525.Az

"KİV və sosial mediada qadın" mövzusunda tədbir keçirildi


 

"İCTİMAİ-SİYASİ HƏYATDA QADINLARIN FƏALLIĞINI ARTIRMAQ ÜÇÜN KVOTA SİSTEMİ TƏTBİQ ETMƏK OLAR"

"KİV və sosial mediada qadın" mövzusunda tədbir keçirildi<b style="color:red"></b>

Dünən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Qadın Konsensus Mərkəzi İctimai Birliyinin təşkilati dəstəyi ilə "KİV və sosial mediada qadın" mövzusunda tədbir keçirildi.

Qadın Konsensus Mərkəzi İctimai Birliyinin rəhbəri, "Gündəlik teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı qeyd etdi ki, KİV və sosial mediada qadınlarla bağlı problemlərin sayı xeyli artmaqdadır: "Mediada qadınlara qarşı zorakılıq və digər kriminal motivli hadisələrlə bağlı xəbərlər yayılır. Əslində isə biz bu cür xəbərləri yayımlamalıyıqmı? Bunu ictimailəşdirmək əvəzinə hansı yolları sınaqdan keçirməliyik? Yəni, qadınların üzləşdiyi problemlərə hansı rakursdan yanaşmalıyıq? Düşündük ki, bunu jurnalistlərlə, QHT və aktiv sosial media nümayəndələrilə birgə müzakirə edə bilərik".

Skandinaviya ölkələrində idarəetmədə və siyasi qərarların qəbulu prosesində qadınların iştirakını təmin etmək üçün kvota müəyyənləşdiriləndən sonra qadınların aktiv şəkildə siyasətlə məşğul olmağa başladıqlarını deyən A.Camalqızı bildirdi ki, bunun nəticəsi olaraq həmin ölkələrdə parlament üzvlərinin yarıdan çoxu qadınlardır: "Azərbaycanda da qadınların siyasi-ictimai mühitdə fəallığını artırmaq üçün rəsmi və ya qeyri-rəsmi formada kvota sistemi tətbiq etmək olar".

Gender məsələləri üzrə ekspert Faina Hənifəyeva hesab edir ki, gender bərabərliyi ilə bağlı mövzuların mütəmadi qaydada jurnalistlərin iştirakıyla aparılmasına ehtiyac var: "Bu halda media nümayəndələri hadisələri işıqlandırmazdan əvvəl insanlarda yarada biləcək psixoloji travmaları daha peşəkarlıqla nəzərə alacaqlar".

Onun sözlərinə görə, müasir dövrdə fövqəl dövlətlərdə qadınların prezidentliyə namizədliyi haqda müzakirələrin getdiyi halda Azərbaycanda zərif cinsin nümayəndələrinin məişət qayğıları, üzləşdiyi zorakılıq, qətl və digər bu kimi hadisələr barədə müzakirələr aparılır: "Bəzən bu problemlər barədə danışılsa da, düzgün mövqe ortalığa qoyulmur. Bir çox hallarda günahkar qismində döyülən, əziyyətlərə qatlaşan qadınlar olur".

Mediada qadınların roluna toxunan F.Hənifəyeva dedi ki, mətbuat orqanlarında, idarəçilikdə rəhbər vəzifələrdə çalışan qadınların sayı azdır: "Qadınların ictimai-siyasi fəaliyyətdə rolunun artırılması məişət zorakılığı kimi üzləşdikləri problemlərin həllində xüsusi rol oynaya bilər".

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirdi ki, ölkədə qadınların ictimai-siyasi həyatda rolu gündən-günə artmaqdadır. Onun sözlərinə görə, gözləniləndir ki, növbəti parlament seçkilərində qadın millət vəkillərinin sayı artsın.

E.Səfərov qeyd etdi ki, bəzən dövlət qurumlarından verilən məlumatlar mətbuatda təhrif olunur: "Amma biz bu məsələdə təkcə jurnalistləri qınaya bilmərik. Cəmiyyət belə məlumatların olmasını tələb edir və jurnalistlər də bunu verirlər. Jurnalistlər qadın mövzusundan yazarkən son dərəcə həssaslıq göstərməli, məsələyə peşəkarlıqla yanaşmalıdırlar".

