525.Az

Muğanna mərtəbəsi və ya milli nəsrimizdə İsa Hüseynov mərhələsi


 

Muğanna mərtəbəsi <b style="color:red">və ya milli nəsrimizdə İsa Hüseynov mərhələsi</b>

(Əvvəli ötən sayımızda)

Yeni nəsrin ən səciyyəvi cəhətlərindən biri avtobioqrafik cizgilərin qabarıqlığı ilə zəngin olması idi.

Xatırlamalar İsa Hüseynovun oçerklərində dolğun bədii mənalandırmalar, doğma, məhrəm hisslərin emosional ifadəsi kimi dəyər qazanırdı. Yazıçının ilk çap olunan hekayələri Şolloyun (balaca İsanı cəbhədə vəfat edən atası belə çağırarmış) dilindən nəql olunur. Şolloyun həyata saf və məsum baxışı ilə "doğma və yad adamlar"ın taleyi ədəbiyyata gətirilirdi. Nəsrin inikas sərhədləri daraldıqca insanın daxili aləminə nüfuz meyli güclənirdi. İsa Hüseynov "Ömrümdə izlər" ("Tərcümeyi-hal əvəzinə" adlı yazısında oçerk-hekayələrinin həyat və yaradıcılığında buraxdığı dəruni izlərdən böyük həyəcan hissi ilə söhbət açır: "Çap olunmağa başladığım ildən bir fakt. Mehdi Hüseyn: "Səni tənbeh eliyəcəm. Oçerkdə niyə öz atandan yazmısan?" Mən: "Çünki atamı yaxşı tanıyıram". Bu mükalimə isə mənim bütün yaradıcılığım üçün epiqraf ola bilər".

İllər keçir, həyat dəyişir, təbii mən də dəyişirəm; babamın uzaq dağlar qoynunda sahibsiz qəbri, düşmən gülləsindən həlak olmuş əmilərimin, ömrü boyu, öz dediyi kimi, "el üçün çalışıb" bu yolda həlak olmuş atamın və onunla yanaşı yatan əziz, doğma adamların türbələri məndə zamanlar və adamlar haqqında yeni-yeni düşüncələr doğurur. Mənim tərcümeyi-halım bu düşüncələrdir.

Düşüncələrdən kitablar əmələ gəlir; bu günə qədər nə yazmışamsa, hətta tarixi mövzuda təcrübə etdiyim yazılar da öz tərcümeyi halımdan doğulmuşdur. Yazıçı öz ürəyini, öz beynini yazmırsa, səmimi deyil. Səmimi deyilsə, yazıçı deyil".

Ədəbiyyat üfüqlərində doğan günəş

Ədəbiyyatımızın konservativ ab-havası "Saz" povestinin poetik təravəti və yeni estetik ideal axtarışı ilə əvəz olunur. İsa Hüseynov qələmi "Saz"la püxtələşir. "Sazı"ın yanıqlı səsi qəflət yuxusunda olan müasir insanımızı oyadır, milli mənəviyyatımız, insanlıq duyğularımız daxili çürümə, məhvolma təhlükəsindən xilas olur. Povestdə Sovet inzibati orqanlarında çalışan Qılınc Qurbanla xalq əqidəsinin, dünya görüşünün daşıyıcısı İsfəndiyar kişi xarakterləri qarşılaşdırılır.
 
