525.Az

Milli dövlətçilik və diplomatiya tariximizin görkəmli simaları: Məmməd Həsən Hacınski


 

Milli dövlətçilik və diplomatiya tariximizin görkəmli simaları: <b style="color:red">Məmməd Həsən Hacınski </b>

Dünyanın qədim tarixə malik ölkələrindən biri olan Azərbaycan öz coğrafi mövqeyinə və strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub.
 
Yalnız şərqdən qərbə doğru uzanan ticarət yolları deyil, eyni zamanda tarixin müəyyən məqamlarında böyük imperiyaların, dünya cahangirlərinin dağıdıcı yürüşləri də Azərbaycandan keçib. Minilliklər boyu qılınc səsinin səksəkəsi ilə diplomatiya fəlsəfəsinin qovşağında yaşayan Azərbaycan xalqı bu tarixi prosesdə qılıncla diplomatiyanın vəhdətini yaratmağı bacarıb. Hələ 14-cü əsrdə Əmir Teymurla Şirvanşah İbrahimin arasında diplomatik gedişlər, Ağqoyunlu Uzun Həsənlə Avropa dövlətləri arasında yazışmalar, Səfəvi dövlətinin geniş beynəlxalq əlaqələri isə diplomatiya tariximizin ilk səhifələri idi. Azərbaycanın taleyində və tarixində əsaslı dönüş isə XIX əsrin sonlarından başlanıb. Məhz bu dövrdə Azərbaycanın fikir adamları yeni mübarizə metoduna keçib. Belə ki, dövrün ziyalıları yüz illər boyu davam edən ümmət anlayışından yeni əsrin millət düşüncəsinə keçməyin zərurətini ideya istiqaməti olaraq önə çəkib. A. Bakıxanov, M. F. Axundzadə və H. Zərdabi kimi mütəfəkkirlər ümmətdən millətə keçməyin zəruriliyini əsaslandırmaqla milli hədəfləri müəyyənləşdiriblər.

Bu böyük mütəfəkkirlərin Ə. Hüseynzadə, Ə. Ağaoğlu və Ə. M. Topçubaşov kimi ardıcılları isə azərbaycanlıların ümmətdən millətə başlayan tarixi keçid prosesini uğurla davam etdirərək bu ideyanın fəlsəfi baxışlar sisteminə çevrilməsində xüsusi rol oynayıblar. 1918-ci ildə tarix səhnəsinə çıxan Azərbaycan Xalq Cümhuriyyəti dünyəvi bir dövlət olaraq, islam ümmətçiliyindən türk millətçiliyinə keçidin məntiqi yekunu olub. XX əsrin əvvəllərində dünya xalqları içərisində öz millətlərinin imzasını görməyən Azərbaycan aydınları ilk imkan düşən kimi, 1918-ci ilin may ayının 28-də Xalq Cümhuriyyətini yaratmaqla diplomatik baxımdan bu imzanı beynəlxalq aləmdə təsdiq etdirə biliblər. Azərbaycan Xalq Cümhuriyyəti cəmisi 23 ay yaşasa da, yaradılan tarix, keçilən yol, atılan diplomatik addımlar və görülən böyük işlərin siyasi məzmunu millətin varlığında böyük rol oynayıb. Dünya müharibəsinin başa çatması ilə müşahidə edilən gərgin diplomatik mübarizə şəraiti yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətindən böyük diplomatik bacarıq, dünya siyasətinin dönüş məqamlarından baş çıxarmaq qabiliyyəti tələb edirdi.

