525.Az

Marsel Prust yaradıcılığında psixologizm


 

Marsel Prust yaradıcılığında psixologizm <b style="color:red"></b>

Dünya ədəbiyyatında psixologizmlərdən yüksək sənətkarlıqla istifadə edən yazıçılardan biri də Marsel Prustdur. O, ilk dəfə “İtirilmiş zamanın sorağında” romanında yaddaşın xüsusi növlərini təsvir edib.

Prusta görə, xatirələr insanların ümumi davranış qanunları üzərində qurulub və yaddaşımız bir neçə hissəyə bölünür.
 
Daha az istifadə edilən, insanın qarşısına daha az çıxan hissələr, beynimizin ucqar bir küncündə qalan və yalnız xəyallarımızın izi ilə görə biləcəyimiz hadisələri ortaya çıxaran yaddaş. Əsərdə keçmiş və gələcək - hər zaman günün tələbləri altında özünü sərgiləməkdədir. Yaddaş və vərdişlə hörülən həyata aid parçalar oxucuya davamlı olaraq dəyişik mənalarda təqdim edilib. Bu da keçmiş və gələcəyin hər zaman bir indiyə qarşı bərabər olduğunu söyləməkdədir.

Prustun yaradıcılığında olan psixologizmlərin dərinlikləri onun əsərlərinin forma dəyişikliklərinə də gətirib çıxarıb. Müəllif, yazdığı “epopeya”da hadisələr haqqında öz fikrini söyləməyə can atmır, əksinə personajların arxasında gizlənməyi üstün tutur. Hadisələr inkişaf etdikcə müəllif sanki gizlənir və sözü öz qəhrəmanlarına verir. Beləliklə də M. Prust XX əsrin əvvəllərində dəbdə olan memuar formasından öz romanında kifayət qədər istifadə edib.

“İtirilmiş zamanın sorağında” əsəri “həyat fəlsəfəsini” axtaran tədqiqatçıların, əsasən də onların ən parlaq nümayəndəsi olan Anri Berqsonun ideyaları ilə səsləşirdi. Prust bu əsəri sırf psixoanalizə yönəltmiş və öz əsərini insan psixologiyasının bütün ömür boyu dəyişməsi üzərində qurmuşdu. Prust gündəlik həyatda ayaqqabı bağlamaq, nəsə yemək, gəzmək kimi adi hərəkətlərin şüursuz olaraq yaddaşı qıcıqlandırdığını, beləliklə də gündəlik həyatdan yola çıxaraq keçmişimizlə bağlı bir çox şeyi aydınlaşdıra biləcəyimizi iddia edir. Yazıçı, Çarlz Svonun gündəlik tələbatlarını yerinə yetirdikcə özünün də keçmiş həyatını, o zamanlar öna təsir edən insanları, yerləri və hadisələri yenidən yaşamağa başlayır: “Kiçik ətrafımdakı yoldaşlarımın hansı olursa olsun, son dəfə gördüyüm çöhrə, təbii olaraq xatırladığım tək çöhrəsi olardı; çünki bir adamla əlaqədar xatirələrimizdən, gündəlik əlaqələrimizin təcili maraqlarına qatqısı olmayan bir şeyi zehnimiz ələyər. Zehn keçmiş günlərin zəncirini əlində tutmağa çalışmaz...”

Zaman və onun irəliləməsi üzərində dəyişikliklər etmək “İtirilmiş zamanın axtarışı” romanının əsas süjet xəttini təşkil edir. “İtirilmiş zamanın sorağında” romanının son cildində zaman və məkanın dəyişməsi, xarakterlərin duyğuları qarşısında məğlubiyyəti hər şeyə öz yekununu deyir.

Əsərin Svonlar tərəfinə həsr edilmiş hissəsi bu sözlərlə başlayır:  “Uzun zaman gecələri erkən yatırdım”. Bu cümlədən sonra biz yazıçının bir neçə səhifə yuxunun vərdiş və zaman itkisinə səbəb olmasını vurğuladığının şahidi oluruq. Burada yuxu anında zaman artıq kosmik və psixoloji mənada vahid olmaqdan çıxdığını oxucuya göstərilir. Zaman yuxunun quruluşu kimi vahid olmaqdan durğun anların xatirələrinə çevrilir. “Bu fırlana-fırlana dönən, qarışıq xatırələr daima ən çox bir neçə saniyə sürürdü; çox vaxt olduğum yer barəsindəki qısa tərəddüdlər yaşayarkən, qaçan atı izlədiyimiz zaman kinetoskopun bizə göstərdiyi bir-birini izləyən hərəkətləri tək-tək ayıra bilmədiyimiz kimi, bu müxtəlifliyi təşkil edən fərqli təxminləri də bir-birindən ayıra bilmirdim”. Əsərdə kinetoskopun yaratdığı görüntülərlə Prustun yaratdığı anların görüntüləri də bənzərlik təşkil edirdi. Çaya batırılan madlen, ya da təhkiyəçinin nənəsini xatırladan Qrand oteldəki otaq, yəni məkan və zaman xronologiyası buna misaldır. Təhkiyəçinin həyatındakı dəyişiklikləri nəql etməsi baş qəhrəman da daxil olmaqla hər kəsə təsir edir, hadisələrin zamanla bağlı olaraq dəyişməsini ortaya çıxarır. Balbecdəki otağın iki ayrı səfər zamanı iki fərqli duyğunu yaratması, məkanın zamanla əlaqədar olaraq dəyişmə də buna gözəl misaldır.

“Həyatın ən maraqsız görüntülərinə belə düşüncəylə yüklü olan gözümüz, eynilə klassik bir faciə kimi, hadisəyə aidiyyatı olmayan bütün görüntüləri ələyər və yalnız hədəfi aydınlaşdıran görüntüləri tutar. Amma hadisəyə baxan bizim gözümüz yerinə tamamilə maddi bir lupa, bir fotoşəkil lövhəsi olsa, o zaman, məsələn, Fransız İnstitutunun bağçasında görəcəyimiz şey, fayton çağırmağa hazırlaşan bir alimin çölə çıxması yerinə, sanki sərxoş kimi ya da buzla yeriyən kimi səndələməsi, arxaya yıxılmaması üçün səyləri, yıxılarkən çəkdiyi parabola olacaq ...”

Roman, şüurun zaman yanılması keçirdiyində nələr edə biləcəyini də bizə göstərməkdədir. “İtirilmiş zamanın sorağında” romanı zamanın bənzərsiz dərəcədə insan təfəkkürünü, psixologiyasını dəyişdirdiyini araşdıran bir əsərdir. Müasir ədəbiyyatda məkan qədər əhəmiyyət daşıyan zaman anlayışı ən çox Prustun əsərlərində əhəmiyyətli dərəcədə yer almışdır. Bu əsər hiss və vərdişlərin bir madlenlə nələr yarada biləcəyini göstərməklə yanaşı, müasir dövrün ədəbi anlayışlarını da əhəmiyyətli ölçülərdə dəyişdirmişdir. Bundan savayı isə əsər, öz romanını tamamlamayıb öləcəyindən qorxan, zamanla amansız bir döyüşə girən Marsel Prustun adını və varlığını ölümsüzləşdirdiyi kitabı olmuşdur. Bu roman bizə zamanın və onun dəyişməsiylə insan varlığının dəyişdiyini, zaman fəlsəfəsinin ədəbiyyatdakı yerini və ölümsüzlüyə çatmış Marsel Prustun zamana qarşı zəfərini göstərir.

 





24.08.2015    çap et  çap et