525.Az

Mətbuatımızda dəyərli imza – Flora Xəlilzadə


 

Mətbuatımızda dəyərli imza – <b style="color:red">Flora Xəlilzadə</b>  Şəfəq NASİR

VƏ YA YEDDİDƏN BİRİNCİSİ: “YAZDIQLARIM”  



Mənim mənsub olduğum nəslin sırasında yaradıcılığını, ələlxüsus da ictimai həyatın, eləcə də ədəbi ömürlərin ifadəsini daha çox ədəbi qaynaqların araşdırılması və bədii təxəyyülün təsviri ilə işıqlandırmağa meydan açan publisist yazılarını müntəzəm oxuduğum sənətkarlardan biri Flora Xəlilzadədir. Otuz ildən çoxdur ki, onun yazdıqlarını sadiq bir oxucu olaraq izləyirəm. Ötən əsrin yetmişinci illərindən üzü bəri yol gəldiyimiz ömür-sənət qatarında düz sözün pərvanəsi olan Flora xanımın bütün zamanlarda mətbuat aləminin peşəkar adamı olaraq yazıdan-yazıya, kitabdan-kitaba inkişafı prosesi gözlərimin qarşısında baş verib. Bu böyük zaman axınında o, ictimai-ədəbi mühitin panoramına sözünün sanbalı, qüdrətilə silinməz naxışlar salıb. Oxuduqlarımın böyük bir hissəsinə, “Yazdıqlarım”ın Ədəbiyyat-əbədiyyət bölümündə toplanmış məqalələrinə təkrarən nəzər yetirməklə bu yaradıcılıq yolunun içindən keçən yazıçı-publisist ömrünü əlifbasından vərəqləmək istəyindəyəm. Bu niyyətlə də həmkarımın əsərlərini gözümün önünə almaqla, qənaətlərimi düşüncəmdə nizamlamaqla nə az-nə çox, bir qərinədən də artıq zaman içində özünün və sözünün dəyişməz xarakteri, bütöv əqidəsi ilə mətbuatda olan fədakar bir ömrün yollarına boylanıram...
 
lll

F.Xəlilzadənin mətbuat səhifələrində düşüncədən-düşüncəyə yetişib-püxtələşən jurnalist sənətkarlığına bələd olduqca, sözün sirrinə, qüdrətinə bunca bağlılığın hardan və nədən yarandığına həmişə maraqlı olmuşam. Amma mənə gün kimi aydındır ki, sıradan bir ali təhsil diplomuna yiyələnmək ümidi yox, cəmiyyət həyatında məhz Sözüylə olmaq arzusu Floranı 1972-ci ildə BDU-nun jurnalistika fakültəsinə gətirib. Yadımdadır, o zaman yuxarı kursun uşaqları fakültəyə yeni qəbul olunmuş tələbələrə göz yetirir, burdan belə onlarla yoldaşlıq, dostluq münasibətlərinin təməlini qoyurdular. İkinci kursun ilk dərs günlərində belə bir maraq mənə də güc gəldi. Həmin vaxtlar dərsarası tənəffüslərdə böyük dəhlizin geniş pəncərələri qarşısında baş-başa verib, deyən-gülən qızların arasında nəzərlərimi gur, qara saçlı, qara gözlü bir qız cəlb etdi. İfadəli və gülümsər çöhrəsinin dağ havası onun təbiətin dilbər guşələrinin adamı olmasını açıq-aşkar bildirirdi. Səsi, danışığı  məzmunlu olan bu qızla təzəcə ünsiyyətdən doğmalaşa bildik. Tez-tez dərsarası söhbətlərimizdə kitablardan, mühazirələrdən bəhs açır, tələbə həyatının şirinliyindən danışırdıq. Yaxşı yazılar yazmaq arzusuyla çırpınır, sərbəst düşüncəmizlə mövzular axtarışına çıxırdıq. Həm də xırda-para yazılar yaza-yaza özümüzü axtarırdıq. Eh, həyatımızın elə maraqlı çağlarıydı o illər... O çağlardan hiss edirdim ki, Tanrı bu dağlar qızına böyük istedad, yaradıcı ruh bəxş edib. Özü də bunlar Floraya əfsanələrdə, nağıllarda olan təki bir gecənin içində verilməmişdi. İndi yurd-yuvalarından pərən düşmüş Vətən övladlarının xiffətini çəkən, yad baxışlardan üşənən Zəngəzurun yaşıllıqlar içində bir mədəni abidəsi olan füsunkar Urudun illər boyunca canına-qanına hopmuş təbiəti bəxş etmişdi. Onu jurnalistikaya gətirən istək elə yaşıl donlu Urudun qoynunda pöhrə tutub, boy atmış, sonralarsa Bakı mühitində, jurnalistika məktəbində formalaşmışdı. İllər içrə nəzəri-təcrübi biliklərlə yiyələndukcə, arzuları çin olmuşdu. Flora hər birinin öz dəsti-xətti olan müəllimlərimizin elmi-nəzəri təcrübəsindən bəhrələnərək, onlardan əxz etdiyi hazırlıqla milli mətbuatımızın geniş mühitinə daxil oldu. Böyük inamla deyərdim ki, bu gün Azərbaycan mətbuatda “Flora Xəlilzadə” imzasıyla dərc olunan yazılar ən çox oxunan və bəyənilən yazılar sırasındadır.    

