525.Az

Dünyanı bizə, bizi dünyaya yaxınlaşdıran televiziya


 

İTV-nin 10 YAŞINA TAMAŞAÇI SÖZÜ

Dünyanı bizə, bizi dünyaya yaxınlaşdıran televiziya<b style="color:red"></b>

Bugünkü efir məkanımız rəngarəngdir. Yəni kifayət qədər telekanallar var, amma şəxsən mən və mənim yaşıdlarım Sovet dönəmində iki telekanalın yaxşı mənada girovuna çevrilmişdik. Bir özümüzün dövlət televiziyamızın, bir də Moskvanın mərkəzi televiziyasının. Bütün həyatımız efirə çıxışını məhz bu iki kanala nizamlayır, obrazlı desək, ona köklənirdi. Evimizin “danışan və göstərən qutuları” bizi dünyaya həmin o iki kanal vasitəsilə qovuşdururdu. Özü də ölçülü-biçili bir şəkildə. İcazə verilən, həddi göstərilən yerə qədər...

Şükürlər olsun ki, bugünkü müstəqil Azərbaycanın rəngarəng teleməkanı əlimizdəki pultun bütün düymələrini işə salır. Amma neyləmək olar ki, bu bolluq bizi həm seçim qarşısında qoyur, həm də müəyyən mənada bəzən yorur da, bezdirir də. Çünki sayı artan kanalların sanbalı, kəsəri azalıb. Və bu da biz tamaşaçılara, şəxsən mənə seçim etmək, öz kanalım tapmaq imkanı yaradıbdır. Şəxsən mən günün istənilən vaxtında təbii ki, evdə, ailədə olanda dərhal televizorumuzun pultundakı birinci düyməni basıram. Həmin düymə mənim üçün İTV-nin açarıdı. Özü də çox maraqlıdı ki, bu televiziyaya necə kökləndiyimi ailə üzvlərim də bilir. Səmimi etiraf edim ki, pultda bir çox kanalların yerləri dəyişdirilib və hər gün də dəyişdirilir. Yalnız birinci düymədən başqa, çünki o düymə mənə aiddir. Və mən o düyməni basıb İTV məkanına daxil oluram. Özü də nostalji duyğularla həyatımın müəyyən məqamlarını mənə xatırladan, təkrar yaşadan hisslərlə. Və mən bu kanalda öncə “Carçı”nı izləyirəm. Bizim “Carçı”mız məmləkətimizdə baş verənləri özünəməxsus şəkildə, yəni pafossuz, zorla həzm etdirmək gücündən imtina etməklə mənim gözümün önündə sərgiləyir. Ən maraqlı xəbərlərdən tutmuş ən kədərli məqamlara qədər hər şey insanda xof yaratmadan, amma düşündürə-düşündürə xırdalanır. Və “Carçı” öz xəbər buketini dinləyiciyə, tamaşaçıya özünün iştirakçısı olduğu bir auranı yaratmaqla çatdırdığı üçün burda izlənilən xəbərlər sona qədər, yəni hava proqnozu deyilib bitənə qədər kanalın düyməsində dəyişiklik edilmir.

Sonra “Yadigarlar”ı seyr edirəm. Xalqımın, millətimin, Azərbaycanımın aydınlarını yenidən görürəm, yenidən tanıyıram. Və onların barəsində bilmədiklərimi müəlliflərin, aparıcıların, iştirakçıların dilindən eşidirəm. Və mənə elə gəlir ki, mən də o verilişin çəkildiyi salondayam, məkandayam. Mən bütün o deyilənləri, göstərilənləri az qala əlimlə, nəfəsimlə duyuram, hiss edirəm. Bu da televiziyaçıların peşəkarlığının bəhrəsidir, ustalığının nəticəsidir. Və yaxud “Açıq dərs”in tamaşaçısı oluram. Təhsilimizin, məktəblərimizin, dərsliklərimizin durumunu öyrənirəm, mütəxəssislərin fikirlərini eşidirəm. Birbaşa məktəbdən televiziyaya dəvət olunan müəllimin, şagirdlərin fikirləri mənim üçün canlı nümunə olur. Yəni hər kəs özünün bildiyini, özünün gördüyünü danışır. Burda fərziyyəyə, xəyala yol verilmir. Lap o “Dəyirmi masa”da olduğu kimi. Həmsöhbətlər siyasi hadisələrdən tutmuş iqtisadi duruma qədər hər şeyi çox məlumatlı bir şəkildə incələyirlər.

