525.Az

Nabranda beşulduzlu otel fəaliyyətə başlayıb - Fotolar


 

"SİLKWAY TRAVEL" JURNALİSTLƏRİ İSTİRAHƏT MƏRKƏZİ İLƏ TANIŞ EDİB

Nabranda beşulduzlu otel fəaliyyətə başlayıb - <b style="color:red">Fotolar</b>

"SilkWay Travel" turizm şirkəti Nabranda yeni istifadəyə verilən "River İnn Boutique SPA" otelinin təqdimatı keçirilib. Bununla əlaqədar şirkət avqustun 14-də istirahət mərkəzində jurnalistlər üçün infotur təşkil edib.

Otelin baş meneceri Vladimir Nikov 81 nəfərlik personalla avqustun 7-dən fəaliyyətə başladıqlarını, il boyu xidmət göstərəcəklərini bildirib. Baş menecerin sözlərinə görə, hər mövsümdə otel 40 faiz dola bilsə, bunu artıq uğur hesab etmək olar.

Otelin marketinq meneceri Səadət Məmmədova isə istirahət mərkəzi barədə daha ətraflı məlumat verib: "İstirahət mərkəzinin əsas binasının on üç nömrəsi var. Əlavə üç villa ilə birlikdə isə müştəriləmizə otuz beş nömrə təqdim edə bilərik. Villalarda maksimum yeddi nəfər qala bilər. Hələlik otel yerli turistləri özünə cəlb edə bilib. Lakin payızdan etibarən əcnəbilərin də "River İnn"ə üz tutmasını təmin etmək üçün müxtəlif aksiyalar həyata keçirəcəyik".

S.Məmmədova əlavə edib ki, bu istirahət mərkəzi Xəzər dənizinin sahilboyunda və relikt meşələrin əhatəsində yerləşir ki, bu da hər bir turistin istəklərini təmin etməyə imkan yaradır: "River İnn" ərazisində hər kəsi əsl istirahət və unudulmaz təəssüratlar gözləyir. Arzu edənlər beşulduzlu otelin SPA mərkəzində güc və qüvvət verən, enerjini artıran prosedurlar ala bilərlər. Düzgün həyat tərzi həvəskarları üçün bizim aşbazlar xüsusi menyular təklif edirlər. Bədən üçün prosedurların qəbulu ilə yanaşı, açıq hovuzda üzmək və ya günəş vannası qəbul etmək üçün şərait yaradılıb".

Bundan əlavə, istirahət mərkəzində fitnes zalı, açıq və qapalı hovuz, boulinq və bilyard zalı, oyun avtomatları və kinozalın olduğu əyləncə mərkəzi də var. Eyni zamanda, oteldə ailəvi istirahət etmək üçün gələn qonaqların uşaqlarının asudə vaxtını xoş keçirməsi üçün bağça da fəaliyyət göstərir.

Marketinq menecerinin bildirdiyinə görə, "River İnn Boutique Spa" oteli qonaqlara "Yeni ailə quranlar üçün", "Toy", "Korporativ", "SPA", "Şərab Dequstasiyası" və "Ailəvi İstirahət" paketi təklif edir.

S.Məmmədovanın sözlərinə görə, gələcəkdə otel ərazisində diskoteka mərkəzi və dayə nəzarətli uşaq otaqları yaradılacaq və çimərlikdə otelin qonaqları üçün xüsusi ərazi salınacaq.

Qiymətlər isə otaq növləri və qonaq sayına görə müəyyənləşir. Villalarda 1 günlük yerləşmənin qiyməti 400-800 manat arasında dəyişir. Səhər yeməyi daxil olmaqla bir nəfərlik standart otaqda bir günlük qalma qiyməti 150 manat təşkil edir. 2 nəfərlik otaqlarda isə gecələmə 200 manata başa gəlir. Burada 6 -12 yaşlı uşaqlar üçün 50 faiz endirim də tətbiq edilir.

Qeyd edək ki, bu fürsəti yerli və xarici turistlərə təqdim edən "SilkWay Travel" şirkəti 2008-ci ildən fəaliyyətə başlayıb və "Azərbaycan Hava Yolları" aviaşirkətinin eksklüziv agentidir. Azərbaycana reyslər yerinə yetirən bütün aviaşirkətlərlə agent müqaviləsi bağlamış "SilkWay Travel" hava daşımaları satışının təşkili sahəsində aparıcı mövqeyə malikdir. Bundan əlavə, şirkətin həm Azərbaycanda, həm də başqa ölkələrdə öz nümayəndəlikləri və satış məntəqələri fəaliyyət göstərir. Hər il "SilkWay Travel" 10-15 min turistin xaricə səfərini təşkil edir və xaricdən də bir o qədər qonaq qəbul edir. Bununla da şirkət təyyarə biletləri, otellərin bronlaşdırılması və sifarişi, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi və aeroporta çatdırma, viza dəstəyi, alpinizm, sağlamlaşdırıcı turizm, ovçuluq və balıqçılıq da daxil olmaqla, müxtəlif istirahət növləri üzrə turpaketlərinin formalaşdırılmasını öz üzərinə götürür.

Ceyhun ABASOV

 





18.08.2015    çap et  çap et