lll

“Yadıma uşaqlıq illərim düşür. Bir qarmonum da var idi. Bütün günü “çalırdım”. Bir də evdə adam olmayanda səsimi başıma ataraq “oxuyardım”. Orta məktəb illərində özfəaliyyət dərnəyinin üzvü idim... Tamaşaçılar qarşısında ilk oxuduğum nəğməm ”Kukla”, ilk rolum Məngülüm olub. Sonralar mahnıların da, tamaşaların da mövzuları dəyişib. Hətta alman dilində “Arşın mal alan”ı hazırlamışdıq. Mən də həmin tamaşada bir neçə rol “yaratmışdım”. İndi də hərdən almanca o obrazın sözlərini yada salıram...”. Bilmirəm, Flora nə zamansa qaraladığı uşaqlıq çağlarının ün yetməz xatirələrinin əks-sədası olan bu yaşantılarını hardasa dərc etdirib, ya yox? Amma mən indicə sıraladığım bu sətirləri yaxın aylarda özünün yanındaca, əlyazmalarının içindən alıb oxumuşam. Və o xatirələr  bəlkə də yaddaşımdan silinməyən öz uşaqlıq xatirələrimə ruhən yaxınlığına görəydi ki, onlar da mənə görümlü təsir bağışladı. Elə bu sətirləri yaza-yaza balaca qızcığazın pişik cəldliyilə bağlarındakı gilas ağacının başına dırmaşıb, ən uca budaqda yellənərək qədim yurdlarımızdan olan Urudun vəsfəgəlməz gözəlliklərini seyr edə-edə şirin, yapışıqlı səsiylə oxuduğu: “Bir evdə ki sən tək gözəl olmaya... ”

“Dağlar qızı Reyhan, Reyhan... ” misraları ilə başlayan mahnılarını eşidirəm. Floranın hələ də sozalmayan, tükənməyən yaradıcılıq eşqinin pərisi olan Gözəl ananın gülüzlü-günüzlü yaz günlərində yamyaşıl bağlarında, çöllərin bəyaz dona büründüyü qarlı-boranlı qış axşamlarında çırthaçırtla yanan sobanın qırağında qucağına qısılmış balasına danışdığı qorxulu əfsalərini, şirin nağıllarını eşidir, saçlarına sığal çəkən nəvazişli əllərini görürəm... Onun Urudla bağlı şirin, çox şirin xatirələrini gözlərimin qabağına yığıram... Nə zamandı ağrılı ürəyinin oduyla, bağlı olan vətən yollarına dikilmiş dolu gözləriylə: “Urud hey!!!” deyə haray çəkən yanğısını duyuram, haylamaqdan çilik-çilik olmuş hönkürtüsünü eşidirəm, köksüm sıxılır...

  O zamandan özünü bağların, qayaların qoynunda, çayların şırıltısında, nəğmələrin sözlərində arayan, kitabların arasında axtara-axtara böyüyən Flora, nəhayət, Söz adlı sevdasıyla can sirdaşı oldu. Özünü ondan ayrı tutmadı.  Bir dost kimi taleyini ona etibar etdi. Sözə sidq-ürəkdən bağlılığı illər sonra ona bu sətirləri yazdıracaqdı: “Ömrüm boyu qələmimə dönüklük etmədim. Bu sadiq dostum da əvəzində məni sındırmadı. Ürəkdən su içən sözlərimi həvəslə vərəqlərə naxışladı. Ağ kağıza əyilsəm də, ağızlara əyilmədim”.  Zaman axar çay kimidir, insanın ömründən bir an kimi ötüb keçir. Bu axınıda insanın həyatda və sənətində öz yerini tapması, qədərincə dərk edib yaşaması, qayim-qədəm olması çox çətindir. Bu bitkin, həm də dolğun ömrü  qazanaraq yaşamaq da hər kəsə nəsib olmur. Bu bir tərəfdən taleyin işidirsə, başqa bir tərəfdən də insanın öz zəhməti və istedadının təzahürü ilə birgə ərsəyə gələn yazıdır. Floranın sənətkar ömrünü Tanrının ona bəxş etdiyi alın yazısı ilə yanaşı, həm də  öz zəhməti və istedadının hesabına qazandığı uğuru hesab etmək doğru olardı. lll Qeyd etdiyim kimi, F.Xəlilzadənin ədəbi-publisist çalışmalarının, mətbuat yaradıcılığının dördən bir payı: Yeddidən biri – “Yazdıqlarım”da toplanıb. Kitabı vərəqləyirəm. Oxuyub təsirləndiyim yazılarda jurnalist cəsarəti, publisist təhqi- qatları, ədəbi-bədii araşdırmaları, ciddi və sərt polemik düşüncələri, Floranın qələminə məxsus olan yazı manerasının özünəməxsusluğu, təzəliyi, rəngarəngliyi məni bir oxucu-həmkar kimi razı salır. 

