525.Az

"Hərbi sirr xarakterli məlumatlar yenidən yayılmağa başlayıb"


 

AYDIN MİRZƏZADƏ: "MÜDAFİƏ NAZİRLİYİ İLƏ BAĞLI SPESİFİK MƏLUMATLARIN VƏ TƏSDİQLƏNMƏMİŞ İNFORMASİYALARIN YAYILMASI ÇOX TƏHLÜKƏLİDİR"

"Hərbi sirr xarakterli məlumatlar yenidən yayılmağa başlayıb"<b style="color:red"></b>

"Bugünlərdə Azərbaycan Müdafiə Nazirliyində bəzi idarə rəislərinin işdən çıxarılması haqqında xəbərlər yayılıb. Bu o deməkdir ki, mətbuatda yenidən ordumuzla bağlı məlumatların dərc edilməsi dalğası başlayıb".

Bu sözləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, mətbuatda açıq şəkildə idarələrin tam adları, rəhbərlərinin hərbi rütbəsi, ad və soyadları göstərilməklə siyahı dərc edilib: "Bu siyahıda bircə həmin şəxslərin ev ünvanları və mobil telefon nömrələri çatışmır.

Mən Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini olsam da, həmin idarələrin tam adlarını, mövcudluğunu və rəhbərlərinin adlarını birinci dəfədir ki, bu xəbərlərdən oxudum".

A.Mirzəzadə hesab edir ki, hərbi sahədə belə tam və müfəssəl məlumatların yayılması dövlət sirrinin yayılmasıdır və birbaşa düşmənin maraqlarına xidmət edir: "Ermənistanın müəyyən dövlət orqanlarının Azərbaycanın bəzi saytlarının məlumatlarını gündəlik izləməsi kifayətdir ki, istədikləri məlumatları əldə etsinlər.

Bu sahədə məsuliyyət məsələsinin gücləndirilməsinin tərəfdarıyam. Azərbaycan qonşu Ermənistanla müharibə vəziyyətindədir. Düşmən bizə ziyan vurmaq və problemləri çoxaltmaq üçün bütün imkanlardan istifadə edir. Bu vəziyyətdə hərbi nazirliyimizlə bağlı spesifik məlumatların və təsdiqlənməmiş informasiyaların yayılması çox təhlükəlidir. Ona görə də, belə həssas məsələlərdə mətbuat da ehtiyatlı olmalı, hətta hansısa bir hərbi xarakterli məlumata malik olsa da onun yayılmasının ölkəmizə hansı zərər vuracağının məsuliyyətini dərindən dərk etməlidir. Ötən il bununla bağlı ölkə mətbuatında xeyli müzakirələr getdi və milli mətbuatımız hərbi məsələdə ümumi bir mövqedən çıxış etməyə başladı. Ancaq görünür son günlər hansısa KİV-lər sensasiya və ucuz şöhrət naminə yenidən hərbi xarakterli məlumatlar yaymağa başlayıblar".

Ceyhun ABASOV

 





20.08.2015    çap et  çap et