525.Az

“Azərbaycan multikulturalizmi müxtəlif xalqları doğmalaşdıran dəyərdir"


 

Multikulturalizm həyat tərzimizdir

“Azərbaycan multikulturalizmi müxtəlif xalqları doğmalaşdıran dəyərdir"<b style="color:red"></b>

“Azərbaycanda multikulturalizm həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı yay məktəbi bir müddət əvvəl yekunlaşıb.

21 iyul-1 avqust tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən yay məktəbi unudulmaz təəssüratlar yaradıb. İtaliya, Rusiya, Türkiyə, Litva, Bolqarıstan, Gürcüstan, Belarus, Çexiya və Ukraynanın nüfuzlu universitetlərindən 49, Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən 19 tələbəyə indiyədək nəzəri şəkildə tədris olunan Azərbaycan multikulturalizmi ilə həm də əyani formada tanış olmaq imkanı yaradıldı. Yay məktəbi ərzində Bakıyla yanaşı, Azərbaycanın multikultural bölgələrindən sayılan, müxtəlif xalqların, etnik qrupların, fərqli dinlərin nümayəndələrinin yaşadığı Quba, Qusar, Xaçmaz, Nabranda olan tələbələr təəssüratlarını qəzetimizin oxucuları ilə bölüşüblər. Onlar yay məktəbinin təşkilinə görə Prezident İlham Əliyevə, həmçinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevə minnətdarlıqlarını ifadə ediblər, Azərbaycana yenidən səfər etmək arzularını dilə gətiriblər.

Kiyev Universitetinin tələbəsi Mariya Tişinka bildirib ki, səfərlə bağlı çox müsbət təəssüratları var: “Yay məktəbində çoxlu informasiya aldım. Bu müddət ərzində Azərbaycan multikulturalizminin mahiyyətini və Avropa multikulturalizmindən fərqini anladım. Bu, çox maraqlı təcrübədir. Hesab edirəm ki, Ukraynada hazırkı şərtlər daxilində multikulturalizmin tətbiqi sülhün əldə olunması üçün əsas vasitə ola bilər. Yay məktəbi ərzində müşahidə elədim ki, burada hər bir tələbə öz ölkəsinin mədəni diplomatı rolunu oynadı. Bir də diqqətimi çəkən məqam odur ki, Azərbaycanın əsas dəyəri onun insanlarıdır. Azərbaycan insanı artıq uzun əsrlərdir ki, multikulturalizmi özünün həyat tərzinə çevirib, bunu qiymətli bir dəyər kimi yaşadır”.

lll

Türkiyəli tələbə Gürhan Çopur Azərbaycan və Türkiyə arasındakı münasibətlərin çox qədimlərə dayandığını vurğulayıb: “Azərbaycan xalqının qonaqpərvər olduğunu bilirdim, çünki əvvəl də burada olmuşam. Amma açığı, bu qədər isti münasibət gözləmirdim. Yay məktəbinin klassik bir simpozium havasında keçəcəyini düşünürdüm. Ancaq burada gözlədiyimdən fərqli olaraq çox canlı bir zaman yaşadıq. Azərbaycanda bizə gözəl ev sahibliyi elədilər. Məşhur şairimiz Yunus Əmrənin gözəl bir sözü var: “Yetmiş iki millətə bir gözlə baxmayan bizdən deyildir”. Yay məktəbi bu şeirin anlamını tamamilə özündə ehtiva edib. Düşünürəm ki, Azərbaycanın multikulturalizm kimi qiymətli bir dəyəri dövlət siyasətinin prioritet istiqamətinə çevirməsi çox əhəmiyyətlidir. Bununla bağlı Azərbaycandan öyrəniləcək çox şey var. Biz burada bir çox ölkənin gəncləri ilə tanış olub ünsiyyət yaratdıq, yeni əlaqələr qurduq. Buna görə buradakı dostlarımıza, şəxsən Kamal Abdullayevə təşəkkür edirəm. İnşallah, daha böyük təcrübə mübadiləsi üçün gələcəkdə də Azərbaycana gələcəyimizə inanıram”.

