525.Az

Rəfiqə Məmmədovanın yaradıcılıq dünyası ilə üzbəüz


 

Rəfiqə Məmmədovanın yaradıcılıq dünyası ilə üzbəüz <b style="color:red"></b>

Nəğməkar poeziyası, mahir rəssam lövhələrinə bənzər lirik təsvirləri, kamil şeirləri, hekayələri, mayası vətənpərvərlikdən yoğrulan povestləri, körpə duyğularına şəkər qatan nağılları, novellaları ilə imzasını təsdiqləyən Rəfiqə xanımın nəhayət simasını gördüm. 77 yaşının tamamı ərəfəsində Bakının mərkəzində yerləşən köhnə beşmərtəbəli binadakı mənzilinə baş çəkdim. Yekunda məlum oldu ki, evində söhbətləşdiyi ilk jurnalistəm. Arxivində toplanan qəzet və jurnallardakı materiallar da yüzlərlə bədii yazı müəllifinin özünü təbliğdən uzaqda dayandığını təsdiqləyirdi.

Görüşümüzə müsahibə üçün can atmamışdım. Telefonda hər dəfə nəvazişlə səslənən “mənim balam” kəlmələri dünyanı erkən tərk edən anamın səsini xatırladırdı. Nur yağan, dağ laləsinə bənzər simasına nəzər salanda matım qurudu. Sanki əkiz bacısını görürdüm.

Savabın səbəbkarı böyük oğlu Azərin ana başına pərvanə kimi dolanması, xidmətində müntəzir dayanması yüksək intellekt sahibi olan bələdçimi gözümdə xeyli ucaltdı. Amerikanın Dallas Universitetində ali təhsil almış, Azərbaycanın Fransadakı səfirliyində işləmiş, hazırda  bank sektorunda ixtisasına uyğun vəzifə tutan gəncin davranışı, mühakimələri zəka və potensialı ilə vəhdət təşkil etdiyindən bir çox həmyaşıdına nümunə ola bilər.

Bu da təsadüfi deyil. Gözünü dünyaya iki dar otaqlı mənzildə açsa da, evdə daim  xoş əhval-ruhiyyə görüb, qanqaralıq, giley-güzar eşitməyib. Rəfiqə xanım 40 ilə yaxın bir yastığa baş qoyduğu həmin məkanda həyat yoldaşı Əmirə bir dəfə də tənə vurmayıb ki, nazir müavininə bərabər vəzifə tutursan, amma şəraitinə bax. Bəli, Qarabağda boya-başa çatan Ə.Məmmədov o vaxtlar respublikaya vaqon-vaqon pul gətirən dövlət qurumunda - Üzümçülük və Şərabçılıq Komitəsində uzun illər sədr müavini işləsə də, gözütox, könlütox nəcib insan kimi yaddaşlarda qalıb. İstəsəydi, onun da 5-10 yerdə ev-eşiyi, mülkü olardı. Təmiz adın qorunması nəfsə üstün gəlib. Təbiidir ki, bu, Rəfiqə xanımsız mümkün olmazdı. Gənc evdar qadın tələbəlik illərində 7 il onu sərasər izləyən, nəhayət məhəbbətinə qovuşan həyat yoldaşının cəmiyyətdə alnıaçıq, üzüağ olması üçün var-dövlətə, zər-zibaya cahad elan edib. Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsini əla qiymətlərlə bitirən, 12 il Bakı Yeyinti Sənayesi Texnikumunda dərs deyən gənc qadın iki oğlunun qayğısız böyüməsi üçün evdarlığa üstünlük verib. Əmir müəllim isə onun sədaqətini, iradə və dözümünü inam nümayişi ilə mükafatlandırıb. Yazmasını, dərc olunmasını özü təlqin, təkid  edib. Redaksiyalara, ədəbi məclislərə, radio verilişlərinə dəvətlərə qısqanc yanaşmayıb. Hər uğurunu sevinclə alqışlayıb. Rəfiqə xanım etiraf edir ki, həssaslıq onun yaradıcılıq yolunun davamında mühüm rol oynayıb. İndi bu ocağın xəzinəsi eksponatlar, əl yazmaları, klassik və müasir ədəbiyyat, 2000-ci ildən bəri işıq üzü görən 15 kitabıdır. Bunlar söhbətimizə cığır açdıqlarından qələmimim işi asanlaşıb.

Hamısına  maraqla baxıram. Mənə elə gəlir, nə isə çatışmır. Rəfiqə xanım bunu duyubmuş kimi soruşur: “Yəqin atamın şəklini axtarırsan. Dumanlı yadıma gəlir. Dörd yaşımda anam Ağca özü onu at belində Cəbrayıldan Mahmudlu dəmir yolu stansiyasınadək ötürüb. Sonda xalası oğlu Qubadı və nişanlısı Əminəni cəbhəyə yola salıblar. Nişanlılar döyüşdə qəhrəmancasına həlak olublar. Anamın gözləri ömrünün sonuna kimi yollarda qaldı, həyat yoldaşı Allahverəni gözlədi”.