İTV-də mənim üçün ən maraqlı olan məqamlardan biri odur ki, veriliş müəllifləri, aparıcılar tamaşaçılara təqdim etdikləri mövzunu özləri üçün kifayət qədər araşdırıb öyrənirlər. Ona görə də onlar həm qonaqlarla, həm də biz tamaşaçılarla danışanda dolaşmırlar, çaşıb-qalmırlar. Və hiss etdirirlər ki, qabartdıqları mövzunu özləri də bilir, sadəcə məqsədləri özlərinin də bildiyini bizim bildiyimizə qoşub buradan bir çıxış nöqtəsi tapmaqdı. Problemin həlli istiqamətini müəyyənləşdirməkdi. Bu artıq televiziya ilə tamaşaçının bir növ bağlılığıdır, telekörpüsüdür. Və yeri gəlmişkən onu da vurğulayım ki, İTV-dəki “Tele körpü”lər daha maraqlıdır, daha baxımlıdır. Xüsusilə “Yeni gün” proqramında bunu bir tamaşaçı kimi mən daha maraqla izləyirəm.

Əvvəldə xatırlatdığım kimi bu günlərdə 10 yaşı tamam olacaq İTV-nin nostalji proqramları, ədəbi-bədii verilişləri məni özünə daha çox çəkir. Xüsusilə, “Səhər sovqatı” verilişi. Burada təkcə paytaxtda yaşayan ədəbiyyat, mədəniyyət, incəsənət, elm adamları deyil, həm də bütün ölkənin təmsilçiləri öz sovqatları ilə qonaq olurlar. Bu da həmin verilişin səbirsizliklə gözlənilməsinə, bir növ ipucu olur. Üstəlik televiziyanın sənədli, elm verilişləri, filmləri nümayiş etdirməsi, Azərbaycan təbiətinin rəngarəngliklərini tamaşaçı evinə gətirib çıxarması bu kollektivdə çalışanların bacarığını, qabiliyyətini açıb göstərir. Azərbaycan filmlərinin nümayişi xüsusilə biz yaşda olan tamaşaçıların zövqünü daha çox oxşayır. Çünki bu həm də keçmişə bir baxışdı, xatirədir.

Ümumiyyətlə, 10 yaşlı İTV yarandığı gündən qarşısına qoyduğu məqsədə, yəni ictimaiyyətin televiziyası olmaq məqsədinə hər gün daha çox yaxınlaşır, daha çox ictimailəşir. Bunu teledebatlarda da rahatca görmək, izləmək mümkündür. Mən bir söz adamı, mətbuat işçisi və nəhayət, bir vətəndaş və tamaşaçı kimi hər gün izlədiyim İctimai Televiziyanın “Musiqi boğçası”ndakı xalq musiqisini, folkloru, aşıq yaradıcılığına olan simpatiyamı çox yüksək dəyərləndirirəm. Və düşünürəm ki, uğurlu bir yolda olan televiziyamız bizim sözümüzü deyir, bizim özümüzü göstərir və bizim adımızdan danışır. O, bizi həm özümüzə, həm də dünyaya göstərir. Üstəlik o həm də bizə dünyanı tanıdır, dünyanı bizim evimizə çəkib gətirir. Bax, bütün bunlar üçün 10 yaşlı televiziyamıza, onun rəhbərliyinə, yaradıcı kollektivinə səmimi və ürəkdən gələn “Var olun!” sözlərini ən yaxşı alqış və dua kimi səsləndirirəm. Və deyirəm ki, sükanı bu cür də saxlayın!

Əbülfət MƏDƏTOĞLU

 





17.08.2015    çap et  çap et