Bu qarşılaşdırma hər hansı gərgin dramatizmdən, əməli toqquşmadan doğmur, hər iki obrazın mənəvi-psixoloji vəziyyəti, cəmiyyətdəki mövqeləri, insanlarla münasibətləri onların şəxsiyyətlərini sərgiləyir. İki oğlunun ikisini də cəbhəyə yola salan İsfəndiyar kişi mehrini nəvələrinə salır, gününü nəvələri ilə birlikdə keçirir. İsfəndiyar kişi öz sevgi və qayğısını gəlinlərinə olan münasibətdə də əskik etmir. Gəlinlər də öz növbələrində İsfəndiyar kişiyə doğma ata məhəbbəti və ehtiramı ilə yanaşırlar. İsfəndiyar kişi öz ailəsinə qayğı göstərdiyi kimi bütün kənd əhli ilə eyni nəcib hisslərlə ünsiyyət qurur. Sovet sədri Qılınc Qurban isə insanlara öz fikirlərini, öz hökmünü yeritməklə məşğul olur. Qılınc Qurban vəzifə səlahiyyətlərinə arxalanaraq insanların həyatına istədiyi kimi müdaxilə edə biləcəyini düşünür. Qılınc Qurban İsfəndiyar kişinin evinə gəlib-gedən, bütün dərdlərini onunla paylaşan feldşer Hacını namussuzluqda ittiham edir.

O iddia edir ki, Hacının İsfəndiyar kişinin gəlinlərində gözü var (Hacı müharibədən əvvəl İsfəndiyar kişinin oğlanları Rəhmanla Bəhmənin ailə qurduğu qızlarla evlənmək istəyir. Əvvəlcə böyük bacı Pəri ilə ailə qurmaq istəyir ki, İsfəndiyar kişinin böyük oğlu Rəhman onunla evlənir.
 
Daha sonra kiçik bacıya meyl edəndə kiçik bacı Tubunun dəmirçi İsfəndiyarın kiçik oğlu Bəhmənlə "alışıb-verişdiyini" görür). Ancaq Hacıya və gəlinlərinə güvənən İsfəndiyar kişi bu cür rəzil bir böhtanı ağlına belə gətirmir. Qılınc Qurban Hacıya namussuz damğası vurub onu kəndin "dustaq damı"na həbs edir. Qılınc Qurbanın böyüklük, ağsaqqallıq iddiası insanlara narahat, şübhəli baxışlarında, vəzifə və qılınc gücü ilə öz istəklərini həyata keçirməsində ifadə olunur. İsfəndiyar kişiyə isə hökmlü ağsaqqallıq, böyüklük düşüncəsi yaddır. Onun insanlarla ürəyəyatımlı münasibəti, təvazökarlığı böyüklüyü, el ağsaqqalı olması kimi mənalanır. İsfəndiyar kişi el-obanın hər cür qınaq və tənələrini gözə alaraq feldşer Hacını "dustaq damı"ndan xilas edir. Çünki o Hacıya inandığı kimi, kənd əhlinin onu başa düşəcəyinə də ümid edir.

İsa Hüseynov saflıq, dürüstlük, humanistlik kimi insani duyğuları ən yüksək səviyyədə yaratmış olduğu ən uğurlu xarakterdə - İsfəndiyar kişidə təcəssüm etdirir. "Saz" povestində insani hiss və münasibətlər, əxlaq və mənəviyyat məsələləri tədqiq edilir. Hacı obrazını isə mənəvi təmizlik və məsumluğun mücəssəməsi adlandırmaq olar. Hacı kiminsə namusuna göz dikməyi xəyalına belə gətirməyəcək qədər, çirkin əməl və davranışlardan uzaq birisidir. Yaşı qırxı ötən bu tənha insan kəndi ağcaqanadlardan təmizləmək üçün çalışıb-vuruşur. Hətta bunun üçün suya girib-çıxmaqdan ağır "revmatizma" xəstəliyinə tutulur. Hacıya əzab verən cismani ağrıları deyil, elin-obanın gözündə namussuz kimi tanınmaq qorxusudur. Hacı ilə bərabər şərə, böhtana məruz qalan insanlar İsfəndiyar kişinin gəlinləridir. Ağır müharibə şəraitində kolxozda öz alın tərləri ilə işləmələri, ömürlərinin gənclik çağlarını həyat yoldaşlarının əmanətləri olan övladlarına həsr etmələri bizlərdə Pəri və Tubuya qarşı açıq rəğbət və razılıq hissi yaradır. "Saz" povestinə qədər ədəbiyyatımız bu nisbətdə insan mənəviyyatının bədii tədqiqatını aparmamışdı. İsa Hüseynov nəsrimizdə novatorluğu forma axtarışında deyil, məzmun keyfiyyətində etdi. "Saz" povesti Qılınc Qurban və İsfəndiyar kişi qütblərinin məxsusi xarakter keyfiyyətlərini, mənəviyyatlarını bədii inikasın işığında aşkar etməsi ilə yeni sayılırdı. "Saz" povesti Pəri və Tubu kimi qız-gəlinlərimizin əxlaqi ucalığını fəth etməsi ilə dəyərli idi.

