525.Az

Mehriban Əliyevanın uşaqlığının keçdiyi binadan reportaj


 

Mehriban Əliyevanın uşaqlığının keçdiyi binadan reportaj<b style="color:red"></b>

Bakının mərkəzində qədim bir bina var. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlıq və yeniyetməlik illəri bu binada keçib.

Azvision.az həmin binada yaşayan ağbirçək xanımın - Azərbaycanın ilk qadın kukla rəssamı, əməkdar rəssam Solmaz Musayevanın qonağı olub.

- Biz bu binanın 7-ci mərtəbəsində yaşayırıq. 6-cı mərtəbədə isə bir vaxtlar Prezidentimizin xanımı Mehribangilin ailəsi yaşayardı. İndi həmin ev təmir olunub, hazırda orada heç kəs yaşamır. Heç kimə də satılmayıb. Biz 50-ci, Mehribangil isə 44-cü mənzildə yaşayırdı,- deyir Solmaz xanım. - Bu bina 40 il öncə tikilib. O vaxtı Yazıçılar İttifaqının üzvləri, bəstəkarlar, rəssamlar, alimlər toplaşdıq və bu binanı inşa etdirdik. Burada 110 mənzil var. Binanı sakinlər öz pulları hesabına tikdirmişdilər.

Solmaz Musayeva birinci xanım Mehriban Əliyevanın anası, şərqşünas alim Aida xanım İmanquliyeva ilə yaxın rəfiqə olduqlarını söyləyərək, qonşusu və rəfiqəsi ilə bağlı xatirlərini bizimlə bölüşdü:

- Aida xanım mənim ən istəkli rəfiqəm, qonşum idi. Mən binada yalnız onunla dostluq edirdim. Çox yaxşı qadın idi. Öz sirrlərini, çətinliklərini həmişə mənimlə bölüşərdi.

..Bir gün Aida ilə liftdə rastlaşdıq və birlikdə yuxarı qalxdıq. Aida mənə dedi ki, “bu gün Mehribanın nişanıdır”. Dedim ki, Mehriban kimə ərə gedir? Cavab verdi ki, çox tezliklə bəyi görəcəyik. Mənə demədi ki, Mehribanı Heydər Əliyevin oğlu İlhama veriblər.

Səhərisi gün mən lifti gözləyəndə birdən onun qapısı açıldı və bizim indiki prezidentimiz İlham Əliyev çıxdı. O, məni görəndə utandığı üçün üzünü çevirdi.

Aida universitetdə müəllimə idi. O, boylu-buxunlu və gözəl bir qadın idi. Gözəl danışıq qabiliyyəti var idi. Aidənin xasiyyətindəki istiliyi mən heç vaxt yaddan çıxarmayacağam. Biz nə bacı, nə xalaqızı, nə də qohum idik. Ancaq bir-birimizi çox istəyirdik.

Azərbaycanın ilk kukla rəssamı S.Musayeva M.Əliyevanın gənclik illəri ilə bağlı xatirələrini də bölüşdü:

- O vaxtlar Mehriban gənc qız idi. Çox sakit, amma bacarıqlı idi. Onu çox bəyənirdim. Həmişə qarşılaşırdıq, vəziyyətimi soruşurdu, xeyli söhbət edirdik. O, mənim bütün fərdi sərgilərimdə iştirak edirdi. Mehriban və Nərgiz bacıları mənim anam dünyasını dəyişəndə yas üçün bu binaya gəlmişdilər. Nərgiz də bu binada yaşayırdı. Amma onun evi ikinci blokda yerləşirdi.

Bir dəfə Aida xanım çox bərk xəstələnmişdi. Onu ziyarət etməyə getdim. Bir saatdan sonra evə qayıdıb hönkür-hönkür ağladım. O, xərçəng xəstəliyinə tutulmuşdu. Onun əsl yaşamalı vaxtları idi. Nərgiz və Mehriban analarına çox yaxşı baxırdılar. Onun qayğısına qalırdılar. Həmişə başı üstündə dururdular. Çox alicənab, zərif bir qadın idi. Bu gün də onunla keçən günlərimiz bir kino lenti kimi gözümün önündən keçir. Kaş o günlər yenə də qayıdardı...

Solmaz xanım deyir ki, ümumilli lider Heydər Əliyev də onun sərgilərinə gəlib:
 
“Mənim hazırladığım paxlava kuklalar onun xoşuna gəlmişdi. O, paxlavaların qarşısında dayanıb, xeyli tamaşa elədi və qəfildən soruşdu: `Görəsən, bu paxlavaları yesəm, dişim sınar?` Mən isə dedim ki, istədiyi vaxt onun üçün əsl paxlava bişirə bilərəm. O, paxlavanı əlinə götürüb xeyli baxdı və gülməyə başladı. Sonra biz xatirə şəkli çəkdirdik”.

 





12.08.2015    çap et  çap et