525.Az

Muğanna mərtəbəsi və ya milli nəsrimizdə İsa Hüseynov mərhələsi


 

Muğanna mərtəbəsi və ya <b style="color:red">milli nəsrimizdə İsa Hüseynov mərhələsi</b>

XVI yüzillikdə Migel de Servantesin "Lamançlı Don Kixot"la birgə yaraqlanıb dünya səyahətinə çıxması Avropa ədəbiyyatını ardı-arası kəsilməyən "cəngavərlik romanları" sindromundan xilas etdi.

Servantes Don Kixot obrazını canlandırmaqla macəra ədəbiyyatının avantürist təqlidçiliyini məhv etdi.

Sənətkarın özünəironiya, özünüparodiya kimi ədəbi fəndləri uğurla nəticələndi. "Don Kixot"un əda və davranışlarındakı daxili siqlət, sarkazm cəngavərlik romanlarına endirilən öldürücü qılınc zərbələri (öz silahları ilə) olmaqla yanaşı, dünya ədəbi nəsrinin şah əsərlərindən birinin yaranmasına da səbəb oldu.

Milan Kundera "Servantesin xor görülən mirası" adlı essesində yazır: "Tanrı kainatı və dəyərlər nizamını idarə etdiyi, yaxşını pisdən ayırdığı və hər şeyə bir məna verdiyi yeri  yavaş-yavaş tərk edərkən Don Kixot evindən çıxdı və artıq dünya tanınmayacaq hala gəldi. Dünya ilahi hökmün yoxluğunda birdən şübhəverici bir bulanıqlığın içində qaldı: vahid  ilahi həqiqət insanların bölüşdüyü yüzlərlə nisbi dəyərlərə parçalandı.

Beləcə, müasir dövrün dünyası, onunla birlikdə əks olunması və modeli olan roman doğuldu".

Qənaətimizcə, Servantes olmasaydı, böyük Avropa romanı tarixi də olmayacaqdı. XX yüzillikdə isə, Azərbaycan ədəbiyyatı Sovetlər rejiminindəki vahid yaradıcılıq metodu olan "Sosializm realizmi"nin prinsip və kanonları zindanına həbs edilmişdi (Ədəbiyyatımız Anarın "Ağ liman" povestindəki trolleybus əhvalatına bənzəyirdi. Trolleybus haqqında maraqlı, intellektual söhbət açan Anar Sovet insanı və ədəbiyyatının birxətli, yeknəsək vəziyyətini eyni xətt üzrə hərəkət etmək məcburiyyətində olan "trolleybus" metaforasında mənalandırmışdı). "Sosializm realizmi" total,  senzuralı, ideoloji mahiyyətli  yaradıcılıq prinsipləri əsasında tələblər irəli sürürdü: Ədəbiyyat həyatı realistcəsinə təsvir və tərənnüm etməli, amma bütün bunlar inqilabi inkişaf fonunda olmalı idi. Ədəbiyyatda partiyalılıq, sinfi bərabərliyin mübarizə tarixi  kimi "sosializm realizmi" düsturlarına "Qəhrəman" (Əli Vəliyev), "Səhər" (Mehdi Hüseyn), "Saçlı" (Süleyman Rəhimov) və başqa onlarla romanlarda artıqlaması ilə əməl olunurdu. Bu tip romanlara baxışımızı əsaslandırmaq üçün yenidən Kunderanın fikirlərinə müraciət edək: "...Bu romanlar artıq varlığı fəth edə bilmirlər.

Yaradılışla bağlı yeni olan ən kiçik qırıntı dəxi kəşf etmirlər. Sadəcə daha əvvəl deyilmiş olanları təsdiqləyirlər, dahası: yaradılma səbəbləri, zəfərləri, özlərinə aid cəmiyyətə faydaları, deyilənin (deyilməsi lazım olanın) təsdiqlənməsindən ibarətdir. Heç bir şey kəşf etmədikləri üçün mənim roman tarixi dediyim kəşflər zəncirinin davamlılığına daxil ola bilmirlər. Onlar bu tarixin xaricində qalırlar, yaxud başqa bir deyimlə bunlar, roman tarixinin sonundan sonrakı romanlardır". Milan Kundera bu fikirləri Sovet ədəbiyyatının müəyyən bir dövrünə aid olan romanlar haqqında səsləndirmişdi. Əlbəttə ki, Əli Vəliyev və Süleyman Rəhimov Azərbaycan nəsrinin ən istedadlı nümayəndələrindəndi. Xüsusilə, Süleyman Rəhimovun poetik istedadı bədii nəsr tariximizdə bənzərsiz yerə malikdir. Ancaq Azərbaycan Sovet ədəbiyyatının "Sosializm realizmi" dövrünün (xüsusən,1930-1950-ci illər) istedadlı sənətkarı Süleyman Rəhimov yaradıcılığında "Sovet gerçəkliklərinin" patetik təbliği və oxucuya "işıqlı gələcəyin" injektə edilmə çabası ilə qarşılaşırıq. Bu dövrdə yazıçı hansı mövzu və dövrdən yazmasından asılı olmayaraq sinfi bərabərlik və inqilab mübarizəsini canlandırmalı idi. Yazıçılar, sanki real olmayan, saxta Sovet insanı obrazları yaratmaqda bir-birilə yarışa girmişdilər. Ədəbi tənqid bədii əsərlərdə qəhrəmanların inqilab mübarizəsi və qələbəsinin qısa vaxt ərzində inikasının zəruriliyini müzakirə edirdi. Yəni, Sovet insanı şəninə yaraşan bir şəkildə, daha qısa zaman müddətində  inqilabi mübarizə yolu keçməli və zəfər qazanmalıydı.