Kitabdakı fəsillərin hər biri ayrı bir istiqamətdə işlənmiş mövzuları əhatə etsə də onlar bir kökdən rişə almış budaqları xatırladır. Çünki Flora ictimai-ədəbi mühitin çağlayışını davamlı mövzular çərçivəsində, sistemli şəkildə çoxbucaqdan işləməklə həyatın özündə baş verən hadisələrə xalqın həssaslıqla yanaşmasını, onlara obyektiv münasibət bildirməsini istəyir. O, bir mövzunun kökünə vararaq, onun cəmiyyət həyatına, ədəbi-mədəni mühitinə təsirini araşdıraraq onun əsl mahiyyətini üzə çıxarır.  “Yazdıqlarım”ın bölmələrinə nəzər yetirəndə görürəm ki, F.Xəlilzadə ulu öndərin ədəbiyyatımız, mədəniyyətimizlə, görkəmli insanların Azərbaycan xalqının taleyindəki yeri, mövqeyindəki cahanşümul xidmətlərindən başlamış, ictimai-ədəbi mühitin bir çox aktual problemlərinə, onların həlli yolundakı araşdırmalarına dönə-dönə, təkrarən qayıdır. Lakin bu təkrarlıq haqqında bəhs açdığı məsələlərə yeni və mükəmməl yanaşmaları ilə  diqqəti cəlb edir. Başqa bir tərəfdən, Floranın mövzularına təkrarən qayıtmağı yazılarında təkrir əlvanlığı yaradır. 

“Sözün və zamanın ucalığında” müəllif dilə münasibət məsələsinə müxtəlif rakusdan yanaşır. Müxtəlif istiqamətdən nəzər yetirilən bu yazılarda dilimizi korlayanlar, ona yabançı ifadələr qatanlar, sözümüzə soyuq ab-hava gətirənlər açıqcasına hədəfə alınır. Müəllif çoxumuzun diqqət yetirmədiyi məsələlərə ana dilimizin keşiyində bir müsəlləh əsgər kimi dayanan əsl vətəndaş həssaslığı ilə yanaşır. Axı, qəlbində odlu vətən sevgisi olmayan, öz ana dilinə dəlicəsinə vurulmayan aşiq bu cəbhədə qələmini ağır artilleriyaya çevirə bilməz. Görün, Floranın ürəyində ana dilimizə nə böyük sevgi çağlayır:
 
“Mənim ana dilim, mənim gözəl dilim! Yox, bu dəfə sənin nə şirinliyindən söz açmaq istəyirəm, nə də zənginliyindən, qüdrətindən danışmaq. Məqsədim sənin ahənginə, zərifliyinə, xəbərinə, mübtədana, şəddinə-şirənə yad tamlar calayanlara, şeirinə, laylana, halalca təmiz südünə su qatanlara bir-iki kəlmə deməkdir. Yaxud da sənin naminə bir həyəcan təbili çalmaqdır. Bəlkə də eşidən oldu”. Burdan belə publisistin dilimizi korlayanlarla, onun ruhunu öldürənlərlə  savaşı başlayır. Bu savaşı onun bütün yazılarında görmək, duymaq mümkündür. O səbəbdən ki, Flora dilimizin saflığını qorumaq çağırışına hamılıqla səfərbər olmağımızı görməyincə rahatlıq tapa bilmir.

“Yazıçılar Birliyi və bölgələrin söz mühiti” bölməsində publisist həmkarımın tədqiqatçı araşdırmaları, ədəbi talelərin hər birinə öz dövrlərinin ictimai-siyasi, ədəbi mühitindən doğan baxışları ifadə olunub. Əzəl başdan, ədəbi məclislərdə, dərnəklərdə formalaşan yaradıcı mühitin iyirminci əsrin üçüncü onilliyindən bir birliyin fonunda bütöv şəkildə qurulması məsələsinə aydınlıq gətirilir. Yəni Azərbaycan Yazıçılar Birliyinin təşəkkülü dövründən başlayaraq günümüzədək bu quruma rəhbərlik edən sənətkarların ədəbi taleyinə, idarəçilik fəaliyyətinə nəzər salınır. Piblisist Azərbaycan Yazıçılar İttifaqının ilk sədri Məmməd Kazım Ələkbərlidən başlamış Xalq yazıçısı Anara qədər bu yaradıcı təşkilatın keçdiyi çətin və şərəfli yola işıq salır. Onların hər birinə özünün və əsərlərinin xarakterindən doğan özəlliklərinin varlığı fonunda münasibət bildirir. Bunlar peşəkar jurnalist araşdırması sayəsində, tarixi faktlara publisist baxışlarının əlvanlığı ilə işıqlandırılmışdır. Bu əsərlərdə çətin dövrün, repressiyanın ədəbi mühitə gətirdiyi faciələr, sürgünlər, qorxular, ölümlər xarakterizə olunur. Ədəbi şəxsiyyətlərə və onların irsinə münasibətlər prinsipial mövqedən nəzərə çatdırılır.  “Yaşıl qələmdən başlanan yol”un günümüzəcən yol alan ədəbi örnəkləri, bölgələrin söz mühitinin ədəbi-bədii nümunələri  jurnalist təhqiqatları sayəsində üzə çıxarılır.

