525.Az

Milli dövlətçilik və diplomatiya tariximizin görkəmli simaları: Məhəmməd xan Təkinski


 

Milli dövlətçilik və diplomatiya tariximizin görkəmli simaları: <b style="color:red">Məhəmməd xan Təkinski </b>

23 aylıq Xalq Cümhuriyyəti dövründə əvvəlcə Azərbaycanın Ermənistandakı (İrəvan) səlahiyyətli nümayəndəsi, daha sonra isə xarici işlər nazirinin müavini vəzifələrində çalışmış Məhəmməd xan Təkinski haqqında o dövrə aid məlumatlar yalnız onun fəaliyyətini qısa şəkildə əks etdirməklə məhdudlaşır.

"Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın 2-ci cildində isə onun anadan olma və vəfat tarixi belə göstərilməyib. Məhəmməd xan Təkinski 1879-cu ildə Axal-Təkə vadisində ruslarla türkmənlər arasında baş vermiş Göytəpə müharibəsi zamanı dünyaya gəlib. Bu faktı ona görə vurğulayırıq ki, o, valideynlərini məhz bu müharibə dövründə - 1879-1881-ci illərdə itirib. Əslən türkmən olan iki yaşlı Məhəmmədi rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski oğulluğa götürür və ona Məhəmməd xan Təkinski adını verir.
M.Təkinski 1901-ci ildə Tiflis birinci kişi gimnaziyasını bitirir, həmin ilin avqustunda da Novorossiysk İmperator Universitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul olunur. Bu fakültədə 2 il təhsil aldıqdan sonra rektora müraciətlə Hüquq fakültəsinə keçirilməsini xahiş edir. Bir sıra problemlər üzündən buradakı təhsil müddəti 1908-ci ilə qədər uzanır və nəhayət, 1908-ci ilin iyulunda universitetin Hüquq fakültəsinin məzunu olur. İstər gimnaziya illərində, istərsə də universitet illərində onun haqqında hər hansı şikayət olmayıb, gözəl əxlaq nümayiş etdirib. Beləliklə, Ehsan xan Naxçıvanskinin övladı olaraq Məhəmməd xan gələcəyin görkəmli dövlət xadimi olaraq yetişir.

Təəssüflər olsun ki, Məhəmməd xan Təkinskinin universiteti bitirdikdən 1918-ci ilə qədər olan həyatı naməlum qalır. Lakin onun bu müddət ərzində Güney Qafqazda hüquq-mühafizə, məhkəmə orqanlarında fəaliyyət göstərdiyi güman edilir. 1918-ci il iyun ayının 15-də Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının işinə cəlb olunur və Təkinskinin buradakı fəaliyyəti onun əvvəllər hüquq-mühafizə, məhkəmə orqanlarında iş təcrübəsini göstərir.

1918-ci ilin dekabrın 7-də ADR-in ilk parlament iclasında F. Xoyskiyə yeni hökumətin yaradılması tapşırılır. Xarici işlər naziri vəzifəsi müvəqqəti olaraq Məhəmməd Təkinskiyə tapşırılır. 1919-cu il yanvar ayının 29-da isə o, Azərbaycan Cümhuriyyəti hökumətinin Ermənistanda səlahiyyətli nümayəndəsi təyin olunur. M. Təkinski həmin il oktyabrın 1-də xarici işlər nazirinin müavini təyin olunan vaxta qədər bu vəzifədə fəaliyyət göstərir.

Ermənistan hökuməti yalnız 1919-cu il fevralın 1-də Azərbaycanın İrəvan şəhərində daimi nümayəndəliyinin fəaliyyətə başlamasına razılıq verib. Azərbaycanın Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırırdı.

İrəvan Quberniyası Həmyerliləri Təşkilatının 1919-cu il yanvarın 17-də keçirilən iclasında Azərbaycan hökumətinə müraciət qəbul olunmuşdu. Təşkilatın sədri Teymur xan Makinskinin imzası ilə göndərilən müraciətdə qeyd edilirdi ki, türk qoşunlarının İrəvan quberniyasından çəkilməsindən sonra erməni silahlı qüvvələri Sürməli qəzasını bütünlüklə və Eçmiədzin qəzasının müsəlmanlar yaşayan hissəsini ələ keçirib, üstəlik, Şərur və Naxçıvan qəzalarını almaq üçün hücuma başlayıb. Məhvə məhkum edilmiş İrəvan quberniyası müsəlmanlarını xilas etmək üçün müttəfiqlərin komandanlığının iştirakı ilə Tiflisdə Azərbaycan və Ermənistan nümayəndələrinin xüsusi konfransının təşkil olunması təklifi irəli sülürdü.

10 fevral 1919-cu ildə Azərbaycan XİN-in Ermənistan XİN-ə göndərdiyi notada bildirilirdi ki, başda erməni zabiti olmaqla Ermənistan silahlı dəstələri Göyçə gölü ətrafında sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub, Qızılvəng, Subatan, Zağalı, Şahab və s. müsəlman kəndlərini viran ediblər. Həmin kəndlərin kişilərinin bir hissəsi öldürülmüş, bir hissəsi isə qaçaraq canını qurtarmışdı.