Soraq borcu gənc Rəfiqənin öhdəsinə düşdü. Moskvayadək gedib çıxdı. Axtarışları, duyğuları “Mənim şahinim” povestində ifadəsini tapdı. Əsəri diqqətlə, həyəcan hissi ilə oxumuşam. Daxilimdə müəllifinə bir daha minnətdarlıq hissi baş qaldırıb. Povesti nəyə görə özünün yaradıcılıq zirvəsi saymasını məntiqi qəbul etmişəm.

Əsər atası Allahverənin, doğmaları Qubadın və Əminənin xatirəsinə həsr olunub. Avtobioqrafik  motivlərə geniş yer verilsə də, bəşərilikdən xali deyil. Onun 8 sentyabr 1985-ci ildə “Kommunist” (“Xalq qəzeti”) qəzetində dərc olunmuş “Əsgər andı” hekayəsi bu baxımdan xüsusilə ibrətamizdir. Hekayə alman faşizmi üzərində qələbəmizin 40 illiyinə  həsr olunub. “Gələnlər gəldi, qayıtmayanlar sinələrə köz basdılar, ürəklərə kədər yüklədilər, gözlər yollarda qaldı” - yazan  müəllif “Naməlum əsgər” abidəsi önündə qənaətə gəlir ki, bu  əbədi məşəl igid atasının şəninə yanır. Hərbi  xidmətə çağırış vərəqəsini orada göstərən oğluna “Geyin gedək babanın məzarını ziyarət edək”,- deyir. Təsirli, təlqinedici lövhədir. Zənnimcə bizim də cəbhədən qayıtmayanlarımızın yad olunması üçün belə ziyarətgaha mənəvi ehtiyacımız var. Müəllifin prototipi olan Rəna qəhrəmanların sorağı ilə “Sovetskiy patriot” qəzetinə müraciət edir, generallarla görüşür. Döyüş, sədaqət, rəşadət motivləri, sabaha, gənc nəslə inam yazıçı məharəti ilə təsvir edilir. 1984-2004-cü illərdə qələmə alınmış povestin sonluğu düşündürücü lövhə ilə yekunlaşır. Gənc tankçının əlində tutduğu mərmi neçə-neçə döyüş maşınını və faşisti məhv etdiyinə işarədir. İndi isə narahatdır, silahlar əksinə tətbiq olunur. Doğma kəndi Qacar erməni işğalı altındadır - rus ordusunun köməyi ilə!

Rəfiqə xanımın yaradıcılığı böyük zövqlə bəhs etməli mövzular qalereyasıdır. Müharibə motivlərini qabartmağımız isə təsadüfi sayılmamalıdır. Çünki faşizmin 70 il əvvəl məzara gömülməsindən arxayınlaşanlar mənfur qonşuların simasında onun daha dəhşətli təzahürünün altını çəkməkdədirlər. Müharibə mövzusundakı əsərlərinə qəzəb, çağırış, zəfərə inamın xas olması təbiidir. Çünki insan da quş kimi öz yuvası ilə öyünər, qürrələnər, Vətən nəğməsi bütün dərd-sərinə məlhəm olar. Müharibə isə bitməyən iztirablar, dağıntı, viranə qalmış yurd-yuvalar, didərginlik, ölüm -itim taleyidir. R. Məmmədova 22 il əvvəl rekviyemə bənzər “Üsyankar elin qüdrəti” şeiri ilə üzüntülü tale ilə barışmazlığa çağırırdı. “Odlar yurdunun Od oğlu bilsin ki, ya yanasıdı, ya da yandırası” (“Torpaq dərd meydanıdı” şeiri) misraları ilə şücaətlərə səsləyirdi.

Şair Silahlı Qüvvələrimizin artan qüdrətinə, Vətən oğullarının qələbə əzminə arxalanaraq yazır: 

Üfüqdən boylanan qızıl günəştək,
Sülhün bayrağına keşikçisən sən.
Bu bayraq dünyaya məhəbbət, kömək,
Müjdədir ən böyük qələbələrdən.

(“Əsgər oğluma” şeiri) 

Rəfiqə ana didərgin həyatını taleyin insanlar üçün sınağı kimi dəyərləndirir. Şeirlərində tənə edənlərin layiqli cavabını verir. “Ya azğın düşmən özü Qarabağımızdan rədd olub gedəcək, ya da igid oğullarımız namərdləri oradan silib-süpürəcək” - deyir. Didərgin həyatını  məhək daşı adlandıran sənətkar əsərlərində kimsəsizlərə, valideynini itirənlərə həyan olan, onları övladları kimi boya-başa çatdıran, təhsil, ev sahibi edən babaların, nənələrin, doğmaların, yadların xeyirxah obrazlarını yaradır. Bu baxımdan “Yasəmən” povesti (1983-cü il) xüsusi ilə təqdirəlayiqdir. Yazıçı valideynləri qəzada həlak olan qızcığazın himayəsində dayanan nənə-babasının xəstəliyə, ehtiyaca neçə güc gəlmələrini təsvir edir. Bu elə Rəfiqə xanımın uşaqlıq dünyasıdır. Dəyişən personajlardır.

