“Yaddaşı boydadır insan,
Tarixi boydadır ölkə”.
Rəhman Babaxanlı
İnsan bir ömürdə öz üzərinə nə qədər ağır yük götürə bilər!? Qasım müəllim ən ağırını götürüb: tariximizi, arxeologiyamızı, etnoqrafiyamızı, bütövlükdə mədəniyyət tariximizi, zəngin tarixi mənəvi dünyamızı dərindən öyrənməyi, yorulmadan təbliğ etməyi. Bu sahələrin cəm şəkildə yaxşı bilicisidir. O, bir-iki ilin, onilliyin, beşilliyin, zavod-fabrikin, dövlətçilik tariximizdə hansısa bir qısa konkret dövrün tarixçisi deyil, Azərbaycanın minilliklərlə tarixini, özü də incəliklərinə qədər, bilən və bu tarixi dünya miqyasında təqdim edən alimdir. Azərbaycan tarixinin bütün dövrləri haqqında sanballı elmi fikir söyləməyə qadir olan bu ziyalımızın bilik və çalışmalarının kökündə isə ölkəmizə, dövlətimizə, türk dünyamıza böyük sevgisi dayanır.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevin tarixçi kimi fəaliyyəti arxeologiyadan başlanır. O, peşəkar arxeoloq-tarixçidir. Qasım Hacıyevin elmi fikir və mülahizələri arxeoloq-tarixçi olduğuna görə daha kəsərlidir.
O, şəhər tarixinin öyrənilməsi üzrə ixtisaslaşıb. Şəhər tarixi üzrə gözəl tədqiqatçıdır. Şabran, Şamaxı, Şəmkir, Gədəbəy, Gəncə və digər şəhərlərimizin tarixi haqqında əsərlər yazıb, ən müxtəlif dövrlər üzrə müvafiq tarixi paralellər göstərib.
İlk dəfə Şabran şəhərinin sənətkarlıq tarixinə dair tədqiqat aparıb, namizədlik dissertasiyası müdafiə edib, sonra Bərdə şəhərinin b.e.ə. IV əsrdən - b.e. XIX əsrinədək (2300 illik!) coğrafi-siyasi, iqtisadi, ictimai və mədəni tarixini tədqiq edib, dissertasiya müdafiə edərək elmlər doktoru alimlik dərəcəsinə layiq görülüb.
Qasım Hacıyev Qarabağın ən qədim dövrdən son dövrlərədək olan maddi və mənəvi mədəniyyət tarixini də dərindən tədqiq edib. Qarabağ tarixini ümumi təhsilimizə də Qasım müəllimin gətirdiyini desəm, güman edirəm, yanılmaram.
Qarabağın tarixini saxtalaşdıran, mədəniyyət ənənəsini özününküləşdirməklə milli mədəniyyət abidələrimizə sahib çıxmağa çalışan bədxah qonşuların (xüsusilə ermənilərin) böhtanlar uydurduğu, cəfəng tarix yaratdığı bir zamanda ölkəmizin bu dilbər guşəsinin qədim və zəngin mədəniyyətinin hərtərəfli öyrənilməsi, eyni zamanda Azərbaycanın qədim tarixə və böyük ənənəyə malik Qarabağ regionunun maddi mədəni irsini dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılması onun yaradıcılığında əsas yer tutur.
Rəhbərlik etdiyi “Qarabağ tarixi” şöbəsinin başlıca tədqiqat istiqamətini də XIX əsr-XXI əsrin əvvəlində Azərbaycan Respublikasının Qarabağ regionunun siyasi, sosial-iqtisadi, mədəniyyət tarixi təşkil edir. Bu tədqiqatlarda XIX əsrin I yarısında Rusiya imperiyası tərəfindən ermənilərin Şimali Azərbaycanın Qarabağ regionu ərazilərinə köçürülməsi və bu siyasətin Azərbaycan xalqı üçün törətdiyi fəlakətlərin nəticələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin yaranması, mahiyyəti, Azərbaycan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi istiqamətində yürütdüyü xarici siyasət və digər məsələlər ön planda dayanır.
Qasım Hacıyevin tədqiqatlarında dünya şöhrətli siyasi xadim, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyi dövründə ölkəmizə qarşı yönəlmiş əsassız ərazi iddialarının, erməni separatizminin qarşısının alınmasının, Qarabağ müharibəsinin dayandırılmasının, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı məqsədyönlü siyasətinin əks etdirilməsi mühüm yer tutur.
Qasım Hacıyev 7 monoqrafiya, 100-dən artıq elmi məqalənin müəllifidir. Bakı, Dərbənd, Tbilisi, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kemerovo, Saxalin, Ankara, Van, Ərzurum, Tehran, Təbriz, Hələb, Girasun və s. şəhərlərdə keçirilən elmi konfranslarda çıxışlar etmiş, arxeoloji qazıntıların iştirakçısı olub.
Qasım Hacıyevin elmi fəaliyyəti haqqında oxucularda müəyyən qədər dolğun təsəvvür yaratmaq və haqqında dediyim sözlərdə əsassız görünməmək üçün onun əsərlərindən daha bir neçəsini qeyd etmək istərdim: “Qarabağın maddi və mənəvi mədəniyyəti” (Azərbaycan, ingilis, fransız dillərində); “Vladimir Kazimirovun “Qarabağa sülh” arzusu və əsl niyyəti”; “Qarabağlı hərbçilər (Çar və AXC ordusunun zabitləri)”; “Erməniliyin növbəti absurd teatrı tamaşası və tarixi həqiqətlər. Akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” əsərini oxuyarkən”; “İrevanskiy “akademiçeskiy” ... tap sezona Qorisskoqo teatra absurda S.Sarkisəna”; “Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi”...
Qasım Hacıyev Azərbaycan tarixinin bütün dövrləri üzrə tutarlı fikir söyləməyə qabil alimimizdir. Onun yaddaşı ölkəmiz və tariximiz boydadır.
Mən Qasım müəllimin qələmindən çıxan bütün yazıları həvəslə oxumuşam. Həmişə də qürur duymuşam. Tariximizlə də, alimimizlə də. Tariximizə də, alimimizə də eşq olsun!
Sədi NURİYEV
Filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü
çap et