Hətta qaranlıq dövrlərin yaradıcı şəxsiyyətlərindən olan Məmməd Kazım Ələkbərli, Seyfulla Şamilov kimi başı ağrılar çəkmiş sənətkarların həyatına əmin-arxayın zamanlarda da maraq göstərməyən, onların fəaliyyətini tədqiq etməyən tədqiqatçılar qınağa tutulur.  

F.Xəlilzadə “Azərbaycan poeziyasının əngin səmasında qartal kimi qanad çalan” Səməd Vurğun, “Düz danışan, məqamı gələndə susmağı bacarmayan” Rəsul Rza, “Milli kökə, adət-ənənəyə sadiq, qorxmaz, namuslu, cəngavər” Süleyman Rəhimov, “Dövrünün qara tufanları, eləcə də mülayim ruzigarları ilə üz-üzə dayanan” Mirzə İbrahimov, “Ədəbi tənqidimizin cəngavəri” Mehdi Hüseyn, “Özünəməxsus üslub və vasitələrdən, bədii detallardan ustalıqla istifadə edən” İmran Qasımov, “Yumşaq təbiətli, ağır taxtalı, ədəbiyyatımızın Cahandar ağası” İsmayıl Şıxlı, “Azərbaycan ədəbiyyatındakı mövqeyi və yeri silsilə dağlar kimi bir-birinə bənzəyən” Anar kimi ədəbi simaların ədəbiyyata, söz sənətinə mövqeyini açıqlamaqla bahəm, əsərlərinin məziyyətini, ictimai əhəmiyyətini saf-çürük edir.
 

Mətbuatımızda dəyərli imzaFlora Xəlilzadə

Şəfəq NASİR

Flora Xəlilzadə mövzularını seçəndə bilir ki, ona hansı prizmadan yanaşacaq: Publisist nəzərləri ilə, yaxud yazıçı baxışları ilə. Belə yazıların təqdimatında fərqlilik özünü göstərir. O, ədəbi şəxsiyyətlər haqqında söylədiyi fikirləri həmişə sənətkarların həyata baxışları üstə kökləyir.

PublisistSöz şimşəklərindəki məqalələrində klassik irsimizin yadigarları, öz zamanlarının söz sərrafları, şifahi xalq ədəbiyyatının, aşıq sənətinin zirvəsində qərar tutan sənətkarların, kədərin, nakamlığın içində müdrikləşən, dövrlərin qasırğasında məhv olan ədəbi şəxsiyyətlərin portretlərini yaradıb. Əsərlərinin ictimai mötivini, əsas xüsusiyyətlərini araşdırıb. O, Vidadi haqqında yazır: “Onun lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Amma poeziyasının əsas sarı simi Vətən həsrətidir”. O, Vidadi yaradıcılığının özəlliklərindən, bədii siqlətindən danışarkən onu Vaqiflə, onun yaradıcılığı ilə müqayisəli şəkildə  təhlil etmişdir. Floranın fikirləridir: “Əgər Vaqif yurdumuzun gözəllərini vəsf edərək onların hüsnünə, füsunkarlığına, cazibədarlığına saysız-hesabsız qoşmalar ithaf edirdisə bu şeirlərdə həddən ziyadə həyat eşqi, yaşamaq həvəsi duyulurdusa da, Vidadidə bunların əksinədir. Vidadinin poeziyasında əbədi lövbər salan dərin bir kədər var. Bu kədərin əsas motivi vətən həsrəti qəribçilik iztirablarından ibarətdir”. Bəzən Vidadi yaradıcılığının xarakterini açan amillərə münasibətini bildirən ədəbiyyatşünasların fikirlərinə qarşı özünün polemik münasibətini bildirərək qeyd edir ki, “bəzi tədqiqatçıların fikrincə, o, şah saraylarına dəvət edildiyindən müəyyən müddət doğmalarından ayrı düşüb. Bu da inandırıcı görünmür. Çünki Vidadi kədərinin naləsində bəşərilik var. Onun ruhunda ictimai bəlaların ağrı-acıları duyulur”. Müəllif Vaqifin özünün yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə publisist araşdırması prizmasından nəzər salmışdır. Eləcə Azərbaycan mətbuatının təşəkkülü inkişafı mərhələsinə çiyin verən qüdrətli söz xiridarlarının yaradıcılıq dünyasına nüfuz edən müəllif onların şəxsində zamanların ictimai-ədəbi mühitinə aydınlıq gətirmişdir.