lll

Azərbaycan Texniki Universitetinin tələbəsi Şükufə Əhmədli üçün də yay məktəbində iştirak çox xoş və yaddaqalan olub: “Yay məktəbi respublikamızın tarixi, dili, etnoqrafiyası, mədəniyyəti haqqında biliklərimi daha da inkişaf etdirməyimə səbəb oldu. Yaz semestri ərzində qiyabi olaraq öyrəndiyim Azərbaycan multikulturalizmi haqqındakı praktik biliklərimi zənginləşdirmək imkanı qazandım. Akademik Kamal Abdullayev ilə ünsiyyətdə olub, onun söylədiyi fikirləri dinləmək mənim üçün unudulmaz bir təəssüratdı. Azərbaycanda multikulturalizm yaşayır və inkişaf edir. Mən bunu hər mühazirəmizdə, gəzdiyimiz bölgələrdə - Nabranda, Qubada, Qusarda, Xaçmazda, ünsiyyətdə olduğum hər bir şəxslərlə münasibətimdə müşahidə etdim. “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbi öz missiyasının öhdəsindən layiqincə gəldi. Yay məktəbində tanış olduğum dostlarıma uğurlar arzu edir, xoş münasibət, səmimi ünsiyyət üçün təşəkkür edirəm. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Azərbaycan Respublikası Prezidenti yayında Bilik Fondu və Bakı Slavyan Universitetinə təşkil etdikləri unudulmaz yay məktəbi üçün sonsuz təşəkkürlərimi bildirirəm”.

lll

İtaliyanın La Sapienza Universitetinin tələbəsi, misirli Rami Said Azərbaycana ilk səfəri olduğunu və burada özünü çox xoşbəxt hiss etdiyini dilə gətirib: “İlk dəfədir ki, multikulturalizmə həsr olunmuş yay məktəbində iştirak edirdim. Bu mənim çox xoşuma gəldi. Azərbaycanla bağlı zəngin təəssüratlarım yarandı. İndiyədək dünyanın bir çox ölkələrində olmuşam, ancaq Azərbaycanı bu günə qədər tanımadığıma görə özümü qınayıram. Bura gələndən sonra Azərbaycanın zəngin mədəniyyəti, adət-ənənələri, həyat tərzi haqqında çoxlu bilgilər əldə etdim. Burada çoxsaylı etnik qrupların, müxtəlif dinli insanların dinc, yanaşı yaşamalarının şəxsən şahidi oldum. Yay məktəbində iştirakımız üçün bizə yaradılan gözəl şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu layihə vasitəsilə ecazkar Azərbaycanla tanış olduq”.

lll

“Əlimi ürəyimin üstünə qoyub rahatlıqla deyə bilərəm ki, burada bütün gözləntilərim özünü doğrultdu. Azərbaycan xalqı məni heyran etdi. Biz gürcülər azərbaycanlılarla oxşar temperamentə malik qonşu xalqlarıq. Qonşu olsaq da, təəssüf ki, indiyədək Azərbaycanla bağlı çox az məlumata malik olmuşam. İndi isə çox şadam ki, Azərbaycan xalqı ilə, bu gözəl ölkəylə yaxından tanış oldum. Azərbaycan xalqı çox istiqanlıdı, bizə burada çox böyük diqqət, qayğı göstərdilər. Multikulturalizmə həsr olunmuş yay məktəbində ilk dəfədir ki, iştirak edirdim və bunun son səfər olmayacağına ümid edirəm”. Bu fikirləri Tbilisi Dövlət Universitetinin tələbəsi Nino Jvaniya səsləndirib. Başqa bir gürcü tələbə Konstantin Çeçavadze həmyerlisi ilə həmfikir olduğunu diqqətə çatdırdı: “Bu yay məktəbinin təşkilinə görə- maraqlı mühazirələrə, görüşlərə və ümumiyyətlə, hər şeyə görə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə və akademik Kamal Abdullayevə təşəkkür edirəm. Burada yaşadığım hər şeyi ömrümün ən unudulmaz təəssüratı hesab edirəm və bunlar yaddaşımda həmişəlik qalacaq. Burada başlanan dostluqlarımızın gələcəkdə də davam edəcəyinə inanıram”.