"Saz" povesti müharibənin doğurduğu çətinliklərin sazın yanıqlı ifasıtək ifadə edə bilməsi ilə bənzərsizdi.

İsa Hüseynovun "Saz" povesti nəsrimizin məzmununa yeni atmosfer, yeni həyəcan qazandırdı. Gənc nəslin ədəbiyyatın yeni axarına qoşulması sürətləndi. Əsərdə saz obrazı qabarıq verilməsə də povestin hər bir cümləsinin dərununda sazın yanıqlı və doğma səsini eşidirik. Povestin poetikası kədərli saz havalarının simləri üstə köklənib. "Saz" povesti ilə "ədəbiyyat üfüqlərində günəş doğdu!" Bu günəşin adı: İsa Hüseynovdur.

Maddi və mənəvi ekologiya

"Teleqram" povestində ekoloji aləmin, ətraf mühitin qorunması insan təbiəti ilə, mənəvi ekologiyanın təmizliyi ilə əlaqələndirilir. Bakıda yaşayan, jurnalist Zəlimxan qəfildən qardaşı Qaraxandan atasının xəstə olması ilə bağlı teleqram alır. Ancaq Zəlimxan kəndə gələndə tamam fərqli bir mənzərə ilə qarşılaşır: Atası Sabit Mayılov xəstə deyil, əslində Zəlimxanı əvvəllər sevib-ayrıldığı raykom katibi Əziz Mayılovun gözünün ağı-qarası bircə qızı Zümrüdlə evlənməyə çağırıblar. Belə bir yalan da uydurulur ki, Zəlimxan Zümrüdlə evlənməsə, Əziz Mayılov altı qız atası Qaraxanı həbs etdirəcək. Zəlimxanın qəti etirazı evə gətirilən Zümrüdün şəhərə-ata evinə qaçması ilə nəticələnir. Zəlimxan kənddə yaşadıqca, meşəni gəzdikcə çox dəhşətli hadisələrə şahid olur: O, əvvəllər yamyaşıl, sıx ağaclarla örtülü meşənin gündən-günə məhv edildiyini, kimlərinsə qazanc mənbəyinə çevrildiyini görür. Bu fəci hadisədə Zəlimxanın gərgin, mənəvi sarsıntılar yaşamasının ən böyük səbəbi meşəni məhv edənlərin onun öz doğma ailəsinin, qardaşı Qaraxan və əmisi Kərəmin olmasıdır. O, insanlığın öz uca xislətindən bu dərəcə yadlaşa, cılızlaşa biləcəyini qəbul edə bilmir. Zəlimxan maddi və mənəvi ekologiyanın harmoniyasını tənzimləməyə çalışır. Təbiətin saf, işıqlı, büllur xisləti Zəlimxanın şəxsiyyəti, daxili aləmi ilə eyni ovqatda məna kəsb edir. O düşünür ki, uşaqkən etdiyi faciəvi əmələ (1942-ci ildə Zəlimxanın əlində açılan beşaçılan Qaraxanın 3 yaşlı oğlunun ölümünə səbəb olur) rəğmən sevilib-əzizlənməsi, adına qoç qurbanlar kəsilməsi, ali məktəbdə oxudulması ona görə idi ki, "bugünkü gün yetişdikdə qaqaşın (Zəlimxanın), etirazı, üsyanı yenə qırx ikinci ili xatırlatsın?!"

(Ardı var)

Ülvi BABASOY

 





19.08.2015    çap et  çap et