dedi Seyidağa müəllim. - Bu sözü demək ayıb olar. Bütün Ağdam ayaq üstə idi. Xocalıdan gələn axın-axın adamları Ağdam camaatı qəbul elədi. Adamları yedirtmək üçün nə qədər mal, qoyun kəsildi. Dövlət rəhbərliyindən heç kim yox idi, bir manat yardım gəlmirdi. Dövlət komissiyası belə yaradılmamışdı. Bu, xalqın faciəsi idi. Kim ağdamlıları bu məsələdə ittiham eləsə, cavab ver ki, mən elə kişini danışdırmışam, o, səksən səkkizinci ildən dağlardadı... Şuşanı görməmisən?
 
- Xeyr!
 
- Qubadlını, Zəngilanı?
 
- Yox! Bircə Ağdamda olmuşam.
 
- Ermənistanla sərhəd olan bütün rayonları qarış-qarış gəzmişəm. Azərbaycan xalqı böyük bir faciə yaşayıb. Biz hələ müharibəni bitirməmişik. Bəzən deyirlər ki, Birinci Qarabağ müharibəsi belə gəldi, İkinci Qarabağ müharibəsi belə getdi. Birinci Qarabağ müharibəsi nə vaxt bitdi ki, ikincisi başlasın? Mənimlə çox adam üz-üzə gələ bilmir. Mənim çəkdiyim videoçarxlar faktdır. Mən sizə də o videoları diskdə verəcəyəm. Özünüz görəcəksiniz ki, Ağdam camaatı Xocalıdan gələnləri qollarında necə aparırdı.
 
Xocalı faciəsi planlaşdırılmışdı, amma biz...
 
Məsələyə aydınlıq gətirmək lazım idi. Axı söhbət Ağdam camaatının kömək etməyindən getmirdi. Onlardan 7-dən 70-ə qədər Xocalının bütün sağ qalmış əhalisi razı idi. Elə şəhid ruhları da. Doğrudan da ağdamlıların əziyyəti, zəhməti misilsizdir.
 
- Adilin, Elmanın batalyonu sona qədər vuruşdu. Ermənilər Avropa televiziyalarına xəbər yaymışdılar ki, biz Xocalı əhalisinə yol vermişdik. Yol isə yox idi, yalan deyirdilər. Mən orada yol görmədim. Ağdamda hərbi hissə yox idi, beş özünümüdafiə batalyonu var idi. Ona görə də heç kim deyə bilməzdi ki, Ağdamdan bizə kömək niyə gəlmədi! Xocalı faciəsi artıq planlaşdırılmışdı, amma biz ondan, hamı kimi, son gün xəbər tutduq. Bizimkilərdə isə on nəfərə bir qumbara, barmaqsayı silah var idi. Mən çox şey deyə bilərəm, amma Allah var axı, gərək gördüyünü deyəsən.
 
İstiqlal Muzeyində qorunan bu kamera ilə Seyidağa müəllim Zəngilanı, Qubadlını, Şuşanı çəkib. Bir məqama da aydınlıq gətirməli idim: Xocalıdakı cəsədlərə bir neçə gün sonra işgəncələr verilməsi ilə bağlı xəbərlər yayılmışdı. Hərə bir söz deyir. Seyidağa müəllimdən başqa, ən doğrusunu kim bilə bilər ki?
 
- Bu yalandı, qızım. Mən hadisəni çəkən ilk reportyor kimi deyirəm ki, artıq o işgəncələr cəsədlərə olunmuşdu. Kiminin beyninin dərisi çıxarılmışdı, kimin qulağı, burnu kəsilmişdi. Bunları polkun Suriyadan olan əslən erməni mənşəli hərbçiləri eləmişdi.
 
Seyidağa müəllim deyəndə ki, mənə hadisələri araşdırmaq üçün kitablar verəcək, yadıma düşdü ki, özünün xatirələrini yazıb-yazmadığını soruşmaq lazımdır.
 
Allahverdi Bağırov mənə deyir ki...
 
- Kameranı qoyub özümü çəkirəm, yazmağa səbrim yoxdur. Gah özümü nədəsə ittiham edirəm, gah kiməsə əsəbiləşib nəyə görəsə qınayıram. Axı, kameradan savayı yanımda heç kim olmur. Hərdən Yusif, Allahverdi, Ramiz yuxuma girir. Deyirlər, Seyid, niyə gəlib bizi görmürsən? Onda ayılıram ki, qızım məni çağırır ki, ata, yastığın bütün sudu. Yuxuda o qədər ağlayıram ki...
 
Axırda özümü saxlaya bilmirəm. Daha dişimi-dişimə sıxmaq da köməyimə çatmırdı. Bu vaxt Seyidağa müəllim yanındakı stulun üstündəki sellofan torbanı masanın üstünə qoyur. Onların içində kökələr, qoğallar var idi. Mən tələsik sağollaşıb qapıdan çıxmaq istəyəndə, Seyidağa müəllim oturduğu yerdən qalxıb qapının qabağında dayandı. Ayağındakı qəlpələr bir həftə qabaq çıxarılmışdı. Onun aldığı kökələri götürməmək üçün pəncərədən də düşərdim. Amma onun yaralı ayağını çəkə-çəkə gəlib qapının dəstəyini tutmasının qarşısında aciz idim. Allah-billahla bir qoğal, bir kökə götürdüm. Başımı qaldırmadan sağollaşdım ki, yaş gözümdən çıxmamış özümü qapıdan bayıra ata bilim.
 
Bu adamlar çörək qədər müqəddəs idilər. Biz onsuz da onların qoruduğu torpağın çörəyini yeyirik. Axı, biz onların evinə əlimizdə şəkərbura, paxlava dolu çanta ilə girməli idik. Muzeydən redaksiyaya necə gəldiyimi bilmədim. “Bunları kimə verim, hara qoyum?!”, - deyə fikirləşdim. Yolumun üstündəki parkda, kölgəlikdə oturan yaşlı qadının yanındakı uşaq mənə tərəf diyirlənən topunun dalınca qaçırdı. Nənəsindən icazə alıb, kökələri ona uzatdım. Qoğal bir dişləkdən sonra yem axtaran göyərçinlərə sarı diyirləndi. Yəqin, dəniz tərəfdən idi, sərin meh əsdi. Bu ölkədə bu torpağı qoruyan adamların çörəyini yeməyə körpələrlə quşlardan başqa heç kimin haqqı yoxdur!
 
"Aydın Yol"
 





11.08.2015    çap et  çap et