lll

Litvalı Milda Auqlita bu səfərdən sonra Azərbaycanı çox sevdiyini vurğuladı: “Mənim ölkəm və xalqım da multikulturalizm ideyasını dəstəkləyir. Burada bir daha əmin oldum ki, Azərbaycan multikulturalizmi müxtəlif xalqları yaxınlaşdıran, doğmalaşdıran dəyərdir. Yay məktəbini təşkil edən hər kəsə minnətdaram”. Çexiyalı Teresa Souşkova Azərbaycanı, Bakını çox bəyəndiyini, bu qədər xalqın bir yerdə yaşamasının başqa ölkələr üçün də nümunə ola biləcəyini qeyd edib. T. Souşkova Azərbaycanın mədəniyyətinin, xüsusilə ədəbiyyatının onda dərin maraq oyatdığını deyib.

lll

Belarus Dövlət Universitetinin tələbəsi Enevis Kevan təhsil aldığı ali təhsil ocağında Azərbaycan multikulturalizmi fənninin tədrisi zamanı ölkəmizin mədəniyyəti, tarixi ənənələri haqqında xeyli bilgi aldığını deyərək yay məktəbində iştirakı zamanı bütün bunlarla əyani tanışlıqdan məmnunluğunu ifadə edib: “Yay məktəbində iştirakım mənə çox şey qazandırdı. Azərbaycan kimi gözəl bir ölkəni yaxından tanıdım, yeni dostlar qazandım. Multikulturalizmin Azərbaycanda həyat tərzi olduğuna şəxsən şahid oldum, Azərbaycan  multikulturalizminin mahiyyətini daha dərindən dərk elədim”.

lll

Bolqarıstanlı tələbə Janet Nikola Azərbaycan xalqının qonaqpərvərliyinə hər gəlişində yenidən heyran olduğunu deyib: “Azərbaycanın Quba, Qusar, Xaçmaz kimi şəhərlərində olmaqdan böyük zövq aldım. Azərbaycanın şəhərləri bir- birindən gözəldi, Bakı isə xüsusilə heyrətamizdir. Bu qədər xalqın və etnosun əsrlərdir eyni ölkədə qardaşlıq, dostluq şəraitində yaşaması məni sözün yaxşı mənasında təəccübləndirdi. Buradakı mühazirələr mənim çox xoşuma gəldi və xeyli yeni məlumatlar öyrəndim, dünyanın müxtəlif guşələrindən çoxlu dost qazandım. Bütün bunlara görə yay məktəbi layihəsinin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

lll

Ural Federal Universitetinin tələbəsi Ruslana Klimova Azərbaycanın zəngin mədəniyyəti, qədim adət-ənənələri ilə tanışlıqdan şad olduğunu, ləziz mətbəxini çox bəyəndiyini söyləyib:  “Bu yay məktəbində Azərbaycanı özüm üçün kəşf etdim. Ümid edirəm ki, bu, son səfərim olmayacaq. Nəzəri şəkildə Azərbaycan multikulturalizminin əsasları ilə tanış olmuşdum, əyani tanışlıqdan sonra ölkənizi daha çox sevdim. Bu proqram çərçivəsində xeyli təcrübə mübadiləsi apardıq”.

lll

Görünənlərə, deyilənlərə və yazılanlara sözardı: Yay məktəbinin Bakı Slavyan Universitetindəki bağlanış mərasimində akademik Kamal Abdullayev “Yay məktəbi başa çatdı, yaşasın yay məktəbi!” nidası ilə fikrini yekunlaşdırmışdı. Bu, sadəcə gəlişigözəl söz deyildi, həmin fikir sübut etdi ki, yay məktəbi başa çatsa da, təəssüratı hələ uzun zaman yaddaşlarda yaşayacaq və gələcəkdə keçiriləcək yay məktəblərinin sələfi kimi hələ xeyli xatırlanacaq.

S.MÜRVƏTQIZI

 





22.08.2015    çap et  çap et