Söz uğrunda döyüşənlərbölməsindəki yazılar bütünlükdə ədəbiyyatımızın tarixində öz dövrünün ədəbiyyatını yaradan yazıçıların həyatına, yaradıcılıq yollarına həsr olunub. Bu yaradıcılıq nümunələrində mübarizliyi, yüksək əxlaqı, xarakteri, saflığı ilə yadda qalan obrazlar təhlilə cəlb olunub. Bu yazılar ciddi araşdırmaların, yaradıcılıq yollarının izlənilməsini şərtləndirən davamlı mütaliənin nəticəsində, həm hər birinə sistemli bir ardıcıllıqla yanaşmanın təzahürüdür, desək doğru olar.

Sözlə fəth edilən zirvələr”, “Sözlərə süzülən işıqlarmüsahibələr”, “Qələmlə söz göyərdənlər”, “Böyükdür sözün gücü”, “Söz seçimində itən meyarlarbaşlığı altında sıralanmış məqalələr yuxarıda ümumi səciyyəsi ifadə olunan yazılar kimi, hər biri ayrı-ayrı ünvanlardan söz açsa da bütövlükdə yazıçı-publisistin Azərbaycan mətbuatında ədəbiyyatımızın, mədəniyyətimizin böyük zaman çərçivəsində  sözlə naxışlanmış möhtəşəm mənzərəsinin əksidir.

lll

F.Xəlilzadənin mövzuları rəngarəngdir, cəlbedicidir, tükənməzdir. Bunlar mənəvi-əxlaqi dəyərlərimizlə bağlı zəruri olan məsələlərdi. Xalqın mədəniyyətinin,  incəsənətinin ədəbiyyatının böyük anlamda öz çəkisində, sanbalında mənzə- rəsini yaratmağa çalışan F.Xəlilzadə uzun illərdir ki, böyük Azərbaycan sevgisinin işığında maraqlı, dəyəri yazılarıyla ədəbiyyat mətbuatın inkişafı tarixinə öz töhfəsini verir. O, dilimizin  təmizliyi, saflığı yolunda həyəcan təbilini əlindən-dilindən yerə qoymadan mübarizə aparır. Bir azərbaycanlı olaraq dilimizin qüsurlardan, təhriflərdən təmizlənməsini istəyir. Dilə duzsuzluq qatılanda, şit, mənasız söz yığnağı işlədəndə, xalq mahnılarımıza, ədəbiyyatımıza, dərsliklərimizə qüsurlu ifadələr, sönük mətnlər pərçim edəndə dözmür bunlara qarşı üsyan edir. İctimai həyatımızda rastlaşdığı əyriliyin naqisliyin, mənəviyyatsızlığın üstünə sözdən yonduğu xəncərlə gedərək, bu qüsurları kimlərin törətdiyindən asılı olmayaraq onları kəsib-doğrayır. O, cəsarətli qələm sahibidir.

 OnunSöz seçimində itən meyarları bu sahədəki ağrılarımızdan bəhs edir. Oxuduğu yazılarda, radio-televiziya verilişlərində, mətbuat səhifələrində, dərsliklərdə belə pozuntuları, təhrifləri eşidəndə sarsılır. Məqamındaca Sos qaldırır. Sözü urvatdan salanlara qarşı qəzəbini bildirir, onları qınayır. Ümummilli lider H.Əliyevin ana dilimizə vurğunluğunu onun dövlət başçısı olduğu zamanlardan izləyən publisist böyük sərkərdənin məşhur fikrini səsləndirir: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi , ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır”. Onu ağrıdan daha çox ziyalıların, qəzet-jurnal, radio-televiziya əməkdaşlarının dili kələ-kötür, eybəcər hala salaraq, bayağılaşdırmalarıdır. Dilə münasibətin Vətən, ana sevgisindən qaynaqlandığını yada salan müəllif, dilə həssaslıqla yanaşılmasını istəyir, onu təhriflərdən, təqiblərdən, əzilməkdən qorumağa çağırır.

Sənətdə düz yol seçmək, ona həmişəlik sədaqətli olmaq, yaradıcılıqda öz xarakterini ifadə etmək, “düzlüyə zaval yoxdur”, həqiqətinə bütünlükdə bağlanmaq, sözlə həmdərd olmağı bacarmaq Floraya xas olan xüsusiyyətlərdir. Çünki o sevmədiyi, bilmədiyi, dərindən bələd olmadığı bir mövzuya da müraciət etmir. Jurnalist ustalığı təcrübəsi çox zaman ona mövzularını birnəfəsə işləməyə yol açır. Təkan Yazılara çox maraqlı sanballı giriş verməyi, o fikirləri yazının ruhu ilə bağlamağın ustasıdır Flora. Abdulla Şaiqin yaradıcılığından vəcdə gələn publisist bu mövzudan bəhs edən çoxlarından qaynar, təravətli bir ovqatla söz açır. onun sözü A.Şaiq yaradıcılığına olan böyük sevgilərin işığı kimi qəlbimizi alovlandırır.

