525.Az

Məcidov - (Yubiley)


 

Məcidov - <b style="color:red">(Yubiley)</b>

Hər birimiz dünyaya Ulu Tanrının alnımıza yazdığı bir yazıyla gəlirik. Kim bu yazıya uyğun yaşayırsa, yaddaşlarda qalır, xatırlanır, unudulmur. Haqqında danışacağım şəxs də daim yaddaşlarda qalmaq, həmişə xoş hisslərlə xatırlanmaq haqqını öz həyatı, əməlləri ilə qazanmış bir insandır.

Ağdam şəhərinin tarixi və sakinləri haqqında son beş ildə apardığım araşdırmalar, keçirdiyim görüşlər zamanı bəzən elə gözləmədiyim məqamlarla rastlaşmışam ki, indiyədək yaddaşımda dərin izlər buraxıb. İnanmıram ki, həyatımın sonunadək nə bu hadisələri, nə də o insanları unuda bilim...

Qəhrəmanımla bir neçə il əvvəl görüşmüşdüm. Bu dəfə Bakıdan çıxanda zəngləşib danışdım, görüşmək üçün vədələşdik. Beləcə, üç saatdan sonra İsmayıllı rayonunun İvanovka qəsəbəsində oldum. Yolboyu üç-dörd dəfə zəng edib harada olduğumu soruşmaqla yanaşı,  təkidlə dediyi  "yolda bir yana düşüb eləmə ha, bacıoğlu, yemək hazırlatmışam"  sözləri isə  ürəyimə sarı yağ kimi yayılırdı.

Qəsəbəyə birinci dəfə gəldiyimdən evin yerini yerli sakinlərdən soruşmaq məcburiyyətində qaldım. Amma heç bir küçə keçməmişdim ki, nurani bir ağsaqqalla qarşılaşdım. Özüm də hiss etmədən maşını saxlayıb düşdüm. Yüz faiz  əmin oldum ki, mənə tərəf gələn Ağdamda hamının "Seyid", "Məcidov" deyə müraciət etdiyi  Museyib Məcidovdur...  

Söhbətimiz maraqlı alındı. Gah Ağdama  gedir, gah da Ağcabədiyə  qayıdırdıq. Elə ilk dəqiqələrdən Seyidin ürəyində Ağdamın ayrı bir yeri olduğunu hiss etdim.

Həmsöhbətim həyatının ən gənc və təlatümlü illərini Ağdamın inkişafına həsr edib. Elə söhbət zamanı da o illərdən, Dövlət Bankının Ağdam bölməsində və Ağdam "Qorpo"sunda çalışdığı vaxtlardan böyük həvəslə söz açır, sanki o illəri yenidən yaşayırdı. Kövrəldiyi məqamlarda siqaretdən təskinlik tapmağa çalışır, özünü tox tuturdu. Amma o ağrı-acı mənə də doğma olduğundan ağsaqqalın nə hisslər keçirdiyini yaxşı anlayırdım.

Ağdamda, Əli İbrahimov küçəsindəki döngədə olan evlərindən danışanda isə özünü saxlaya bilmədi, kövrəldi...

- Qarabağın hər qarışı mənə əzizdir. İşlə bağlı, demək olar, Qarabağın hər yerində olmuşam, dağını da, aranını da gəzmişəm. Amma Ağdamın bir başqa yeri vardı. Torpağında nə əkirdinsə bitirdi. Sanki Yaradan bu naz-neməti bu torpağa özü vermişdi. Elə bil, Ağdamı qeydi-adi bir  qüvvə idarə edirdi. Bura gələnlər nə qədər ağır, sərt olsalar da, tez ipə-sapa yatırdılar, daha doğrusu, buna məcbur olurdular...

Ağdamın bazarı ayrı bir aləm idi. Deyərdim ki, Azərbaycanda bazar iqtisadiyyatının kökü elə buradan başlamışdı, buradan yetişıb inkişaf etmişdi. Burada elə yazılmamış qanunlar vardı ki, hər kəs ona tabe olurdu. Ticarətin qaydaları burada yazılırdı. Dünaynın o biri tayında olan yenilklər ilk olaraq məhz Ağdam  bazarında tətbiq edilirdi. Heyf o illərdən...

- Seyid, inşallah,  Ağdama qayıdanda birinci hara gedəcəksiniz?

- İlk növbədə evimin olduğu yeri tapacam. Amma hardan getsəm, "Qorpo"nun küçəsindən  keçməliyəm. "Qorpo"ya dəyib oradan "Qastronom"un yanına, sonra Lenin bağından keçib,  "Maarif"in qarşısından Mir Bəşir Qasımov küçəsinə dönəcəm. Balaca bir küçəydi. Bura "MVD" döngəsi də deyərdilər. Kiçik bir küçədə Ağdamın tanınmış bəy nəsli olan Vəlibəyovlar  yaşayırdı. Bu küçə Əli İbrahimovu kəsərək bizim döngəyə keçirdi...

- Qonşularınızı necə xatırlayırsınız?

- Çox yaxşı qonşularımız vardı. Hasar qonşumuz "Subartezian" idarəsinin rəisi Qəmbər Kərimov idi. Rəhmətlik deyib-gülən adam idi. Heç "Kino Fazil" də ondan geri qalmırdı. Fazil Qasımov Ağdamda Kino Birliyinin  direktoru idi. Xanəndə Paşa İlyasov, Kamil kişi, Musa Səfərov, İzzət kişi, Saday  Qarayev, Famil kişi, Xasay kişi, inqilabçı Çullu Qəmbərin oğlu, uzun illər "raispolkom"  işləyən Ənvər Əliyev, Yaqub Orucov və Müstəcəb kişi. Bunlar yadımda qalanlardı, bacıoğlu...

Ağsaqqaldan ən böyük arzusunu soruşuram. Fikirləşmədən cavab verir:

- Şükür Allaha, bacıoğlu, uşaqları yan-yön eləmişəm. Elə bir ciddi dərdim-sərim yoxdur. Dövlətimə, hökumətimə inanan adamam.  Ən böyük arzum, qismət olsa, o torpaqları bir daha ziyarət etməkdir. Bundan böyük arzum yoxdur...

... Bu görüşdən sonra Məcidovu bir də nəvəsinin xeyir işində gördüm. Görüşdük, hal-əhval tutduq...

Bu günlər Museyib Məcidovun 75 yaşı tamam olur. Müdrik yaşa qədəm qoyan Məcidova Ağdamın Əli İbrahimov küçəsində - döngə 1, ev 19 ünvanında yenidən ev tikib xoş arzularına yetişməsini diləyirəm.

100 yaşayın, Məcidov, ömrünüz uzun olsun!

 





25.08.2015    çap et  çap et