525.Az

Çindən ABŞ-a "ultimatum"


 

PƏRVİZ HEYDƏROV: "... AVROPA İQTİSADİYYATI BÖHRANDAN ÇIXA BİLMƏYƏCƏK"

Çindən ABŞ-a "ultimatum"<b style="color:red"></b>

"Çinin öz milli valyutası olan yuanı ABŞ dollarına nəzərən təqribən 2 faiz həddində ucuzlaşdırması təkcə bu ölkə üçün deyil, bütövlükdə dünya iqtisadiyyatı üçün də gərəkli və düzgün atılmış addım sayılır".

Bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov deyib. O bildirib ki, əslində, Çin hökuməti sözügedən addımı bu ilin əvvəlində atmalı idi: "Çünki ölkənin ixracatı artıq, xeyli müddət idi ki, yaxşı vəziyyətdə deyildi. O da düzdür ki, ötən müddət ərzində adı çəkilən ölkənin mərkəzi bankı olan Xalq Bankı tərəfindən ixracın dəstəklənməsi üçün çox addımlar atılıb və müvafiq işlər görülüb. Lakin yuanın ucuzlaşdırılması bütün bunlardan vacib idi. Ona görə ki, dolların birtərəfli qaydada möhkəmlənməsi dünya iqtisadiyyatının aparıcı ölkələrini böhrana və iflasa sürükləyir. Bunun müqabilində digər valyutaların dəyərlərinin sabit saxlanması isə iqtisadi aktivliyi günbəgün öldürməkdədir. Bu isə rəqabətqabiliyyətliliyin heçə enməsi deməkdir.

Hansı ki, bu sahədə dünyada əsas söz sahibi Çindir".

Ekspertin sözlərinə görə, dünya iqtisadiyyatının hazırkı vəziyyətinin müşahidəsi belə deməyə əsas verir ki, ABŞ iqtisadiyyatının 2008-2010-cu illər böhranından sonra zirvəyə doğru irəliləyişinin qarşısını yenə yalnız, məhz Çin iqtisadiyyatı və onun tezliklə sabitləşməsi ala bilər: "Avropa İttifaqı ölkələrinin iqtisadiyyatı həmişə gizli və aşkar ABŞ iqtisadiyyatının yedəyində gedib. Cari ilin mart ayından məlumdur ki, avronun da dəyərinin ucuzlaşdırılması siyasəti yeridilir.

Lakin Avropa İttifaqı üçün Yunanıstan "yarası" Vaşinqtonun lehinə işləməkdədir.

Odur ki, yuanın ucuzlaşdırılmasını Çin hökumətinin ABŞ-a qarşı bir növ iqtisadi ultimatumu kimi də dəyərləndirmək olar. Bu, ilk növbədə sözügedən ölkənin öz bazarına sabitlik gətirməklə yanaşı, dünya iqtisadiyyatına da təsir göstərəcək.

Çində iqtisadi sabitlik bərpa olunmasa, Avropa iqtisadiyyatı böhrandan çıxa bilməyəcək, ABŞ-da hazırkı iqtisadi irəliləmə isə gec-tez istər-istəməz yoxuşla üzləşəcək".

P.Heydərov əlavə edib ki, ABŞ-ın mərkəzi bankı olan Federal Rezerv Sistemi də xeyli müddətdir ortaya atdığı baza faiz dərəcəsini artıracağı söhbətini bundan sonra çətin ki, dilə gətirsin: "Sözün qısası, dünyada valyutalar müharibəsi yeni alov əldə edir. Bu dəfə vəziyyət açıq müstəviyə keçir".

Ceyhun ABASOV

 





13.08.2015    çap et  çap et