Ömür itmir, bitmir, davam edirməqaləsində Əbdürrəhim bəy Haqverdiyevin bədii yaradıcılığını, jurnalistik fəaliyyətini onun həyatı ictimai-siyasi mühiti içində araşdıran yazıçı-publisist onun nəsli, şəcərəsi haqqında maraqlı məlumatlara işıq salır. Bu məsələdə yazıçının qardaşı oğlu Teymur Hacıyev ona bələdçilik etsə qaranlıqlara işıq salmaq, bunları ürəyinin odu, həssaslığı ilə qələmə almaq müəllifin zəhmətidir. F.Xəlilzadə yazır: “Rus ədəbiyyatında A.P.Çexov kimdirsə, Azərbaycan nəsrində Əbdürrəhim bəy Haqverdiyev o zirvədə dayanıb. Adi hadisələri bədii təfəkkürdən keçirərək mənalandıran, şirin bir üslubda, təsirli bir formada oxucuya çatdıran müəllifinMirzə Səfərhekayəsində qələmə aldığı məşhur mükalimə bu gün dillər əzbəridir”. 

lll

Bu gün Azərbaycan ədəbiyyatı mədəniyyətinin elə bir sahəsi yoxdur ki, Flora Xəlilzadə özünün jurnalist baxışları ilə ora nəzər salmasın. Məlumdur ki, günün vacib hadisələrindən bəhs edən xəbərlərdə operativlik gözlənilir, jurnalist çevikliyi tələb olunur. Əks təqdirdə məqamı ötmüş yazılar oxucu diqqətini cəlb etmir. Ölkəmizdə keçirilən yubiley tədbirlərinə, mədəniyyət, incəsənət hadisələrinə, bütünlükdə ədəbi-mədəni mühitə xəbərlərdə olduğu kimi, operativ şəkildə, özü hər mövzuya mütəxəssis yanaşması, bədii-publisist səriştəsilə nəzər salmaq, müntəzəm olaraq əsasən dövlət qəzetində bir-birindən maraqlı yazılarla çıxış etmək Floranın operativliyi ilə yanaşı həm böyük hünəridir. Bu gün ictimai-ədəbi mühitin elə bir sahəsi bu sahənin elə bir hadisəsi yoxdur ki, Flora ona münasibət bildirməsin, publisist sözünü deməmiş olsun. Odur ki, mayası sözün işığından hikmətindən tutulmuş bu sənətkar xanımı sözün cazibəsindən ayrı təsəvvür etmək, sadəcə mümkün deyil.

Hər gün onun bir-birindən fərqli yazılarını oxuyanda düşünürəm: Flora Xəlilzadə bu qədər yazını ərsəyə gətirməyə, görəsən, necə vaxt tapır? Axı o da bütün analar kimi ailə-məişət qayğılarının, yurd-torpaq itkisinin acı göynərtisinin, qəlb ağrılarının acısıyla yaşayan bir insandır. Zaman-zaman onun mətbuat yaradıcılığı ilə tanış olduqca görürdüm ki, Floranı bunca öz cazibəsində saxlayan, yazıb-yaratmağa aşiq edən sözə, mətbuata qəlbən bağlı olmasıdır. Bu məqamda xanım sənətkarın Sözə sözdən saldığı naxışların gözəlliyinə, saflığına biganə ola bilmədim: “Bütün kəlmələrimə ürəyimin odunu sıxdım. Çalışdım ki, həmişə doğru sözün əlindən yapışım. Çalışdım ki, qəlbimin dediyi qələmimin naxışladığı yazılarda çiy sözə təsadüf edilməsin. Sənət mülkündə kərpic-kərpic hördüyüm Sözün ürəkdən gəlməsinə, həqiqətdən don geyməsinə can atdım. Bizdən sonra bizi yaşadacaq sözün həmişə qürurlu, uca olmasına çalışdım”.

Floranınkərpic-kərpic hördüyüSözün Azərbaycan mətbuatının inkişafında özünəməxsus xidmətini onun çoxçeşidli mövzularının ictimai xarakterində, mənəvi-əxlaqi dəyərlərində, bir-birindən maraqlı, sanballı  əsərlərində görmək mümkündür.

