525.Az

"Cinayətdə təqsiri olan hər kəs qanun qarşısında cavab verəcək"


 

"Cinayətdə təqsiri olan hər kəs qanun qarşısında cavab verəcək"<b style="color:red"></b>

Məlum olduğu kimi, avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək xəstəxanaya yerləşdirilən jurnalist Rasim Əliyevin ertəsi gün ölümü ilə nəticələn cinayət hadisəsi bütün ölkə ictimaiyyətinin diqqət mərkəzinə düşüb. Məsələylə bağlı dövlət başçısı İlham Əliyev sərt mövqeyini ifadə edib, baş verən hadisəni söz, ifadə və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirib. Prezident demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biri olduğunu bildirib. Ölkə rəhbəri bununla bir daha azad, müstəqil mətbuata verdiyi önəm və diqqəti ifadə etmiş oldu. Qeyd etmək lazımdır ki, İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk dövrlərindən milli mətbuatımıza böyük qayğı və diqqət özünü göstərib. Təkcə bu fakt Azərbaycanda sağlam düşüncəyə, söz, ifadə və mətbuat azadlığına verilən dəyərin bariz sübutudur.

Jurnalistin ölümü ilə nəticələnən cinayət hadisəsini öz nəzarəti altına götürməklə Prezident bu ölkədə törədilən cinayət hadisələrinin, qanunsuzluq hallarının heç vaxt cəzasız qalmayacağına, bu hadisədə də günahkarların aşkar olunaraq məsuliyyətə cəlb olunacağına əminlik yaratdı. Çünki Azərbaycan bizi istəməyən, uğurlarımıza qısqanclıqla yanaşan, ölkədə öz mənfur məqsədlərini həyata keçirməyə çalışan, lakin buna müvəffəq olmayan və bundan hiddətlənən xarici qüvvələrin görmək istədiyi kimi "özəllik" və "standartlar"a sahib olmaq fikrində deyil. Şübhəsiz ki, insan hüquq və azadlıqlarını siyasi alver predmetinə çevirən qüvvələr və onların daxildən olan əlaltıları bu faktdan da məqsədli şəkildə istifadə etmək niyyəti güdürlər. Ona görə də dövlət başçısının baş verən cinayət hadisəsinə vaxtında və yerində verdiyi reaksiya xalqda dövlətə olan əminliyi və sarsılmaz inamı daha da artırdı. Daşıdığı statusdan asılı olmayaraq ölkədə heç kəs etdiyi günah işə, törətdiyi cinayət hadisəsinə görə məsuliyyətdən kənarda qalmayacaq, mütləq məsuliyyətə cəlb olunacaq və məhkəmə qarşısında cavab verəcək.

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, politoloq Məhərrəm Zülfüqarlı qeyd edib ki, Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq digər hüquq pozuntuları kimi söz və mətbuat azadlığı sahəsində yaranan problemlər, cinayət hadisələri də birbaşa olaraq Prezidentin nəzarəti altına götürülür. Təbii ki, bu cür hallar hər birimizi təəssüfləndirir. Yəqin ki, Rasim Əliyevə qarşı zor gücündən istifadə edən şəxslər hadisənin ölümlə nəticələnəcəyini bilsəydilər bu cür ziddiyyətə getməzdilər. Azərbaycan hüquqi dövlətdir və ona görə də jurnalistin ölümü ilə nəticələnən cinayət hadisəsi hərtərəfli təhlil olunacaq, günahları sübut olunan şəxslər qanun qarşısında cavab verəcəklər. Lakin istərdim ki, bəzi qüvvələr bu kədərli hadisədən sui-istifadə edib Azərbaycan əleyhinə təbliğata qoşulmasınlar. Bəzi radikal müxalifət nümayəndələri elə bil ki, bu cür hadisələrin baş verməsindən öz məqsədləri naminə yararlanmağa çalışırlar. Hesab edirəm ki, bu insanlığa yaraşmayan yanaşmalardır. Jurnalistin ölümü ilə nəticələnən hadisə bizim üçün böyük faciədir. Ona görə də çalışmaq lazımdır ki, bu cür hadisələr bir daha təkrarlanmasın. Məhz dövlət başçısı İlham Əliyev də baş vermiş olayı öz nəzarəti altına götürməklə söz və mətbuat azadlığına təhdid yaratmaq istəyən qüvvələrin, şəxslərin qarşısını birdəfəlik almaq istəyir.