Müasir günümüzlə səsləşən əsər fikir dərinliyinə, dilinin şirinliyinə, üslub gözəlliyinə görə diqqəti çəkir. Həmkarlarım inciməsinlər, R. Məmmədova kimi sənətkarların əsərləri ona görə oxunmalıdır ki, dilimizin necə zənginliyə malik olduğu yada salınsın. O, ötən əsrin 60-cı  illərində də rəvan yazırdı, iyirmi birinci əsrin ikinci onilliyində də.

R.Məmmədova gələcəyimiz olan uşaqlar üçün Vətəni, onun gözəlliklərini sevdirən, mehriban yoldaşlığa, dostluğa səsləyən kifayət qədər şeir, novella yazıb. Əsərlərindən rənglər palitrasına bürünən  misilsiz gözəlliklər boylanır. Etiraf edir ki, gözdoymaz mənzərələr uşaqlığının keçdiyi Cəbrayıl və Füzulidəki  gördüyü lövhələrdir. Məgər o ecazkarlığı unutmaq, əldən vermək olarmı?!

Rəfiqə xanım istər nəsr, istərsə də nəzm əsərlərində hər sözün, ifadənin, təsvirin yerli-yerində işlənməsinə məsuliyyətlə yanaşır. Bəlkə də bu, sənət aləminə gəlişinin xeyir-duasını Bəxtiyar Vahabzadə kimi poeziya dühasından aldığındandır. Yaşasaydı hələ tələbəlik illərində: “Çox istedadlısan. Səndən yaxşı yazıçı olacaq” proqnozunun  özünü doğrultmasına biganə qalmazdı. Uşaq şeirimizdə xüsusi yeri olan, onu körpələr üçün də yazmağa sövq edən Teymur Elçin, əsərləri ilə tanışlıqdan sonra gənc müəllifə fəlsəfi kitablarını göndərən görkəmli alim Xudu Məmmədov, tarixi romanlar müəllifi Əzizə Cəfərzadə və bir çox başqalarının Rəfiqə xanıma dəyər verməsinin kökündə dayanan sadəliyi, təvazökarlığı, istedadı idi. Bu otaqda onun tanınmış şəxsiyyətlərlə bağlılığından söhbət açan nümunələrin hərəsi bir yazı mövzusudur.

Heyf ki, bütün bunların mahiyyətinə varmağa, möhtərəm oxucular üçün xırdalamağa vaxt azdır. Bilirəm ki, 77-nin tamamı günü ilk təbrik imkanını oğulları Azər və Şakir heç kimə güzəşt etməyəcəklər. Sübh tezdən tər çiçək dəstəsi ilə üzündən öpüb işə tələsəcəklər. Sonra  Belçikada oxuyan nəvələri  Selin və Ayan telefonda bir-birinə aman verməyəcəklər. “Can nənə, bizim üçün təzə nə yazmısan” - sualını ünvanlayacaqlar. Onlara vaxtı ilə yazdığı şeirlərindən özünə pay kimi qaytaracaqlar:

Gül-çiçək tək təmizsən,
Hamımıza əzizsən.
Fərəhin sevincisən,
Qismətinə düşmüsən. 

Heç şübhəsiz kitablarının redaktoru, “Şirvannəşr”in direktoru şair Qəşəm İsabəyli yeni yaradıcılıq nümunələri ilə maraqlanacaq. Dəst-xəttini xüsusilə bəyəndiyi Sevinc Nuruqızı hal-əhval tutacaq. Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdiri, bu günlərdə  Sərhəd Qoşunlarının hərbi vətənpərvərlik müsabiqəsində qalib kimi mükafatlandırdığımız Q.Nəcəfzadə də həmin sırada olacaq. Söhbət o Qəşəm müəllimdən gedir ki, uşaq ədəbiyyatımızı təhlil etdiyi 14 səhifəlik icmalında R.Məmmədovanın “Dostluq”, “Ardımca gəl”, “Güllü kəpənəkli bağ”, “Nəciblik dünyası” kitablarını kamil yaradıcılıq nümunələri kimi dəyərləndirib. Almaniyadan doğma yurduna qonaq gələn, yaşı səksəni haqlamış uşaq şairi Simax Şeydanın yeni çapdan çıxmış kitabını  və ürək sözlərini isə əvvəlcədən təbrik əvəzi gətirmişəm: “Biz hələ çox yazıb yaratmalıyıq. Yolumuz yüzə doğrudur!”

Rəhim HÜSEYNZADƏ
Əməkdar jurnalist

 





31.08.2015    çap et  çap et