Ədəbiyyatımızın böhran çağında "Yanar ürək" hərarət və cəsarətinə ehtiyac var idi. İsa Hüseynov "Yanar ürək" romanı ilə saxta və lazımsız tabuları qırma cəsarəti sərgilədi: o, raykom katibi Sultan Əmirlinin iyrənc simasını canlandırdı. Yüksək sinli Sovet məmurunun mənfi obrazını yaratmaq ədəbi ictimaiyyətdə şok effekti yaratdı. Yazıçı hadisələrə səthi yanaşmaqda ittiham olunurdu. İsa Hüseynov sosial problemləri, həyat həqiqətlərini xalqın taleyi ilə üzvi şəkildə əlaqələndirirdi. Bir tərəfdə məzlum xalqın güzəranı, qarşı tərəfdə isə zalım vəzifə sahibinin haqsızlıqlarla dolu özbaşınalıqları, Sovet despotizmi ədəbiyyatın predmetinə çevrilmişdi.  Sultan Əmirli obrazı Sovet idarəetmə sisteminin əxlaq və əqidəsini təmsil edirdi.

O, fərdi xarakter keyfiyyətləri olmaqla yanaşı, vəzifəsindən istifadə edərək hər kəsi sözsüz itaətə məcbur edən məmurların ümumiləşmiş obrazı idi. Ədalətsiz Sovet məmurları Sultan Əmirli obrazının xarakterində təcəssüm olunurdu. "Yanar ürək" romanının ən böyük uğuru həqiqətin mahiyyətinə varmaq və dövrün ictimai kolliziyasına ədəbi  şərh verə bilmək qənaəti idi. İsa Hüseynov "Yanar ürək"lə sosializm realizmi ilğımlarında can verən ədəbiyyatımıza  həyat verdi.

Yeni cığırlar açan arx

Azərbaycan Sovet nəsrində keyfiyyət dəyişiminin lokomotivi sayılan "Yanar ürək" romanından söhbət açarkən "Arx" hekayəsini də xatırlamalı oluruq. İsa Hüseynov nəsri ilkin və əsaslı rüşeym halında "Arx" hekayəsi ilə təzahür edir. 19 yaşlı gənc İsanın ilk qələm təcrübəsi "Arx"da müharibə dövründə unudulmuş, tək yaşayan, əri və yoldaşı cəbhəyə gedən qadının- Nənəm-nəhrənin (ayamasıdı) həyatına işıq salınır. Ağır müharibə şəraitində gözünü həyətindəki qarğıdalılara dikən Nənəm-nəhrənin qarğıdalılarını sulayan adam tapılmır: "Kişili evlərin adamları gecələr pambığın suyundan oğurlayıb qapılarını sulayardılar. Səhərisi kolxoz sədri ilə cuvar qışqır-bağır salanda kişilər topalama qabaqlarına çıxıb ikisinin də səslərini batırırdılar.
Nənəm-nəhrə isə elə həmişə yalvardığına görə, yəni gecələr su oğurlamayıb gündüzlər də hərbə-zorba gəlmədiyinə görə, dediyim kimi, qarğıdalısı yanırdı... Yazıq arvad ac qalacaq...". Əlacsız qalan Nənəm-nəhrə pambıq sahəsinə axan arxın içində oturub suyun axınını səhərə kimi öz qarğıdalı sahəsinə yönəldir.

"İki yüz kilo çəkisi" olan Nənəm-nəhrəni arxdan çıxarmağa kolxoz sədri və cuvarın gücü çatmır: "Sonra baxdım ki, kolxoz sədri boynunu bir yanda büküb durub, cuvar o biri yanda. Tərpədəmmirik, tərpədəmmirik, - deyirdilər... Gün doğanda sudan çıxıb özünü günə verib ki, titrəməsi kəssin. Kəsməyib. Yazıq elə orda, arxın qırağındaca ölüb". Bəli, əslində insani hisslərin iqtidarsızlığı Nənəm-nəhrəni yerindən tərpədə bilmir. Yazıçı  kolxoz sədrlərinin, kişili evlərin canını arxlara tapşıran qadınları - nərəm-nəhrələri unutmalarının faciəsini göstərir. Bircə səhifəlik hekayə müharibənin doğurduğu böyük fəlakətlər miqyasında əks olunur. Nənəm-nəhrənin cismani ölümü  kişiliyin, mənəviyyatın, insaniyyət duyğusunun ölümü kimi mənalanır. Böyük Mirzə Cəlildən sonra pafosdan uzaq, insaniyyət məkəzli, həyatın müstəqil bədii təhlilini verən nəsr nümunəsi İsa Hüseynovun qələm məşqində özünü göstərir. İsa Hüseynovun "Arx"ı nəsrimizin mahiyyət axarının yeni ədəbi kəşflərə doğru yönəlməsində başlanğıc rolunu oynayır.

(Ardı var)

Ülvi BABASOY

 





18.08.2015    çap et  çap et