Fəaliyyət göstərdiyi dövrün çətinliyinə baxmayaraq Azərbaycan diplomatiyası bu mühüm vəzifənin öhdəsindən gələ bilib. Siyasi məzmunda Azərbaycan ideyasını dünyaya təqdim edənlər 1920-ci ildə diplomatik baxımdan da bu ideyanın Versal Ali Şurası tərəfindən beynəlxalq aləmdə təsdiqlənməsinə nail olublar. 1919-cu il may ayının 28 -də -İstiqlal günü ABŞ prezidenti V. Vilson Azərbaycan nümayəndə heyətini qəbul edir, bu görüşdə Vilsona təqdim edilmiş memorandumda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, onun bir illik inkişaf yolundan danışılırdı. Lakin prezident Vilson Azərbaycan nümayəndə heyətinə qəbulda ümidverici bir şey deməyib. O, sülh konfransında dünyanın kiçik hissələrə parçalamaq niyyətində olmadığını qeyd etdikdən sonra Azərbaycan nümayəndələrinə federasiya ideyasını müdafiə etməyi məsləhət görmüş, Millətlər Liqasının mandatı ilə böyük dövlətlərin birinin bu konfederasiya üzərində qəyyumluğunun real çıxış yolu olduğunu bildirib. Birinci Dünya Müharibəsindən sonra yaranmış vəziyyətlə əlaqədar olaraq dünyanın aparıcı dövlətinə çevrilmiş ABŞ Paris sülh konfransında da diktə edən tərəf kimi çıxış edıb . O zamanki dünya düzəninin baş memarı sayılan V.Vilsonun 14 sülh prinsipində hələ ki , yeni yaranmış dövlətlərin o cümlədən, Azərbaycanın müstəqilliyinin tanınması yox idi. Hələ 1919-cu ilin sentyabrın sonunda Ə.Topçubaşov hökumətə göndərdiyi məktubunda xəbər verirdi ki, müttəfiqlər istiqlalımıza dair məsələni nəinki müzakirəyə çıxarmır, hətta bunu heç etmək belə istəmirlər. Məhz belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin 1920-ci ildə Versal Ali Şurası tərəfindən tanınması 1919-cu ilin payızından etibarən dəyişən siyasi vəziyyətlə yanaşı, Azərbaycan diplomatiyasının mühüm uğuru, onun Paris Sülh konfransındakı say etibarı ilə kiçik olan heyətinin böyük qələbəsi idi.

Mürəkkəb tarixi şəraitdə mövcud olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyanlar, onun xarici siyasətini həyata keçirənlər dünyəvi dəyərlərə, demokratik prinsiplərə əsaslanaraq dünya siyasəti və coğrafiyasında azərbaycanlıların yerini müəyyən ediblər. Azərbaycan Xalq Cümhuriyyətini quranlar təkcə azərbaycanlıların dünyaya baxışını deyil, dünyanın da Azərbaycana baxışlarının dəyişməsində mühüm rol oynayıblar. Bu prosesdə iştirak edən əsas şəxslərdən biri tanınmış mühəndis, görkəmli siyasətçi və ictimai xadim Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici işlər naziri olmuş Məmməd Həsən Hacınski idi. Hacınski Məmməd Həsən Cəfərqulu oğlu 1875-ci ildə mart ayının 3-də Tiflis şəhərində anadan olub. O, 1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirdikdən sonra bir müddət Şəmsi Əsədullayevin Moskvadakı Neftayırma Zavodunda mühəndis kimi çalışıb. Bakıya qayıdan M.H.Hacınski 1902-ci ildə Bakı şəhər dumasının üzvü seçilib. O, dumada 1917-ci ilə kimi fəaliyyət göstərib və bir çox iclaslar da onun sədrliyi ilə keçirilib. Həmçinin 1908-ci ildən Bakı şəhər idarəsində tikinti şöbəsinə başçılıq edən Hacınski Bakının abadlaşdırılması və inşaat işlərinin genişlənməsində xüsusi rol oynayıb. O, eyni zamanda şəhərin baş planını təkmilləşdirib. M.H. Hacınskini uzun müddət daha çox Bakı bulvarının banisi kimi tanıyıblar, çünki Dənizkənarı bulvarın tikintisi onun fəaliyyəti ilə bağlıdır.