İnsan Hüquqları 21-ci əsr - Azərbaycan Fondunun sədri, hüquq müdafiəçisi Şahin Camalov mərhum jurnalist Rasim Əliyevin ölümü ilə nəticələnən hadisəni günün ən aktual məsələlərindən biri adlandırıb. Onun sözlərinə görə, bu hadisə çox ciddi faktları ortaya qoyur: "Ona görə də məsələyə bir neçə aspektdən baxmaq lazımdır. Birinci növbədə sosial şəbəkələrdə insanların müəyyən protokol qaydalara, bir-birinə qarşı rəftarına xüsusi diqqət yetirilməlidir ki, bu gün həmin normaların kobud şəkildə pozulduğunun şahidiyik. əfsuslar olsun ki, bunun acı nəticələrini də biz görürük. İnsanların bir-birini təhqir etməsi nəticəsində baş verən cinayət hadisələri ümumilikdə ölkənin beynəlxalq imicinə zərbə vurur".

Başda Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinin bu cür məsələlərə olduqca həssas yanaşdığını deyən hüquq müdafiəçisi dilə gətirib ki, ölkə rəhbəri baş verən hadisəyə dərhal reaksiya göstərərək prosesi öz nəzarəti altına götürüb: "Lakin düşünmürəm ki, vətəndaşlarımız, xüsusilə ictimai fəal insanlar sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı cəmiyyəti mütəmadi şəkildə maarifləndirməli və özləri də buna riayət etməlidirlər. Bu mənada təhqir deyil, bir tənqidə görə jurnalistin öldürülməsi ilə nəticələn cinayət hadisəsi artıq dövrümüzün acı reallığına çevrilib. Biz bu tip hadisələrlə ilk dəfə deyil ki, rastlaşırıq. Lakin təqsiri sübuta yetirilmədən kiminsə hadisəyə görə qınaq obyektinə çevrilməsi də düzgün deyil. Bu hal özü-özlüyündə digər tərəfin hüquq qaydalarının pozulması deməkdir. Çünki təqsirsizlik prezumpsiyası var.

Ayrı-ayrı şəxslər tərəfindən həm sosial şəbəkələrdə, həm də mətbuat orqanlarında yazılan yazılar, məhkəmə, istintaq orqanı tərəfindən sübut olunan faktlar deyil. Bu cür yanaşma ilə biz yenə də acı nəticələrlə üzləşə bilərik. Ona görə də, bu ehtimalı nəzərə alaraq cəmiyyətimizi bu məsələlərdə daha diqqətli olmağa, daha da düşünməyə dəvət edirəm. Çünki bununla başqa şəxslərin də hüquqları pozulur və nəticədə insanlar bir daha bir-birlərini təhqir edir və yenə də bu cür cinayət hadisələri yenidən təkrarlanır".
Fond sədri qeyd edib ki, ümumilikdə bu hadisələrdən ölkəmizi istəməyən, gözü götürməyən, düşmən mövqeyi sərgiləyən xarici qüvvələr Azərbaycan dövlətçilyinin əleyhinə istifadə edirlər: "Bunun nəticəsində, xarici mətbu orqanlarda təkrar-təkrar Azərbaycanda jurnalist və digər ictimai-siyasi xadimlərin ölümü ilə nəticələnən hadisələrlə bağlı yazılar dərc olunur. Qeyd edim ki, bəzi yerli mətbu orqanlarımızda bu sahədə ciddi səhvlərə yol verirlər. Çünki qeyd etdiyim kimi, təqsirsizlik prezumpsiyası var və adları şübhəli qismində çəkilən şəxslərin cinayətdə təqsiri hələ sübut olunmadığına görə, eləcə də istintaq və tədqiqat prosesinin getdiyini nəzərə alaraq nəticəni gözləmək lazımdır. Dövlət başçısı İlham Əliyev də, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da məhz bu amilə ciddi diqqət yetirilməli olduğundan danışır.

Prezidentin köməkçisi məsələyə xüsusi diqqət ayıraraq, baş verən hadisə ilə bağlı ölkə rəhbərinin sözlərini çatdırıb və cinayət hadisəsinin araşdırılmasını və istintaq nəticələrinin məlum olmasını gözləmək lazım olduğunu bildirib. Çünki mən bu məsələdə ədalətli istintaq prosesinin getdiyinə əminəm. Hesab edirəm ki, bir az səbr edib nəticələri gözləmək lazımdır. Ondan sonra hadisəni dəyərləndirmək olar. Hazırda isə bununla bağlı subyektiv fikir bildirmək düzgün deyil. Əminəm ki, jurnalistin ölümü ilə nəticələnən cinayət hadisəsində təqsiri olan hər kəs qanun qarşısında cavab verəcək, ciddi şəkildə cəzalanacaq. Ona görə də, xüsusilə kütləvi informasiya vasitələrində çalışan, sosial şəbəkələrdə aktiv olan şəxslərdən sadəcə xahiş edirəm ki, bir az səbrli olsunlar və başqalarının da hüquqlarını pozmasınlar. Çünki bu hal istintaq prosesinin gedişinə dolayı yolla müdaxilədir".

Ceyhun ABASOV

 





11.08.2015    çap et  çap et