Flora Xəlilzadə elə bir qələm sahibidir ki, ondan həm ədəbiyyatımızın, həm mətbuatımızın inkişafındakı xidmətindən ayrıca söz açmağına dəyər. Çünki o, bəhs etdiyi sahələrin ədəbi şəxsiyyətlərin haqqında bir tədqiqatçı jurnalist kimi araşdırma aparır. O, mövzu seçməkdə, yazı tərzində qədər azaddırsa, bütün bunları araya-ərsəyə gətirmək təcrübəsində bir o qədər daxili intizama, mətbuat tariximizdə qazanılan ənənələrə, təcrübəyə sadiq qalan Söz adamıdır. O, bunlara təkcə bu günümüzün yox, yaşadığımız böyük zamanların içindən keçərək ruhunu duyması, məlumatlılığı, daxili zənginliyi sayəsində nail olub. Bütün bunları onun yazılarında ifadə etdiyi mənəvi-əxlaqi dəyərlərin məzmununda, poetikasında aşkar görmək mümkündür. Cəsarətlə demək olar ki, bu gün F.Xəlilzadə mətbuat tariximizin inkişafı prosesini zaman-zaman izləmiş, H.Zərdabinin, Ü.Hacıbəyovun, C.Məmmədquluzadənin, Ə.Haqvrdiyevin, Ə.Hüseynzadənin qəzetçilik sahəsində, publisistikada qazandıqları təcrübəsindən bəhrələnmiş qələm sahiblərindəndir.

Onun publisistika yaradıcılığının özünü iki qrupa ayırmaq olar: 1. Qəzetin dilinə, qəzetçilik ənənsinə xas olan məsələlərin, ictimai-mədəni həyatımızın problemlərini onların həlli yollarını arayan çoxçeşidli, çoxfaktlı yazılar. 2. Ədəbi portretlər, tarixi-etnoqrafik bədii əsərlər, elmi-ədəbi tədqiqatlar. Bu gün onun ədəbiyyat mətbuat tariximizə töhfəsi olanRuhumun ehtiyacı”, “Bənövşə ətirli səs”, “Aysel adını itirib”, “Analar”, “Bu mənim tale yolum”, “Ürəyim aldatdı məni”, “Taleyimdən keçən adamlar”, “İgidliyin son zirvəsi”, “Məmməd Araza məktub”, “Yuxular”, “Yolum düşə Zəngəzura”, “Dağları tərpədən fəryad”, “Yazıçılar İttifaqının rəhbərlərikimi kitabları bu yaradıcılıq növlərinin cazibədar təhkiyə dilinə, yazı mədəniyyətinə, yüksək inntellektinə malikliyi ilə zamanında ictimai fikrin diqqətini çəkib bu əsərlərdən yeri düşdükcə bəhs olunub. Onun yaradıcılıq yolunu izləyən bir oxucu kimi belə qənaətdəyəm ki, Floranı özünəməxsus bir qələm sahibi kimi yetişdirən jurnalistika məktəbində qazandığı böyük təcrübəsidir. 

lll

F.Xəlilzadənin bütün yaradıcılığı, publisistik əsərləri eyni nəfəsin, çırpıntıların, cəfaların odundan qor alıb. Bununla belə eyni nəfəsdən gələn bu əsərlər özlüyündə iki istiqamətdə inkişaf edir. Qəzetçilik fəaliyyətində uzun illər çalışdığından mən onu jurnalistikanın bu qolunda peşəkar bir sənət adamı kimi görürəm bu yerdə əminliklə deyərdim ki, F.Xəlilzadə jurnalistikada öz məktəbini yaratmış ziyalılarımızın sırasındadır. İkinci bir tərəfdən, Floranın ədəbi talelərin fonunda qələmə aldığı şəxsiyyətlər onların hər birinin xarakteri, həzin, kövrək, kədər, yanğı notlarında bütün ədəbi ölçülərə cavab verən şeirləri bədii təxəyyül süzgəcindən keçən sənət nümunələridir. Bu hər şeydən əvvəl, Floranın ədəbiyyata, şeirə, sənətə bir ədəbiyyat adamı kimi güclü duyum hissinə, bədii düşüncəyə malik olması, sənət əsərlərini ədəbi mühakimələri ilə saf-çürük edə bilməsi onun özünün ictimai-ədəbi mühitin dəyərli mətbuat adamı olmasını göstərir. O, portret yazılarında öz fikirlərini haqqında bəhs etdiyi sənətkarın baxışları üstündə kökləyir. Eləcə bu fikirlərin davamı olaraq öz qənaətlərini ortaya qoyur.  Bilmirəm, bu da təsadüfdümü, taleyin yazısıdımı, F.Xəlilzadənin yerlərinin adı Azərbaycan kəlməsi ilə başlayır: “Azərbaycan təbiəti”, “Azərbaycan müəllimi”, “Azərbaycanqəzeti, “Azərbaycan qadını”. Hal-hazırda yenə Azərbaycanqəzeti. göründüyü kimi, bütün ömrünü, taleyini Azərbaycanın ədəbi-mədəni mühitinin, mətbuatının mükəmməl bir formada inkişafına həsr edib. Əsl mətbuat adamı olub. Onun çoxçeşidli yazıları ilə yenidən bütövlükdə tanış olanda heyrət məni bürüdü. Fikirləşdim ki, görəsən yaşadığımız indiki çağlarda ədəbiyyatın, mədəniyyətin, incəsənətin elə bir sahəsi varmı ki, Flora ondan günümüzün reallığı prizmasında mətbuatda bəhs etməsin? Çətin ola. Folklorumuzdan başlamış, ədəbiyyatın mətbuatın problemləri, ədəbi şəxsiyyətlər onların əsərləri, bu əsərlərin bədii dəyəri, ictimai xarakteri, respublika əhəmiyyətli tədbirlər, mənəvi-əxlaqi dəyərlərimizə yeni ictimai baxışlar bu sahədə yaranmış problemlərin həlli yolları Floranın davamlı, axarlı olaraq müraciət etdiyi mövzulardı.