Elə o illərdə M.H. Hacınski artıq şəhərsalma və tikinti-inşaat sahəsində görkəmli təşkilatçı kimi tanınıb. O, 1913-cu ildə, qısa müddətə də olsa, Bakı şəhər idarəsinin rəisi vəzifəsini icra edib. XX əsrin əvvəllərində xalqımızın ümmətdən millətə keçmə prosesində təşkilatlanma işləri xüsusi rol oynayırdı, Hacınski də bu prosesin öndə gedən simalarından idi. O, 1904-cü ildə Hümmət Sosial Demokratik təşkilatını yaradanlardan olub . M.H.Hacınski eyni zamanda Nəşri-maarif, Nicat və Müsəlman xeyriyyə cəmiyyətlərinin yaradılmasının əsas təşəbbüsçülərindən və ən fəal üzvlərindən biri kimi tanınıb. Rusiyada baş verən fevral burjua inqilabından sonra Azərbaycan milli-demokratik hərəkatının güclənməsi ayrı-ayrı ictimai-siyasi qüvvələri birləşdirən müxtəlif partiya, komitə və cəmiyyətlərin yaranmasına səbəb oldu.

Onların arasında ən mötəbər qurum olan, 1917-ci il martın 27-də təsis edilən Bakı Müsəlman İctimai Təşkilatları Müvəqqəti Komitəsinə M.H.Hacınskinin sədr seçilməsi onun ziyalıları içərisində çox tanınmış və nüfuzlu olmasına dəlalət edirdi. Onun sədrliyi ilə Komitə 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayının baş tutması üçün böyük təşkilati iş görüb. M. Hacınski, habelə, 1917-ci il mayın 1-dən 11-dək Moskvada baş tutan Ümumrusiya müsəlmanları qurultayının fəal iştirakçısı olub.

Fəal siyasi mövqeyi və dayanıqlı demokratik dünyagörüşü M.H.Hacınskini Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön sıralarına çıxarıb. Onun 1917-1919-cu illərdəki gərgin fəaliyyəti bötüvlükdə bu amala qulluq eləməsindən irəli gəlirdi. M.H.Hacınski Zaqafqaziya Komissarlığında və Zaqafqaziya Demokratik Federativ Respublikasının hökumətində məsul vəzifələr tutub. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən xarici siyasi fəaliyyətə başlayıb, dövlətlərarası münasibətlərə daxil olmağa cəhd göstərib və heç də təsadüfi deyil ki, AXC-nin ilk hökumət kabinəsində xarici işlər naziri vəzifəsi M. Hacınskiyə tapşırılıb.

Onun rəhbərliyi altında Azərbaycan Xarici İşlər Nazirliyinin ilk diplomatik addımı Batumda olan Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəyə Azərbaycan Milli Şurasının və F. X.Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetinin yaradılması haqqında məlumat vermək oldu. 1918-ci il may ayının 30-da Tiflisdə Azərbaycan Cümhuriyyətinin yaranması haqqında Nazirlər Şurasının sədri F.X.Xoyskinin rəhbərliyi altında hazırlanmış məlumatı xarici ölkələrə çatdırmaqda problemlər yarandığı üçün o zaman Batumda olan xarici işlər naziri M.H.Hacınski teleqramı birbaşa radio vasitəsi ilə İstanbula, oradan da radio vasitəsi ilə dünyanın əsas ölkələrinə çatdırır. Hələ Azərbaycan müstəqilliyini elan etməmişdən əvvəl Qafqaz nümayəndəliyi daxilində Osmanlı dövləti ilə Batum sülh danışıqlarında iştirak edən M.Hacınski diplomat kimi püxtələşib, tərəf müqabilini dinləmək, qəbul etdiyi qərarın üstündə durmaq kimi bacarıqlarını artırıb. Elə bu kimi bacarıqlarından istifadə edən xarici işlər naziri M.H.Hacınski Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadə ilə birgə Osmanlı dövləti ilə imzaladığı müqavilənin 4-cü maddəsinə əsasən Azərbaycan Osmanlı dövlətindən hərbi yardım istəyib.

(Ardı var)

Ramil HİKMƏT

 





14.08.2015    çap et  çap et