525.Az

“Dövlət qurumlarında vəzifə tutanların deputat olması Konstitusiyaya və Seçki Məcəlləsinə ziddir”


 

“Dövlət qurumlarında vəzifə tutanların deputat olması Konstitusiyaya və Seçki Məcəlləsinə ziddir”<b style="color:red"></b>

Bu gün Bakıda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Seçki Bölməsinin baş məsləhətçisi Riçard Lapp və məsləhətçi Radiovoe Qruiçi Azərbaycanın bir qrup KİV rəhbəri ilə görüşüb.

Qarşıdan gələn parlament seçkilərinin müzakirə olunduğu görüşdə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev və Qadın Jurnalistlər Birliyinin sədri Sevil Yusifova iştirak ediblər.

Görüşdə Azərbaycan mediasının indiyədək keçirilən seçki prosesindəki fəaliyyəti, hazırkı seçkiqabağı mühit, qadınların seçkilərdə iştirakı, normal seçki şəraiti barədə söhbət aparılıb.

Qeyd olunub ki, media seçki prosesinə həmişə həssas yanaşıb, qaynar seçki mühiti mətbuatın marağında olub və proses ətraflı işıqlandırılıb. Seçki prosesində medianın fəaliyyətinə mənfi təsir edən amillər barədə də müzakirə aparılıb. Seçkiqabağı mühiti normal qiymətləndirən Rəşad Məcid seçkidə ən böyük problem və çatışmazlıq sayılacaq məsələyə də toxunub.
 
R.Məcid bildirib ki, Seçki Məcəlləsinin 14-cü, Azərbaycan Konstitusiyasının 85 və 89-cu maddələri dövlət orqanlarında vəzifə tutan və ödənişli əsaslarla çalışan, kommersiya və sahibkarlıqla məşğul olan şəxslərin deputat olmasını qadağan edir. “Amma təəssüf ki, bu gün Azərbaycan parlamentində fərqli bir mənzərə var. Məsələn, indi bəzi dövlət şirkətinin prezidentləri, ali təhsil müəssisələrinin rektorları Milli Məclisin üzvüdür. Eyni zamanda biznes fəaliyyəti ilə məşğul olan bir çox deputat da var” – deyə R.Məcid vurğulayıb.

O bu cür halların seçkidə bərabər rəqabət şəraitini pozduğunu söyləyib: “Həmin şəxslərin bu cür resurslarla seçkiyə qatılması həm Konstitusiyaya və Seçki Məcəlləsinin tələblərinə ziddir, həm də bərabər rəqabət mühitini pozur”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun təmsilçiləri bu günlərdə dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələri ilə çoxsaylı görüşlər keçirdiklərini deyiblər. Onlar səslənən fikirlərin hazırlayacaqları məruzədə yer alacağını söyləyib və təşəkkürlərini bildiriblər.

Modern.az

 





14.08.2015    çap et  çap et