Bu bir həqiqətdir ki, doğulduğu yerə, yurduna-yuvasına bağlı olmayan bir kəs vətən anlayışını dərk edə bilməz, yurdunun vətəninin qara daşı, vətən daşı ola bilməz. Bunu hələ bir neçə il əvvəl onunYolum düşə Zəngəzurasənədli, bədii, ensiklopedik əsərini oxuyanda Floraya məxsus fvətən məhəbbətinin,  sevgisinin qədərsizliyini görəndə bir daha əmin oldum. Bu kitabını, ürək-göz yaddaşına yazılan Zəngəzurun etnoqrafiyasını, sözün əlvan rənglərilə bir rəssam kimi, zərgər incəliyi ilə təsvir edib. Uruddakı ata yurdu, bağ-bağatları, kəndin qayalıqları, bir sözlə bu diyarın hüsnünü yazıçı, təsvirləri, şair duyğusu, kəsərli publisist qələmi ilə təsvir edib.

Flora güclü duyum hissinə, yüksək zövqə malik olan sənətkardır. O, poezi- yanı da gözəl duyur, oxuduğu poetik nümunələrin məna dəyərini, siqlətini şair nəzərləri ilə saf-çürük edir. Eyni fəhmlə nəsri böyük səriştəylə, ustalıqla təhlil edir.

Ədəbi mühit onu həm incə ruhlu, həssas duyumlu şair kimi tanıyır. F.XəlilzadəRuhumun ehtiyacı”, “Ürəyim aldatdı məni”, “Yuxularkimi şeir kitablarının müəllifidir. Mən onun poetik yaradıcılığını publisistikasından nəinki ayırmıram, əksinə, sənətkar düşüncələrinin bu iki qanadda bir-birini tamamlanması kimi görürəm. Onun şeirlərinin ruhunda, yanğısında publisist nəfəsi, düşüncəsi var. Publisist yaradıcılığına da bədii-poetik təsvirləri hakimdir. Bu yazı növlərində özünüifadənin axtarışları sadəcə, müəllifin mövzularını hər iki qanadda ifadə etmək ehtiyacıdır. Yəni Flora yaradıcılığın imkan verdiyi bir çox sahələrdəşeirdə, jurnalistikanın bütün janrlarında, elmi-ədəbi üslubda, ədəbi portret, ədəbi tədqiqatlarda dəyərli nümunələr yaradan məhsuldar qələm sahibidir. Amma bu gün mənim nəzərimdə əsl mətbuat adamı olan F.Xəlilzadə böyük bir dövrün, ictimai-ədəbi mühitin mənzərəsini bütün ştrixləri ilə təsvir edən publisistdir.

Kitab var, ondan öyrənirsən. Kitab var ondan zövq alırsan, uzun zaman təsirindən qopa bilmirsən. Kitab da var böyük araşdırmalarda, tədqiqat axtarışlarında mötəbər mənbədir. FloranınYazdıqlarımı klassik ədəbiyyatımızın bir sıra nümunələrinin, son 30 ilin tarixi faktlarla zəngin olan ədəbi-mədəni mühitinin, sənət hadisələrinin, görkəmli şəxsiyyətlərinin, ədəbiyyatımızın taleyinin, mənəvi-əxlaqi dəyərlərimizin öyrənilməsi, tədqiq olunması, mətbuatımızın yeni inkişafı mərhələsinin araşdırılması işində xalqımıza əvəzsiz töhfədir. Müəllifin özünün qeyd etdiyi kimi, bu gərəkli işin davamı olacaq 6 cildin yaxın gələcəkdə nəşri bu sahədə biliyimizi, məlumatımızı daha da zənginləşdirəcəkdir. Yeddidən birincisi – “Yazdıqlarımböyük zəhmətin göstəricisidir. Sənə yeni yaradıcılıq uğurları diləyirəm, Flora.

P.S. Bilirəm ki, özünün əsla xəbəri olmadan qələmə aldığım bu yazını görəndə Flora qətiyyən təəccüblənməyəcək. O səbəbdən ki, yazılarını mətbuat səhifələrində oxuyan kimi əksər vaxtlarda təəəssüratım kürədən təzəcə çıxan çörək təki qaynarlığından düşməmiş, ətrini itirməmiş, dərhal telefon açıb fikirlərimi özüylə bölüşmüşəm. Yəqin bir gün o fikirlərimi mətbuata çıxacağımı gözləyirdi. Bu da onun mətbuat yaradıcılığı ilə bağlı demək istədiklərimin hamısı olmadı. Sağlıq olsun..

 





25.12.2012    çap et  çap et