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu xatırlatdı ki, Azərbaycan Yaxın Şərqdə qadınlara seçki və digər konstitusion hüquqlar tanıyan ilk dövlət olub. O bildirdi ki, 19-cu əsrin ədəbiyyatına nəzər salsaq  Əbdürrəhim bəy Haqverdiyevdən tutmuş Cəfər Cabbarlıya qədər dahi şəxsiyyətlərimizin yaradıcılığında Azərbaycan qadının müdrikliyi, mübarizliyi, cəmiyyətdə öz təsdiqini tapmasını müşahidə etmiş olarıq. İctimai-siyasi həyatda qadınların rolundan danışan U.Rəhimoğlu qeyd edib ki, iki əsr bundan əvvəl Milli Mətbuatın əsasını qoyan Həsən bəy Zərdabinin açdığı "Əkinçi" qəzetinin fəaliyyətində kifayət qədər qadının zəhməti olub. Buna dair maddi sübutlar da mövcuddur. Daha sonra Sovet dövründə də Azərbaycan xanımlarının Sovet İttifaqı və əmək qəhrəmanı kimi müstəlif ali statuslara layiq görüldüyünü xatırlatmaq olar".

Fond rəhbəri əlavə edib ki, Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında məşhur milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılan qızlar seminariyasının da böyük rolu olub: "Bu məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi".

U.Rəhimoğlu hesab edir ki, müasir dövrdə isə ölkə mətbuatın problemləri təkcə qadınlara şamil olunmalı deyil: "Bu məsələlər ümumilikdə cəmiyyəti əhatə edir. Bu həm də jurnalistikamızın problemləridir ki, qadınlara münasibətdə təzahür olunduğunu görürük. Hadisə baş veribsə jurnalistin vəzifəsi bu barədə cəmiyyətə informasiya çatdırmaqdır. Lakin bu məlumatı elə hazırlamaq lazımdır ki, cəmiyyətin ayrı-ayrı fərdlərində müxtəlif fəsadlar yaratmasın. Bu peşəkarlıq məsələsidir".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, hazırda mətbuatda qadına yönəlmiş aqressiya hiss olunur: "Bəzən qadın jurnalistlər də öz həmcinslərinə qarşı aqressiv davranırlar. Belə çixir ki, media insan taleyinə biganədir. Eyni zamanda, mətbuatda qadın ekspertlərə kifayət qədər etimad göstərilmir. Təklif edirəm ki, bu problemi aradan qaldırmaq üçün hər redaksiyada gender strategiyası tətbiq olunsun".

Demokratik İslahatçı Gənclər İctimai Birliyinin rəhbəri Vüsalə Hüseynli bu sahədə müşahidə olunan müsbət məqamlar barədə danışdı. O qeyd etdi ki, əksər rayonlarda İcra Hakimiyyətlərində müavinlərin qadın olması sevindirici haldır: "Lakin vəzifəyə gələn insan öz səlahiyyətlərini yaxşı dərk etməli, işinə məsuliyyətlə yanaşmalıdır".

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə Azərbaycan mediasının strukturlaşmasında qadınların iştirakı haqda məlumat verdi. O bildirdi ki, keçirdikləri sorğu nəticəsində qadınların mediada rolunun 40-45  faiz təşkil etdiyi məlum oldu: "Mətbuatımızda çalışan qadınların sayı çoxdur, amma rəhbər vəzifələrə gəldikdə isə bunun cəmi on faiz olduğunu deyə bilərəm.

Qanunların işlək hala gətirilməsi üçün ictimai mexanizmlərin tətbiq olunmasını vacib hesab edən M.Ələsgərli dilə gətirdi ki, Azərbaycan konstitusiyası və əmək məcəlləsi qadınlara kifayət qədər əmək fəaliyyəti ilə məşğul olmaq imkanı verir.

Hüquq müdafiəçisi Bəxtiyar Hacıyev isə dedi ki, bizdə "şpaqat" açan qadını hər kəs tanısa da, Əzizə Süleymanzadəni heç kim tanımır: "O, Harvard Universitetini bitirmiş ilk azərbaycanlıdır. Əzizə Süleymanzadə magistura təhsilini Kembric Universitetində alıb. Hazırda isə ABŞ-ın Çikaqo Universitetində aspirantura təhsili alır. Əslində media ictimaiyyəti bu cür xəbərlərlə məlumatlandırmalı, gənclərin təhsilə olan marağını artırmalıdır".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı qeyd etdi ki, əvvəllər bələdiyyə üzvlərinin 2 faizi qadınlar idisə, hazırda bu göstərici 40 faizə yaxındır: "Bu onu göstərir ki, qadınlarımız idarəetmədə irəli çəkilirlər. Buna baxmayaraq, cəmiyyətdə qadınlarla bağlı bəzi problemlər qalmaqdadır. Problemin kökündə erkən nikahlar və qadınların təhsilsizliyi dayanır".

Qeyd edək ki, bundan əlavə, tədbirdə "Report" İnformasiya Agentliyinin rəhbəri Murad Əliyev, Konstitusiya Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli, gənc yazar Sevinc Çılğın və "Gündəlik Teleqraf" qəzetinin şef redaktoru Taleh Şahsuvarlı da mövzuyla bağlı fikirlərini bildirdi.

Ceyhun ABASOV

 





26.08.2015    çap et  çap et