Eçmiədzin kilsəsinin fitvası ilə Ermənistan hökuməti, bir tərəfdən azərbaycanlı kəndlərini dağıdır, insanları məscidlərə dolduraraq yandırır, əhalisini kütləvi qırğınlara məruz qoyur, digər tərəfdən isə Azərbaycanla dostluq münasibətlərindən dəm vurur, onun neft potensialından faydalanmaq istəyirdi. 2 aprel 1919-cu ildə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M. Təkinski xarici işlər naziri M. Cəfərova göndərdiyi məlumatda bildirirdi ki, martın 19-da Ermənistan hökuməti onun şərəfinə verdiyi nahar zamanı natiqlər Azərbaycanla dostluq münasibətlərinin qurulmasının zəruriliyindən danışıblar. M. Təkinski martın 18-də Eçmiədzində katolikosla görüşü zamanı katolikosun Ermənistanla müsəlmanlar arasında dostluğun zəruriliyini vurğuladığını, müsəlmanlarla dinc yaşamaq üçün erməni xalqına müraciət edəcəyini vəd etdiyini yazır. M. Təkinski mazut olmaması səbəbindən Eçmiədzin kilsəsinin və katolikosun iqamətgahının işıqlandırılmadığını yazır və əlavə edir ki, o, katolikosa mazut göndəriləcəyini vəd verib və xarici işlər nazirindən xahiş edir ki, katolikosa çatdırılması üçün çəlləklərdə yalnız 200 pud mazut göndərilsin. Daha sonra M. Təkinski qaçqınların vəziyyətinin ağır olduğunu və dərhal onlara kömək göstərilməsi lüzumunu qeyd edir.

Naxçıvanın işğaldan təmizlənməsində, daşnak qüvvələrinin məhv edilməsində böyük əhəmiyyət kəsb edən Araz-Türk hökumətinə, təəssüf ki, 1919-cu il aprelin 12-də bölgəni himayəyə götürən Böyük Britaniya qüvvələri tərəfindən son qoyulur, üzvləri isə Maltaya sürgün edilir. Hökumətin süqutundan sonra Naxçıvan olduqca ağır vəziyyətə düşür, bölgəyə ayaq açan müttəfiqlərin emissarları Naxçıvanı Ermənistan ərazisi etmək üçün yollar axtarırlar. 1919-cu ilin mayında bu cür havadarların fitnəsi ilə erməni quldurları yenidən Naxçıvana girir.

Mənbələrdə qeyd olunur ki, bu dəfə Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Naxçıvanda baş verənlərə kəskin reaksiya bildirir. Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Təkinski Ermənistan hökumətinə bu barədə etiraz notası təqdim edir. O, Azərbaycanın Baş naziri Nəsib bəy Yusifbəyliyə ingilislərin Şəruru, Naxçıvanı ermənilərə vermək istədiyi, bunun xalqın gələcək aqibətini təhlükə altına saldığını yazaraq bildirmişdi.

1919-cu ildə ingilislər Naxçıvanda qondarma erməni qubernatorluğu yaradır. Lakin Naxçıvan camaatı bu idarəetməni qəbul etmir və nəticədə qurumun fəaliyyəti yerləşdiyi qərargahdan kənara çıxa bilmir. AXC-nin Naxçıvanla əlaqələri müttəfiqlər tərəfindən əngəlləndiyindən bölgə barədə məlumatlar yalnız AXC-nin Ermənistandaki diplomatik nümayəndəliyindən və İran səfirliyindən alınır. Azərbaycan hökumətinin başçısı F.Xoyskinin qərarı ilə 1919-cu il martın 19-da İsmayıl xan Ziyadxanov başda olmaqla İrana fövqəladə diplomatik missiya göndərilir. Bundan sonra buradakı vəziyyət barədə məlumatlar həmin diplomatik missiyaya çatdırılır.

1919-cu ilin yazına doğru Təkinski xarici işlər nazirinə yazırdı: "Naxçıvan, Şərur, Şahtaxtı və Vedibasar erməni qoşunları tərəfindən tutulmuşdur. Naxçıvan Milli Şurası bunu müttəfiq komandanlığına bildirməyi və təcili tədbirlər görməyi xahiş edir". Düşmən qarşısında təklənən Azərbaycan hökuməti artıq Türkiyədən yardım ala bilmirdi. Erməni işğalçılara qarşı mübarizə aparan Naxçıvan əhalisi İrana və Türkiyəyə yenidən nümayəndə heyəti göndərir. İran şahzadəsinə çatdırılan məktub əsasında İran hökuməti Mirzə Əli Heyətin (dünya şöhrətli alim, cərrah Cavad Heyətin atası) başçılığı ilə nümayəndə göndərir ki, vəziyyəti təfərrüatı ilə öyrənib hökumətə məruzə etsin.

3 may 1919-cu ildə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinskinin Azərbaycan hökumətinin başçısına göndərdiyi teleqramda Ermənistan ordusunun Naxçıvana yeridilməsi ilə bağlı Ermənistan xarici işlər nazirinə etiraz məktubu göndərilməsi vurğulanırdı.

Mayın 16-da M.Təkinski Azərbaycan hökumətinin başçısına göndərdiyi şifrəli teleqramda bildirirdi ki, erməni polkları Naxçıvan üzərinə hücuma keçmişlər. Ermənistana təzyiq etmək üçün M.Təkinski təklif edirdi ki, qoşunlarımız Ermənistanla sərhəddə cəmləşdirilsin.

(Ardı var)

Ramil HİKMƏT

 





21.08.2015    çap et  çap et