525.Az

Veteranlar cəbhə bölgəsindən qayıdıblar


 

KEÇMİŞ DÖYÜŞÇÜLƏR ƏSGƏRLƏRLƏ BİRGƏ ÖN SƏNGƏRDƏ GECƏ DÖYÜŞ NÖVBƏSİNDƏ DURUBLAR

Veteranlar cəbhə bölgəsindən qayıdıblar<b style="color:red"></b>

Bir qrup Əfqanıstan müharibəsi veteranı cəbhə bölgəsindən qayıdıb. Onlar səfər zamanı keçirdikləri görüşlərin yekunu olaraq Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mənzil qərargahında hesabat xarakterli mətbuat konfransı təşkil ediblər. İlk olaraq tədbir iştirakçıları səfər anlarını əks etdirən videoçarxla tanış olublar.

"Azərbaycan Əfqanıstan Veteranları" İctimai Birliyinin (İB) sədri, Qarabağ müharibəsinin iştirakçısı Məhəmməd Vəliyev təəssüratlarını bölüşərək qeyd edib ki, bu səfər unudulmaz və yaddaqalan tarixi hadisəyə çevrilib. Onun sözlərinə görə, Müdafiə Nazirliyinə yeni rəhbər təyin olunandan sonra cəbhə bölgəsinə gedib oradakı əsgərlərin vəziyyətiylə tanış olmağa müvəffəq olublar: "Bir həftə davam edən səfər çərçivəsində biz - keçmiş beynəlmiləlçi-döyüşçülər Tovuz, Qazax, Gədəbəy, Ağdam, Tərtər, Goranboy bölgələrində yerləşən hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli əhalisi ilə görüşüb, düşmənlə təmas xəttində xidməti şəraitlə tanış olub, gənc əsgərlərlə müxtəlif hərbi peşələr üzrə nümunəvi dərslər keçib, əsgərlərlə birgə ön səngərdə gecə döyüş növbəsində durmuşuq". Müharibə veteranı deyib ki, səfər zamanı dəfələrlə Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejiminin pozulduğunun şahidi olub düşmənin susdurulmasında da yaxından iştirak ediblər.

Cəbhə bölgəsinə növbəti dəfə səfərlər edəcəklərini bildirən İB sədri dövlətimizin bütövlüyü naminə ordu-xalq birliyinin daha da möhkəmləndirilməsinin vacib olduğunu vurğulayıb: "Azərbaycan əsgəri qəhrəmanlıq nümunələri göstərərək cavab atəşləri ilə düşməni susdurur, kəşfiyyat-təxribat qrupları əvvəlcədən aşkarlanaraq qarşısı mərdliklə alınır. Təxribat uçuşları edərək hava məkanımıza daxil olmuş düşmən helikopterinin vurulması, bir neçə pilotsuz uçuş aparatının məhv edilməsi bütün xalqımız kimi bizi də sevindirir".

Əfqanıstan müharibəsində iki "Qırmızı Döyüş Bayrağı" ordeninə layiq görülən ehtiyatda olan zabit Şakir Əhmədov bildirib ki, bu cür səfərlər həm hərbi hissələrin şəxsi heyətinin, həm də yerli əhalinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində müstəsna rol oynayır: "Əfqanıstan müharibəsi veteranları böyük qüvvədir, ölkənin ictimai-siyasi həyatında, Silahlı Qüvvələrin şəxsi heyətinin, xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, onların orduya hazırlanmasında mühüm rola malikdir".

"Qırmızı Ulduz" ordenli Əbülfət Hüseynov qeyd edib ki, onlar cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olarkən bir daha əmin olublar ki, erməni hərbçiləri Azərbaycan əsgərindən qorxur, ehtiyat edir: "Çünki düşmən tərəfi Azərbaycan ordusunun peşəkar hazırlığından xəbərdardır, onun nəyə qadir olduğunu bilir. Bu gün Silahlı Qüvvələrimizin hər bir əsgərində böyük ruh yüksəkliyi var. Hərbçilərimiz maddi-texniki təminatı, silahla təchizatı yüksək səvviyyədə təmin olunur. Əminliklə deyə bilərəm ki, Silahlı Qüvvələrimiz Qarabağ uğrunda döyüşə tam hazırdır".

"İgidliyə görə" medalı ilə təltif olunan Məhiyyəddin Rüstəmov Əfqanıstan müharibəsi veteranlarının Qarabağda gedən döyüşlərdə iştirakından danışıb. Həmin dövrdə vahid komandanlığının olmadığını, vətənpərvər oğulların könüllü şəkildə müharibəyə atıldıqlarını xatırladan veteran hazırda vəziyyətin tamam fərqli olduğunu, dövlətimizin günü-gündən inkişaf etdiyini, vahid komandanlıq əsasında ordumuzun sürətli inkişaf yolu keçdiyini vurğulayıb. Onun sözlərinə görə, keçən əsrin sonlarından fərqli olaraq müasir dövrümüzdə Azərbaycan ordusunda əsgərlərin mənəvi-psixoloji hazırlığı da yüksək səviyyədədir.

Ehtiyatda olan zabit Cəlil Xəlilov hesab edir ki, əsgərlər onların arxasında böyük hərbi təcrübəyə malik veteranların dayandığını hiss etməlidir: "Hətta qeyd edərdim ki, Azərbaycan əsgərinin arxasında bütöv xalq dayanır. Ona görə də bu missiyanın davam etdirilməsinə böyük ehtiyac var. Qələbənin tez bir zamanda əldə olunması üçün hər kəs əlindən gələni etməlidir. Azərbaycan ordusunun hər bir üzvü bir daha əmin olmalıdır ki, onlar düşmənlə mübarizədə tək deyillər. Onların arxasında xalq və dövlət var. Sevindirici haldır ki, Vətənimizin oğulları artıq hərbi xidmətini yerinə yetirməyə məcburi qaydada deyil, həvəs, fəxr, böyük ruh yüksəkliyi ilə yola düşürlər. Bu, əlbəttə ki, dövlət səviyyəsində ordu quruculuğuna verilən dəstək və mövcud inkişafdan xəbər verir".

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani isə qeyd edib ki, Əfqanıstan müharibəsi veteranlarının cəbhə bölgəsinə səfəri əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradıb. Onun sözlərinə görə, əsgəri güllə öldürmür, biganəlik, diqqətsizlik və qayğısızlıq öldürür: "Ona görə də, heç kəs vətənin keşiyində duran igid oğullarımızı unutmamalıdır. Çünki bizim əsas problemimiz Dağlıq Qarabağ torpaqlarının işğal altında olmasıdır. Bu problemin həlli üçün ordu ilə xalqın birliyi vacib amildir".

Qeyd edək ki, Əfqanıstan müharibəsi veteranları avqustun 11-də cəbhə bölgəsinə səfər ediblər. Şəhidlər Xiyabanını ziyarətlə başlanan səfərin iştirakçılarını Şəmkirdə Əfqanıstan müharibəsinin fəal döyüşçülərindən olan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov qarşılayıb. Daha sonra veteranlar təmas xəttinə yaxın yerlərdə yerləşən kəndlərin sakinləri ilə görüşlər keçirib, hərbi hissələrdə olub, düşmənlə ən yaxın məsafələrdə yerləşən səngərlərdə əsgərlərin apardığı xidmətlə tanış olublar. Avqustun 17-də isə cəmiyyət üzvləri cəbhə bölgəsinə səfəri başa çatdıraraq Bakıya qayıdıblar.

Ceyhun ABASOV

 





20.08.2015    çap et  çap et